Yuxarı

“Ağacan Abiyev vurub ağzımı qanatdı...” - Foto

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ağacan Abiyev vurub ağzımı qanatdı...” - Foto

Bu gün xalq artisti Tariyel Qasımovun doğum günüdür. Sənətkar 77 yaşını qeyd edir.

Xalq artisti Tariyel Qasımovun Axar.az-a verdiyi müsahibəni təqdim edirik:

- Tariyel müəllim, həyat necə gedir?

- Həyatdır da, səhərlər işdə, axşamlar evdə. Bizim teatrda 11:00-dan 15:00-a qədər iş vaxtıdır. Tamaşa olanda isə işə 18:00-da gəlirik. İş rejimim belədir. Həyatım o qədər hərəkətlidir ki, bəzən evə gəlib çörək yeyə bilmirəm.

- Mən gənclik illərinizə qayıtmaq istəyirəm, gəlin, sevgi məktublarından başlayaq…

- Bir dəfə Gənc Tamaşaçılar Teatrında Cəlal rolunu oynayırdım. "Komsomol poeması"na 9-10-cu sinif şagirdləri gəlmişdi. Tamaşa bitdikdən sonra adətən paltarımızı dəyişməyə gedərdik. Mən çox vaxt 40 dəqiqə, 1 saat gec çıxırdım. Buna baxmayaraq, teatrdan çölə çıxanda görürdüm ki, 20-30 nəfər gənc qız məni gözləyir (gülür). Başımı salıb oradan uzaqlaşana qədər həmin qızlar heç yerə getməzdi. Bu dəqiqə məndə həmin qızlardan gələn 300-dən çox məktub var və hər birini saxlayıram.

- Nə yazırdılar məktublarda?

- Hər şey (gülür). Onların arasında sevgi məktubları, çıxışıma qiymət, səhnəyə gəlmək üçün məndən kömək, istiqamət istəyənlər var idi. Hərə bir mövzudan yazırdı.

Nuriyyə çox yaxşı yaşayırdı

- Çox gənc yaşlarınızdan məşhurluğu dadmağa başlamısınız, diqqət mərkəzində olmaq necə bir hissdir?

- Açığı, gənc yaşlarımda bu, çox xoşuma gəlirdi. Amma yaşa dolduqca bundan kənar gəzirəm. Yolda gedəndə çalışıram ki, məni saxlamasınlar. Başımı aşağı salıb sakit gedirəm. Heç kimin məni tanımasını istəmirəm, amma yenə də tanıyırlar. Demək olar ki, artıq məşhurluqdan doymuşam.

- Aktyorların qazancı onların dolanışığına yetmir deyirlər, bəs sizdə necə?

- Düzdür, aktyorların maaşı azdır. Onların maaşı bu qədər ola bilməz. Qəribədir ki, bizdə teatrlar arasında maaş fərqi var. Hər ikimiz xalq artistiyik, lakin müxtəlif teatrlarda fərqli maaşlar alırıq. Yəqin, gələcəkdə bunlar öz həllini tapacaq.

- Dolanışığından, vəziyyətindən şikayət edənlər sırasında rəhmətlik Nuriyyə xanım da var idi.

- Nuriyyə xanım çox gözəl sənətkar idi. Onun efirdə tez-tez şikayət etməyi bir az xoş deyildi. Çünki ayda min manat prezident təqaüdü alırdı, kinolara çəkilirdi, onlardan yaxşı qonorar alırdı. Yəni onun şikayət etməyə ixtiyarı yox idi. Başqa aktyor, aktrisalara baxanda Nuriyyə çox yaxşı yaşayırdı.

Bizim dublyajlar bərbaddır

- Sizcə, yerli filmlərin əksəriyyətinin uğursuz alınmasının başlıca səbəbi nədir?

- Rejissorlar. Çünki həm rejissor, həm də onun seçdiyi aktyor və aktrisalar zəifdir. Nəticədə ortaya zəif iş çıxır. Zəif rejissordan uğurlu nəsə gözləmək düzgün deyil. Mən hətta dublyajlarımıza qulaq asanda əsəbiləşirəm. Səbrim çatmır dinləməyə. Bizim dublyajlar da bərbaddır. Orada aktyorun hisslərini tamaşaçıya düzgün çatdıra bilmirlər.

- Bəs bəyəndiyiniz rejissor işi varmı?

- Elxan Cəfərov, Rövşən İsaqın filmlərini çox bəyənirəm. Onlar məni dəvət etsə, qonorara baxmadan təklifləri ilə razılaşaram. Bilirəm ki, orada gözəl obraz yaradacağam və uğurlu film ərsəyə gələcək.

- Gənclik illərinizdə kumiriniz kim idi?

- Yusif Vəliyev. Həmişə istəmişəm ki, xalq artisti Yusif Vəliyev kimi şöhrətli olum. Bunun üçün də gecə-gündüz öz üzərimdə çalışırdım. İndiki gənclər özlərini sənətdə sevirlər, amma biz sənəti özümüzdə sevmişik. Biz sənət üçün çalışmışıq, amma indiki gənclər sənətdə özləri üçün mükafat qazanmağa çalışırlar. Reallıq budur ki, zəhmət çəkməsən, istedadın olmasa, bunların heç biri olmayacaq.

Qız məktubumu oxuyub ağladı

- İdman və incəsənət… Bu iki müxtəlif sahəni birləşdirən nə idi?

- Mən idmançı olmağıma baxmayaraq, aktyorluğu sevirdim. Ümumilikdə isə düşünürəm ki, aktyorlar da idmanla məşğul olmalıdır.

- Deyəsən, millət vəkili Ağacan Abiyevlə qrup yoldaşı olmusunuz…

- Bəli, o, boksda idi, mən isə güləşdə. Çəkimiz uyğun gəldiyindən bir yerə düşürdük, həmişə boksda vurub ağzımı qanadırdı, mənsə güləşdə yıxardım onu (gülür). İndi isə dostuq.

- Niyə valideynlər məhz kolxoz sədrinin qızı ilə ailə qurmağı şərt qoymuşdu?

- Çünki mən kolxoz sədrinin oğlu idim. Ta uşaqlıqdan evdə tez-tez deyirdilər ki, bax, atan kolxoz sədridir, gərək sən də kolxoz sədrinin qızıyla evlənəsən. Bu artıq mənim ağlımda qalmışdı. 8-ci sinifdə oxuyanda sinfimizə yeni qız gəlmişdi, o da kolxoz sədrinin qızı idi (gülür). Gəlib evdə dedim ki, sinfimizə kolxoz sədrinin qızı gəlib. Evdən məsləhət gördülər ki, məktub yazım qıza. Onlar deyən kimi də elədim. Amma qız yazdığım məktubu oxuyub ağladı. Müəllimə gəlib məni vuranda əlimdəki pero müəllimənin əlinə girdi. Bundan sonra dərsdən qaçdım. 10 günə yaxın dərsə getmədim. Bu hekayəm də beləcə bitdi. Daha qorxumdan heç bir qıza söz demirdim (gülür).

Səfurəyə evlilik təklif edəndə…

- Kimlərə evlilik təklif etmisiniz?

- 4-cü kursda oxuyurduq. Səfurəyə yaxınlaşıb dedim ki, Səfurə, artıq universiteti qurtarırıq. Razısansa, sizə elçiləri göndərmək istəyirəm. O, bu təklifə təəccübləndi. Cavabında dedi ki, nə deyirəm ki, gəlirlər, gəlsinlər. Onun razılığını alandan sonra dedim ki, Səfurə, amma bir şərtim var, mən aktyor olacam, sən isə aktrisa olmayacaqsan. Buna icazə verməyəcəm. O etiraz etdi, dedi, bəs onda mən niyə oxuyuram? Təkidlə dedi ki, mən aktrisa olacam. Etirazını görüb dedim ki, bax, onda deməyəcəm ha, elçi gəlsinlər. Səfurə buna soyuqqanlı cavab verdi, dedi ki, özün bilərsən. Bu məsələ elə onunla da bitdi.

- Səfurə xanım haradasa 10 il olar yoxdur səhnədə…

- Hə, onu küsdürdülər, heyf, çox heyf. Amma biz onunla yenə də zəngləşir və görüşürük.

- 77 il necə gəlib keçdi?

- Mən 50 yaşımda həyata "stop" eləmişəm. 27 il özü gəlib, sakitcə gedib, amma mənim xəbərim olmayıb. Ona görə də görən deyir ki, Tariyel müəllim, sanki 50 yaşınız var (gülür).

- Bunu kimə borcluyuq?

- Bunu həyat yoldaşıma. O, mənim nazımı balaca uşaq kimi çəkir. Bəzən gənc qızlar məni tanıyır, yaxınlaşıb öpüb, qucaqlayırlar. Belə olanda o, bunları anlayışla qarşılayır. Onun bu anlayışı mənə güc verir.

Elə bu anda Tariyel müəllimin həyat yoldaşı gəlir. Ondan Tariyel müəllim barədə fikirlərini almaq istəyirik, o isə hər şeyi iki cümlə ilə izah etmək istədiyini deyir:

- Mən çox istərdim ki, qadınlar həyat yoldaşlarına qarşı diqqətli olsunlar ki, ailələr dağılmasın. Tariyel tək mənə yox, həm də xalqımız üçün lazımlı şəxsiyyətdir, ona daim diqqət, qayğı göstərməyə çalışıram.

Sənətkarın xanımı süfrəyə çay gətirib, gedir, biz isə xalq artistimizlə söhbətimizə davam edirik:

- Gəlin, aktyor üçün yaş həddindən danışaq. Yaş fərqi aktyorun fəaliyyəti üçün nə qədər əhəmiyyətlidir?

- Yaş həddinin aktyorlara aidiyyəti yoxdur, bunu kimlərsə uydurub. Bəzən eşidirəm, deyirlər ki, qocalıb, alınmır. Bu gün mənim 77 yaşım var, amma mən öz cəldliyimi itirməmişəm. Görünüşümdə qocalıq əlamətləri yoxdur. Mən belə düşünürəm ki, aktyor üçün yaş fərqi yoxdur. Çünki o səhnədə doğulur, səhnədə də ölür.

- Son sualım ad gününüzlə bağlı olacaq. 77 yaşınız olur. Kimlərlə keçirəcəksiniz ad gününüzü?

- Mən heç vaxt ad günümü əvvəlcədən planlaşdırmamışam. Bu dəfə də xüsusi bir şey yoxdur. Qismətdə nə varsa, o da olacaq.

Tarix
2016.02.04 / 15:05
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Xahişimi yerinə yetirdiyi üçün İrana təşəkkür edirəm - Tramp

Latviya prezidenti Ağ Şəhərdən danışdı: Möcüzə...

Prezidentlər biznes-forumda iştirak etdilər

İran BƏƏ-də iqlim silahına zərbə endirdi, quraqlıq bitdi – Şok

İlham Əliyevdən Rinkeviçslə görüşlə bağlı paylaşım - Video

Qriqoryanın Güllə Yunanıstanda qəribə görüşü - Foto

Bu nazirlik də yoxlamadan “üzüağ” çıxmadı

Hərbi xidmətlə bağlı bu cəzalara təkrar baxılacaq

Endryu Cons: Nuhun gəmisi Türkiyədədir - Foto

DSK-nin anbarında 4,7 milyonluq planşet aşkarlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla