"Görkəmli teatr salonu
alqışlardan titrəyirdi. Teatrı dolduran qələbəlik - salondakılar,
lojalardakılar, eyvandakılar - səhnəyə deyil, lojalardan birinə
dönərək ovucları partladacaklar kimi ayaqüstə alqışlayırdılar.
Alqış və baxışların yönəldiyi lojada orta boylu, saqqallı, bığlı
bir adam vardı.
Bu səhnə 27 oktyabr 1888-ci ildə Rus imperiyası dönəmində Bakıda
yaşandı. Görkəmli teatr binasında gerçəkləşən ilk tamaşa ilə xalq
həm də teatrı tikdirən iş adamı Hacı Zeynalabidin Tağıyevə
təşəkkürlərini coşğulu alqışlarla bildirirdilər. Deyilənə görə,
sonralar Tağıyev o gecə yaşadığı duyğuları bir də Kəbəni ziyarət
edərkən duyduğunu söyləmişdi".
Axar.az bildirir ki, bu fikirlər Ankarada yaşayan tanınmış
yazıçı və jurnalisti (o, uzun illər TRT-nin əməkdaşı olub) Mina
xanım Tanselin Hacı Zeynalabdin Tağıyevə həsr etdiyi
məqaləsindəndir. Müəllif bugünlərdə Ankarada H.Z.Tağıyevin
həyatından bəhs edən sənədli filmin təqdimat mərasimində iştirak
edib və onun təsiri altında sözügedən məqaləni qələmə alıb.
Yazıda Tağıyevin Azərbaycan xalqının təhsili və sağlamlığı,
mədəni həyatının formalaşması sahəsindəki mühüm xidmətlərindən söz
açılır. Bu işləri gerçəkləşdirmək üçün çar Rusiyasının məmurları
ilə mübarizəsi də məqalədə yer alıb. Bu məlumatları hələ uşaqlıqdan
öyrəndiyimiz üçün bu cür yazılar bizə sadəcə faktların
təkrarlanması kimi görünür, ancaq Türkiyə oxucu auditoriyası üçün
bunlar yenidir. Yazının hər sətrində Mina Tanselin Tağıyevə xüsusi
sevgisi və rəğbəti hiss olunur.
Mina Tanseli Azərbaycana bağlayan nədir?
Hazırda Türkiyədə tanınan və sevilən yazıçı M.Tansel bir neçə
kitabın müəllifidir. Onun sonuncu kitabında Türkiyədə qadın
hərəkatının öndərləri içərisində Əhməd bəy Ağaoğlunun hüquqşünas
qızı Sürəyya Ağaoğluna da geniş yer verilib. Mina xanımın ürəyində
güclü Azərbaycan sevgisi daşımasının səbəbi çox sadədir - onun ana
babası İbrahim bəy Heydərov (Heydəroğlu) Azərbaycan və ümumqafqaz
tarixinə imzasını atmış görkəmli şəxsiyyətdir. Onun barəsində
məlumatları və tarixi faktları professor Ədalət Tahirzadənin
Türkiyə və Azərbaycan mətbuatında çıxmış məqalələrindən əldə etdik.
Həmin yazılardan öyrəndik ki, İbrahim bəy Heydərov çox ağıllı və
enerjili bir insan olub. Bu enerjini isə xalqının inkişafı,
maariflənməsi işinə sərf etmək istəyib. 1907-ci ildə onu Bakıda
"Nəşri-maarif" cəmiyyəti idarə heyətinin üzvləri arasında görürük.
Həmin ildə 28 yaşlı İ.Heydərov artıq yetərincə nüfuzlu bir şəxs
kimi Rusiya 3-cü Dövlət Dumasına (1907-1912) Dağıstan vilayəti və
Zaqatala dairəsindən deputat seçilib.
Qısa arayış
İbrahim bəy İsa bəy oğlu Heydərov 3 avqust 1879-cu ildə ən qədim
şəhərimiz olan Dərbənddə zadəgan ailəsində doğulub. Bu soyun
böyükləri dəfələrlə Dərbənd şəhərinin başçılarından olub. O, əla
təhsil alıb – öncə Teymurxanşura real məktəbini (1897), sonra o
zamanlar üçün çox nüfuzlu sayılan Sankt-Peterburq Yol Mühəndisləri
İnstitutunu bitirib (1907). Yeri gəlmişkən, onun qardaşı Ömər bəy
də ali təhsilli mühəndis idi. 1915-ci ildə Sankt-Peterburqda I
Nikolay adına Mülki Mühəndislər İnstitutunu bitirmişdi.
Ali təhsilini başa vuran İbrahim bəy ana yurdu Azərbaycana üz
tutub və Bakıda müxtəlif sahələrdə işləyib.
Əqidəsinə görə Dumada fraksiyasını dəyişib
İbrahim bəy Heydərov əqidəcə sosial-demokrat idi. Dağıstanda
ictimai-siyasi fikir tarixini araşdıranlar RSDF(b)P-nin Dərbənd
təşkilatını məhz İbrahim bəyin Müslüm İsrafilov və başqaları ilə
birgə yaratdığını göstərirlər. Buna görə də o, Dumada
sosial-demokrat (bolşevik) fraksiyasına daxil olmuşdu. Ancaq çox
keçmədən rus bolşeviklərinin millətçi velikorus şovinizmi
yürütdüklərini, milli azlıqların hüquqlarına tam etinasızlıqla
yanaşdıqlarını görərək bu partiyanı tərk edib və 3-cü sessiyada
müsəlman fraksiyasına keçib. Bolşeviklər onun bu hərəkətinə kəskin
mənfi münasibət bəsləyiblər.
Sosial-demokrat fraksiyasından çıxmasının səbəbini İ.Heydərov
belə göstərib:
"Əhali məni Dumada Dağıstan müsəlmanlarının yerli ehtiyaclarını
müdafiə etmək üçün seçib. Fraksiyada qalmaqla mən bunu edə
bilmirəm, ona görə də çıxıram... Partiyanın proqramı yerli əhalinin
maraqlarını ödəmir... Əhalinin ehtiyacları, əsasən, dini sahədədir
və mən onları müdafiə etməyə borcluyam".
İbrahim bəyin Dumadakı fəaliyyətində təhsil və maarifçilik
məsələsi daim öndə durub. Deputatlara ibtidai məktəblərlə bağlı bir
qanun layihəsi təqdim edildiyi zaman Qafqazdan İbrahim bəy
Heydərov, Xəlil bəy Xasməhəmmədov, N.S.Çxeidze və b. bu layihəni
kəskin tənqid edərək bildiriblər ki, o, qeyri-rus xalqların dil və
mədəniyyətinə qarşı yönəldilib. Dumanın Müsəlman fraksiyası adından
çıxış edən İbrahim bəy bu sənədin ibtidai məktəbləri dövlətin
şovinist siyasətinin alətinə çevirməyə yönəldildiyini deyib.
İ.b.Heydərovun çıxışları Azərbaycanda daim rəğbətlə qarşılanıb
və onlara ozamankı mətbuatımızda geniş yer verilib.
Daha sonralar İbrahim bəy Heydərov Dağıstanın komissarı
(rəhbəri), Zaqafqaziya Seyminin (Parlamentinin) üzvü, Seymin
Trabzonda Türkiyə ilə danışıqlar aparan nümayəndə heyətinin üzvü,
Dağlılar Cümhuriyyətinin naziri və bu cümhuriyyətin Paris Sülh
konfransında nümayəndəsi olub. Azərbaycan Cümhuriyyəti dönəmində -
1920-ci ilin yanvar-mart aylarında Daxili İşlər nazirinin müavini
işləyib (Şəfi bəy Rüstəmbəylidən əvvəl).
General Ərəblinski və H.Z.Tağıyevin qohumu
Mina xanım Tanselin anası Fatma xanım İbrahim bəy Heydərovun
qızıdır. Ə.Tahirzadənin yazılarından bəlli olur ki, Fatma xanımın
anası, yəni İbrahim bəyin həyat yoldaşı və Mina Tanselin nənəsi
Nisə xanım general Balakişi bəy Ərəblinskinin oğlu Cahangir bəyin
qızıdır. Generalın nəvəsi ilə evlənən İbrahim bəy, beləliklə, həm
də Hacı Zeynalabdin Tağıyevlə də qohum olub, çünki general
B.Ərəblinskinin qızı Sona xanım Hacının zövcəsi olub.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra sosialist
İbrahim bəy burada da mühüm vəzifə tutub – Azərbaycan SSR yollar
nazirinin müavini olub. Ancaq aradan heç bir ay keçməmiş Fövqəladə
Komissiya (ÇK) onu həbs edib. Həbsin səbəbi kimi İbrahim bəyin
Müsavat hökumətinin görkəmli xadimlərinin azad olunmasına yardım
etdiyi göstərilib.
1920-ci ilin sonunda həbsdən azad edilən İ.b.Heydərov menşevik
Gürcüstanına gedib. 1921-ci ildə rus süngüləri burada da milli
hakimiyyəti devirdikdən sonra o, Fransaya mühacirət edib və 1925-ci
ilədək ailəsi ilə orada yaşayıb. 1925-ci ildə Türkiyə hökuməti onu
bir mühəndis kimi bu ölkəyə dəvət edib.
Qohumlar Türkiyədə bir araya gəlib
Türkiyədə İbrahim bəy Heydəroğlu soyadı qəbul edib. Onlar burada
da Hacı Zeynalabdinin nəsli ilə yaxın olublar. Hacının qızı Leyla
xanımla İbrahim bəyin yoldaşı Nisə xanım çox yaxın idilər. Nisə
xanım kiçik qızı Şermini dünyaya gətirmək üçün İstanbula gedəndə
Leyla xanımın evində qalıb. Leyla xanım daha sonralar ailəsiylə
Parisə köçüb.
Dəmiryol mühəndisi Heydəroğlu
İbrahim bəy ailəsilə Türkiyəyə gələndə Ankara–Kayseri dəmiryolu
xətti çəkilirdi. O, öncə burada çalışmağa başlayıb. Dəmiryolu
Kayseriyə uzanınca ailə oraya köçüb. Sonra Sivasa doğru uzanan
yolda müxtəlif hissələrdə çalışıb. 1939-cu ilin qışında Ərzincanda
olanda dəhşətli bir zəlzələ Ərzincanı yerlə yeksan edib. Gənc iş
yoldaşlarını itirdiyinə görə sarsılan mühəndis mərkəzə
köçürülməsini tələb edərək Ankaraya gəlib. 1940-cı ildə onu Türkiyə
Cümhuriyyəti Yollar Nazirliyinə işə götürüblər və o, ömrünün
sonunadək burada çalışıb. 1949-cu ildə Abadlaşdırma Nazirliyində
yüksək elmi heyətinin üzvü ikən Ankarada dünyasını dəyişən İbrahim
bəy Heydəroğlu bu şəhərdəki Cəbəci məzarlığında dəfn edilib.
"Türklük uğrunda ölməyə hazıram!"
Qeyd edək ki, Dağıstanda doğulduğuna görə bəzi tədqiqatçılar
İ.b.Heydərovu (Heydəroğlunu) ləzgi xalqının nümayəndəsi kimi təqdim
ediblər. Bu məsələyə həssaslıqla yanaşan Mina Tansel qeydlərində
babasının birmənalı olaraq türk olduğunu vurğulayıb. Anası Fatma
xanım isə lap kəskin danışıb: "İbrahim bəy Heydəroğlunun
türklüyünün indi kimlərdəsə şübhə oyatması mənə çox qəribə görünür,
çünki həyatım boyunca atamın başqa millətdən ola biləcəyini ağlıma
belə gətirməmişəm. İstər onun özündən, istər Ömər əmimdən, istərsə
də başqa birisindən belə bir söz eşitməmişəm. Mənim atam İbrahim
bəy Heydəroğlu türk oğlu türkdür və heç kəs bunu şübhə altına sala
bilməz!".
Fatma xanım, atasının türklüyünə şübhə yeri qoymayan iki
hadisəni qeyd edib. O bildirib ki, birinci hadisə İbrahim bəyin
Zaqafqaziya Seymində çalışdığı dönəmlə bağlıdır. İbrahim bəy
Osmanlı hərbçisi Rauf bəylə görüşərək ona Qafqazla bağlı, ancaq
Türkiyəyə verilməsi yasaq olan gizli bilgiləri ötürüb. Rauf bəy
ondan soruşub: "Bizə bu gizli bilgiləri verdiniz! Bəs bunu
öyrənərlərsə, başınıza gələcəkləri düşünmürsünüzmü?". İbrahim bəyin
cavabı açıqdır: "Mən türkəm! Türklük uğrunda ölməyə hazıram".
İkinci hadisə İbrahim bəy Paris Sülh konfransından dönəndə işğal
altındakı İstanbulda baş verib. Xaricilər üçün nəzərdə tutulan
klubda musiqi dinləyərkən yanındakı adam ondan haralı olduğunu
soruşub. İbrahim bəy "dağıstanlıyam" deyib. Bir qədər musiqi
dinlədikdən sonra İbrahim bəy az öncə verdiyi cavabdan narazı
qalaraq həmin adama yanaşıb: "Siz bayaq məndən nə soruşdunuz, mən
sizə nə cavab verdim?.. Xeyr, mən sizə yanlış söylədim - mən
türkəm!".
İllər sonra həmin günü oğlu Minnətullaha anladarkən "O axşam
türklüyümü çox güclü və dərindən hiss etdim", - deyib.
Minə xanım Tansel belə bir dəyərli kişinin yadigarıdır!