Bir mədəni irs mütəxəssisi kimi mənim üçün irs yalnız keçmişdən miras qalmış maddi və ya qeyri-maddi abidələr toplusu deyil. O, xalqın yaddaşı, kimliyi və gələcəyə daşıdığı mənəvi məsuliyyətin ifadəsidir. Bu anlayış mənim uzun illərdir mədəni irsin araşdırılması, qorunması, təbliği və tədrisi sahəsində fəaliyyət göstərməyimin əsasını təşkil edir. Məhz mədəni irs sahəsində maarifləndirmənin vacibliyini dərk etməyim 2025-ci ildə MİM - Mədəni İrs Beynəlxalq Ustad Məktəbi adlı yeni bir platformanın yaradılmasına gətirib çıxardı.
2010-cu ildən fəaliyyət göstərən “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyində apardığımız işlər zamanı bir həqiqət daim özünü göstərirdi: Azərbaycanda mədəni irsin öyrənilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi sahəsində ciddi boşluqlar mövcuddur. Təhsil sistemində bu mövzunun kifayət qədər yer almaması, ixtisaslaşmış kadr çatışmazlığı, eləcə də davamlı və praktik platformaların olmaması sahəyə sistemli yanaşmanı xeyli çətinləşdirir.
MİM - Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılmasında əsas məqsədim məhz bu boşluğu doldurmaq idi. Platforma mədəni irsi yalnız nəzəri biliklər çərçivəsində deyil, canlı, praktik və öyrədilə bilən bir dəyər kimi təqdim etməyi hədəfləyir. Burada milli təcrübə ilə beynəlxalq yanaşmaların vəhdəti, ustad-şagird ənənəsinin isə müasir formatda davam etdirilməsi əsas prinsip kimi qəbul olunub.
MİM-in ilk layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 2025-ci il mayın 1-dən avqustun 31-dək Bakı şəhərində həyata keçirildi. Təlimlərin XIX əsrə aid Zərgərpalan tarixi hamamında təşkil olunması xüsusi rəmzi məna daşıyırdı. Tarixi abidənin özündə keçirilən dərslər iştirakçılara mədəni irsi abstrakt anlayış kimi deyil, real və canlı bir mühitdə dərk etmək imkanı yaratdı. Layihə çərçivəsində əsas məqsədim cəmiyyətdə mədəni irsə münasibəti dəyişmək, onu yalnız keçmişin yadigarı deyil, gələcəyin formalaşmasında strateji resurs kimi təqdim etmək idi. Bu məqsədlə milli ənənələrlə beynəlxalq təcrübənin paralel öyrənilməsinə, yerli və xarici mütəxəssislər arasında əməkdaşlığın qurulmasına, eləcə də müxtəlif sosial qrupların prosesə cəlb olunmasına xüsusi diqqət yetirildi.
MİM-in hədəf auditoriyası kifayət qədər genişdir. Buraya ali və orta ixtisas təhsili müəssisələrinin tələbə və müəllimləri, elmi-tədqiqat qurumlarının əməkdaşları, muzey və mühafizə sahəsində çalışan mütəxəssislər, eləcə də mədəni irsin qorunmasında fəal iştirak etmək istəyən hər kəs daxildir. Müxtəlif baxış bucaqlarının bir araya gəlməsi platformanın dəyərini daha da artırdı. Layihə çərçivəsində dörd peşə təhsili müəssisəsində seminarlar, 16-25 iyul tarixlərində isə Zərgərpalan tarixi hamamında intensiv təlim kursları təşkil olundu. Hər biri 15 nəfərdən ibarət iki qrup üzrə keçirilən dərslərdə nəzəri biliklərlə yanaşı praktik məşğələlərə xüsusi önəm verildi. Mənim üçün əsas göstərici iştirakçıların sadəcə bilik əldə etməsi deyil, həmin bilikləri real mühitdə tətbiq edə bilməsidir. Hazırlanan tədris materialları, videodərslər və MOOC formatında açıq onlayn kursların təşkili MİM-in yalnız bir layihə ilə məhdudlaşmadığını, uzunmüddətli və davamlı bir proses olduğunu göstərir.
Hazırda MİM-in növbəti mərhələsi kimi Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Mədəni İrs Beynəlxalq Ustad Məktəbində Qeyri-Maddi Mədəni İrs Dərsləri və Sərgisi” layihəsi üzərində çalışıram. Bu təşəbbüs qeyri-maddi mədəni irsin ustad-şagird ənənəsi əsasında öyrədilməsini, sənət nümunələrinin sərgi formatında nümayişini və biliklərin rəqəmsal mühitdə sənədləşdirilməsini nəzərdə tutur.
MİM - Mədəni İrs Beynəlxalq Ustad Məktəbi qısamüddətli təşəbbüs deyil. Bu, mərhələli şəkildə inkişaf edən, strateji məqsədlərə xidmət edən və mədəni irsin qorunmasını sistemli prosesə çevirən bir platformadır. Mənim üçün bu yol keçmişə hörmətlə yanaşmaqla yanaşı, gələcək qarşısında daşıdığımız məsuliyyəti dərk etmək deməkdir.
Fariz Xəlilli,
Tarix üzrə fəlsəfə doktoru