Axar.az "bbn.az"a istinadən Əpl şirkətinin və "Pixar"
studiyasının icraçı direktoru Stiv Cobsun 3 həyat hekayəsini öz
dilindən təqdim edir:
İlk hekayə nöqtələri
birləşdirməklə bağlıdır
Mən Reed Kollecində aldığım təhsili ilk 6 aydan sonra buraxdım.
Bəs səbəb nə idi? Əslində hər şey mənim anadan olmağımdan çox əvvəl
başlamışdı. Bioloji anam kolleci yenicə bitirmiş, heç vaxt ailə
həyatı qurmamış gənc bir qadın idi və o düşündü ki, məni təhsilli
bir ailə övladlığa götürsə, hər şey əla olacaq. Belə də oldu. Məni
övladlıq götürmək istəyən ilk ailə hüquqşünas bir adam və onun
yoldaşından ibarət idi. Lakin onlar sonradan düşündülər ki, əslində
uşaqlarının qız olmasını istəyirlər.
Beləliklə, gözləmə siyahısında olan indiki ailəmə gecənin bir
vaxtında zəng gəlir və onlardan soruşulur: "Bizim bir oğlumuz olub,
onun valideyni olmaq istərdinizmi?" Onların cavabı isə müsbət
olub.
Lakin bioloji anam öyrənəndə ki, əslində övladlıq götürmək
istəyən ailənin heç bir üzvü ali təhsil almayıb, o bu məsələyə çox
soyuq yanaşıb və müqaviləni imzalamağa etirazını bildirib. Bir neçə
ay sonra yumşalaraq razı olduqda isə ailəm mənə kollec təhsili
verəcəkləri haqda söz verib.
17 il sonra mən həqiqətən də kollecə daxil oldum. Lakin seçdiyim
kollecin təhsil haqqı Stanford kollecinkindən heç də fərqlənmirdi
və ailəm bunu qarşılamaq üçün yığdığı bütün pulu xərcləyirdi.
6 ay sonra düşündüm ki, əslində, buna dəyməz və kolleci tərk
etsəm, hər şey daha yaxşı olacaq. Əvvəl bu, qorxulu səslənsə də,
sonradan gördüm ki, kollecdə mənə sıxıcı gələn fənlərdənsə
diqqətimi çəkən fənlərlə məşğul olmaq üçün indi daha çox vaxtım
olur.
Kollecdə yataqxana otağım yox idi və adətən, yoldaşlarımın
otağında döşəmədə yatır, ərzaq ala bilmək üçün butulka qapaqlarını
yığır, həftədə bir dəfə Hare Krişnada normal yemək yeyə bilmək üçün
bazar günləri 7 mil yolu ayaqla gedirdim və bütün bunları sevirdim.
Sonradan mən daha yaxşı anladım ki, dalınca qaçdığım şeylərin çoxu
vaxt keçdikcə dəyərsizləşir. Bir misal vermək istəyərdim.
O dövrlərdə Reed Kolleci ölkədə ən yaxşı xəttatlıq dərslərinin
keçilməsilə seçilirdi. Kampus boyu bütün posterlər çox gözəl əl
işləri idi və bütün bunlar mənə valehedici görünürdü. Kolleci tərk
etdikdən sonra xəttatlıq dərslərinə başlamağa qərar verdim.
Müxtəlif hərf kombinasiyaları, yazı növləri elmin yarada bilmədiyi
gözəllikdə, tarixilikdə və zəriflikdə idi.
O zamanlar düşündükdə bütün bunların həyatımda tətbiqi ehtimalı
yox idi. Lakin 10 il əvvəl ilk Makintoş kompüterlərini dizayn
edəndə öyrəndiklərimin hamısı köməyimə çatdı.
"Mac" kompüterləri gözəl yazı stillərinə sahib olan ilk PC-lər
idi. Mən kolleci tərk edib xəttatlıq dərslərinə getməsəydim və
Vindovs bizi təkrarlamasaydı, bəlkə də indi heç bir kompüterdə
çoxnövlü yazı stilləri yox idi.
Əlbəttə ki, kollecdə oxuduğum zamanlar bu nöqtələri birləşdirmək
mümkün deyildi. Ona görə də həyatınızda nöqtələri birləşdirmək üçün
hər zaman geriyə baxın. O zaman nəyin niyə baş verdiyini daha aydın
başa düşəcəksiniz.
İkinci hekayə sevgi və itki haqqındadır
Mən şanslıydım, erkən yaşlarda sevdiyim işin nə olduğuna qərar
vermişdim və o işlə məşğul idim. Uoz və mənim ilk olaraq,
valideynlərimin qarajında başladığımız bu iş 10 il sonra 4 min
işçisi olan 2 milyard dollarlıq bir şirkətə çevrilmişdi. Bir il
əvvəl ən uğurlu buraxılışımız olan Makintoşu ərsəyə gətirdikdə
mənim hələ 30 yaşım var idi. Sonra isə işi tərk etməli oldum. Bir
insan qurduğu şirkətdəki işi necə tərk edə bilərdi ki? Bu, çox
çətin idi.
Əpl şirkəti getdikcə daha da inkişaf etdiyi üçün çox bacarıqlı
olduğuna inandığım birini şirkəti mənimlə birlikdə idarə etməsi
üçün işə götürmüşdüm. Əməkdaşlığımızın ilk ili çox uğurlu keçsə də,
sonradan müəyyən problemlərimiz yarandı. Gələcəklə bağlı
fikirlərimiz kəskin fərqlənməyə başladıqda, biz ayrılmaq qərarı
verdik və şirkətin Direktorlar Şurası işə onunla davam etmək qərarı
aldı. Beləliklə, 30 yaşımda artıq işdən çıxarılmışdım, hətta böyük
səs çoxluğu ilə. Bu, çox sarsıdıcı hal idi və geri qalan həyatımda
nəyə fokuslanacağımı bilmirdim.
Bu hal bir neçə ay davam etdi. David Pakard və Bob Noysla
görüşərək əvvəlcədən mənə yönəltdikləri təklifi rədd etdiyim üçün
təəssüfləndiyimi bildirdim. Hələ də gördüyüm işi sevirdim və rədd
edilməyimə baxmayaraq, hər şeyə yenidən başlamaq qərarına
gəldim.
Əvvəllər fərqində olmasam da, vaxt keçdikcə anladım ki, Əpl
şirkətindən ayrılmağım bəlkə də başıma gələn ən yaxşı
hadisədir.
Bir işdə professional olmağın insana yüklədiyi ağırlıq artıq
yerini yenidən başlamağın gətirdiyi həyəcana vermişdi. Bu isə mənim
həyatımın ən kreativ dövrlərinin başlanğıcı oldu.
Növbəti 5 ildə "NeXT" və "Pixar" adlı şirkətdə işləməyə başladım
və həyat yoldaşım olacaq heyranedici bir xanımla tanış oldum.
"Pixar" dünyanın ilk animasiya filmi olan "Toy Stori"ni yaratmağa
başladı və ən yaxşı animasiya studiyalarından birinə çevrildi.
Hadisələrin ardıcıllığı çox fövqəladə bir şəkildə davam edirdi. Bir
müddət sonra Əpl "NeXT"i aldı və mən yenidən Əpl qayıtdım və
"NeXT"də inkişaf etdirdiyimiz texnologiya Əplin indiki yüksəlişinin
əsas təkanverici qüvvəsi oldu. Bütün bunlarla bərabər Loren və
mənim möhtəşəm ailə həyatımız var idi.
Mən dəqiqliklə əminəm ki, əgər Əpl şirkətindən çıxmasaydım,
bütün bunların heç biri baş verməyəcəkdi. Bu, çox acı olmasına
baxmayaraq, xəstəyə kömək edən dərmanların effektinə bənzəyir.
Bəzən həyat sanki insanın başından kərpiclə vurur, belə olduqda
əsla ümidinizi itirməyin.
Mən bu fikri qəbul etmişəm ki, məni yolumda inamla addımlamağa
məcbur edən səbəb işimi çox sevməyim və bu işi məni sevən insanlar
üçün etməyim idi. İşiniz sizin həyatınızın çox böyük bir hissəsini
tutur və bunu yorulmadan, həvəslə etmək üçün sadəcə onu sevməliyik.
Əgər hələ də hansı işi sevdiyinizi müəyyənləşdirməmisinizsə, ilk
öncə bunu edin və hər bir çətinliyə baxmayaraq, inamlı olun. İllər
keçdikcə bütün əhəmiyyətli əlaqələrinizdə olduğu kimi, burada da
sizdə nəyinsə alındığının şahidi olacaqsınız.
Üçüncü hekayəm isə ölümlə bağlıdır
17 yaşım olanda belə bir aforizm oxumuşdum: "Hər günü son
gününüz kimi yaşasanız, bir gün mütləq haqlı çıxacaqsınız". Bu
cümlə mənə çox təsir etmişdi və 17 yaşımdan bu yana keçən 33 ildə
hər gün aynanın qarşısında özümə bu sualı verirəm: "Əgər bu gün son
günümdürsə, bu gün etdiyim işlərdən nə qədər razıyam?" Bir müddət
cavabım "yox" idi. O zaman mən artıq nələrisə dəyişməli olduğuma
qərar verdim.
Bir gün öləcəyim düşüncəsi böyük seçimlər etməyimdə hər zaman
mənə yardım edib. Bütün xarici təsirlər, qürur, məğlubiyyət qorxusu
və sıxıntılar ölümün yanında heç nədir. Öləcəyini xatırlamaq nəyisə
itirmək düşüncəsindən və qorxusundan azad olmağın yeganə yoludur.
Bu azadlıq ürəyinin səsini dinləməyinə mane olan səbəbləri yox
edir.
1 il əvvəl mədəaltı vəzimdə xərçəng xəstəliyi olduğunu öyrəndim.
Belə bir orqanın mövcudluğundan hətta xəbərim belə yox idi.
Həkimlər bunun sağalmayan bir xəstəlik olduğunu, 3 və ya ən çox 6
aylıq ömrümün qaldığını bildirdilər.
Həkimlər bütün işlərimi bir kənara atmağımı məsləhət gördülər.
Bu, onların xəstələri ölümə hazırlamaq metodudur. Ən əsası isə
ailəmi bu duruma hazırlamalı və uşaqlarıma illər ərzində
öyrədəcəklərimi bu bir neçə aya sığdırmalı idim. Bu
"xudahafiz"lərini demək mənasına gəlir.
Mən bütün günümü bu diaqnozla yaşadım. Növbəti gün biopsi
analizləri verdim və yoxlama prosesində iştirak edən yoldaşımın
sözlərinə görə, həkimlər analizimin nəticələrinə baxdıqda öz
hislərini gizlədə bilməyib qışqırıblar. Məlum olub ki, xəstəliyim
əməliyyatla sağalan növ imiş və indi özümü çox yaxşı hiss
edirəm.
Heç kim ölmək istəmir. Hətta cənnətə gedəcəyini düşünən insanlar
belə. Buna baxmayaraq, ölüm bütün insanların son mənzilidir. Ölüm
həyatın ən önəmli ixtirasıdır, o, köhnə olanları aparıb yerinə
yeniləri gətirir. Bu gün nə olduğumuzdan asılı olmayaraq, nə vaxtsa
köhnəlib yenilərlə əvəz olunacağıq. Bu, çox dramatik səslənə bilər,
amma reallıqdır.
Vaxtımız məhduddur, buna görən də maksimum istifadə etməliyik.
Bizə verilən həyatı başqalarının düşüncələri və istiqaməti ilə
yaşamamalıyıq. Başqalarının səsinin sizin öz ürəyinizin səsini
batırmasına imkan verməyin. Hislərinizə və ürəyinizin dediklərinə
inanın, onlar necəsə sizin haqqınızda hər şeyin ən yaxşısını
bilirlər. Qalan hər şey ikinci planda olmalıdır.
1970-cı illərdə mən sizin yaşınızda olanda "Bütün dünyanın
kataloqu" adlanan bir dərgi var idi və bizim dövrün ən maraqlı
dərgilərindən idi. Onu dövrümüzün Quqlu da adlandıra bilərik.
Sonuncu nəşrlərinin ən son səhifəsində səhər çağlarının əks
olunduğu yol şəkli yer alırdı və son söz olaraq bu ifadə
yazılmışdı: "Ac qalın. Axmaq qalın". Mən hər zaman özümə bunu
arzulamışam, bu gün yeni həyata atılan sizə də bunu arzu
edirəm.