Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2024-cü il büdcəsini imzalamamaq qərarına gəlib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən "Sputnik Ermənistan"a bildirilib.
Nazirlik təsdiqləyib ki, İrəvan KTMT katibliyini maliyyələşdirmədə iştirak etməyəcəyinə dair rəsmi şəkildə xəbərdarlıq edib. Qurum əlavə edib ki, təşkilatın daxili prosedurlarına görə, illik büdcə ilə bağlı məlumat ictimaiyyətə açıqlanmır.
Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib ki, Ermənistan 2025-ci ilin sonuna qədər üzvlük haqqını ödəməsə, KTMT-yə üzv dövlətlər vəziyyətin inkişafı üçün müxtəlif ssenariləri nəzərdən keçirə bilər.
Qeyd edək ki, İrəvan may ayında 2024-cü il üçün KTMT büdcəsinə maliyyə ayırmaqdan imtina etdiyini rəsmi şəkildə elan edib. Buna baxmayaraq, təşkilatın nümayəndələri Ermənistan üçün 2025-ci ilin üzvlük haqqının yenə də hesablanacağını bildiriblər.