İstanbul-Antalya təyyarəsinin göyün neçənci qatında
süzdüyünü deyə bilmərəm, amma nədənsə üzü aşağı baxdıqca özümü
olduqca xoşbəxt hiss edirdim. Xoşbəxt olmaq istəyi arzuların
şahıdı. Adama elə gəlir ki, Yer üzündəki bütün dərdlər elə Yerdən
gəlir və ayaqlar yerdən üzüləndə insan özünü rahat, məsud hiss
edir. İstəyirsən ki, elə həmişə buludların üstü ilə süzəsən – nə
bilirsən, arzularına çatacaqsan, yoxsa, yox...
Bizi – yeni evlənmiş cütlüyü Antalya hava limanında turizm
şirkətinin nümayəndəsi öz xidməti maşını ilə qarşıladı. Bəstə
boylu, orta yaşlı bu kişi öz işinin ustası kimi görünürdü. İlk dəfə
gördüyü qonaqlarının görüşünə o qədər mehriban, o qədər səmimi
təbəssüm ilə çıxmışdı ki, sanki, uzun illər görüşməyən
qohumlarıq.
Şəhər ilk baxışdan insanı heyran edirdi. Hamar yolları, səliqəli
əkilmiş dekorativ ağacları, gülləri şəhərə xüsusi gözəllik verirdi.
Adama elə gəlirdi ki, bura tamamilə bambaşqa bir ölkədir.
Gözəlliyi, səliqəsi və təmizliyi Antalyanı o qədər bəyəndim ki,
buradan ayrılıb getməyin nə qədər çətin olacağını indidən təsəvvür
elədim. Otelə əşyalarımızı yerləşdirib ətrafla tanış olmaq üçün
bayıra çıxdıq.
Bax, bu idi ən sevdiyim mənzərə - önümdə dalğalar, arxamda
dağlar və meşələr var idi. Göz yaşı kimi dupduru dənizin dibində
daşları saymaq keçirdi adamın ağlından. Ləpədöyəndəki
daşın-çınqılın əlindən isə dənizə ayaq qoymaq mümkün deyildi. Bu
gözəlliyi sadəcə görmək lazımdı, onun qarşısında dünyanın ən
istedadlı qələmi, ən güclü fırçası belə acizdir.
Təbii ki, yay mövsümündə insanları dəniz və qızmar havada günəş
vannası qəbul etmək daha çox cəlb edir. Amma Antaliyaya gəlib,
yaxın ətrafda olan tarixi baxımdan olduqca əhəmiyyətli olan
abidələri ziyarət etmədən getmək istirahət sayılmazdı.
Elə otellərin ətrafında yerləşən turizm şirkətlərinə yaxınlaşıb
qiymətləri müqayisə elədik. Təbii ki, aralarındakı qiymət fərqi az
deyildi. Axı bura turizm şəhəridi, hamı istəyir mümkün qədər daha
çox qazansın.
Beləliklə, münasib şirkətlərin biri ilə razılaşıb səhəri
gözlədik. Səhər saat səkkizdə mikroavtobus bizi qaldığımız otelin
qarşısından götürdü. Avtobus daha bir neçə oteldən turist götürdü.
Onu da deyim ki, digər otellərdən bizə qoşulan turistlərin hamısı
ruslar və ya ukraynalılar idi.
Hündür dağların, sıldırımlı qayaların qoynundan yarılıb açılan
yollarla getdikcə aşağıda körpə kimi mışıl-mışıl uyuyan dənizin
füsunkarlığı insanı məftun edirdi. Dağların, qayalıqların üstündən
isə dəmir torlar asmışdılar ki, yuxarıdan qəfil gələ biləcək
daş-çınqıl maşınların üstünə tökülməsin.
Bələdçimiz isə Aygül xanım idi. Qazaxıstandan olan bu qaraşın
xanım olduqca mehriban, istiqanlı görünürdü. Avtobusda həyat
yoldaşımla məndən savayı bütün turistlər rus millətindən olduğundan
Aygül xanım rusca danışmalı oldu. Türkiyədə "Noel baba müzesi" adı
ilə qorunan kilsə haqqında tanıtıma belə başladı:
"Mən müsəlmanam və islam dininin qanunlarına, qaydalarına
ölənədək sadiqəm. Quranı bir neçə dəfə oxumuşam. Namazların vaxtını
qaçırmıram. Amma hər dəfə bu kilsə haqqında danışanda xristianlar
belə heyrətə gəlir. Çünki bu məkanın sehrinin, möcüzəsinin özüm
şahidi olmuşam. Baxmayaraq ki, mən burda dəfələrlə olmuşam, hər
gəlişimdə həyəcanlanıram".
Aygül xanımın az öncə kilsənin möcüzələrindən danışacağı
haqqında anonsu diqqətimi çəkməmişdi. Düşünürdüm ki, xanım
xristiandır, bütün dinlərdə olduğu kimi onların da öz din xadimləri
və onlarla bağlı uydurduqları əfsanələri var. Odur ki, yaddaşıma
daha çox pəncərədən görünən füsunkar təbiəti həkk etməyə
çalışırdım. Amma Aygül xanımın müsəlman olduğunu eşidə baxışlarımı
pəncərədən sanki tablo kimi asılan mənzərədən çəkdim.
"Mən onda hələ Qazaxıstanda yaşayırdım. Qızım on il idi ki, ailə
qurmuşdu, amma övladı olmurdu. Müxtəlif ölkələrdə müxtəlif
xəstəxanalarda həkimlərin yoxlanışından keçmişdi. Hamısının da
cavabı eyni olmuşdu: "Sənin övladın olmayacaq". Bu, əlbəttə ki,
gəncləri də, onların yaxınlarını da incidirdi. Mən də bir ana kimi
qızımın taleyindən nigaran idim. Günlərin bir günü gecə yarısı
gördüyüm yuxunun təsirindən ayıldım. Gördüm ki, qəribə bir
tikilinin həyətindən içərisinə daxil oluram. Ora məscidə oxşamırdı,
kilsə də deyildi. Tarixi və coğrafi bilgilərimə görə yuxuda
gördüyüm tikili yalnız Avropa ölkələrinin birində olmalı idi.
Övladı olmayan qızımla həmin binadan qucağında uşaqla bir yerdə
çıxdığımızı görürəm. Yuxu mənə çox qəribə təsir etmişdi. Bilmirdim,
gördüklərimi yuxu olduğuna görə ciddiyə almayım, yoxsa həyatda
möcüzələrin baş verdiyinə inanım. Nəhayət, iş elə gətirdi ki,
Türkiyəyə gələsi oldum. Türk dilini mükəmməl öyrənib turizm
şirkətlərinin birində işə başladım. Günlərin bir günü isə "Noel
baba müzesi" kimi qorunan bu tarixi binanın qarşısına gələndə
gözlərimə inana bilmədim. Budur, yuxuda gördüyüm həmin tikili eyni
ilə qarşımda durmaqda idi. İçəri girib, bu tarixi abidəni gəzdikcə
gözlərimdən yaş süzülürdü. Bir neçə müddətdən sonra qızımı həmin
yerə gətirdim. Xristianların müqəddəsi hesab edilən Nikolasın
qəbrini ziyarət etdikdən sonra həmin il qızımın övladı dünyaya
gəldi. Amma mən bir daha deyirəm, dinim islam dinidir və mən namaz
qılıram. Amma bu məkanın möcüzələrinin qarşısında acizəm".
Artıq mənzilbaşına çatmışdıq. Qapının yanında qadınların başını
örtməsi üçün yaylıqlar qoyulan xüsusi yerə yaxınlaşdıq. Yaylıqda
rus qadınları olduqca maraqlı görünürdülər. Həm də deyim ki, bu
onlara yaraşırdı. Aygül xanım Müqəddəs Nikolas, onun uyuduğu bu
kilsə, burada təsvir olunan ikonaların mənası haqqında uzun-uzadı
danışdı.
Xristian dünyasında daha çox Santa Klaus kimi tanınan Müqəddəs
Nikolas Aralıq dənizi sahillərinin Patara şəhərində yaşamış din
adamı olub. Atası məşhur buğda taciri olan Nikolas xeyirxahlığı,
möcüzələri ilə hələ gənc yaşlarından şöhrət qazanıb. O dövrlərdə
həmşəhərliləri qıtlıqdan əziyyət çəkirdilər. Nikolas isə atasından
qalan mirası imkansızlara, ehtiyacı olanlara paylayırmış. O, kimin
nə qədər ehtiyacı varsa, o qədər qızılı gecələr görkəmini dəyişərək
açıq pəncərələrdən, bacadan evin içinə atırmış. Deyilənə görə,
cehiz verə bilmədiyiniə görə bir kişinin üç qızı ərə gedə
bilmirmiş. Bunu eşidən Nikolas günlərin bir günü bacadan atdığı
qızıl kisəsi qurumaq üçün asılan corabın içinə düşür. Bu minvalla
kasıb kişinin hər üç qızı ailə qurub xoşbəxt olur. İnsanlara yardım
edən adamın Nikolas olduğu ortaya çıxdıqda onun şöhrəti dünyanın
dörd bir yanına yayılır. İnsanlar Nikolasın xeyirxahlığını o qədər
əfsanələşdirir ki, hər çətinliyə düşəndə onun adını çəkməklə dərhal
bu müqəddəs insanın onları dardan qurtaracağına inanırlar. Onun
ölümündən sonra isə bu boşluğu doldurmaq üçün artıq insanlar özləri
bir-birlərinə gizlincə yardım etməyə, hədiyyələr verməyə
başlayılar. Günlərin bir günü isə Müqəddəs Nikolas Patardan qonşu
şəhər olan Muraya gəlir. Həmin ərəfədə isə Muranın ölmüş baş
yepiskopunun yerinə kimin təyin edilməsi barədə mübahisələr
gedirdi. Belə qərara alınır ki, səhəri gün şəhərə kim ayaq bassa,
baş yepiskop olaraq həmin adam təyin ediləcəkdir. Nikolas kilsəyə
təsadüfən ilk gələn adam olaraq baş yepiskop təyin olunur.
Nikolasın hansı illərdə yaşadığı dəqiq məlum olmasa da, bir çox
mənbələrdə onun 343-cü il dekabrın 5-ində vəfat etdiyi göstərilir.
Patara şəhərində Nikolasın şərəfinə Santa Klaus adlı balaca bir
kilsə var. Bəzi tarixi mənbələrə görə, Səlib yürüşləri zamanı
1087-ci ilin 20 aprelində əcnəbi tacirlər Nikolasın sümüklərinin
bir hissəsini oğurlayaraq gizlincə basdırıblar, bir qisim isə bu
gün Antalyada "Noel Baba" muzeyində saxlanmaqdadır.
Aygül xanımın Nikolas haqqında danışdığı əfsanələrin sayı-hesabı
yox idi. Bizdən isə bir ricası oldu: "Mən hər dəfə bura gələndə
boynumda bir yaylıq olur. Onu mütləq Nikolasın məzarını qoruyan
şüşənin altından içəri salıb şərfi torpağa sürtürəm. Onu evimə
gələn insanların boyunlarına asıb çıxardıram. Mən inanıram ki, bu
xeyirxah insanın ruhu da insanlara kömək etməyə qadirdir. Sadəcə,
sizdən bunu sınamağınızı xahiş edirəm". Bunu deyib, bizdən bir
qədər aralandı.
Bu an mənim də, yoldaşımın da ağlına övladları olmayan gənc
dostlarımız düşülər. Hərçənd, məni bu tip əfsanələrə inandırmaq
çətindir. Amma qəti əmin olduğum tək şey var – enerji. Bir halda
ki, insan bu qədər xeyirxah və təmənnasız olub, ola bilməz ki, onun
uyuduğu məkan o müsbət enerji ilə yüklənməsin. Təbii ki, burdan
aparacağım torpağın, daşın kiməsə övlad verə biləcəyi qədər
sadəlövh deyiləm. Amma hər halda bir xoş aura yarada, kimdəsə
xoşbəxtlik hormonunu yüksəldə bilərdisə, budan bir çimdik torpaq
niyə də götürməyək. Amma o torpağı nəyin içində aparacaqdıq? Birdən
yadıma düşdü ki, boynumda girişdən götürdüyüm yaylıq var.
Zarafatca, "bəlkə, bu yaylığı heç verməyək?" - deyib gülümsədim.
Əlbəttə, yaylığı götürmək üçün qayıdıb aldığımız adamdan onu bizə
satmaları üçün xahiş etməliydik. Amma söz ağzımdan çıxan kimi...
inanmayacaqsınız, anidən kilsənin işıqları sönüb yandı.
Bir-birimizin üzünə baxıb zarafatlaşdıq: "Nikolas baba deyir ki,
oğurluq eləmək olmaz".
Sonra yaylığı pulla almaq fikrindən də yayındıq. Aşağı əyilib
əllərimi şüşədən içəri salıb, barmaqlarımın ucuna toxunan
toz-torpağı əynimdəki köynəyə sürtdüm. Uşağı olmayanlara uşaq, ailə
qurmaq istəyənlərə gözəl ailə, maddi sıxıntısı olanlara ruzi
istədim Yaradandan. Aygül xanım demişdi ki, burada hərə öz dininə
uyğun dua edir. Özümə də dua etdim. Dedim xoşbəxt olmaq
istəyirəm...
Kilsəni gəzəndə Aygül xanım bizi ruhanilərin əyləşdiyi və
günahları bağışladığı altar adlanan yeri göstərdi. Adamlar
ruhanilərin oturduğu altarın altından keçərək tövbə edirmişlər.
Aygül xanım bizə sağ tərəfdəki keçidi göstərdi: "Adamlar məhz
sağdan gəlib sol tərəfdən çıxırmışlıar və bu ritual üç dəfə
təkrarlandıqdan sonra onların günahları bağışlanmış hesab
olunurdu". Sonra həmin sağ keçidi işarə edib dedi: "Burada
dəfələrlə çəkilən fotolarda Nikolas görünüb. İnanmırsınızsa, bunu
sizə göstərə bilərəm". Turistlərin birinin fotoaparatı ilə şəkil
çəkib bizə sarı uzatdı. Doğurdan da yarıqaranlıq fonda saqqallı,
əlində həsa olan bir kişi silueti canlanırdı. Təbii ki, yenə də
buna inanmaq istəmirdim. Bu, çox güman ki, kölgə-işıq effektinin
nəticəsi idi...
Kilsədən çıxıb ordan təbii daşlar fabrikinə yön aldıq. Çox
sevirəm təbii daşları.
İçəri girincə bir-birindən gözəl əl işləmələrindən ibarət
qablar, müxtəlif bəzək və ev əşyaları, suvenirlər göz oxşayırdı.
Aygül xanım alış-veriş üçün hər birimizə nömrə yazılmış iki kart
vermişdi. Onlardan birini satıcıya verməli, digərini isə özümüzdə
saxlamalıydıq. Sonra nömrələr oynanılacaqdı, uduşda isə təbii
daşdan yonulmuş suvenir olmalı idi.
Fabrikin dükanını gəzdikdən sonra bir neçə boyunbağı alıb
nömrəni uduş oynanılacaq qutuya atdım. Hədiyyə onların içindən
təsadüfən götürülən nömrəyə veriləcəkdi.
Hamıdan sonda Aygül xanım avtobusa döndü. Yola çıxanda bu
mehriban, gülərüz bələdçimiz əlindəki karta baxıb soruşdu: "21
rəqəmi kimdədir?". O bizim nömrəmiz idi. Aygül xanım mənim Müqəddəs
Nikolasın məzarının yanında özüm üçün nə arzu etdiyimi bilmədən ağ
oniks daşından yonulmuş kiçik fil balasını mənə uzadıb dedi: "Bu,
xoşbəxt ailə simvoludur".
"Aydın Yol"