Çöp çıxarma fəaliyyəti ilə məşğul olan insanları, yəqin
ki, hamımız tanıyırıq və çox güman ki, ömründə bir dəfə də olsa,
hər bir uşağın burnu onların nəfəsindən keçib. Çox maraqlıdır,
görəsən, səhiyyənin inkişaf etdiyi bir dövrdə çöpçünün bacardığı
işi görmək o qədərmi çətindir?!
Əslində çətin deyil, ancaq burda bir məqam var ki, çöpçülərin
yanına getmək təklifi elə bəzən həkimlərin özlərindən gəlir. Dünən
AzNews.az-ın əməkdaşı təsadüfən belə bir hadisənin şahidi olub.
Belə ki, paytaxt sakinlərindən birinin uşağının boğazında balıq
sümüyü qaldığından Təcili Tibbi Yardım stansiyasına müraciət edib.
Onlar isə xəstəyə ilkin yardım göstərmək, aidiyyəti üzrə ixtisas
həkiminə yönləndirmək əvəzinə, çöpçüyə aparıblar.
90-JD-640 dövlət nömrə nişanlı Təcili Tibbi Yardım maşını
xəstəni "Şamaxinka" adlanan ərazidə, Biləcəri qəsəbəsi ərazisində
çoxlarının məşhur "çöpçü" kimi tanıdığı Sahibə adlı xanımın yanına
çatdırıb. Təbii ki, çöpçü məsələni öz üsulu ilə həll edib.
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının
baş həkimin müavini Oqtay Şahmalıyev ilk olaraq bu məlumata
inanmadığını desə də, sonradan belə bir vəziyyəti mənfi hal kimi
qiymətləndirib. Onun sözlərinə görə, məsələ Təcili Tibbi Yardım
tərəfindən araşdırılacaq. "Təbii ki, bu məsələ öz təsdiqini tapsa,
həmin həkim briqadası cəzalandırılacaq", - deyə Oqtay Şahmalıyev
əlavə edib.
Tibb məsələləri üzrə ekspert Adil Qeybulla isə qeyd edib ki,
çöpçülüyün heç bir elmi əsası yoxdur və bu işlə məşğul olanlar və
onların havadarları fırıldaqçılardır: "Hansısa həkim öz xəstəsini
çöpçüyə aparırsa, onun peşəkarlığı şübhə altındadır. Təcili yardım
həkimi xəstəni müvafiq həkimə aparmalı və ona təhvil verməlidir.
Lakin həkim xəstəni çöpçüyə aparırsa, onu hansı adla ona təhvil
verir? Ola bilər ki, həmin xəstəni qeyri-leqal yolla çöpçüyə
aparır. Bu isə tibbin qanunlarına ziddir".
Adil Qeybulla əlavə edib ki, hepatit virusunun geniş yayıldığı
indiki dövrdə çöpçülərin yanına xəstə aparmaq çox təhlükəlidir:
"Çöpçülər çox asanlıqla belə şəxslərə müxtəlif xəstəliklər yeridə
bilərlər, çünki çöpçülərin istifadə etdikləri alətlərin harada,
necə sterilizə olunması sual altındadır. Bu işlə məşğul olanların
əksəriyyəti təhsili olmayan, avam insanlar olur. Buna görə də
məsləhət görərdim ki, insanlar bu cür aldatma üsullarından istifadə
eləməsinlər. Ölkədə kifayət qədər qulaq-burun-boğaz həkimləri var
ki, bunlar müxtəlif müasir texnika ilə, alətlərlə, kameralarla,
qırtlağa, boğazın bütün ətrafına baxmaq, müalicə etmək, ordakı yad
cisimləri görmək, lazım olarsa, çıxarmaq imkanlarına malikdir. Ona
görə də çöpçülərə müraciət etmək qətiyyən düzgün deyil. Onlar heç
əlcəkdən də istifadə etmirlər. Adi suda yuduqları əlləri ilə
birbaşa xəstənin boğazına müdaxilə edirlər. İnsan boğazı isə hər
cür infeksiyalara həssasdır", - deyə ekspert vurğulayıb.
AzNews.az-ın əməkdaşının rast gəldiyi bu olay bir daha onu
deməyə əsas verir ki, ağxalatlılar ağ xalatı olmayan çöpçü
qadınlarla "birgə çalışır". Əks halda onlar qazana biləcəkləri 5-10
manatı uzaq məsafə qət edərək çöpçüyə verməz. Deməli, onu bu işə
sövq edən çöpçülərlə ortaq maraqlarının olmasındadır.
Mövzunun davamı olacaq.