Maks Anderson İsveçin komiks
yaradıcısı və rejissordur. O, əsasən andeqraund və bədii komiksləri
ilə məşhurdur.
Anderson ABŞ-da qrafik roman və komiks albomu (1993) nəşr edən
ilk İsveç sənətçisidir.
Dünya şöhrətli No Sin yunan qrupunun "Draq kolld fyuçe" və "Sam
ki akkordinq to diiz" albomları Anderssonun əsərlərinin şərəfinə
adlandırılıb.
Axar.az məşhur isveç rejissoru, komiks yaradıcısı və rəssamı ilə
müsahibəni təqdim edir:
– İlk professional işinizi nə vaxt ərsəyə gətirmisiniz?
Qısaca tarixçəsini danışa bilərsiniz?
– Mənim ilk qrafik romanım 1992-ci ildə çap olunub. Bu, müxtəlif
yaşlardakı intim münasibətləri, insanları özünə həbs edən
tikililəri, sərxoş rüşeymləri özündə əks etdirən ironik bir əsər
idi. Pulun bizi necə məhv etdiyini insanlara çatdırırdı. O vaxtdan
bəri mən müxtəlif mövzulara, o cümlədən, mexanizmli uşaq, ət
ağacları, ev heyvanları silahları kimi ironik mövzularla bağlı
çoxsaylı komikslər yaratmışam.
– Hər qrafik romançının və rəssamın özünəməxsus stili,
sevimli alətləri olur. Son illər ərzində əsasən hansı alətlərdən,
fırça və qələmlərdən istifadə edirsiniz?
– Mən köhnə məktəbəm. Komiks yaradarkən ucu mürəkkəbə batırılan
polad qələmlərdən istifadə edirəm. Bu, XIX əsrdən bəri dəyişməyən
və təkmilləşdirilməyə ehtiyac olmayan bir vasitədir. İndi onların
yaxşılarını tapmaq çətindir, amma bəzi onlayn mağazalardan tapa
bilirəm. Həmçinin fırça və bəzən sadə qələmlərdən də istifadə
edirəm.
– Hansı komiks yaradıcıları sizi
ilhamlandırır?
– 30-40-cı illərin klassik kreatorları mənim ilham mənbəyimdir.
Məsələn, E.S. Seqar (Popoye), Çester Quold (Dik Treysi), Erni
Buşmiller (Nensi). Həmçinin XX əsrin əvvəllərinin pionerləri – Corc
Herriman və Vinsor Makkay, Tov Canssonsun "Mumin"i uşaqlıqda mənim
üçün böyük ilham mənbəyi və stimul olmuşdu.
– Evinizin divarlarında öz şəxsi işlərinizdən başqa
kimin əsərləri var?
– Öz işlərimdən başqa şəxsən tanıdığım bir neçə məşhur rəssamın
işləri var. Ən sevdiyim əsəri soruşsanız, isveçli dostum Qunnar
Lundkvistin əsərini deyərəm. Əsərdə gözüyaşlı it "Niyə dünyada bu
qədər axmaq var?" - deyə kədərlənir.
– Uğur əldə etmək istəyib buna nail ola bilməyən
gənclərə nə məsləhət görərdiniz?
– İşini mükəmməl etməyə çalışma. Bu çox sıxıcıdır və artıq
mükəmməl əsərlərin hamısı yaradılıb. Gözəl yaratmağa çalışma,
çirkin yarat, amma sənin öz dəst-xəttin olsun. Özünə inan, çünki
sənin stilin təkdir.
– Pleylisinizdə hansı mahnılara yer
vermisiniz?
– 70-ci illərin "NEU! 2" və "NEU! '75" albomları.
– Son oxuduğunuz əsər və izlədiyiniz film hansı
olub?
– Sonuncu oxuduğum əsər Patrik Modianonun "L'Herbe de nuit"
əsəridir. Məncə, Patrik ən yaxşı müasir yazıçılardan biridir. Son
izlədiyim film "Pi Vinin böyük bayramı" filmidir. Onu deyim ki,
film gözlədiyimdən daha yaxşı çıxdı.
– Yaxın gələcəklə bağlı hansı layihələriniz
var?
– Yenicə öz "Çuxur" adlı komiks romanımı bitirdim. Hazırda o
yalnız İsveçdə var, amma tezliklə ingilis və fransız dillərinə də
tərcümə olunacaq və ölkə xaricinə çıxarılacaq.