16:41
Sosial şəbəkə istifadəçiləri Bakının Yasamal rayonunda Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin qarşısında yerləşən avtobus dayanacağının minik avtomobilləri tərəfindən zəbt olunması ilə bağlı görüntülər paylaşıb. Onlar qeyd ediblər ki, bu avtomobillərə görə avtobuslar müəyyən edilmiş yerdə dayana, sərnişinlər isə problemsiz şəkildə minib-düşə bilmir. Bu da avtobusların normal hərəkət intervalının pozulmasına və sərnişinlərin mənzil başına, işə gecikməsinə səbəb olur.
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, Bakı ərazisində narazılıq yaradan əsas faktorlardan biri şəhərin inzibati ərazisinə düşən küçə və yollarda dayanma-durma tələblərinin düzgün yerinə yetirilməməsidir:
“Yollarda, xüsusilə təhsil müəssisələri yollarına bitişik ərazilərdə bu tələblərə riayət edilməməsi süni sıxlığa səbəb olur. Araşdırmalar zamanı məlum olur ki, belə hallarda sürücülər “bir dəqiqəlik dayanmışam”, “uşaq düşürürəm” kimi ifadələr işlədirlər. Amma unutmayaq ki, pik saatlarda yolun hərəkət hissəsində 30 saniyə durmaq bir istiqamətdə iki hərəkət zolağı olan yolda 60-dan çox nəqliyyat vasitəsinin 7-8 dəqiqə gecikməsi deməkdir. Buna görə də biz dayanma-durma tələblərinin düzgün yerinə yetirilməsinə diqqətlə yanaşmaqla yanaşı, tələbkarlıq istiqamətində də müxtəlif tədbirlər həyata keçiririk.
Əməkdaşlarımız metronun “Neftçilər”, “Qara Qarayev” stansiyalarında və digər avtobus dayanacaqları olan yerlərdə dayanma-durma tələblərinin pozulmasının qarşısını almaq üçün müvafiq tədbirlər görürlər. Amma hazırda bu prosesə BNA nəzarət edir. Biz onlarla birgə inzibati tənbeh tədbirlərini də görməyə çalışırıq ki, bu narazılıq aradan qaldırılsın. 20 nömrəli məktəb-liseyin qarşısında dayanma-durma tələblərinin pozulması ilə bağlı BNA əməkdaşlarına da məlumat verəcəyəm. Belə halların qarşısını almaq üçün o küçədə birgə tədbirlər həyata keçirəcəyik”.
Vaqif Əsədov onu da bildirib ki, dayanma-durma tələblərinin pozulması ilə bağlı cərimə yazmaq səlahiyyəti DYP-də olduğu müddətdə gün ərzində 600-dən çox protokol yazılırdı:
“İnzibati tədbirlərin görülməsi bizim səlahiyyətimizdə olduğu zaman gün ərzindən orta hesabla 600-700 protokol yazırdıq. Bu, haradasa, 6-7 ay əvvəlin statistikasıdır. Elə gün olurdu ki, bu rəqəm 800-dən artıq olurdu. Gündəlik yol polisi tərəfindən tənbeh tədbirləri keçirilirdi. Bu da nizam-intizamın artırılmasına səbəb olurdu. Hazırda isə bu səlahiyyət BNA-dadır”.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev də sözügedən problemin bir çox küçələrdə müşahidə edildiyini və bu qaydaları pozan sürücülərin 40 manat cərimələndiyini bildirib:
“Xüsusən də orta məktəblərin qarşısında belə hallarla rastlaşırıq. Uşaqlarını dərsə gətirən valideynlər nəqliyyat vasitəsini yol kənarında, avtobus dayanacaq məntəqəsində, bir sözlə dayanma və durmanın qadağan edildiyi yerdə park edirlər. Bakı Nəqliyyat Agentliyi bu cür narahatlıq doğuran məsələ ilə bağlı bir neçə istiqamətdə iş aparır. Həm dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirləri görülür. Həm də sürücülər arasında maarifləndirmə tədbirləri aparılır. İnzibati Xətalar məcəlləsi 346.2 maddəsinə əsasən nəqliyyat vasitəsini avtobus dayanacaq məntəqəsində park edən sürücülər 40 manat cərimə edilir. Amma bir daha səhər övladlarını məktəbə gətirən valideynləri bu cür hərəkətlərdən çəkinməyə dəvət edirik. Onlar unutmamalıdırlar bunu etməklə övladlarının müəlliməsinin və ya sinif yoldaşının dərsə gecikməsinə səbəb olurlar.