Yuxarı

Mərkəzi Komitədən gəlib ayaqqabı tikdirən var

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pinəçi Tahir əmi...

"İş adamı"nın növbəti qonağı 43 ildir pinəçilik edən Tahir əmidir. Biz onun yanına gələndə ayaqqabı tikirdi. Yəni iş başında idi. Gəlişimizin məramını deyən kimi özü sözə başladı:

- Məni Bakının yarısı tanıyır, bu işi də necə sevdiyimi hamı bilir... Səkkizinci sinifdə oxuduğum vaxtlar ailəmin vəziyyəti çox ağır idi. Belə bir vaxtda məktəbdə oxumaq istəmədim və ayrıldım. Çünki ailəmə kömək lazım idi.

Bu sənətə usta yanında yiyələnmişəm. Elə uşaqlıqdan pinəçilik peşəsinə həvəsim, marağım olub. Ustamın yanında həmişə diqqətcil, səbirli və həvəsli olmuşam. Qısa zaman içində pinəçi oldum. Özüm əslən şəkiliyəm. Şəkidən yaxşı ustalar çıxır, ha...

20 il qürbətdə

Pinəçi olaraq Şəkidə çalışırdım. Sonra məni Rusiyaya Həştərxan şəhərinə apardılar. Qürbətdə 20 ilə yaxın işlədim. İlk günlər bu şəhərdə çətin olsa da, insanlarla ünsiyyətə tezliklə alışdım. Hərbi xidmət yaşıma çatmışdım. Əsgərliyimi bitirib doğulduğum Şəkiyə qayıtdım. Orada Şəki yerli sənaye kombinatında işə düzəldim. Ayaqqabı təmiri işinə baxırdım. Ancaq qısa müddət sonra Həştərxan şəhərində işlədiyim müdir Şəkidə olduğumu eşitdi və dərhal yanıma gəldi. Yadımdadır, taksi ilə gəlmişdi, elə o taksiylə məni Həştərxana apardı. Bu şəhərdə xeyli müddət çalışdım. Rusiyada işlədiyim müddət ərzində bu sənətə qiymət verirdilər. Burada sənətə qiymət vermirlər. Rusiyada adamlar əliaçıq olur. Bakıda isə üç manat deyirsən, bir manatı güclə alırsan.

Bakıya qayıdış

1993-cü ildə Bakıya gəldim. Vətənə gəlmək məni sevindirirdi. Dərhal bir köşk icarəyə götürdüm və işləməyə başladım. Əlbəttə, ilk günlər müştərilər az olurdu, amma sizi inandırım, qısa vaxt ərzində müştərilərim xeyli çoxaldı. Dolanışığım çox şükür, yaxşıdır. Heç vaxt naşükürlük etməmişəm.

Keyfiyyətsiz mallar

İndiki zəmanədə ayaqqabıya maraq olduqca azalıb. Əvvəllər hara, indi hara... Sovet vaxtı çox keyfiyyətli ayaqqabılar var idi. İndikilərin isə zayı çıxıb. Çünki çin malları dəbə düşəndən, camaat 10-15 manata ayaqqabı alır, o da bir-iki aya xarab olur. Keyfiyyətsiz mallar çoxdur. Dəri ayaqqabılar demək olar ki, heç qalmayıb. Gedirsən bir ayaqqabı dükanına, müştəriləri aldadırlar. Alışqanla yandırırlar dərini ki, baxın, heç yanmır. Əslində, dəri yanmalıdır və sən onun iyini kabab iyi kimi hiss etməlisən.

Pula yox, sənətə dəyər verən adam

Üç ildir ki, bu sənətdəyəm. Sənətimi çox sevirəm. Pulu sevən adam sənətkar ola bilməz. Pensiyaçılar gəlir yanıma deyirlər pulumuz yoxdur. Canın sağ olsun, deyib, işlərini düz-qoş edirəm. Əsgərlərdən də gələnlər olur. Heç birindən bir manat da almıram. Pula dəyər vermirəm, əsas olan insanlıqdır. Peşəsini sevən adam pula əsla dəyər verməməlidir.

1971–ci ildən bu sənətdəyəm. Ancaq dəri ayaqqabi tikirəm, "dermantin"dən əsla istifadə etmirəm. Bu peşə mənim həyatım, sevincimdir. Bu işlə oyanır, bu işlə yatıram, heç də yorulmuram. Mənim üçün bu sənətin heç bir yorucu, çətin tərəfi yoxdur.

Müştərilərlə münasibət

Daimi müştərilərim çoxdur. Onlarla münasibətim çox yaxşıdır, amma narazı qalanlar da olur. Narazı qalanı başa salıram ki, yol budur, başqa yolu yoxdur. Məsələn, "dermantin" ayaqqabıdan gətirir ki, bunu tik. Deyirəm ki, bunu tiksəm, ayaqqabı pis günə düşər. Deşiklər yaranar və su buraxar. Deyir, stol "klyonkası" vur. Belə adamlar da olur...

Qadın müştərilərim də olur. Ümumiyyətlə, burada mənim müştərilərimlə münasibətim qardaş-bacı, dost kimidir. Məşhur adamların özləri yox, adamları gəlib ayaqqabı sifarişi verirlər. Nazirlər Kabinetindən də sifariş verənlər olur.

Gənclər bu sənəti sevmir

Pinəçilik sənətinə indiki yeniyetmələrin, gənclərin qətiyyən marağı yoxdur. Kompüterə, internetə maraqları daha çoxdur. Ona görə də bu sənətə nə həvəsləri qalır, nə də maraqları. İnternet gəncləri məhv edir. Həqiqətən də qarşılarına məqsəd qoyub gəlsələr, bu sənətə usta yanında, 10 gün diqqət etsələr, öyrənə bilərlər. Təbii ki, istedadları da olmalıdır.

Mən özüm həm ayaqqabı tikirəm, həm də təmir edirəm. Sıxılmıram, əksinə, zövq alıram. Yadıma düşür, bir yeniyetmə oğlan gətirmişdilər yanıma. İki dəqiqədən bir dostları çağırırdı. Elə üzündən də həvəsi olmadığını bilirdim. Axırda aradan çıxdı.

Rusiyada işlədiyim vaxtlarda isə 33 tələbəm olmuşdu. Hamısı da pinəçi oldu. Hər yeni il bayramında mənə zəng edib, təbrik eləyirlər. Sənətini sevən adam axıra qədər çalışar. Bizim kimi adamlar rəhmətə gedəndən sonra sənət də öləcək.

Geri qayıdacağam

Bir gün Şəkiyə qayıdacağam. İnşaallah, can sağlığı olsun. Yaşlandıqca adam vətənini istəyir. İstəyirdim uşaqlarım bu sənətə yiyələnsin, amma özləri istəmədilər. İndi düşünürəm ki, istəməməklə düz ediblər. Çünki ayaqqabı təmiri, pinəçilik sənəti artıq yoxa çıxmaq üzrədir. Mən isə yenə də pinəçi olmağıma görə peşman deyiləm.

Tarix
2014.02.15 / 16:05
Müəllif
Oğuz Ayvaz
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla