"İndependent"in saytında dərc olunmuş məqalədə Vaşinqton
müxbiri Rupert Kornvell yazır ki, xəstəliyi Hilari Klintonu
prezidentlikdən məhrum edə bilər, lakin tarixən ABŞ prezidentləri
çox ciddi və təhlükəli xəstəliklərini gizlədə
biliblər.
BBC-nin məlumatına əsasən, məqalədə deyilir ki, hər
bir adamın səhhəti onun şəxsi işidir, lakin söhbət ABŞ
prezidentliyinə namizədin sağlamlığından gedirsə, bu, artıq şəxsi
iş ola bilməz. Məhz buna görə də böyük bir ehtimalla Hillari
Klinton indi öz sağlamlıq vəziyyətinin bütün təfərrüatlarını açmağa
məcbur ediləcək.
Lakin bununla belə, ABŞ-ın açıqlıq reputasiyasına baxmayaraq,
dünyanın ən qüdrətli şəxsinin sağlamlığı heç də həmişə şəffaf
məsələ olmayıb.
Müəllif yazır ki, ümumən ABŞ prezidentləri kifayət qədər sağlam
olurlar. Elə təkcə bunu demək kifayətdir ki, 18 ay ay davam edən
namizədlik kampaniyasının öhdəsindən yalnız top kimi sağlam olmaqla
gəlmək olar. Lakin hətta buna da baxmayaraq, ABŞ tarixində bunun
əksini göstərən bəzi istisnalar olub.
25-ci əlavə
Məqalədə deyilir ki, 1967-ci ildə Konstitusiyaya edilmiş 25-ci
düzəlişə qədər ABŞ prezidentinin iş başında vəfat etməsi halında
hansı prosedurların işə salınmasının dəqiq mexanizmi olmayıb.
Əslində, yeni tarixdə prezidentlik postunda olduğu vaxt iki
nəfər öz əcəli ilə ölüb.
1923-cü ildə Varen Hardinq ürək infarktından vəfat edib və
1945-ci ilin aprelində, 4-cü müddətə təzəcə and içmiş Franklin
Ruzvelt beynə qan sızmasından dünyasını dəyişib. Lakin bundan əvvəl
və sonra əcəlin Ağ Evin yaxlınlığında dolaşdığı vaxtlar olub.
Vudro Vilson 1919-cu ilin oktyabrında keçirdiyi iflicdən sonra
prezidentliyin qalan 17 ayını fiziki məhdudiyyətli şəxs kimi
keçirib. Onun səhhətinin yaxşı durumda olmadığını həkimlər əvvəldən
də bilirmişlər.
1955-ci ildə prezident Duayt Eyzenhauerin infarkt keçirdiyi
xəbəri ictimaiyyətə açıqlansa da, belə başa düşmək olar ki, onun
vəziyyətini əslində olduğundan daha yumşaq təqdim ediblər.
Məqalədə deyilir ki, bütün bu halların arasında ən maraqlısı
Eyzenhauerdən sonra prezident olmuş Con Kennedi ilə bağlıdır.
"JFK qatil gülləsindən ölüb, lakin onun tibbi problemləri
vaxtında açıqlansaydı, əslində, prezident seçilməyə də bilərdi", -
yazır Rupert Kornvel .
Kennedi Addison xəstəliyindən, başqa sözlə, böyrəküstü vəzlərin
pozuntusundan əzab çəkirmiş. Bundan başqa onun koliti (düz
bağırsağın iltihabı) və xroniki bel ağrıları da varmış. Təəccüblüsü
budur ki, bütün bunlar onun prezidentliyinə mane olmurdu, amma
ictimaiyyətə də açıqlanmamışdı.
Hətta 1960-cı ildə ona rəqib namizəd Lindon Consonun düşərgəsi
JFK-in Addison xəstəliyindən əzab çəkdiyini elan edəndə, Kennedinin
düşərgəsi bu iddianı yüngülcə rədd etmişdi və bu söhbətə bir daha
qayıdılmamışdı. 1964-cü ildə prezidentlik kürsüsünə əyləşən
Consonun özü də əvvəllər bir neçə infarkt keçirmişdi və bütün
prezidentliyi boyunca onu qəfil vura biləcək daha bir infarktın
qorxusu ilə yaşamışdı.
Buşu çərəz boğacaqmış
1991-ci ilin mayında prezident Corc Buşu ürək qulaqcıqların
fibrilyasiyası, yəni aritmiyası tutmuşdu.
Məqalədə deyilir ki, o zaman ən böyük narahatlıq 25-ci düzəlişə
əsasən Dan Quaylin prezident ola biləcəyindən idi. Amma Buş
xəstəlikdən çox çevik dirçələ bilmişdi.
Amma bəziləri bu qənaətdədirlər ki, xəstəlik ondan əl çəkməmiş
və 1992-ci ildə Bill Klintonun məğlubiyyətinin səbəblərindən biri
olmuşdu.
Ata Buşun xəstəliyi bir də özünü Yaponiyadakı dövlət ziyafətində
yediyini qaytarması ilə büruzə vermişdi.
Elə oğul Buşun başına da iş gəlib. 43-cü ABŞ prezidenti 2002-ci
ildə Ağ Evdə televizora baxa-baxa yediyi pretzel çərəz peçenyesinin
boğazında qalmasından boğulurmuş.
Məqalədə deyilir ki, xanım Klintonun 48 saatdan sonra açıqlanmış
xəstəliyi - sətəlcəm demokrat namizədin başqa xəstəlikləri ilə
birlikdə təhlükəli ola bilər. Onun iki dəfə beyin sarsıntısı
keçirdiyi və qan laxtalanması ilə əlaqədar hələ də qandurulducu
preparatlar qəbul etdiyi bilinir.
"O, hələlik, prezident deyil, lakin qaydalar artıq ona da şamil
edilə bilər".