Ana səhifə Kult Müsahibə |
Məşhur bəstəkar Emin Sabitoğlunun qızı həsr olunub, Azərbaycan xalq musiqisi tarixi və nəzəriyyəsi üzrə Bakı Musiqi Akademiyasının müəllimi, professor Ceyran Mahmudova Azvision.az-a müsahibə verib.
Kult.az həmin müsahibəni təqdim edir:
- Ailəmiz musiqiçi ailəsi idi. Anam musiqi müəlliməsi olub, uzun illər Bülbül adına Orta İxtisas Musiqi Məktəbində dərs deyib. Hazırda təqaüddədir. Özüm də Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirmişəm. Daha sonra Bakı Musiqi Akademiyasında təhsil almışam. Hazırda akademiyada xalq musiqisi nəzəriyyəsi fənnlərindən dərs deyirəm.
Ailə üzvlərimiz sözə, musiqiyə bağlı insanlar olublar. Babam Sabit Rəhman həyata baxışını, fikirlərini sözlə, atam isə musiqi ilə ifadə edib.
- Babanız rəhmətə gedəndə neçə yaşınız var idi? Onunla bağlı hansı xatirələriniz var?
- Babam vəfat edəndə altı yaşım var idi. Onunla bağlı xatirələrim çox deyil. Çünki yaşım az idi. Ailədə böyük nəvə idim. Məndən başqa iki nəvəsi də var idi. Bilirsiniz ki, Sabit Rəhmanın iki qız övladı da olub. Hərəsinin də bir uşağı var idi. Bibilərimdən indi yalnız biri sağdır.
Babam çox mehriban, gözəl, ailəcanlı insan idi. Nəvələrinə diqqət yetirirdi. Hələ sağlığında məşhur yazıçı, dramaturq idi. Onun əsərləri uzun illər Azərbaycan səhnəsində oynanılıb.
- Bibilərinizdə də musiqi və ya yazıçılıq bacarığı olub?
- Böyük bibim Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirib. Amma sonra musiqini deyil, tibb sahəsini seçib. Hazırda təqaüddədir. Kiçik bibim isə şərqşünaslığı bitirib. Ailədə hazırda məndən başqa musiqiçi yoxdur. Övladlarımda da belə bir istedadı müşahidə etməmişəm.
- Babanızın yazdığı “Hicran” komediyası ilə bağlı bir fikir eşitmişəm. Mənə bildirdilər ki, “Hicran”ı babanız tamamlaya bilməyib, onu atanız sona çatdırıb.
- Yox, bu, yanlış məlumatdır.“Hicran”ı babam tamamlayıb Musiqili Teatra təhvil vermişdi. Ancaq əsərin səhnələşdirilməsi bir neçə ildən sonra olub. Mənim atam heç vaxt babamın hansısa əsərini tamamlamayıb. Çünki o, bəstəkar olub, yazıçı yox. Ümumiyyətlə, babamın natamam qalmış əsəri olmayıb.
- Azərbaycan filmlərinin, estradasının şedevrlərinə çevrilən musiqilərin, mahnıların yaranma prosesi yadınıza gəlirmi?
- Atam əsərlərini həm piano arxasında, həm də pianosuz yazırdı. Onun çox gözəl musiqi duyumu, eşitmə qabiliyyəti var idi. Piano arxasında olmayanda da musiqi yazırdı. Çox istedadlı bir insan olub. Melodiyalar onda gözəl alınırdı. Bədahətən, heç bir əziyyət çəkmədən yazırdı. Əsərlərin üzərində günlərlə işləmirdi, musiqiləri çox tez yaranırdı.
- Musiqi yazarkən sizinlə, ananızla nəyisə məsləhətləşirdimi? Yəqin ki, ilk dinləyiciləri siz olurdunuz…
- Hərdən ona şübhəli gələndə fikirlərini və ya musiqisini bizimlə bölüşürdü. Bəzi müasir bəstəkarlardan fərqli olaraq, çalışırdı ki, əsərləri heç kiminkinə bənzəməsin.Tərəddüd edəndə anamı və ya məni çağırırdı ki, qulaq asın, görün, kiminsə musiqi əsərinə oxşamır ki? Deyəndə ki, oxşarlıq var, çalışırdı ki, dəyişdirsin. Ədəbiyyatı, poeziyanı çox gözəl bilirdi. Mahnılarına mətn lazım olanda onun heç kimin köməyinə ehtiyacı yox idi. Çox savadlı və dünyagörüşünə malik insan idi.
Onu da deyim ki, atam solaxay idi. Əsərlərin çoxusu isə sağ əl üçün, daha mürəkkəb şəkildə yazılıb. Buna baxmayaraq, o, həm sağ, həm də sol əli ilə yaza bilirdi.
- Vaqif Səmədoğlu onun haqqında danışarkən bildirmişdi ki, atanız dedektiv ədəbiyyatı xoşlayırmış...
- Dedektiv ədəbiyyatı son illər daha çox oxuyurdu. O, yazıçı övladı idi. Bizim evimizdə həmişə mütaliə əsas hobbi olub. Mən özüm də mütaliəni çox sevirəm. Biz boş vaxtlarımızda həmişə kitab oxumuşuq, bu, təbii bir şey idi. Atam hələ gəncliyində dünya ədəbiyyatını oxumuşdu. Yetkin yaşında ona Tolstoyu və ya Dostoyevskini oxumaq lazım deyildi. Ona görə də, yaşlı vaxtlarında dedektiv əsərlərə meyl edirdi.
- Sabit Rəhmanın kitabxanasını harada saxlayırsınız?
- Bizim evdədir. Bədii kitablardır, Tolstoyun, Şekspirin və digər yazarların tam külliyyatından ibarətdir. Lazım olanda istifadə edirik.
- Ata evinizdə kim yaşayır?
- Heç kim yaşamır.
- Oranı bir ev muzeyi etmək istəyirsinizmi?
- Sabit Rəhmanın Şəkidə ev muzeyi var. Babamın ata evini könüllü olaraq dövlətə verdik. Sağ olsun, Mədəniyyat Və Turizm Nazirliyi də orada çox gözəl ev muzeyi açıb. Artıq 2001-ci ildən fəaliyyət göstərir. 4 otaqlı evdir. Turistləri həmin muzeyə dəvət edirəm. Karvansaradan bir neçə tin aşağıda yerləşir. Şəkidə onun adına teatr və küçə də var.
- Nənənizin soyadı diqqətimi çəkdi: “İsmət xanım İrəvanski”. İrəvanla hansısa bağlılığı var idimi?
- Bəli. Nənəmin anası sonuncu İrəvan xanı Hüseynqulu xanın qızı idi. Mehdi xan İrəvanski nənəmin dayısı olub. O, uzun illər Bakı Dövlət Universitetində işləyib.
- Emin Sabitoğlu sizi hansı adla əzizləyib çağırırdı? Ümumiyyətlə, necə ata idi?
- Başqa valideyinlər uşaqlarına necə qayğı göstərirsə, o da elə idi. Bütün atalar kimi. Məni tez- tez teatra aparırdı. Buna görə də uşaqlıqdan teatrı xoşlamışam. Desəm ki, bütün günü birlikdə vaxt keçirirdik, gəzməyə gedirik, yalan olar. Çünki atam məşğul adam idi. Həm akademiyada dərs deyir, həm də kinostudiyada çalışırdı. Teatrlarla işləyirdi. Bundan əlavə, mən də musiqi məktəbində oxuyurdum, vaxtım olmurdu. Tətilləri yay aylarında həmişə birlikdə keçirirdik.
Adi ailələrdə ata 9-dan 6-ya kimi işləyirdisə, mənim atamın iş vaxtı konkret qrafikə tabe deyildi. Axşam tamaşa var idisə, gedirdi. Filmlərə musiqi yazanda isə mütləq çəkilişlərdə iştirak edirdi. Formal yanaşmırdı, prosesi izləyirdi. Teatra məşq prosesinə gedirdi.
- Pianinoda ikinizin birgə ifa etdiyiniz hansısa musiqi var idimi?
- Yox. Mənim atam çox gözəl pianino çalırdı. Onun tək ifası bizə kifayət edirdi. Həssas təbiətli, yumşaq, bir qədər özünə qapalı adam olub. Öz hisslərini büruzə verən deyildi. Yalnız mahnıları ilə onu tanımaq olardı.
- Mahnılarında payıza tez-tez müraciət edib…
- Yəqin, ad günü payızda olduğuna görə bu fəsli sevirmiş. Bəstəkarın gücü musiqisinə çatır. Bəlkə də fikirlərini şüuraltı seçdiyi mahnı mətnləri ilə ifadə edirdi. Musiqi yazmaq onun içindən gələn bir iş idi. Bu prosesdən məmnun olurdu. Hansısa ağırlıq hiss etmirdi. Yazdıqları insanlar tərəfindən yaxşı qarşılananda ona xoş olurdu. Yaradıcı insan üçün tərfilənmə, qəbul edilmə çox vacibdir. Onlar həssas olurlar. Mən bir bəstəkarın ailəsində böyüyürdüm, görürdüm ki, atam başqa insanlardan düşüncəsinə, hisslərinə görə fərqlənir.
- Yaradıcı insanlar adətən gecənin sakitliyində işləməyə üstünlük verirlər...
- Atam da elə idi. Gecə saatlarında fəal işləyirdi.
- Gecənin bir yarısı ayılıb, evinizdə pianino səsi eşidirdinizmi?
- Yox. O, heç vaxt bizi narahat etmirdi. Müğənnilərlə görüşü olanda ata evində işləyirdilər. On altı il biz bəstəkarların binasında yaşamışıq. Hər mənzildə bir bəstəkar yaşayırdı: Arif Məlikov, Vasif Adıgözəlov, Ramiz Mustafayev, Oqtay Zülfüqarov, Ağabacı Rzayeva, Süleyman Ələsgərov, Tofiq Quliyev, Əşrəf Abbasov, Xəyyam Mirzəzadə, Şəfiqə Axundova bizimlə eyni binada yaşayıblar. Təsəvvür edin, bunların hamısı gecə pianino çalsaydılar, bütün küçə yata bilməzdi. Çalışırdı elə işləsin ki, biz oyanmayaq. Çünki bizm iki otaqlı evimiz var idi, otaqlar da iç-içə idilər. Hər şey eşidilirdi. Məsələn, Arif müəllimin bəzi simfoniyalarının necə yazıldığını biz eşitmişdik.
- Belə dahilərlə qonşu olmusunuz, sizi bu baxımdan xoşbəxt insan hesab etmək olar...
- Təbii. Amma mən onda uşaq idim, başa düşmürdüm. Onları ancaq qonşu kimi tanıyırdım. Böyüyəndən sonra başa düşdüm ki, onların hər biri istedaddırlar, öz mövqeləri olan əvəzsiz şəxsiyyətlərdir. Arif Məlikov akademiyada mənə dərs deyib. Oktay Zülfüqarovla ailəlikcə yaxın idik. Yazıçı Anar, Vaqif Səmədoğlu, Araz Dadaşzadə atamın yaxın dostları idilər. Tofiq Quliyevlə aralarında 20 yaş fərqin olmasına baxmayaraq, çox yaxın idilər. Boş vaxtı olan kimi gecənin bir yarısına qədər Tofiq müəllimlə söhbət edirdi. O da dedektiv janrını xoşlayırdı. Onun ad günün həmişə geniş qeyd edirdik.
- Ad günündə əsasən hansı mahnılarını oxumağı, ifa etməyi xoşlayırdı?
- Fərqi yox idi. Dostları xahiş edirdi, o da oxuyurdu. Mirzə Babayev bizə tez–tez gəlirdi. Ailəvi yığıncaqlarımızda süfrəmizin başında olardı. Yadımdadır, atamın vəfatının ikinci ildönümü idi. Mirzə müəllim bizə gəldi. Çox qəmli idi. Söhbət etdik, atamı yad etdik. Tofiq müəllimin, atamın vəfatı ona pis təsir etmişdi. Tofiq müəllimlə atam eyni ayda 20 il fərqlə doğulmuşdular. Eyni ildə də vəfat etdilər. Mirzə müəllim bu itkiləri hiss edirdi. 40 gün sonra özü də vəfat etdi. Atam qan təzyiqindən əziyyət çəkirdi. Gözlənilmədən tromb ürəyinə tıxanmışdı.
- Onun haqqında kitab yazmağı xahiş etmişdi. Yazdınızmı?
- Yazmışam. Hazırdır, nəşriyyata təhvil vermişəm. Kitabda onun yaradıcılığını janrlar üzrə tədqiq etmişəm. Bu, sırf elmi tədqiqatdır, tələbat çox böyük idi. Onun yazdığı əsərlərin sayı çoxdur. Heç özü də sayını dəqiq bilmirdi. O dövrdə teatrda və kinostudiyada olan not nümunələrinin hamısı saxlanılmayıb. Rejissor Rasim Ocaqovun bir filmini çıxmaq şərtilə, qalan filmlərinə musiqini atam yazıb. Onlar həyatda da dost idilər. Nazim Hikmətin sözlərinə də romans yazıb. Kitabımda onların bəzilərini təhlil etmişəm. 12 romansından ibarət not məcmuəsi buraxmaq fikrindəyəm. Onun romansları indiyə qədər çap olunmayıb. 75 illiyində romanslarından bəziləri vokalçılarımız tərəfindən ifa olunub.
- Yaradıcı adamlar bəzən bədahətən gələn ilham mənbəyindən salfet, vərəq parçası üzərində qeydlər edirlər. Onda da belə olurdumu?
- Siqaret qutularının üzərində, hansısa vərəqin kənarında melodiyalar yazmışdı.
- Nəvələrini gördümü?
- Bəli. Mənə deyirdi ki, “Nəvəmi səndən çox istəyirəm. İncimirsən, qısqanmırsan?” Deyirdim yox. Babası vəfat edəndə qızımın 9 yaşı var idi. Son illər o, Türkiyədə yaşayırdı, ancaq yay tətillərini Bakıya gəlirdi. Qızımı teatra aparırdı, ona kitablar alırdı. Çalışırdı onunla məşğul olsun. Qızım birinci sinfə gedəndə Azərbaycanın himnini royal arxasında ona öyrədirdi. Ümumiyyətlə, birlikdə yaşamasaq da, istər nəvəsilə, istərsə də mənimlə maraqlanırdı.
Tarix
2017.03.02 / 14:20
|
Müəllif
Kult.az
|