Şair Kəramət ağır taxtalı
kişilərdəndir. Sözü və xarakteri ilə seçilib. Bəzən dəlisov, bəzən
sakit, eyni zamanda yumor hissi olan birisi kimi tanımışam onu. Həm
də nisgilli adam kimi… Bilmirəm bu nisgil sözü yerinə düşdü, ya
yox, amma onda müşahidə etdiyim əsas məqamlardan biri bu olub ki,
o, hələ də axtarır, arzularını ürəyində bəsləyir və bu arzular hələ
ki, onun ürəyinin sakinidir. "Gerçəkləşməyən arzular" layihəsində
görüşdüm şair Kəramətlə, işinin-gücünün nə olduğunu
soruşdum:
- Kəramətin işləri necə gedir və sirr deyilsə, işinin
adı nədir?
- İndi işimin nə adı var, nə də soyadı. Təbii, davamı olaraq bir
sual verə bilərsən: necə dolanırsan bəs? Cavab da hazır: Hamı necə,
mən də elə, detalları maraqlı deyil. Hollandların çox sevdiyim bir
məsəli var: "Bütün dünyanı Allah yaradıb, Hollandiyanı isə
hollandlar".
- Yaxşı məsəldir...
- Van Qoq haqqında kitabda dahi rəssamın dilindən verilib,
oradan yadımda qalıb. Düşünürəm ki, bütün insanları Allah yaradıb,
yaradıcı insanlar isə özləri öz həyatlarını yaradırlar, bu səbəbdən
Allahın qəzəbinə gəlirlər.
Ürəyim bulanır belə münasibətdən
- Allahın qəzəbindən biri də bəlkə elə budur
ki, sənin də mənsub olduğun ədəbi nəslin şairləri,
deyəsən, bir-birinə dəstək ola bilmədi, yoxsa bu mənə belə
gəlir?
- Biri-birinə dəstək olmaq bir yana,
mane olmasalar yetər, məsələnin yarızarafat-yarıciddi tərəfi
belədir. Bu duyğu və düşüncənin aparıcı olduğu cəmiyyətə "müasir"
epiteti bir yana, heç "normal"ı da yaraşdıra bilmərəm. Dəstəbazlıq,
yerlibazlıq mağara-icma təfəkkürünün məhsuludur, insani yox, daha
çox heyvanidir. Ədəbi cəmiyyət də bunun ağrılarını, cəngəlliyini
yaşayır müstəvisində anlaşa bilərik. Bu duyğu və düşüncədən də
istedad doğulmaz, bir heyvan ehtirasları ödənər, yəni vəzifə, pul
və sairə. Ürəyim bulanır belə münasibətdən, adına ziyalı deyilən
sürüdən belə səslər eşidəndə ki, filan şair kürddür, türkdür,
ləzgidir, talışdır, xristiandır, müsəlmandır, nə bilim nə...
əsərdən savayı maraqlı, dəyərli nə var? Bizim ədəbi nəslə belə
virusların, digər ədəbi nəsillərlə müqayisədə, daha az sirayət
etdiyini düşünürəm. Kim istedadlı olubsa, onun yanında dayanmışam,
bütün mənalarda, mənə qarşı əsən bu səhra küləyindən də
daldalanmağı bacarmışam, - deyə bilmərəm. Ədəbiyyatı kəbinli
arvadı, babasının malı kimi görənlərlə hansı ədəbiyyatdan danışmaq
mümkün ki? Bir də ədəbiyyatı bir region, dəstə yaratmır, təklənən,
yalnızlaşan zümrə yaradır. Bir də bizim ədəbi nəslə yanaşmada
yanlışlığa yol verilir, yəni əvvəlki nəsillərə yanaşmada məqbul
görünən meyarlar zamanın dəyişən dəyərlər sistemi ilə işləkliyini
itirib. Ayrıca mövzu, ayrıca söhbətdir, burda ilişib qalmayaq.
Əzabkeş obrazı yaratmaqdan zəndeyi-zəhləm gedir, amma məcburam
xüsusi vurğulamağa ki, bizim nəslin (həm də ədəbi) düşdüyü təlatüm,
tarixi keçiddəki burulğanlar dalğasındakı cəfakeşliyi digərləri
yaşamayıb, indi də dimdik ayaqdayıq, kimlərinsə görməzdən gəlməsi
özünüqoruma cəhdindən başqa bir məna kəsb etmir.
- Maraqlıdır, təxminən 20 il qabaq gündəmi zəbt edən
şairlərdən idin, bu gün, deyəsən, papağını günə verirsən,
yazdıqlarını gün işığına çıxarmırsan.
- Tipoloji baxımdan özünü gözə
soxanlardan deyiləm, ortada görünmək, özünü təbliğ etmək, reklam
mənə yad keyfiyyətdir, bəlkə də çatışmayan cəhətimdir, belə demək
daha doğru. Onda ədəbiyyatda bazar kapitalizminin vəhşi mübarizəsi
yox idi. Yazdığın yazı daha çox önəm daşıyırdı və ən önəmlisi əsərə
qiymət verən ədəbiyyat xiridarları vardı, jurnal və qəzetlərdə söz
sahibi idilər, ədalət hissi bunca korşalmamışdı. Təbii ki, onda da
xəbislik, yerlibazlıq, dəstəbazlıq yox deyildi. Ancaq belə
allahsızcasına yanaşma kütləviləşməmişdi, bir yerdən Əlahəzrət
Vicdan ayağa qalxırdı, "mən varam" deyirdi. Sənin bu xatırlatman
məndə də qürur doğuracaq xatirələr oyatdı. Üzümü görmədən bir
yazıma görə Məmməd Araz işə dəvət etdi, on ilə yaxın nəşriyyatda
"yatan" şeirlər qovluğumun üstünə nida işarəsi qoyub çapa göndərdi.
Vahid Əziz (Dövlət. Nəşr. Kom.-un sədr müaviniydi), Fikrət Sadıq
"Ədəbiyyat qəzeti"nə yazdığı icmalda altı misralıq şeirimə geniş
yer verdi və hər məqamda dilə gətirdi.
...əlləri piştaxtası
əlləri arxasında
şeir satırdı Hadi.
Hadinin dörd əli vardı
İkisiylə şeir satırdı
İkisiylə üzünü tuturdu.
Ömrümü təkadamlıq kameraya məhkum eləmişəm
- İndi istedadlı şairlərin çoxu bu taleyi yaşamır məgər? Sözünün
mötəbərliyi şübhə doğurmayan Ələkbər Salahzadə, Nadir Cabbarlı,
Çingiz Əlioğlu, Vaqif Yusifli, Rəhim Əliyev, Cavanşir Yusiflinin
məqalələrini vurğulamaq istərdim. Sözdən başqa heç nəyi olmayan
yekəxana, adamayovuşmaz Kəramət haqqındaydı möhtəşəm mülahizələr,
təsbitlər. Təriflənəndə utananlardanam. Qayıdaq indiyə... bir ilə
yaxındır ki, ömrümü təkadamlıq kameraya məhkum eləmişəm, çıxmaq
istəyirəm yavaş-yavaş. Yaşayan şairlərin hər birilə eyni sərgidə,
eyni şərtlər daxilində sərgilənməyə hazıram, kim necə qəbul
edirsə-etsin, dəyərli sözə uşaq sevincilə qanadlanmışam həmişə.
Ancaq bunu da deməyi unutmamaqla.
Söz nədir? Bilməzsən, gədə
Misramca gəlməzsən, gədə.
- Məlumdur ki, dolanışıq üçün insan özünü dağa-daşa
vurur, sən də qəzet təsis etmişdin. "Ədəbiyyat Naminə" idi deyəsən,
ədəbiyyata nəfəs verə bildinmi?
- "Ədəbiyyat naminə" qəzeti çap elədim, bütün
mənalarda tək daşıdım çiyinlərimdə bu yükü, bəyəndiyim sayları da,
bəyənmədiyim sayları da var. Bunun nə demək olduğunu hər cür
təminat altında işləyənlər bilməz, əlbəttə. İndi ədəbi qəzet və
saytlara baxanda zəhmətin hədərə getmədiyini görürəm. Bu qəzetdə
gedən sorğu və müzakirələrin eynisi və bənzərilə rastlaşmaq məni
gülümsədir. İmpuls verə bilmişik, deməli. Keçək sualın digər
tərəfinə...
Özümü hər yerə vurmuşam dolanışıq üçün, amma heç zaman
ədəbiyyata dolanışıq yeri kimi baxmamışam, əksinə, ədəbiyyat
dolanışığıma ağır zərbə vurub, çünki:
Allah mənə ömür verdi
Mən də şeirə bağışladım
1980-də yazılıb, bu məramla yola çıxmışam. Ədəbiyyata vasitə
kimi baxanlar, fiziki mənada istədiklərinə nail olurlar, burda heç
bir əngəl yox. Nəyəsə yetməyin, bura kütlə ilə alver daxil, yolları
aşağı-yuxarı Azərbaycan reallığı bəllidir. Çətini açılan qapıları
qapayıb ədəbiyyatın qapısını aramsız döyməkdir.
...mənalı arzum heç
uşaqlıqdan olmayıb
- Kəramət, bunu təkzib
etməzsən ki, ədəbiyyata təzə gələndə, şeirlərin oxunanda, boy
verəndə böyük arzuların da ürəyində boy verib. Nə oldu, o
arzulardan səni məyus edəni, gerçəkləşməyəni çoxmu
qaldı?
- Sən deyən mənada - vəzifə, nə bilim
nə... maraq dairəmə də daxil deyil, əksinə, mən özü-özünə maneəyə
çevrilmişəm, mənim üçün açılan qapıya böyür-başımda fırlananları
yönləndirmişəm, bilmişəm ki, nəhayətdə özümlə bacarmayacağam,
nəyəsə etiraz edəcəyəm.
- Ən böyük arzun nə idi? Uşaq vaxtı şair olub da kimin
kürsüsündə özünü görürdün?
- Yaradıcılıq anlamında özümü təkrar
etməməyə çalışmışam, özümü aşma ən böyük arzum olub. Fiziki mənalı
arzum heç uşaqlıqdan olmayıb, tanıyanlar bilir ki, dünya malının
düşməniyəm. İlk dəfə 1988-ci ildə, səhv eləmirəmsə, kürsüyə çıxanda
ani olaraq düşünmüşəm ki, görəsən, bu qədər adamla necə anlaşa
biləcəyəm? Yəni mənə çətindir çoxluqla söhbət.
- Bugünkü gənclik sizin gənclik tay-tuşlarınızdan nə ilə
fərqlənir?
- İstedadı olanlar bəzəksiz-düzəksiz,
bir az da əks, əksin əksi, oxuyub bələd olduqları xarici ədəbiyyat
modelində (birbaşa təsir və surətçıxarma da istisna deyil), daxili
qadağa hiss etmədən, oxucuya oynamadan görünmək istəyirlər. Burası
sevindiricidir. Onların içində də dəstəbaz, tayfabaz, sırtılmış,
şöhrət manyakı da yox deyil, ələnəcək, zaman kimin nədən ötrü
ədəbiyyatla dostlaşdığını göstərəcək. Dəyanətlisi ya bir olar, ya
iki..."Mən hər şey olacam, həm də şair-yazıçı". Məncə, kim nə olmaq
istəyirsə, parçalanmasa, vaxtını, enerjisini o istiqamətə yönəltsə,
qazanar. Özü də, cəmiyyət də.
Əli Kərim dövrünün ən
məsuliyyətli adamı idi
- Bəzi şairlərimiz şeiri meylə qarışdırır, birlikdə
həzmi-rabedən keçirirlər, o şeirlərdən şərab qoxusu gəlmir
ki?
- Mey, meyxanə, piyalə, canan,
pərvanə, divanə, dərvişlik və sairə klassik şair obrazını süsləyib
həmişə. İndi buna başqa anlam yükləyib, fəlsəfi məzmundan
arındırırlar. Kimin nə içdiyi-yediyi məni ilgiləndirməz, necə
yazır, - burası əsasdır. Nə fərq edər ki, çayxor, meyxor, siqaret
düşkünü, geyimi-kecimi? Məmurdursa, məmur əxlaqını, şairdirsə, söz
əxlaqını sorğularam. Məsələn, Əli Kərim dövrünün ən məsuliyyətli
adamı, şairidir. Həmin dövrdə vəzifələrdə xumarlananlar, həyata
anormal münasibətilə cəmiyyəti dolayan fırıldaqçı yazarlar
məsuliyyətsiz və anlaqsızdılar. Bizim mövhumatçı kəndin arvad-uşaq
söhbətinin yansımasını görürəm belə dedi-qoduda. Kimin nə içdiyinə
təəccüblənməmişəm, Vaqif Səmədoğlu danışanda ki, Səməd Vurğun şeir
yazmadan qabaq üzünü qırxdırar, ütülü ağ köynək geyər, qalstuk
taxar, qara kostyum geyər, - onda düşünmüşəm. Folknerin yazı
masasına keçmədən öncə bir qədəh tünd içki qəbul etdiyini oxumaq
məndə maraq da doğurmayıb. Yazdığın nədir, arxadaş, - məsələ
bundadır.
- Kəramət, xalq şairi olma keçib heç könlündən? İndi yox
e, çox illər qabaq..
- Olmayıb. Nə indi, nə çox illər
qabaq. Belə düşüncə sahiblərini də ruhi xəstə sayıram. Əminəm ki,
titullar, Fəxri Xiyaban söhbəti yığışsa, o ruhi xəstələr şeir də
yazmaz. Ələkbər Salahzadə rəhmətə gedəndən sonra, - qəbrimə minnət
qoyulmasın, - düşündüm.
- De, nəyi arzulamışdın şair olaraq, nə ilə qarşılaşdın?
Yeni nə yazırsan?
- Sabahı olmayan günlərin arzusu da olmur. Gündəlik yaşam
mübarizəsində çırpınan çoxluğun arzusu oğurlanıb. Ancaq mən yaza
biləcəyim yazıları yazıram. Yazmamaq üçün özümlə ölüm-dirim
savaşındayam... hələ ki.
- Sağ ol, deyəsən, yordum
səni, keçmişə qaytarmaq istədim...
- Yox, yormadın, yada saldığın üçün təşəkkürlər.