"Vaşinqton sammitinin
keçirilməsinə əsas səbəb Rusiyanın işğalçı siyasətinin qarşısını
almaqdır".
Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun
rəhbəri Fərrux Məmmədov deyib.
O, Putinin hazırda çox narahat olduğunu bildirib:
"Bu gün artıq Ukraynada savaşan separatçılar deyil. Orada Rusiya
Müdafiə Nazirliyinə tabe əsgərlər savaşır. Onlara hər cür dəstəyi
isə Rusiya Baş Kəşfiyyat İdarəsi (QRU) verir. Səbəb Krıma gedən
yolu işğal etmək və bununla Ukraynanın şərqinə tam hakim olmaqdır.
Əgər Putinin bu planı gerçəkləşərsə, o zaman Avropa gələcək
təhlükəsizliyini yenidən gözdən keçirməli olacaq. Keçiriləcək
sammiti bir növ fövqəladə toplantı da adlandırmaq olar. Rusiya
artıq Avropanın strateji və önəmli parçası olan Ukraynada açıq
şəkildə müharibə aparır və digər tərəfdən, Avropaya mesaj verir ki,
istənilən an mən sizin üçün təhlükəyəm. Amerika bunu bilir və
müttəfiqi olan Avropanı bu məsələdə daha konkret olması üçün
Vaşinqtona dəvət edir.
Sammitdə önəmli məsələlərdən biri də Cənubi Qafqaz ölkələri ilə
bağlı olacaq. Həmçinin, 2016-ci il Varşava Sammitində Gürcüstanın
NATO-ya üzvlüyü məsələsi qaldırılacaq. Amerika bu məsələdə tələsir,
çünki Ukrayna hadisələri bunu vacib edir. Əgər Gürcüstan NATO
ölkəsi olarsa, onda Rusiyanın Cənubi Qafqazdakı tam hakimliyinə son
qoyulacaq və yeni siyasi era başlayacaq. Təbii ki, sammitdə bağlı
qapılar arxasında bir sıra önəmli məsələlər də müzakirə olunacaq.
İctimaiyyətə bəlli olmayan bir neçə qərar qəbul oluna bilər. Bu
baxımdan sammit Putini çox narahat edir. Onun yeganə şansı Rusiya
kəşfiyyatının bu sammit haqda ona verəcəyi məlumatlardır".
Qeyd edək ki, fevral ayında Rusiyanın Avropadakı fəaliyyətinin
əleyhinə Vaşinqton sammiti keçiriləcək.