Azərbaycan Mətbuat
Şurası, Azərbaycan Milli Televiziya və Radio Şurası, Azərbaycan
Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun
birgə təşkilatçılığı ilə "Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin
inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulan vəzifələrin
həyata keçirilməsi və proqramın qəbul edilməsinin iki illiyinə həsr
olunan dəyirmi masa keçirildi.
Tədbirdə Dövlət Proqramının əhəmiyyəti qeyd edildi, Prezident
İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş bu mühüm sənədin
icrası ilə bağlı görülən işlərdən danışıldı.
Azərbaycan dilinin əsas qarantı
Alimlərin, mütəxəssislərin, millət vəkillərinin, KİV
rəhbərlərinin iştirak etdiyi dəyirmi masanı Mətbuat Şurasının sədri
Əflatun Amaşov açdı. Hazırda Azərbaycan dilində 50 milyondan çox
insanın danışdığını bildirən Əflatun Amaşov qeyd etdi ki, onların
bir hissəsi Şimali Azərbaycanda, bir hissəsi Cənubi Azərbaycanda,
yerdə qalanı isə dünyanın müxtəlif ölkələrində yaşayır: "Azərbaycan
xalqının, Azərbaycan dövlətinin mövcudluğunu sübut edən amil
Azərbaycan dilidir. Təsadüfi deyil ki, 1995-ci ildə ümumxalq
referendumu ilə qəbul olunmuş Azərbaycan Konstitusiyanın 20-ci
maddəsi dövlət dilinə həsr olunub. 2001-ci ildən bu yana Azərbaycan
dili ilə bağlı 20-dən çox sənəd hazırlanıb. "Dövlət dili haqqında"
qanun qəbul olunub. Bunlarla yanaşı dil sahəsində problemlər hələ
də mövcuddur".
Mətbuat Şurası sədrinin sözlərinə görə, qloballaşma şəraitində
Azərbaycan dilinin işlək qalması, ədəbi dil normalarına düzgün əməl
olunması məsələlərini həll etmək üçün məhz iki il əvvəl Dövlət
Proqramı qəbul olunub: "Dövlət Proqramında 2020-ci ilə qədər bir
sıra vacib işlərin görülməsi nəzərdə tutulub. Düşünürəm ki, bu
sahədə kifayət qədər işlər görülüb, bundan sonra görüləcək işlər də
yetərincə çoxdur".
Böyük hadisə
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik
Tofiq Hacıyev bildirdi ki, Dövlət Proqramında rəhbərlik etdiyi
institutun vəzifə və səlahiyyətlərindən geniş bəhs olunub,
instituta ayrılan vəsait hesabına yeni şöbələr yaradılıb: "Bu
proqramın qəbulu çox böyük hadisədir. Proqramda nəzərdə tutulan və
ayrılan maliyyə yardımı hesabına Naxçıvanın dialektoloji atlasını
hazırlamışıq. Onun ardınca Qarabağ, Dərbənd və Gürcüstanda yaşayan
Azərbaycan türklərinin dialektoloji atlaslarını hazırlayacağıq.
Proqramın icrası ilə əlaqədar bizim institutunun strukturunda
dəyişiklik oldu, yeni şöbələr yaradıldı, qədim dillər və dövlətlər,
dil məsələlərinə nəzarət edən monitorinq, habelə kompüter dilçiliyi
şöbələri fəaliyyətə başladı.
Dillərarası əlaqələrin yaradılmasında kompüter dilçiliyinin çox
böyük rolu var. Monitorinq şöbəsinə istedadlı publisist Qulu
Məhərrəmlinin cəlb etmişik və o, bu sahədə xeyli işlər görüb. Bu
işə təzə başlamışıq, inanıram ki, fəaliyyətimizi genişləndirib,
müəyyən səviyyəyə çatdıracağıq".
Elmi üslub əndişə yaradır
Tofiq Hacıyev bildirdi ki, Azərbaycan dilinin elmi üslubu ilə
bağlı narahatlığı var: "1300 il bundan əvvəl "Kitabi-Dədə Qorqud"da
deyilir ki, "qız anadan görməsə öyüd almaz, oğul atadan görməsə
güc". Dünyanın heç bir ölkəsində dil 1300 il bundan əvvəlki ilə bu
qədər səsləşmir.
Bu gün ədəbi dilimiz çox mükəmməldir. Biz ədəbi dilimizi
Nəsiminin, Füzulinin dili ilə öyrənirik. Bəs, niyə elmi üslubumuza
fikir vermirik? Çünki Füzulinin, Nəsiminin dövründə elmi əsərlər
bir qayda olaraq ərəb və fars dillərində yazılıb. Bəs bu gün
vəziyyət necədir?
Sovet dövründə fiziklər, riyaziyyatçılar öz dissertasiyalarını
rus dilində qələmə alırdılar. Bu səbəbdən sovet dövründə dəqiq
elmlər üzrə elmi üslubumuz təşəkkül tapmadı. Çox təəssüf ki, o
proses indi də davam edir.
Gələcəkdə Yusif Məmmədəliyev, Şəfaət Mehdiyev səviyyəsində alim
ola biləcək gənclərimiz indi də elmi işləri ingilis dilində
yazırlar. Ona görə də Azərbaycan dilinin hazırkı elmi üslubu məndə
əndişə yaradır".
Tofiq Hacıyev mətbuatda əcnəbi sözlərin həddən artıq çox
işləndiyini vurğuladı: "Azərbaycan dilində terminologiya
yaradılmasına tənbəllik edirik. "Kreativ", "konsensus" kimi sözləri
tənbəlcəsinə, Azərbaycan dilində qarşılıq tapmadan işlədilir.
Türkiyə türkcəsində bilgisayar da, kompüter də yazılır. Mən demirəm
ki, həmin sözləri işlətməyək, işlədək, amma paralel şəkildə. Həsən
bəy Zərdabi deyirdi, qəzet insanı dünya xəbərlərindən xəbərdar
etməklə bərabər, həm də ona ana dilini öyrədir".
Dilə sayğı göstərməyənlər hədəfə
alınmalıdır
Milli Teleradio Şurasının sədr müavini Qafar Cəbiyev çıxışında
bildirdi ki, artıq 7-ci ildir Azərbaycan efiri tam həcmdə ana
dilimizdə fəaliyyət göstərir: "2003-cü ildə Milli Teleradio Şurası
Azərbaycan dili ilə bağlı xüsusi qaydaları təsdiqlədi. Biz efirin
bütövlükdə Azərbaycan dilində aparılması ilə bağlı qərar qəbul
etdik. Nəhayət, bu qərarın icrasına tam şəkildə nail olduq.
Dövlət Proqramının 6.2-ci bəndində dövlət idarəçiliyində,
kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün
tətbiqi ilə bağlı maarifləndirmə işlərinin aparılması nəzərdə
tutulub. Yayımçılar bu məsələdə örnək olmalıdır. Bəzi aparıcıların
daha peşəkarlarla əvəz olunması məsələsi aktualdır.
Dilimizə sayğı göstərməyənlər, qanunlara məhəl qoymayanlar
tənqid hədəfinə götürlüməlidirlər. Proqramın 6.5.3-cü bəndində
teleradio şirkətlərində bədii şuraların yaradılması nəzərdə
tutulmuşdu. Bədii şuralar yaradılsa da, əfsus ki, bəzi
telekanallarda həmin şuralar fəaliyyətsizdir. Problemlər kifayət
qədərdir və bu problemlərin də müzakirəyə ehtiyacı var".
Dilimiz paytaxta qayıtdı
Mətbuat Şurasının Dil komissiyasının rəhbəri, millət vəkili
Bəxtiyar Sadıqovun fikrincə, müstəqillik Azərbaycan dilini
Azərbaycan paytaxtına qaytarıb: "Vaxt vardı Bakı rusdilli şəhər
idi, şəhərin özündə, məişətdə, ictimai yerlərdə, mağazalarda rus
dilində danışılırdı. Mağazalarda rus və erməni qızları işləyirdi.
Rayondan gələn tələbə aptekdən pambığı necə almaq lazım gəldiyini
bilmirdi.
Rus dilini bilmədiyimiziə görə həmin rus, erməni satıcılar bizə
"çuşka" deyirdilər. İndi Azərbaycan dili özümüzə qayıdıb.
Bu proqramda 3 böyük məsələ qoyulub: Azərbaycan dilinin
qloballaşma şəraitində işlənməsi, zamanın tələbinə uyğun
yenilənməsi və dilimizin inkişafı. Bu proqramdan çıxış etsək,
jurnalistlərin üzərinə çox böyük vəzifə düşür. Amma çox təəssüf ki,
mətbuat dilin təmizliyini qorumur.
Azərbaycan dilini dayanmadan öyrənmək lazımdır. Biz jurnalistlər
dilin çirklənməsinin qarşısını almalıyıq. İndi bir çox
redaksiyalarda korrektor ştatları ləğv olunub. Baxın, görün
qəzetlərdə nə qədər orfoqrafik səhvlər gedir".
Dilimizi kimlər zibilləyir?
Azərbaycan Dil Qurumunun sədri, millət vəkili Sabir Rüstəmxanlı
dilimizin əcnəbi sözlərlə "zibillənməsi" və özündən uzaqlaşması
təhlükəsindən danışdı. Bildirdi ki, türk dilində lüğət tərkibi min
ildə cəmi 10 faiz dəyişib: "Yazıçılar İttifaqının bir qurultayında
vaxtilə çıxış edəndə bildirmişdim ki, türk dili dünyanın ölməz dili
olduğu üçün bu dildə yazanlar xoşbəxtdirlər. Demişdim ki,
məmurlarımız dilimizin ölümü haqqında düşünürlər, zavodlarda,
fabriklərdə 90 faiz Azərbaycan dilində sözlər işlənmir.
O tədbirdə iştirak edən Heydər Əliyev bu iradla razılaşdı və
sonradan bu sahədə xeyli işlər görüldü. Zaman keçib, dilimizin
ölmək qorxusu yoxdur, amma zibillənmək qorxusu var. Bu gün
"monitorinq", "treninq", "market" kimi sözlər işlənir, bu nə dil
tənbəlliyidir? Məgər Azərbaycan dilində bu sözlərin qarışılığı
yoxdur?
Dilin təmizliyi məsələsi hakimiyyətin özündən başlayır. Sağ
olsun cənab Prezident, dillə bağlı kifayət qədər sərəncamlar
imzalayıb. Cənab Prezident özü də səlis, aydın və yığcam danışır.
Bəs məmurlar necə? Nazirlər var ana dilində düşünə, danışa bilmir.
Bəzi məmurların uşağı ana dilində danışmır. Kənardan dayələr
gətirilir. Dilə sayğı burdan başlamalıdır.
Mən "Ədəbiyyat qəzeti"ndə neçə il dil ustadları ilə işləyib
məktəb keçəndən sonra bu dili mükəmməl bildiyimə əmin oldum. Əksər
jurnalistlərimiz Azərbaycan dilini zəif bilir".
Pozuntuların 90 faizi
Mətbuat Şurasının Monitorinq qrupunun rəhbəri İlham Abbasov
keçirilmiş monitorinqin nəticələrindən danışdı. O, elektron
mətbuatda, televiziyalarda dilin daha bərbad şəkildə
işlədilməsindən, mətbuatdakı dil qüsurlarından söz açdı: "Hər il
50-dək yazılı mətbuatda yoxlamalar aparırıq və nəticələr açıqlanır.
Pozuntuların 90 faizi dil və nitq pozuntularıdır. Birinci səbəb
odur ki, jurnalistlərin əksəriyyəti ədəbi dili bilmir, ikincisi
odur ki, peşəkar deyillər.
Azərbaycan dili ilə bağlı ötən əsrin 90-cı illərindən 20-dək
qanun və sərəncam verilib. Ən ciddi hesab etdiyim 2002-ci ildə və
2012-ci ildə qəbul edilmiş sənədlərdir. 2002-ci ildə qəbul olunmuş
qanunun 20-yə yaxın bəndinin tez-tez pozulduğunu hər gün müşahidə
edirik. Həmin sənədin sonuncu bənddə yazılır ki, qanunun tələbləri
pozanlar müvafiq qaydada cəzalandırılır. Amma təəssüf ki, bu qədər
qayda pozuntusunun qarşılığında heç bir cəza tətbiq olunmur".
Aynur Camalqızı: "Niyə peşəkar jurnalist
hazırlanmır?"
"Gündəlik Teleqraf" qəzetinin baş redaktoru Aynur Camalqızı
səslənən iradlara münasibətini açıqladı. Bildirdi ki, jurnalist
hazırlayan təhsil müəssisələrinin səviyyəsi yüksəldilməlidir:
"Burada ciddi fikirlər səsləndi. Doğrudur, dilimizdək qüsurlarda
jurnalistlərin də rolu var. Problemləri sadaladıq, amma səbəblər
haqqında danışmadıq. Jurnalistlər dilimizə niyə zərər vururlar?
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin hazırladığı
jurnalistlərin səviyyəsi niyə yüksək deyil? Niyə yaxşı kadrlar
yetişmir? Düşünürəm ki, bunları da müzakirə etməli, səbəbləri
tapıb, aradan qaldırmalıyıq. Biz bir media qurumu olaraq yaxşı
jurnalist axtarırıq, amma tapa bilmirik".
"Təsadüfi adamlar sayt idarə edirlər"
Aynur Camalqızı təklif etdi ki, saytların istifadəyə verilməsi
məsələsi də qanunvericiliklə tənzimlənsin: "Hər yerindən qalxan
domen alıb, qeydiyyatdan keçib sayt açır. Jurnalistikadan,
peşəkarlıqdan xəbəri olmayan təsadüfi adamlar niyə sayt idarə
etməlidir? Araşdırsaq məlum olar ki, bu şəxslərin heç ali təhsili
də yoxdur.
Səhv eləmirəmsə, bir televiziyanı açmaq istəyən şəxsdən qanuni
şəkildə müəyyən maliyyə göstəricisi tələb olunur. Mən hesab edirəm
ki, sayt yaradan şəxslər üçün də mütləq maliyyə göstəricisi tələbi
qoyulmalıdır".
Əflatun Amaşov Aynur Camalqızının jurnalist hazırlığı ilə bağlı
səsləndirdiyi iradla bağlı dedi ki, bu ixtisasa qəbul olanların
qabiliyyət imtahanı verməsi ümidverici addımdır: "Ümid edirik ki,
bir neçə il sonra 50-dək peşəkar jurnalist yetişəcək. Çünki ötən il
cəmi 50 nəfər qabiliyyət imtahanı verib jurnalistika ixtisasına
qəbul olundu. Bu il qəbul olanların artacağını düşünürük".
"Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli orta
məktəblərdə Azərbaycan dilinin tədris səviyyəsini yüksəlməyi,
millət vəkili Aqil Abbas isə dil nöqsanlarına yol verənləri
cəzalandırmağı vacib hesab elədi.
Tədbirdə verilən məlumata görə, Azərbaycan televiziya
proqramlarında 6 ən yaxşı və ən pis aparıcının müəyyənləşməsi üçün
yeni layihənin icrasına başlanacaq. Layihə barədə aprelin 21-də
ictimaiyyətə məlumat veriləcək.