Əsəd Cahangirlə görüşüb
söhbət etmək imkanını həmişə əldən vermişdim. Nə vaxt ki onunla
söhbət etmək, hansısa layihədə fikirlərimizi paylaşmaq istəmişəm,
görmüşəm ki, gecikmişəm. Müxtəlif mətbu orqanlara verdiyi
müsahibələrdə verəcəyim sualların da yer aldığını görmüşəm, buna
görə də həmişə söhbətimiz sonraya qalıb. Kifayət qədər nüfuzu və
özünəməxsus imici olan Əsədlə söhbətimi fərqli bir müstəvidə qurmaq
istədim və görüşüb söhbət etdik:
- Əsəd bəy, sizdən götürülən müsahibələrdə çox vaxt eyni
suallar verilir. Çağdaş ədəbi mühit, ədəbiyyatımızın bu günü və
sair. Bütün hallarda da səbirlə cavablandırırsınız. Yorucu olmur
ki?
- Ümumən, jurnalistlərin sualları yeknəsəq, müsahibə almaq
mədəniyyəti əksərən çox aşağıdır. Dünyada ən bərkgedən kəşfiyyat
qurumlarının ən vacib sənədi bilirsiniz nədir? Bu təşkilatların tam
məxfi sorğu-sual kitabçası. Jurnalistlərimizə məsləhət görərdim ki,
fərqli suallar verməyi bacarsınlar, müsahiblərinin yaradıcılığını
öyrənsinlər. Amma belələri az olur. Ona görə çox vaxt özümlə
müsahibə aparmaq zorunda qalıram. Düzünü deyim ki, məndən müsahibə
alan jurnalistlərin əvəzinə işləməkdən yorulmuşam. Ümid edirəm ki,
siz bu cəhətdən istisna olacaqsınız.
- Bu elə mənim də istəyimdir. Sözsüz, bizim də
söhbətimiz ədəbiyyatın başına fırlanmaqda davam edəcək, amma deyin,
başqa yönümdə suallar gözləyirsinizmi?
- İstərdim ki, suallarınız son araşdırmalarımla bağlı olsun. Son
bir neçə ayda xalq yazıçısı Elçinin "Baş" romanı ilə bağlı
"Başlanğıc", tanınmış yazıçı Həmid Herisçinin hekayələri barədə
"Ölüm-dirim" adlı məqalələrim dərc olunub və oxucu marağına səbəb
olub.
Soyuq müharibə dönəminə daxil oluram
- O zaman, deyin, son yazılarınızı tənqidçi
həmkarlarınız necə qarşıladılar?
- Hər belə araşdırmadan sonra adətən açıq tənqid olunardım. Bu
dəfə tənqidçilər bostanıma gizli daş atdılar. Əleyhdarlarım artıq
gizli dialoqa, şifrəli atmacalara üstünlük verirlər. Xülasə,
yaradıcılığımın isti müharibə dövrünü bitirib, soyuq müharibə
dönəminə daxil oluram.
- "Başlanğıc" adlı məqalənizdə Elçinin "Baş" romanının
metafizik realizm üslubunda yazıldığını deyirsiniz. Metafizika və
realizm anlayışları bir-birinə zidd deyilmi?
- Əsla. Baxır realizmə necə baxırsan. Reallıq
mövcud olan deməkdir. Bizim onu görüb-görməməyimizin burda elə bir
önəmi yoxdur. Biz Allahı da görmürük, amma O var. Metafizik reallıq
gözəgörünməyən reallıqdır. Odur ki, metafizika anlayışı realizmə
nəinki zidd deyil, əksinə, onun sərhədlərini genişləndirir və
gerçəkliyə daha konseptual yanaşmağı tələb edir.
- "Ölüm-dirim" məqalənizdə Həmid Herisçinin son
hekayələrini əsas götürməyiniz nə ilə bağlıdır? Niyə məhz Həmid
Herisçi? Və Həmidin niyə məhz son hekayələri?
- "Nekroloq" romanı Herisçinin yaradıcılığının
ölüm dövrü idi. "Solaxay" romanı ilə Həmidin yaradıcılığında
dirilmə başlayır. Onun son hekayələri isə bu dirilməyə gedən
konkret yollar, üsullardan bəhs edir. Həmidin ədəbi yaşıdlarında
isə bir qayda olaraq, ölüm var, amma dirilmə yoxdur. Məqaləmdə
Həmidin son hekayələri üzərində özəl olaraq dayanmağımın səbəbi
budur. Bu hekayələrdə ədəbi-bədii düşüncəni qapsamış ölüm
durumundan çıxış potensialı var.
Ədəbi fərarilər çoxdur
- Çıxış dediniz, mövzunu dəyişim, deyin, Qarabağ
problemindən çıxış yolunu necə və nədə görürsünüz?
- Bizim işimiz Qarabağ düyününü ədəbi mətnlərdə həll etməkdir.
Bunu edə bilsək, döyüş meydanlarında da oxşar nəticələr qazanarıq.
Təəssüf ki, yazıçılarımızın çoxu əksini düşünür. Gözləyirlər ki,
qələbə çalaq, sonra yazsınlar. Qarabağ uğrunda ədəbi döyüşlərə
qatılan yazarların sayı çox deyil. "Ömür urası" romanının müəllifi
Sabir Əhmədli, "Dolu" romanının müəllifi Aqil Abbas və sair. Əfsus
ki, düşmən tərəfə keçib, oradan öz ədəbi taqımına qumbara atanlar
da var - məsələn, "Daş yuxular" romanının müəllifi Əkrəm Əylisli.
Məncə, müəllif öz romanının adını dəyişib "Çaş yuxular" qoysa, daha
yaxşı olardı. Qarabağ mövzusunda ümumən yazmayanlar - ədəbi
fərarilər isə daha çoxdur.
- Zaman-zaman ədəbi cəmiyyət adamlarımızın
erməni-müsəlman (türk) münasibətlərini özündə əks etdirən əsərləri
yazılıb. Amma çoxunda axırda dostluq qalib gəlib. Məlum olub ki,
atan heç də ermənilər olmayıb, "atan kazaklardır".
- Gəlin, 1905-ci ilə qayıtmayaq. Keçmişə yox, gələcəyə baxaq. Bu
dəfə olsun ki, atan kazaklar yox, kovboylar olsun.
- Azərbaycan ədəbiyyatında bəladan çıxış yolunu göstərə
bilən əsər yazılıbmı, yazılırmı?
- "Ölüm-dirim" adlı məqaləmdə bu suala səkkiz qəzet səhifəsi
həcmində cavab vermişəm. Biri elə Herisçinin "Solaxay" romanı və
son hekayələri. Ədəbiyyatın ən böyük bəlası mətni Allaha pənah
başlayıb, Əzrayılın köməyi ilə bitirmək, yəni əsərin sonunda
məsələni həll etməyib, onu ölümün ixtiyarına verməkdir.
Ədəbiyyatşünaslıqda buna dekadans deyirlər. Ədəbi ölümdən çıxış
yolunu mənəvi-ruhi dirilmədə görürəm. Bu isə postinsan ideyasında
reallaşa bilər. Bu dirilmənin örnəkləri Herisçidən öncə İsa
Muğannanın "Məhşər", "İdeal" və "Əbədiyyət" romanlarında mövcud
idi. Muğannanın ideal qəhrəmanının övladı yoxdur. Əslində isə o,
postinsanın ədəbiyyatımızdakı atasıdır. Xülasə, bu mövzuda
ədəbiyyatımızın əzəl mübtədası var. İnanıram ki, onun xəbəri,
tamamlığı, təyini də olacaq.
Heç kəs peyğəmbər olmayacaq
- Postinsanın əgər atası varsa, demək, babası da
var.
- Bizdə?
- Hə
- Babası Dədə Qorqud, Nizaminin İsgəndəri, Nəsimi və Xətai.
- Bəs dünyada?
- Adəmdən Xatəməcən bütün peyğəmbərlər mahiyyətcə postinsan
olub.
- Belə çıxır ki, postinsan gələcəyimizdə hamı peyğəmbər
olacaq?
- Hamı peyğəmbər olacaq və demək heç kəs peyğəmbər olmayacaq.
Çünki peyğəmbərə ehtiyac olmayacaq.
- Əsəd bəy, söhbətimizin mövzusuna bir az da rəng
qatım, tanınmış tənqidçisiniz. Çoxları istəyib
haqqında yazasınız. Çoxmu olub o istəkləri ümidsiz
qoymayasınız?
- Başqalarının istəyini yerinə yetirmək tənqiddə özəl bir
janrdır və bizdə onun öhdəsindən ən yaxşı gələn Vaqif Yusiflidir.
Mən adətən öz istəyimlə yazıram.
Azərbaycanla münasibətlərim pozula bilər
- Jurnalist kimi imzanız göründü, tənqidçi kimi
fəaliyyətiniz sizə şöhrət gətirdi. Niyə birdən-birə şeir yazmaq
keçdi könlünüzdən? Şairlər sizi qane etmədi, yoxsa yazmasam ölləm,
məsəli idi?
- Gəldi, yazdım, gəlsə, yenə yazaram. Gəlməsə, məqalə və
esselərimi yazmaqda davam edəcəm.
- Bir də gözümüzü açdıq ki, musiqi də
bəstələyirsiniz.
- Bədii yaradıcılıq məsələlərində özümü zorlamıram. Qarşıma nə
şair, nə bəstəkar, nə də tənqidçi olmaq məqsədi qoymamışam. Özümü
daha çox ürfan adamı sayıram. Bütün janrlarda eyni sözü deyirəm.
Fərqli janrlara müraciətlər zahiridir. Son mahnım "Koroğlu"
dastanındakı bir şeirə yazılıb. Mahnı məşhur bir Təbriz aşığının
ifasında səslənəcək. Gözünüzü açıb məni yeni ampluada görmək
məsələsi isə hələ bitməyib. Ola bilər ki, sabah gözünüzü açıb,
tamam fərqli janrda, fərqli imicdə görəsiniz. Yaradıcılıq
gözlənilməzlik deməkdir. Sağ əlim on-beş ildən bəri eyni janr və
mövzunun çərçivəsindən çıxmayanların başına.
- Adınız qalmaqallarda da az hallanmadı. Niyə o
adamlarla yola getmək olmur?
- Axı o adamlar hara gedir ki, onlarla yola da gedəsən? Onlar
yerində sayır.
- Məsələn, işlədiyiniz "Azərbaycan" jurnalında da
münasibətlərinizin pozulduğu qələm adamları oldu.
- Nəinki "Azərbaycan", hətta Azərbaycanla da münasibətlərim
pozula bilər, amma ədəbiyyatla heç vaxt pozulmayacaq.
Məşhurların nəşi məsciddən götürülməlidir
- Ürəyiniz istəmədiyi halda, kiminsə haqda
yazmısınız?
- Mücərrəd suallar verirsiniz. Nə bilirsinizsə, konkret deyin.
Ürəyim istəmədən harada, nə vaxt, kimin haqqında yazmışam?
Xatırlamıram.
- Şəxsi münasibətlərinizdən irəli gələrək, kiminsə gözəl
əsəri haqda susmağınız olubmu? Olubsa, bu susqunluq içinizi
tərpədib, sizi rahatsız etməyib ki?
- Allaha şükür ki, ədalət hissini itirməmişəm. Şairli,
tənqidçili, nasirli ədəbi mühitdə özümdən ədalətli adam
tanımıram.
- Bu günlərdə Feysbuk statuslarınızdan birində teatrı
"şeytan yuvası" adlandırmağınız geniş rezonans doğurdu. Sizi
teatrsevər bir yazar, teatrı izləyən və teatrdan yazan bir şəxs
kimi tanıyan toplum bundan şoka düşdü.
- Əslində, statusumda teatr problemi yox,
cənazənin haradan – məscid, yoxsa teatrdan götürülməsi məsələsindən
söz gedirdi. Məncə, məşhurların nəşi teatrdan yox, məsciddən
götürülməlidir. Bu, sadəcə, məişət hadisəsi yox, ideoloji
məsələdir. Cənazənin teatrdan götürülməsi sovet dövrü ənənəsidir.
Bunda məqsəd 1500 illik dəfn ənənəmizi, dinimizi, Allahımızı
şüurlardan silmək idi. İndi şükürlər olsun ki, allahsız sovet
rejimi yoxdur. Niyə öz qanuni dəfn ənənələrimizə qayıtmayaq?
Teatrdan ölü götürmək məsciddə tamaşa vermək qədər absurd deyilmi?
Ölüləri teatrdan götürmək yalançı kommunist ənənəsinin, ən yaxşı
halda maarifçi xurafatın son qalıqlarından biridir.
- Narazılıq doğuran sizin teatrı "şeytan yuvası"
adlandırmağınız olub.
- Harada oyun çıxarmaq varsa, orada şeytanilik var. Teatr oyun
məkanıdır, orada baş verənlər illüzyor xarakterlidir. İkincisi,
teatr başlanğıcda ilahi sənət kimi yaransa da, insanın bütün
fəaliyyət sahələri kimi sonradan tədricən şeytaniləşib. Bugünkü
teatrın qəhrəmanları antik yunan allahları, yaxud Kərbəla çölündə
qurban gedən şəhidlər deyil. Bugünkü teatrda Allahın obrazı yoxdur.
Şeytan isə hər mizan, hər replikada görünür. Bu şeytaniləşmə daha
çox on səkkizinci əsrdən sonra özünü göstərməyə başlayıb.
Özü də teatrın şeytan yuvası olduğunu deyəndə konkret olaraq
hansısa Azərbaycan teatrını yox, ümumən teatr anlayışını nəzərdə
tuturdum. Bu məsələ ilə bağlı etiraz edənlər fikrimi çox
bayağılaşdırır, ənənəvi məişət planına, dedi-qodu səviyyəsinə
endirir, hətta söyüşə, epataja çevirirlər. Teatr tamaşalarını ən
çox izləyən biri kimi o yalançı teatrbazları hər hansı tamaşada
gördüyümü xatırlamıram.
- Çox cəhd etdim ki, sizinlə fərqli bir söhbət edəm,
bilmirəm alındı, yoxsa, yox.
- Alındı, amma təkcə sizin yox, həm də mənim cəhdim
hesabına.