Son günlər sosial şəbəkələrin Azərbaycan seqmentində “troll” sözünün ən müxtəlif interpretasiyalarda təqdim olunduğunu nəzərə alıb, dünya internet şəbəkəsində kifayət qədər geniş yayılmış bu təzahürlə bağlı bəzi mətləblərə aydınlıq gətirməyi qərara aldım.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elçin Mirzəbəyli qeyd edib. Politoloq qeyd edib ki, Troll - Skandinaviya xalqları arasında yayılmış çoxsaylı əfsanələrin personajlarından biridir. Təxminən bizim Təpəgöz kimi:
“Əfsanələrə görə, trollar da vampirlər kimi qaranlıq qəsrlərdə yaşayır, gün işığına çıxmırlar. Onların bəziləri nəhəng, bəziləri isə həddindən artıq alçaq boylu olur və insan əti ilə qidalanırlar. Skandinaviya əfsanələrində bir də körpü altında yaşayan, yaxud körpülərə keşik çəkən trollar var. Bu trollar bəzən özlərinin, bəzən isə başqalarının inşa etdiyi körpülərin altında yaşayır, körpüdən keçənlərdən haqq alırlar. Körpü altında yaşayan trolların digər trollardan fərqi onların gün işığına çıxa bilmələri və pulu çox sevmələridir. Çox güman ki, trollinqin internetdəki təzahürünün terminləşməsində sonuncu “keyfiyyət” əsas rol oynayıb. Müasir anlamda isə troll ayrı-ayrı saytların, sosial şəbəkələrdəki səhifələrin işini sabotaj edən internet istifadəçisidir. “O” ən müxtəlif adlar altında sosial şəbəkələrdə aparılan müzakirələrə qatılaraq, mövzunu dəyişməyə çalışır, əlindən gələni edir ki, onu söysünlər, aşağılasınlar və son nəticədə diqqət mərkəzində cəmiyyət üçün faydalı olan məsələlər deyil, onun üyütdüyü yalan və böhtanlar dayansın”.
Politoloq vurğulayıb ki, son illər bu mövzuda çoxsaylı elmi işlər yazılıb:
“Azərbaycanda isə troll fərqli mövqeyi olan, konkret internet istifadəçisinə, yazara, siyasətçiyə və yaxud bu və ya digər peşənin, siyasi qütbün təmsilçisinə əks qütbdə dayanan şəxslərə qarşı istifadə edilən aşağılayıcı ifadə kimi qəbul olunur. Məsələn, dünənə qədər premodern və modern anlamda şantajla, reketlə məşğul olanlar, çağdaş dövrün qeyri-müəyyən informasiya mühitindən faydalanaraq, postmodern cinayət taktikasıyla bir üzü, bir imzası və bir sifəti olan peşəkarlara “troll” damğası vurmaqdan xoşlanır və dünənə qədər törətdikləri qanunsuz əməlləri unutdurmağa çalışırlar. Təbii ki, bu kontekstdə bir sıra çirkli oyunların iştirakçısı olanlara qalibi qazandırmaq niyyətində deyiləm. Belələri trolldan daha dəhşətli varlıqlardır. Məqsədim diqqəti əslində trollinqə heç bir aidiyyəti olmayan iki təzahürə çəkməkdən ibarətdir. Bunlardan birincisi qeyri-müəyyənlik çərçivəsində, hansısa mübhəm məqsədlərlə, yaxud elə gündəmi “çevir tatı, vur tatı” elementləri ilə daşanadək doldurmaq üçün ictimai rəyə ötürülən qeyri-müəyyən mesajlar, ikincisi isə örkənda anlaşa bilməyənlərin doğanaqdakı “vur çatlasın, çal oynasın” elementləridir. Əslində isə meydan bomboşdur və heç kim heç kimin qolunu bağlamayıb. Bu qəbildən olan problemlərin aradan qaldırılmasının yolu isə qanunvericilikdəki boşluqları aradan qaldırmaqdan və onların icrasına nəzarəti gücləndirməkdən, həmçinin yalnız və yalnız hüquqi sərhədlər çərçivəsində, heç bir kənar təsir və yaxud stimullaşdırma olmadan, tam ədalətli rəqabət mühiti formalaşdırmaqdan ibarətdir. Belə olduğu halda, körpülərin altında kimsənin dayanmağına da ehtiyac qalmayacaq".