Elə bil içimi sökürdülər, ürəyimi köksümdən
qoparırdılar... Son illərdə belə sarsıntı
keçirməmişdim.
Öncə elə bildim bu olay hansısa bir düşmən ölkəsində baş verir;
Türkiyədən, türklərdən qisas almaq üçün edirlər bunu; Suriyada,
İraqda, Yunanıstanda, Balkanların bir köşəsində unudulub qalmış
türk nişanələrindən biriymiş, indi uçurub atmaqla tarix boyu
yaşadıqları məğlubiyyətlərin, yenilgələrin intiqamını alırlar.
Sonra bu vəhşiliyin Diyarbəkirdə,Türkiyənin bir il-vilayət
mərkəzində, türklüyün çox qədim ocaqlarından birində baş verdiyini
duyanda qanım dondu, ayağım yerə yapışdı...
Bəli, Türkiyə cümhuriyyəti torpaqlarında "Nə mutlu türküm
deyənə!" yazılmış onbeş-onaltı metrə uzunluğunda tarixi bir daş
lövhə, abidə sındırıldı. Qaynaqçılar alov yaya-yaya dəmir bəndləri
kəsir, qaldırıcı kran "mutlu", "türkəm ", "Atatürk" sözlərini vəhşi
bir ehtirasla qırır, dağıdır, çöplük arabasına yığır, tamaşa
edənlər bayram edirmişcəsinə əl çalırdılar.
Elə bil Türkiyədə türklüyü uçurur, Oğuz xanların, Metelərin,
Çağrı bəylərin, Alparslanların, Osman Qazılərin, Fatehlərin, bu
torpaqlarda şəhid olmuş atalarımızın ruhunu yıxıb-yaxır, onların
anılarını, bizə miras buraxdıqları nə varsa hamısını birdən torpağa
gömür, yox edirdilər...
Televizor da ayrıntıları ilə göstərirdi bu
vandalizmi...
Şaşılmışdım... Nə baş verir Türkiyədə? Dövlət çevirilişimi,
inqilabmı oldu, yadelli düşmənlərin əlinəmi keçdi ölkə? Türk sözünü
dilə gətirmək yasaqlandımı? Türkiyədə türk olmaq utanc gətirdimi?
Yüzillər boyu dünyaya yön vermiş şərəfli bir millət bu qədərmi yox
sayılır?
Türkiyə qardaş dövlətdir. İçdəki siyasi mübarizələrə, politik
partilər arasındakı hakimiyyət savaşlarına qarışmaq, kimisə
suçlamaq, olaylara hakimlik etmək bizim işimiz deyil! Lakin mən bir
türkəm və bu adın şərəfini qorumaq görəvi həm də mənə aiddir! Bir
millət vəkili, siyasi partinin gənəl başqanı, Dünya
Azərbaycanlıları Konqresinin eşbaşqanı olaraq dünyada hara getdimsə
Azərbaycanın üzləşdiyi haqsızlıqlarla yanaşı, eyni zamanda
Türkiyənin sorunlarından danışdım, Türkiyəni savundum, "türklər
soyqırımı yapmamışdır, əsil çoyqırım türkə yapılmışdır" söylədim.
Türk düşmənləri o soyqırımı davam etdirirlər... Diyarbəkirdə baş
verən də onun bir görüntüsüydü...
Mənim üçün Azərbaycan türkü ilə Anadolu türkü arasında fərq
yoxdur. Araya sınır çəkməklə milli kimlik dəyişilməz! Türkiyənin
uğurlarına sevindiyim kimi, onun acılarını da öz acım olaraq
yaşayıram... Və bir çox suallar var ki, onları Türkiyə vətəndaşları
kimi mən də sora bilərəm.
Ey 75 milyonluq Türkiyə, Sən hara baxırsan? Baxırsansa niyə
görmürsən? Baxmırsansa gözünü tutan nədir? Atatürkün qurduğu bir
dövlətdə onun adı, xatirəsi niyə hər gün yeni sayqısızlıqlara tuş
olur? Böyük Atatürk onun qurduğu dövlətin bu günkü yönəticilərinin
qarşısında hansı suçun sahibidir? Gizli gedən Atatürkü cuçlama
məhkəməsində böyük öndəri savunan bircə nəfər dövlət görəvlisi,
rəsmi vəkil yoxdurmu?
Günahı nədir Atatürkün? Bəlkə dünya imperializminin planlarını
pozaraq, Osmanlının sonuyla türkün sonuna çıxacaqlarını zənn
edənlərin niyyətlərini gözlərində qoyması; türkə düşmən kəsilən
Avropa güclərinin hamısının bir yerdə burnunu ovması? Bəlkə Anadolu
insanını - türklü, kürdlü, lazlı, cərkəzli, kölə olmaq
təhlükəsindən qurtarıb, hamısının başını ucaldan, ləyaqətini
qoruyan Türkiyə cümhuriyyətini qurması? Bəlkə XX yüzilin ən parlaq,
dahi şəxsiyyətlərindən biri olması? Bəlkə dünyanın məşhur, amma
saxtakar liderləri çeşidli adlar altinda öz imperiya təfəkkürlərini
davam etdirəndə, onlara dərs verərək, imperatorluqdan imtina edib,
öz halal yurduna sahiblənməsi? Bəlkə türkün əyilməzliyini və
qüdrətini göstərməsi? Bəlkə dış güclərin etkisiylə Anadoluda düşmən
halına gətirilən, didişən param-parça tayfa, əşirət, məzhəb,
təriqət qatmaqarışıqlığının yerinə Türkiyəni bölünməz bir bütövə
çevirməsi, türk kimliyini qoruyub yaşatması? Bəlkə apardığı
demokratik islahatlar, xilafət düşüncəsinin yerinə demokratik
təfəkkürü gətirməsi, Doğunun ən sivil, çağdaş, modern bir dövlətini
qurması? Bəlkə bütün bunların hamısı? Bir sözlə, dərdiniz nədir
sizin?
Vicdanı olan hər kəs bilir ki, soruya çevrilən bu məsələlərin
hər biri Atatürkü ötən yüzilin ən parlaq şəxsiyyətinə çevirmişdir!
O, türk əsgəridir, məğlubiyyət bilməyən sərkərdədir, liderdir,
təkrarsız fikir adamıdir, alimdir, gözəl insandır, dahidir,
Türkiyənin qədərini yaşamış bir çox xalqlara yol göstərən
xilaskardır... Ötən yüzilin şöhrətli Avropa liderlərinin dar
irqçi-nasist düşüncələri dünya savaşlarına və 100 milyondan çox
incanın canına mal olduğu halda Atatürk Türkiyəni sülh və barış
yoluna çıxardı...
Bir insan öz milləti və dövləti üçün bundan artıq nə eləməliydi
ki, onun ruhunu sakit buraxsınlar? Bunların xalqdan və Allahdan
qorxuları yoxdurmu?
Gizli məhkəmə dedim. Bəlkə də belə bir məhkəmə yoxdur, ancaq
gizli bir əl var. Bu əl gecə-gündüz türk və Atatürk izlərini
silməklə məşğuldur. Bir də gözünü açırsan Atatürk hava limanının
biletlərində də Atatürk sözünü bula bilmirsən. "İstanbul. Terminal
1 və ya 2". Vəssalam. Atatürkün daşı çox ağırdır! Ötən yüzildə
yadelli düşmənlər qaldıra bilmədilər, başlarına düşdü. Məncə, indi
də onu qaldırmağa çalışanlar öz başlarını da düşünməlidirlər...
Türk gəncliyinə andı unutduranların niyyəti onlara fatihə
öyrətməkdir ki, türklüyə fatihə oxusunlar...
"Türk" sözü Türkiyədə, eləcə də Azərbaycanda niyə bu qədər qıcıq
doğurur? Bəlkə elə düşünürlər ki, illər boyu bizim axırımıza
çıxdılar və indi türkə nə qədər istəsələr həqarət edə bilərlər?
Atatürk "türkəm" sözü arxasında yalnız türk etnik kimliyini
düşünmürdü, Türkiyədə yaşayan bütün insanların birliyini,
bərabərliyini düşünürdü! Bu etnik milliyyətçilik deyildi, vətəndaş
millətçiliydi, dövlət təəssübüydü, Türkiyədəki xalqları birləşdirib
qorumağın yeganə yoluydu. Amerikan, fransız, ispan qavramları də
eyni şəkildə, öz ölkələrində birləşdirici amildir. Həmin ölkələrdə
kim bu sözlərə həqarət edə bilər?
Bunu anlamayanlar, zəhmət çəkib, tarixə baxsınlar. Oğuz xan
dövlətin başına keçərkən ətrafındakılara "mən sizi oğuzladım"
demişdi. Bu, bir işarəylə bütün fərqli etnosların bir anda oğuza
çevirmək istəyi deyildi. Bu, o deməkdi ki, "bundan sonra mən sizin
hamınıza bir gözlə baxıram"... Osmanlı, özbək isimləri də belə
yaranmışdı. Atatürk "türkəm" yerinə nə deyə bilərdi? Anadoluda
Şumer, Troya zamanından yaşayan bir türklük var, səlcuqlar onların
qədim, ancaq unudulmamış iziylə gəlmişdilər. Bu dövəti quran,
qanıyla, canıyla qoruyan insanlar türkdür. Bunu deməklə başqa
xalqlar inkar edilmir, Atatürkün dahiliyinin nəticəsidir ki, bu gün
Türkiyədə etnik-mədəni kimliklər də yaşayır, kimsə kimsənin özünü
kürd və ya bosnak saymasına mane olmur.
Lakin onların hamısını qardaşlıq duyğusuyla ətrafında
cəmləşdirib əyilməz gücə çevirən türkdür. Türk hamıya qucaq açıb.
İslam dünyasının çeşidli bölgələrində, Rusiyada, Çində zülm
görənlər də Türkiyəyə qaçıb, Türkiyəyə sığınıb, türk olmaqla fəxr
ediblər. İndi arxayınçılığa çıxandan, məhv olmaq təhlükəsi
keçib-gedəndən sonra sığındığın qucağa təpik atmaq nankorluqdur. Bu
gün türk sözünü inkara qalxanların Qurtuluş savaşındakı
düşmənlərdən heç bir fərqi yoxdur! Ölkədə demokratiyanı gəlişdirmək
bəyanatları, çeşidli açilımlar bir xalqı dirçəldib başqasını
boğacaqsa bunun nəyi demokratiyadır? Türkü inkarla, adını dilə
gətirməməklə başqa xalqların silahına və hər cür tələbinə boyun
əymək qardaşlıq deyil, qardaşlığın axırına çıxmaq, Türkiyəni
arasıkəsilməz münaqişələrə sürükləməkdir. Kürdü, lazı, gürcünü,
kimi istəyirsiniz böyüdə bilərsiniz, hər xalqa sayğı
göstərilməlidir, ancaq Türkiyənin və böyük Türk xalqının
kicildilməsi, aşağılanması hesabına yox!
Azərbaycanda heç vaxt türk-kürd ayrılığı olmayıb, qardaş kimi
yaşamışıq. Amma bu gün terror başçıları əllərindəki silaha
güvənərək, Güney Azərbaycandakı 35 milyon Azərbaycan türkünü yox
sayaraq, az qala Urmiyanı da kürd şəhəri hesab edir, Təbrizə də dil
uzadırlar. Bu iddialar məcbur eləyir deyək ki, əziz qardaşlar,
cinlilər, hindistanlılar sürətlə çoxalırlar deyə, bütün dünyaya və
ya bütün qonşu torpaqlarına iddia eləyə bilməzlər! Diyarbəkir
yüzillər boyu Azərbaycan türklərinə məxsus olmuş bir şəhərdir, Uzun
Həsən zamanında və bir sıra başqa dönəmlərdə Azərbaycanın paytaxtı
olub. Çaldıran savaşından sonra on minlərlə Azərbaycan türkü ordan
köçüb getdi və etnik tərkib dəyişildi. Bu gün türk sözünü meydandan
götürmək olar, lakin Diyarbəkirin tarixindən, havasından, suyundan,
dağlarının hafizəsindən silmək olmaz!
Atatürk dünyaya göz yumarkən vaxtı soruşub: "Saat kaç?" Bu, onun
son sözləri olub. Bilirdi ki, onun gedişiylə öz saatı dayansa da
Türkiyənin, türk xalqının zamanı, yolu dayanmayacaq. Türk sözü
Sakadan Balkanlara, Avroasiya boyda bir genişlikdə min illərdir
dipdiri yaşayır. Nə yaxşı, Türkiyədə türk sözünə saldıranların əli
oralara çatmır...