Dövlət İmtahan Mərkəzinə dövlət qulluğu sahəsində yeni
funksiyalar verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiyasından Trend-ə verilən
məlumatda bildirilir ki, "Dövlət
qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı
il 31 may tarixli 267-VQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan
Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin
yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı
il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişikliklər edilməsi
barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət
İmtahan Mərkəzinə dövlət qulluğu sahəsində yeni funksiyalar
verilib.
Dəyişikliklərə əsasən, aşağıda qeyd olunan məsələlər Dövlət
İmtahan Mərkəzinin (DİM) səlahiyyətlərinə daxil edilib:
- buraxılış və qəbul imtahanlarının yekunlarına dair
elmi-statistik təhlil aparmaq və nəticələrini Azərbaycan
Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Təhsil
Nazirliyinə təqdim etmək (11 aprel 2016-cı il tarixdə təsdiq
edilmiş Nizamnamədə bu, DİM-in hüquqlarına, yeni Nizamnamədə
vəzifələrinə aid edilmişdir);
- dövlət qulluğu sahəsində dövlət siyasətinin
formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata
keçirilməsini təmin etmək;
- dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətini
öyrənmək, bu barədə hesabat hazırlamaq;
- dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz
aktlarının ləğv edilməsinə dair təkliflər vermək;
- dövlət qulluğu məsələləri üzrə beynəlxalq əməkdaşlığı həyata
keçirmək;
- dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl
edilməsi vəziyyətini öyrənmək;
- "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında"
Azərbaycan Respublikası Qanununun müddəalarının pozulması ilə bağlı
şikayət və məlumatları qəbul etmək;
- dövlət qulluqçularının etik davranış məsələləri üzrə
araşdırmalar aparmaq;
- dövlət qulluğu və dövlət qulluqçularının etik davranış
qaydaları haqqında qanunvericiliyin tələblərinin pozulması
hallarını aradan qaldırmaq üçün dövlət orqanlarına və vəzifəli
şəxslərə təqdimat vermək;
- dövlət qulluğu və dövlət qulluqçularının etik davranış
qaydaları haqqında qanunvericiliyin tələblərinin pozulması barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;
- dövlət qulluğu və dövlət qulluqçularının etik davranış
məsələləri barədə maarifləndirmə işini aparmaq;
- dövlət qulluqçularının reyestrini aparmaq, dövlət
qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi barədə
məlumatları reyestrə daxil etmək;
- dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə
dair təkliflər vermək;
- dövlət qulluğunda təlim tələbatını müəyyən etmək, dövlət
qulluqçuları üçün təlim strategiyasını hazırlamaq və dövlət
orqanlarına dövlət qulluqçularının əlavə təhsili barədə təkliflər
vermək;
- rəhbər vəzifə tutan dövlət qulluqçuları, habelə ilk dəfə
dövlət qulluğuna qəbul olan şəxslər üçün təlim kursları təşkil
etmək.
Bunlardan başqa, dövlət qulluğunun inkişafına yönəlmiş dövlət və
beynəlxalq proqramların həyata keçirilməsində iştirak etmək, dövlət
qulluğu və tələbə qəbulu məsələləri üzrə beynəlxalq və
qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və
müstəqil ekspertlərlə əməkdaşlıq etmək kimi məsələlər də DİM-in
hüquqlarına əlavə edilib.