Nuranə Nur imzası artıq
oxucu qapısını döyməkdədir. Ədəbi mühitdə gənc olmasına baxmayaraq,
özünü təsdiq edən şairə ilə Axar.az-ın layihəsində görüşdük. Xanım
şairənin özünə güvəni təkcə şeirlərində yox, elə müsahibə zamanı
ifadələrində də görünürdü.
- Nuranə Nur imzası Azərbaycan oxucusuna nə
deyir?
- Bu, oxucularıma veriləcək
sualdır. - Cavabı təbəssümqarışıq olur. - Madam ki, özüm cavab
verməliyəm, onda gərək özümü bir də oxuyum. Müasir oxucunu
maraqlandırmaq asan iş deyil. Fərqli, estetik yanaşma tərzləri var
və onu kütlə qəbul eləmir. Çalışıram, hazır qəliblərdən istifadə
etməyim. Hətta özümü belə təkrar etmək fobiyam var. İstedadım
gücündə detallara əl atıram, emosional ruh vəziyyətimə uyğun
yazıram. Bəzən konkret bir uğurlu misra, bir ifadə ilə də yadda
qalmaq olur. "Belə uğurlarım çox olub", - deyə bilərəm. İndiki
düşüncəm budur ki, bütöv obrazlar yaratmaq lazımdır. Şeirin
ayrı-ayrı tapıntılarla yadda qalması, onun ömrünün uzaqbaşı şairin
öz ömrü qədər olmasıdır. Şeirin şairdən çox yaşaması isə böyük
xoşbəxtlikdir.
Məndən zəiflər at oynadırlar
- Heç fikirləşmisən ki,
ədəbi mühitdə tez göründün? Yəni qısa bir müddətdə imzanın
qarşısında yaşıl işıq yandı.
- Yox, elə düşünmürəm. Hələ düşünürəm ki, çox gecikmişəm. Yaşıl
işıq birdən-birə görünmədi. O işığa qədər mən sarı işıqda çox
gözləmişdim. Məktəb yaşlarımdan həmişə yazmışam. Gündəlik, özümə
məktub, şeirlər, hekayələr... tam, natamam... Onları məxfi sənədlər
kimi saxlamışam. Heç vaxt üzə çıxartmadım, heç kimə müraciət
eləmədim. Sonra gördüm mətbuatda məndən qat-qat zəiflər at
oynadırlar. Yenə utanırdım, yazıram deməyə.
- Gənc olsan da, populyarsan. Bu populyarlıq, imzanın
daha çox boy verməsi sənə qarşı hər hansı bir qıcıq yaratmadı ki?
Həsəd və sair baxımından...
- Özümə həmişə qıcıqlar hiss eləmişəm. Çalışıram, həssas
olmayım, fikir verməyim. Mən qabımda olan formanı alan adamam. Heç
kimlə sərt münasibətim yoxdur. Amma elə adamlar var, mən boş
verdikcə az qalırlar, gəlib üzümə desinlər ki, sən niyə varsan? Ən
çox qadınlardan hiss etmişəm bu münasibəti. Mən getdiyim və ya
aparıcılıq etdiyim tədbirləri başlamamışdan tərk edirlər. Sonra
görürsən ki, işləri düşəndə salam verirlər, heç nə olmamış kimi
təbəssümlə alıram.
Kişi yazarların qadın yazarları...
- Ədəbi mühitdə nələr səni qane etmir?
- Ədəbi mühitdə qruplaşmalar var. Saytlar, qəzetlər, jurnallar
demək olar ki, əhatə dairəsindən kənara çıxmırlar. Bir qrup -
özlərini ədəbiyyatın "qaymaqları" hesab edənlər öz çevrələrində
dahidirlər. Gündəmdə olmaq xətrinə, kimisə inkar etməklə özünü
təsdiq eləmək qəhrəmanlıqdır. İndi ədəbiyyatda özünü dahi və
xoşbəxt hiss etməyin yeganə üsulu budur. İkinci məsələ, kişi
yazarların qadın yazar anlayışını qəbul edə bilməmələridir. "Qadın
ədəbiyyatı" kimi hadisəni inkar etmələri və ya kişi ədəbiyyatının
törəməsi kimi qəbul etmələri. Onsuz da bu cəmiyyətdə qadınlara
yazmaq imkanı və şəraiti yaradılmır. Heç olmasa, yazar kişilər bunu
dərk etsinlər. Bir dəfə qadın yazarlara aid tədbirlərin birində
yazıçı Anar gözəl bir ifadə işlətdi. Dedi ki, "Atamın və mənim
yazdıqlarım, anamın yazmadıqlarıdır". Bunu dərk eləsinlər, başqa
heç nə istəmirik onlardan. Bu düşüncə qadınlara qarşı olan
zorakılıq ilə eynidir.
- İlk şeir yazmağa başlayanda nə fikirləşirdin, özünü
hansı şairlə çiyin-çiyinə görürdün? Kimə bənzəmək
istəyirdin?
- İlk şeirimi yazanda heç bilmirdim şeir yazana şair deyirlər.
Məktəbə getmirdim, hərf bilmirdim. Şeiri yazmamışdım, qoşmuşdum.
Bəlkə şeir hesab olunmaz, amma ilk şeirim kimi onu xatırlayıram.
Sonralar da, şeir yazanda heç bir iddiam yox idi. Şair sözü mənim
üçün indiki anlayış deyildi. Çox uzaq, əlçatmaz, ünyetməz bir yerdə
idi. İndi bu sözü peşə kimi qəbul eləsəm də, əsl şair ifadəsini
hələ üfüqdə görürəm. Elə bilirəm, əsl şairlər Nizaminin, Füzulinin
yaşıdlarıdır. İndi də sevdiyim, ustad bildiyim şairlər var. Amma
heç kimə bənzəmək istəmirəm. Bu mənim təbiətimdə yoxdur. Bayaq
dediyim kimi, çalışıram, heç özümü də təkrar eləməyim.
Yazmaq maraqlıdır, ana olmaq isə...
- Şeir yazmaq maraqlıdır, yoxsa ana olmaq?
- Şeir yazmaq maraqlıdır, ana olmaq gözəl. Bütün çətinlikləri,
məsuliyyəti ilə gözəl hissdir. Hərdən də elə çətindir ki... çox
çətindir. Çox danışa bilmirəm bu barədə. Bütün qadınlara bu hissi
yaşamağı arzulayıram.
- Olubmu ki, başın şeir yazmağa qarışsın, həyat
yoldaşına çay süzməyi unudasan?
- O qədər. Şeir yazmaq ərəfəsində hər şeyi unuda bilərəm. Hətta
özümü də unuduram. Yoldaşım məni başa düşür, sağ olsun. Çox
anlayışlıdır. İnanmıram ki, mən də onun yerinə olsaydım, belə
olardım.
Xoşbəxt eləyə bilmirəm
- Qəlbinin küncündə olan qəhrəmanın şeirlərinin içində
özünü necə hiss edir?
- Darıxır... çox darıxır. Azadlıq istəyir, çırpınır. Sıxıram
onu, özü kimi ola bilmir. Xoşbəxt eləyə bilmirəm, rahatlıq
vermirəm. Misralarımdan yıxılır, sətirlərimdə intihar edir. Amma əl
çəkmirəm. Neyləyim, nə onsuz olur, nə də onunla.
- Yəqin, deyənlər çox olub ki, sən gözəl xanımsan. Necə
qarşılamısan bu ifadəni?
- Adi halda normal qarşılayıram. Allahın bütün yaratdıqları
gözəldir. Xanımın gözəlliyini hər məqamda qabartmaq onu pis
vəziyyətə salmaqdır. Özümü rahat hiss eləyirəm, çünki bilirəm
dünyanı xilas edə biləcək gözəlliyə sahib deyiləm. Sadəcə, bir az
fərqlənirəm, vəssalam.
Şeirimlə gözəl ola bilərəm
- Bu sualı bir qədər başqa formatda verim: Hərbi
xidmətdən yayınan adamın vətən, bayraq, şəhid haqda yazdığı şeir
sənətkarlıq baxımından gözəl alına bilər, bəs bu şeirlər səmimi
olarmı?
- Bu tərəddüdlü mövzudur. Gözəl olmağına, ola bilər. Vətən
haqqında pafoslu şeirlər yazanların çoxu heç hərbi xidmətdə
olmayıb. Belə deyək ki, şeir iki cür yazılır. Bir mütaliədən gələn
şüuraltı təfəkkür, güclü təxəyyül. Və bir də güclü müşahidə.
Birincidə sənətkarlıq, ikincidə səmimilik daha çox olacaq. Ona görə
də o şeirin taleyi bəllidir. Situasiyalara görə dəyişir hər şey.
Hərbi xidmətdən yayınmağın dərin psixoloji səbəbləri ola bilər. Bu
səbəblər gözəl, hətta səmimi şeir yazdıra bilər. Amma bu şeirlər
həmişə müəllifin yaxasından tutub silkələyəcək.