Nazirlər Kabineti "Dövlət qeydiyyatına alınmış dərman
vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə
nəzarətin həyata keçirilməsi Qaydası"nı təsdiq edib.
APA-nın məlumatına görə, bu qayda topdansatış əczaçılıq
müəssisəsi, aptek təşkilatı və dərman vasitələri istehsalçısı
(Azərbaycan Respublikasında qüvvədə olan müvafiq standartların
tələbləri nəzərə alınmaqla dərman vasitələrini sənaye üsulu ilə
istehsal edən hüquqi şəxs) şamil edilir.
Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq
"Azərbaycan Respublikasının dərman vasitələrinin Reyestri"nə daxil
edilmiş dərman vasitələrinin qiymətləri Azərbaycan Respublikasının
Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Dövlət qeydiyyatına
alınmış dərman vasitələrinin topdan və ya pərakəndə satışı Şura
tərəfindən müəyyən edilən qiymətlərlə həyata keçirilir. Dərman
vasitələrinin qiymətlərinin tənzimlənməsi bazis qiymətlər əsasında
həyata keçirilir. Bazis qiymət dərman vasitəsinin dozası, ticarət
qablaşdırması və qablaşdırmadakı miqdarı nəzərə alınmaqla müxtəlif
ölkələrdə topdansatış əczaçılıq müəssisələrinə rəsmi satış
qiymətlərinin müqayisəsi əsasında müəyyən edilən qiymətdir. Dərman
vasitələrinin bazis qiymətlərinin hesablanması üsulu Tarif Şurası
tərəfindən müəyyən edilir.
Bazis qiymətlərin müəyyən edilməsi məqsədi ilə tənzimləmə
təcrübəsi və dərman vasitələrinin qiymətləri üzrə informasiya
mənbələrinə çıxış imkanları nəzərə alınmaqla, Şura tərəfindən hər
il üçün ən azı 5 istinad ölkəsi müəyyən edilir. İstinad ölkələrinin
siyahısında dəyişiklik 2 ay əvvəlcədən elan edilməklə həyata
keçirilir. Növbəti ilin istinad ölkələri cari ilin 31 oktyabr
tarixinə qədər Şura tərəfindən elan edilir. Həmin tarixə qədər yeni
ölkələr elan olunmadıqda, cari ilin istinad ölkələri sonrakı il
üçün də eyni olaraq qalır. Dərman vasitələrinin istehsalçıları və
ya onların müvəkkil etdiyi şəxslər tərəfindən təqdim edilmiş
məlumatlar, habelə Şuranın Katibliyi tərəfindən istifadə olunan
informasiya mənbələri dərman vasitələrinin qiymətləri barədə
müfəssəl məlumatların əldə olunmasına imkan vermədikdə, dərman
vasitələrinin qiymətlərinin monitorinqi üzrə ixtisaslaşmış
təşkilatların xidmətlərindən istifadə olunur. Dərman vasitələrinin
qiymətlərinin müəyyən edilməsində istifadə olunan informasiya
mənbələri Şuranın rəsmi internet saytında yerləşdirilir.
Dərman vasitəsinin ƏDV-siz topdansatış qiyməti ölkədaxili
topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinə bu
Qaydanda verilən cədvəl hissəsində topdansatış əczaçılıq müəssisəsi
üçün nəzərdə tutulan müvafiq əlavələr edilməklə hesablanır. Dərman
vasitəsinin ölkədaxili topdansatış əczaçılıq müəssisəsinə şərti
satış qiyməti qiymət bəyannaməsi verilən tarixə ABŞ dollarının
Mərkəzi Bankın rəsmi internet saytındakı məzənnəsi və nəzarət
markasının qiyməti nəzərə alınmaqla bazis qiymət əsasında
hesablanan qiymətdir. Dərman vasitəsinin ƏDV-siz pərakəndə satış
qiyməti dərman vasitəsinin ƏDV-siz topdansatış qiymətinə bu
Qaydanın 3.4-cü bəndinin cədvəl hissəsində aptek təşkilatı üçün
nəzərdə tutulan müvafiq əlavələr edilməklə hesablanır. Topdansatış
əczaçılıq müəssisəsi və aptek təşkilatı üzrə əlavələrin səviyyəsi
dərman vasitəsinin ölkədaxili topdansatış əczaçılıq müəssisəsinə
şərti satış qiymətinin hissələri (məbləğləri) üzrə faiz nisbətində
ayrı-ayrılıqda müəyyən edilir.
Dərman vasitəsinin topdan və pərakəndə satış qiymətlərinin
müəyyən edilməsi üçün aşağıdakı cədvəldə göstərilmiş əlavələr
tətbiq edilir:
Dərman vasitəsinin ölkədaxili topdansatış əczaçılıq müəssisəsinə
şərti satış qiyməti
|
Topdansatış əczaçılıq müəssisəsi üçün əlavə
|
Aptek təşkilatı üçün əlavə
|
1
|
2
|
3
|
5 manata qədər olduqda
(5 manat daxil olmaqla)
|
topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 20
faizi
|
topdansatış qiymətinin 20 faizi
|
5- 20 manat arasında olduqda
(20 manat daxil olmaqla)
|
1 manat + topdansatış əczaçılıq müəssisəsinə şərti satış
qiymətinin 5 manatdan çox olan məbləğinin 17 faizi
|
topdansatış qiymətinin 20 faizi
|
20-50 manat arasında olduqda
(50 manat daxil olmaqla)
|
3,55 manat + topdansatış əczaçılıq müəssisəsinə şərti satış
qiymətinin 20 manatdan çox olan məbləğinin 13 faizi
|
topdansatış qiymətinin 20 faizi
|
50-100 manat arasında olduqda
(100 manat daxil olmaqla)
|
7,45 manat + topdansatış əczaçılıq müəssisəsinə şərti satış
qiymətinin 50 manatdan çox olan məbləğinin 7 faizi
|
11,49 manat + topdansatış qiymətinin 57,45 manatdan çox olan
məbləğinin 13 faizi
|
100 manatdan artıq olduqda
|
10,95 manat+ topdansatış əczaçılıq müəssisəsinə şərti satış
qiymətinin 100 manatdan çox olan məbləğinin 3 faizi
|
18,45 manat + topdansatış qiymətinin 110,95 manatdan çox olan
məbləğinin 11 faizi
|
Dərman vasitəsinin topdan və pərakəndə satış qiymətləri Şura
tərəfindən ƏDV daxil olmaqla təsdiq edilir. Dərman vasitələrinin
qiymətlərinin tənzimlənməsi üçün sənədlərin qəbulu və araşdırılması
Katiblik tərəfindən həyata keçirilir. İstehsalçılar orijinal və
generik dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi üçün Şura
tərəfindən müəyyən edilən bəyannamə forması ilə Katibliyə müraciət
edirlər. Sənədlər tam təqdim edilmədikdə, 5 iş günündən gec
olmayaraq, çatışmazlıqlar barədə Katiblik tərəfindən istehsalçıya
yazılı məlumat verilir. İlk qiymət tənzimlənməsi üçün müraciət
etmiş istehsalçının sənədlərinə 30 gün müddətində baxılır. Bu
müddət qiymət tənzimlənməsi üçün təqdim edilən sənədlərin tam daxil
olduğu gündən hesablanır. Dərman vasitələrinin qiymətlərinin
tənzimlənməsi ilə bağlı sonrakı müraciətlərə 20 gün müddətində
baxılır.
Katiblik tərəfindən sənədlərə baxılarkən dərman vasitəsi
haqqında məlumatların, o cümlədən dərman vasitəsinin orijinal və
generik olması, həmin dərman vasitələrinin təyinatına və kimyəvi
tərkibinə oxşar dərman vasitələri haqqında məlumatların əldə
edilməsi ilə bağlı Səhiyyə Nazirliyinə sorğu göndərilir. Dərman
vasitələri haqqında məlumat Səhiyyə Nazirliyi tərəfindən 5 iş günü
müddətində Katibliyə təqdim edilir. Dərman vasitələrinin qiymətinin
tənzimlənməsindən imtina üçün əsaslar olmadıqda müvafiq qərarın
qəbul edilməsi üçün sənədlər Katiblik tərəfindən Şuraya təqdim
edilir. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədi
ilə Şura tərəfindən elan verilir. İstehsalçılar tərəfindən qiymət
tənzimlənməsi üçün Şuranın elanda müəyyən etdiyi müddət ərzində
müraciət edilmədiyi təqdirdə, istinad ölkələri, habelə açıq
informasiya mənbələri olan ölkələr üzrə məlumatlar əsasında
araşdırma aparılmaqla bazis qiymət müəyyən edilərək qiymət
tənzimlənməsi həyata keçirilir. Dərman vasitələrinin qeydiyyatı
həyata keçirildikdən dərhal sonra istehsalçılar tərəfindən qiymət
tənzimlənməsi üçün Şuraya müraciət edilir.
Qiymətlər dərman vasitələrinin hər bir dozası və ticarət
qablaşdırılması üzrə ayrı-ayrılıqda tənzimlənir. Dərman
vasitələrinin qiymətlərinin tənzimlənməsi və ya həmin qiymətlərdə
dəyişikliklər edilməsi məsələsinə Şura tərəfindən rübdə bir dəfə
baxılır. Şuranın öz təşəbbüsü ilə və ya bu Qaydada nəzərdə tutulmuş
hallarda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi
məsələsinə Şura tərəfindən növbədənkənar qaydada baxılır. Dərman
vasitələrinin tənzimlənmiş qiymətləri və tətbiqi tarixi barədə
məlumat 2 iş günü müddətində Şuranın rəsmi internet saytında
yerləşdirilir. Şura tərəfindən təsdiq edilmiş qiymətlər Səhiyyə
Nazirliyi tərəfindən təqdim edilən dərman vasitələri haqqında
məlumatlarda əks olunur. Milli valyutanın ABŞ dollarına olan rəsmi
məzənnəsində 5 faizdən artıq dəyişmələr olduqda və bu hal 2 aydan
artıq müddətdə davam etdikdə Şuranın təşəbbüsü ilə qiymətlərə
növbədənkənar qaydada yenidən baxılır. Bazis qiymətin və ya istinad
ölkəsinin dəyişilməsi ilə bağlı topdansatış əczaçılıq müəssisəsinə
şərti satış qiymətində 5 faizdən artıq azalma olduqda, qiymətlərdə
müvafiq dəyişiklik edilməsi üçün istehsalçılar bu barədə 3 ay
müddətində Katibliyə yenidən bəyannamə təqdim edirlər. Dərman
vasitələri üzrə təsdiq edilən qiymətlər Şuranın qərarı ilə müəyyən
edilən tarixdən qüvvəyə minir. Dövlət satınalmaları zamanı
tənzimlənən topdansatış qiymətlərindən aşağı qiymət təklif oluna
bilər.
Aptek təşkilatlarında satılan dərman vasitələrinin üzərində
dövlət tərəfindən tənzimlənmiş qiymətlər göstərilməlidir. Dərman
vasitələrinin üzərində pərakəndə satış qiymətlərinin göstərilməsi
istehsalçılar tərəfindən təmin edilir. Dərman vasitələrinin ƏDV
daxil olmaqla, təsdiq edilmiş pərakəndə satış qiymətləri onların
qablaşdırmalarının üzərində mətbəə qaydasında çap edilir. Qiymətin
qablaşdırmanın üzərində çap edilməsi mümkün olmadıqda, dərman
vasitələrinin qiymətləri İqtisadiyyat və Sənaye Nazirliyi
tərəfindən müəyyən edilmiş digər üsullarla göstərilir. Dərman
vasitələrinin satışında qiymət intizamına, o cümlədən dərman
vasitələrinin qiymətlərinin göstərilməsinə nəzarəti İqtisadiyyat və
Sənaye Nazirliyi həyata keçirir. Əhalinin sağlamlığı baxımından
mühüm əhəmiyyət kəsb edən və ölkədə istehsal edilməyən və ya idxalı
səmərəli olmayan, həkim resepti olmadan buraxılan dərman
vasitələrinin bazis qiymətlərinin müəyyənləşdirilməsi Şura
tərəfindən müəyyən edilən xüsusi şərtlər əsasında həyata keçirilir.
İstehsalçıların əsaslandırılmış müraciətinə əsasən tənzimlənmiş
qiymətlərdə texniki xətalarla bağlı Şura tərəfindən düzəlişlər
edilir. Bu düzəlişlər dərman vasitəsinin qiymətinin yenidən
tənzimlənməsi kimi qəbul edilmir.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.