Fransanın Corc Pompidou xəstəxanasında fəaliyyət
göstərən bir qrup alim "Carmat" adlı şirkət tərəfindən yaradılan,
tamamilə süni olan ürəyin nəqlini həyata keçiriblər.
Suni ürəyin hazırlanmasında laxtalanma kimi problemlərə yol aça
biləcək plastik maddələr yerinə inək dərisindən istifadə edilib.
"Protez ürək" normal ürək kimi qan dövranını təmin etmək
qabiliyyətinə malikdir.
"Carmat" şirkətinin səlahiyyətli nümayəndələri suni ürəyin ilk
daşıyıcısının reanimasiyaya yerləşdirildiyini və 70 yaşındakı
xəstənin ürək nəqlindən sonra normal danışdığını, şüurunun yerində
olduğunu bildiriblər.
Mərkəzi Parisdə olan "Carmat" şirkəti suni ürək uğurlu olarsa,
ABŞ-da satışa çıxarılacağı haqqında açıqlama yayıb.
900 qram ağırlığındakı süni ürəyin qiymətinə gəlincə, o, 140-180
min avroya satılacaq. Fransada normal ürək nəqli isə 250 min avroya
başa gəlir. Tamamilə süni olan ürək, kişilərin anatomiyasına
86-100, qadınlarınkına isə 20-80 faiz uyğundur.
"Axar.az"ın türk mətbuatına istinadən verdiyi
xəbərdə bildirilir ki, "Carmat" şirkəti suni ürəyin qadınlara da
yaxsı uyğunlaşmasını təmin etmək üçün onların ölçüsünü kiçiltməyi
planlaşdırır.