Xarici işlər naziri Elmar Məmmədyarovun Avropa
Məhkəməsinin "Çıraqov və digərləri Ermənistana qarşı" işi haqqında
qərarı ilə bağlı Trend-ə müsahibəsi
- Bu il iyunun 16-da Avropa İnsan Hüquqları Məhkəməsinin
Böyük Palatası "Çıraqov və digərləri Ermənistana qarşı" işi ilə
bağlı qərarını elan edib. Bu iş barədə ümumi məlumat vermənizi
xahiş edirik.
- Sizin qeyd etdiyiniz iş Ermənistanın Azərbaycana qarşı
təcavüzü nəticəsində Azərbaycanın Laçın rayonundan zorla qovulmuş
altı Azərbaycan vətəndaşı tərəfindən 2005-ci aprelin 6-da Avropa
İnsan Hüquqları Məhkəməsində Ermənistan Respublikasına qarşı
qaldırılmış iddia müraciətinə əsaslanır. Mahiyyət etibarilə,
məhkəməyə iddia müraciəti irəli sürən şəxslər Ermənistan silahlı
qüvvələri tərəfindən Laçın rayonunun işğalının davam etdirilməsi
ilə əlaqədar Laçın rayonunda öz evlərinə qayıtmaqdan məhrum edilib
və beləliklə, orada yerləşən mülkiyyətlərindən istifadə edə
bilməyiblər. İddiaçiların müraciətində bunun "İnsan hüquq və əsas
azadlıqlarının müdafiəsi haqqında" Konvensiyanın 1 saylı
Protokolunun 1-ci maddəsi ilə mülkiyyət hüquqları və Konvensiyanın
8-ci maddəsi ilə şəxsi həyata və ailə həyatına hörmət hüququnun
pozulmasının davam etdirilməsi olduğu bildirilib. Onların
iddiasında eləcə də yuxarıda qeyd olunan şikayətlərlə əlaqədar
effektiv vasitənin olmamasının Konvensiyanın 13-cü maddəsinin
pozulması olduğu qeyd olunub. Yekun olaraq, yuxarıda qeyd olunan
bütün şikayətlər ilə bağlı onlar etnik və dini mənsubiyyət baxımdan
ayrı-seçkiliyə məruz qalaraq, Konvensiyanın 14-cü maddəsinin
pozulması ilə əlaqədar şikayət irəli sürüblər.
-Məhkəmənin gəldiyi yekun nəticə nədən
ibarətdir?
-Məhkəmə iddiaçıların xeyrinə qərar qəbul edərək, Konvensiya
əsasında onların bir sıra hüquqlarının Ermənistan tərəfindən
pozulmasının davam etməsini tanıyıb. Amma bu kimi nüfuzlu
beynəlxalq məhkəmə tərəfindən qəbul edilmiş bu qərarın əhəmiyyəti
bundan daha önəmlidir.
-Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin bu
qərarının ilkin əhəmiyyəti barəsində baxışı necədir?
-Məhkəmənin qərarı bir neçə aspektdən əhəmiyyətlidir. İlk
növbədə, Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın Azərbaycan
ərazilərini qeyri-qanuni işğalı və bu ərazilərdə hərbi mövcudluğuna
dair məsuliyyətini davamlı şəkildə inkar etməsinə təsirli formada
son qoydu. Ermənistanın təcavüzünün başlamasından və bu iş üzrə
məhkəmə icraatı getdiyi dövrdə adətkarcasına beynəlxalq
ictimaiyyəti aldatmaq və münaqişənin əsl səbəblərini və mahiyyətini
təhrif etmək cəhdlərində Ermənistan Respublikası iddia edirdi ki,
onun Dağlıq Qarabağın ərazisi və ətraf ərazilərə yurisdiksiyası
şamil edilmir, bu ərazilər üzərində onun təsirli nəzarət imkanı
olmayıb və hər hansı ictimai hakimiyyəti ifadə edə bilməz. Eləcə də
Ermənistan iddia edirdi ki, o, sözügedən hərbi münaqişədə, Laçın
rayonunun işğalında və digər hərbi əməliyyatlarda iştirak etməyib
və onun Dağlıq Qarabağ və ətraf ərazilərdə hər hansı hərbi
mövcudluğu yoxdur.
İddiaçılar tərəfindən təqdim olunan bütün sübutlar Məhkəmə
tərəfindən araşdırılıb və Azərbaycan Hökuməti tərəfindən
Ermənistanın bütün bu iddiaları rədd edilib.
Bundan əlavə, qərarın 14-18-ci paraqraflarında Avropa İnsan
Hüquqları Məhkəməsi xüsusi ilə qeyd edib ki, müharibə Dağlıq
Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi barəsində
çağırışlarla başlayıb. Bu xüsusda, məhkəmə tərəfindən spesifik
olaraq, Ermənistan SSR Ali Soveti və Dağlıq Qarabağın regional
şurası tərəfindən 1989-cu ilin dekabrında "birləşmə" haqqında birgə
bəyanata istinad olunub. Mahiyyət etibarilə, məhkəmə təsdiq edib
ki, Ermənistanın ərazi iddiaları və onun Azərbaycan ərazilərinin
bir hissəsini ilhaq etmək məqsədi daşıyan cəhdləri silahlı
münaqişənin köklü səbəbidir və hərtərəfli müharibəyə təkan verib.
180-cı paraqrafda məhkəmə onu da təsdiq edib və mən qərardan sitat
gətirirəm: "Ermənistan Respublikası özünün hərbi mövcudluğu və
hərbi ləvazimat və təcrübə təmin etməklə əsaslı şəkildə ən erkən
günlərdən etibarən Dağlıq-Qarabağ münaqişəsinə cəlb olunub", "onun
hərbi dəstəyi sözügedən ərazilərin ələ keçirilməsi və onlar
üzərində nəzarətin davam etdirilməsində həlledici amil olub və
olmaqda davam edir", "sübut inandırıcı şəkildə göstərir ki,
Ermənistan və "DQR"-in silahlı qüvvələri inteqrasiya olunublar". Bu
və separatçı rejimin Ermənistandan siyasi, maliyyə və digər
asılılığını sübut edən digər dəlillərə əsasən məhkəmə 186-cı
paraqrafda bu nəticəyə gəlib: "...Ermənistan Respublikası Dağlıq
Qarabağ münaqişəsinin ilk günlərindən "DQR" üzərində əsaslı və
həlledici nüfuza malik olub, onların hər ikisi faktiki olaraq bütün
vacib məsələlərdə yüksək səviyyədə inteqrasiya olunublar və bu
vəziyyət bu gün də davam edir" və "DQR" və onun administrasiyası
Ermənistan tərəfindən verilən hərbi, siyasi, maliyyə və digər
dəstək sayəsində yaşayır. Nəticə etibarilə, Ermənistan Dağlıq
Qarabağ və ətraf ərazilər, o cümlədən Laçın rayonu üzərində
effektiv nəzarəti həyata keçirir".
-Məhkəmənin bu birmənalı qərarına baxmayaraq, Ermənistan
tərəfi hələ də israr edir ki, Ermənistan Azərbaycan ərazilərini
işğal etməyib və bu qərarda bunun əksini sübut edən heç nə yoxdur.
Ermənistan tərəfi eləcə də iddia edir ki, bu qərar yalnız Avropa
İnsan Hüquqları Konvensiyasına aid olan hüquqlara tətbiq edilir. Bu
kimi bəyanatlara sizin münasibətiniz necə olar?
-Təəssüf ki, Ermənistan çoxdan çıxarmalı olduğu nəticələr və
danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirmək əvəzinə
yalnız beynəlxalq ictimaiyyəti aldatmaq və özünün işğal siyasətini
ört-basdır etmək üçün inkarolunmaz faktların inkar edilməsi xəttinə
adətkarcasına sadiqlik nümayiş etdirir. Bu iddialar həqiqətdən
artıq ola bilməz. Bu əsassız möhtəkirliyi təkzib etmək üçün qərarı,
xüsusilə istinad etdiyim paraqrafları diqqətlə oxumaq
kifayətdir.
Məhkəmə öz presedentlərinə istinad edərək bu nəticəyə gəlib ki,
beynəlxalq hüquq çərçivəsində anlayışa uyğun olaraq işğal bir
dövlətin digər dövlətin ərazisi və ya ərazisinin bir hissəsi
üzərində faktiki hakimiyyəti həyata keçirməsi halıdır. Məhkəmənin
qənaətinə görə, faktiki hakimiyyətin tələbləri geniş mənada
effektiv nəzarətə sinonim kimi nəzərdən keçirilir. Yekun olaraq,
təqdim olunan sübutları nəzərdən keçirən məhkəmə nəticəyə gəlib ki,
bu ərazilərin hərbi işğalı sayəsində Ermənistan Dağlıq Qarabağ və
digər işğal olunmuş ərazilər üzərində effektiv nəzarəti həyata
keçirib və həyata keçirməkdə davam edir (paraqraf 96 və 168).
Ermənistanın rəsmi şəxslərinin dediklərinin əksinə olaraq,
məhkəmə bu vacib nəticəyə gəlib ki, Dağlıq Qarabağ, Laçın rayonu və
digər ətraf ərazilər Azərbaycanın tərkib hissələridir və indi hərbi
işğal altındadır (146 və 173-cü paraqraflar) və işğal beynəlxalq
hüququ və beynəlxalq humanitar hüquq qeyd olunan vəziyyətə tətbiq
olunur (96-97 paraqraflar) və Ermənistan Azərbaycanın işğal olunmuş
ərazilərinin işğalçısıdır və beynəlxalq hüquqda nəzərdə tutulan
terminlər əsasında bu ərazilər üzərində effektiv nəzarəti həyata
keçirir. Məhkəmə sadəcə olaraq çoxdan geniş mənada bəlli olan və
beynəlxalq ictimai səviyyədə bilinən məsələni təsdiq edib.
Qərardan göründüyü kimi, məhkəmənin icraatı dövründə
Ermənistanın Laçına müdaxiləsi, onun dağıdılması və yandırılmasına
və "özünü müdafiə" adı ilə azərbaycanlı əhalinin zorla
çıxarılmasına və "Dağlıq Qarabağa ərzaq, tibbi ləvazimat və digər
təminatları çatdırmaq ehtiyacı" adı ilə bəraət qazandırmağa
çalışıb. Erməni tərəfi iddia edir ki, məhkəmə bu barədə qeyd
götürüb. Mən onlardan sitat gətirmək istərdim: "Azərbaycanın
təcavüzü" vəziyyətində Laçının "azad edilməsi" Dağlıq Qarabağ
əhalisinin yaşaması üçün həyati əhəmiyyətə malik idi".
- Məhkəmə tərəfindən belə ziddiyyətli açıqlama
verilibmi?
- Göründüyü kimi, Ermənistanın cəzasızlıq hissi onu faktları və
beynəlxalq təşkilatların sənədlərini təhrif etmək və saxtalaşdırmaq
üzrə çirkin təcrübəsini gücləndirməyə həvəsləndirir. Bu iddialar
açıq-aşkar yalandan başqa bir şey deyildir. Ermənistan hətta Avropa
İnsan Hüquqları Məhkəməsi kimi nüfuzlu təsisatın qərarını
həyasızcasına manipulyasiya etmək cəhdlərindən utanmır. Qərarda
"Azərbaycanın təcavüzü" və ya "Laçının azad edilməsi" kimi ifadələr
ümumiyyətlə yoxdur. Maraq göstərən şəxsləri məhkəmənin internetdə
yerləşdirilmiş qərarı ilə tanış olmağa dəvət edirəm. Faktiki
olaraq, məhkəmə Ermənistanın hərbi hücumları və "hərbi zərurət" adı
altında mülki şəxslərin kütləvi şəkildə zorla qovulmasına bəraət
qazandırmağa çalışan iddialarını tam şəkildə rədd edib.
Narahatlıq doğuran məqam Ermənistanın əsassız səbəblərlə özünün
beynəlxalq baxımdan səhv addımlarına təhlükəli şəkildə bəraət
qazandırmaq cəhdidir. Bu qəbuledilməzdir və Konvensiya ilə nəzərdə
tutulmuş və universal şəkildə qəbul edilmiş insan hüquqları
normalarının qorunması cəhdlərinə və eləcə də Avropada ictimai
qaydanın konstitusional aləti olan bu Konvensiyanın roluna ciddi
surətdə xələl gətirə bilər. Beynəlxalq ictimaiyyət Konvensiya və
Avropa İnsan Hüquqları Məhkəməsinə münasibətdə bu cür məsuliyyətsiz
davranışı rədd etməkdə qəti olmalıdır.
-Məhkəmənin Laçının Azərbaycan əhalisinin zorla öz
evlərini tərk etməsi şəraitinin qiymətləndirməsi necə
olub?
-Xüsusilə 19-20-ci paraqraflarda Laçın rayonu, ələlxüsus Laçın
şəhərinin hərbi hücuma məruz qalması, 1992-ci il mayın ortasında
Laçının havadan bombalamaya məruz qalması və bunun nəticəsində
çoxlu sayda evlərin dağıdılması, şəhərin talan edilməsi və
yandırılması, hərbi münaqişə dövründə Laçın və ətraf kəndlərin
tamamilə dağıdılması barəsində məhkəmənin qənaəti əhəmiyyət kəsb
edir. Məhkəmə təsdiq edib ki, Ermənistan tərəfinin niyyəti öz
həyatlarını xilas etmək üçün zorla qaçan azərbaycanlı əhaliyə
mümkün qədər daha çox zərər yetirmək və iztirab verməkdən ibarət
olub. Xatırlayırıq ki, 1992-1993-cü illərdə münaqişə ərazisinə
səfər edən ATƏT rəsmiləri Ermənistan tərəfinin "scourged earth"
(məhv edilmiş torpaq) taktikasını qəbuledilməz hal kimi pisləyib və
bu halı öz sözləri ilə daha çox çirkin etnik təmizləmə təcrübəsinə
bənzədiblər.
Xatırlatmaq lazımdır ki, münaqişə dövründə bir gün ərzində
Azərbaycan əhalisinin ən böyük qətliamı kimi tarixə düşən
Azərbaycanın Dağlıq Qarabağ regionunun Xocalı şəhərinə qarşı hərbi
əməliyyat və Laçına qarşı hücum və Kəlbəcər rayonuna müdaxilə və
onun işğalı Ermənistan silahlı qüvvələrinin birbaşa iştirakı ilə
həyata keçirilib və BMT Təhlükəsizlik Şurasının məlum bir neçə
qətnaməsinin qəbul olunmasına səbəb olub.
Onu da xatırlatmaq lazımdır ki, BMT Baş Məclisinin 1974-cü ildə
konsensusla qəbul etdiyi tərifə görə bir dövlət tərəfindən digər
dövlətin ərazisinə müdaxilə və hücum və ya bu müdaxilə və hücum
nəticəsində müvəqqəti olsa da hərbi işğal, eləcə də bir dövlət
tərəfindən digər dövlətin ərazisinin bombalanması və ya bir dövlət
tərəfindən digər dövlətin ərazisinə qarşı hər hansı silahdan
istifadə edilməsi təcavüzün ən qabarıq təzahürləridir. Məhkəmə
tərəfindən təsdiq olunduğu kimi inkar olunmayacaq formada Laçın və
Azərbaycanın digər şəhər və kəndlərinə Ermənistan və Ermənistan
tərəfindən dəstəklənən qoşunlar tərəfindən hərbi hücumlar və hava
bombardumanı silahlı hücumdur və BMT Nizamnaməsinin 51-ci maddəsinə
uyğun olaraq, Azərbaycanın özünümüdafiə hüququnu ifadə etməsinə
səbəb olub. Bu beynəlxalq hüquqda birdəfəlik təsbit olunub.
-Məhkəmənin qərarının elan olunmasından sonra Ermənistan
tərəfi bir sıra ziddiyyətli bəyanatlar verib. Belə ki, Ermənistanın
ədliyyə nazirinin müavini və Avropa İnsan Hüquqları Məhkəməsi
yanında nümayəndəsi Emil Balayan 13 iyun tarixində bildirib ki,
Məhkəmənin qərarının siyasi və geosiyasi nəticələri ola bilər və bu
qərarın münaqişənin sülh yolu ilə nizamlanması, eləcə də danışıqlar
prosesinə təsiri labüddür. Eyni zamanda, Ermənistanın xarici işlər
naziri Edvard Nalbandyan son şərhlərində qeyd edib ki, Avropa İnsan
Hüquqları Məhkəməsinin "Çıraqov işi" üzrə çıxartdığı qərarın
danışıqlar prosesinə heç bir təsiri ola bilməz. Sizin fikrinizcə,
Yerevandan verilən bu kimi ziddiyyətli ismarıcların arxasında nə
durur və zəhmət olmasa, sözügedən qərarın danışıqlar prosesinə
potensial təsiri barəsində fikirlərinizi bölüşərdiniz.
-Aydındır ki, biz gözlədiyimiz kimi, məhkəmə qərarı Ermənistanda
şok dalğası yaradıb. Ermənistan rəsmiləri tərəfindən verilmiş
ziddiyyətli bəyanatlar Məhkəmənin presedenti olmayan qərarı və bu
qərarın geniş və labüd təsirindən Ermənistanın narahatlığına
işarədir.
Qeyd etdiyim kimi, Avropa İnsan Hüquqları Məhkəməsinin bu qərarı
bir çox baxımdan önəmlidir. Bu qərar ilk dəfə olaraq nüfuzlu
Məhkəmə tərəfindən vəziyyətin ədalətli, üçüncü tərəf analizini və
Azərbaycan vətəndaşlarının Konvensiya ilə təsbit edilmiş
fundamental insan hüquqlarının pozulmasına yol açan şəraitin hüquqi
qiymətləndirilməsini təmin edib.
Xüsusilə, məhkəmə məcburi köçkünlərin öz evlərinə və ya daimi
yaşayış yerlərinə qayıtmaq hüququnu bir daha təsdiq edib və mülk və
əmlakın qaytarılması ilə əlaqədar hüquqi və texniki məsələlərlə
bağlı beynəlxalq humanitar hüquq və insan hüquqlarının müvafiq
standart və prinsipləri xatırladıb. Bu xüsusda, məhkəmə qərarının
195-ci paraqrafında göstərildiyi kimi, məhkəmənin fikrincə, hazırkı
şəraitdə azərbaycanlıların öz evlərinə qayıtmasına başlıca əngəl
Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdə davam edən
mövcudluğu və atəşkəsin pozulmasıdır.
İlk gündən Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin
işğal edilmiş ərazilərdə davamlı qanunsuz mövcudluğunun regional
sülhə əsas təhdid və münaqişənin nizamlanmasına başlıca əngəl
olduğunu bildirir. Məhkəmə mahiyyətcə Azərbaycan vətəndaşlarının
Konvensiya ilə təsbit olunmuş hüquqlarının müdafiəsi və daha geniş
anlamda münaqişənin nizamlanması üçün Ermənistan qoşunlarının işğal
edilmiş ərazilərdən çıxarılmasının sine qua non şərt olması ilə
bağlı Azərbaycanın mövqeyi ilə razılaşmış oldu.
Bundan əlavə, azərbaycanlı əhalinin hazırda işğal altında olan
Dağlıq Qarabağ və ətraf rayonlardakı evlərinə qayıtması bizim üçün
ən vacib məsələdir və deyə bilərəm ki, həyati məsələdir.
Ermənistan, əksinə olaraq, hər zaman azərbaycanlı əhalinin öz
evlərinə qayıtmasına mane olmağa və ya hər hansı şərt qoymağa
çalışıb. Məhkəmənin qərarında bildirilir ki, ATƏT-in Minsk Qrupu
çərçivəsində davam edən danışıqlar, qüvvədə olan əmlak hüquqları da
daxil olmaqla, azərbaycanlı məcburi köçkünlərin hüquqlarına
müdaxilə üçün hüquqi əsas vermir və qərar həmçinin münaqişə zamanı
didərgin düşməyə məcbur qalmış Azərbaycan vətəndaşlarına
münasibətdə Ermənistanın öhdəliklərini də xatırladır. Məhkəməyə
əsasən (qərarın 148-ci maddəsi), işğal olunmuş ərazilərdən didərgin
düşmüş azərbaycanlı məcburi köçkünlərin torpaq hüquqlarının
Ermənistan tərəfindən mənimsənilməsi cəhdləri hüquq baxımından
qanuni hesab oluna bilməz. Ermənistan tərəfindən azərbaycanlı
məcburi köçkünlərin hüquqlarının pozulduğunu müəyyən edən Məhkəmə
qərara gəlib ki, Ermənistan iddiaçılara münasibətdə Konvensiyadan
irəli gələn hüquq pozuntularının aradan qaldırılması və
müvəffəqiyyət əldə etmək perspektivi olan vasitələrlə təmin
edilməsi üçün öhdəliklərini yerinə yetirməmişdir. Eyni səbəblərə
görə, məhkəmə müəyyən edib ki, iddiaçıların Laçın rayonundakı
mülkiyyət və evlərindən istifadə edilməsinə imkan verilməməsi ilə
bağlı pozulmuş hüquqların bərpası üçün səmərəli vasitələr mövcud
deyil.
Məhkəmənin qərarı bir daha təsdiq edib ki, azərbaycanlı əhalinin
öz evlərinə qayıtması hüququ mübahisə mövzusu deyil və istənilən
həll bu hüququn effektiv tətbiqini təmin etməlidir.
Nəzərdən qaçırılmamalıdır ki, Məhkəmənin Böyük Palatasının bu
qərarı yekun qərardır və hüquqi öhdəlik yaradır. Avropa Şurasının
Məhkəmənin qərarlarının yerinə yetirilməsinə nəzarət edən
təsisatlanmış mexanizmi var. Avropa İnsan Hüquqları Məhkəməsinin
qərarından sonra işğal edilmiş Dağlıq Qarabağ və ətraf ərazilərdən
qovulmuş məcburi köçkünlərin hüquqlarının müdafiəsi Avropa Şurası
və onun orqanlarının gündəmində qalacaq.
-Danışıqlar prosesinə təsiri ilə bağlı bu qərar
Ermənistan üçün hansı beynəlxalq məsuliyyəti təsbit
edir?
-Məhkəmə qərarının ən əsas nəticəsi Azərbaycana qarşı başlayan
və bu günədək davam edən təcavüz və beynəlxalq səviyyədə tanınmış
ərazilərinin hərbi işğalı, yüz minlərlə Azərbaycan vətəndaşının
işğal edilmiş ərazilərdən qovulması və bu ərazilərdə evlərinə
qayıdaraq mülkiyyətlərindən istifadəsinə imkan verilməməsinə
cavabdeh olan Ermənistan Respublikası baş vermiş və davam edən
beynəlxalq hüququn pozulmasına görə tam beynəlxalq məsuliyyət
daşıyır.
Dövlətin üzərinə düşən məsuliyyətin və hazırkı iş üçün xüsusi
əhəmiyyət kəsb edən əsas tələbi pozuntuların aradan qaldırılması,
onların bir daha təkrarlanmayacağına dair müvafiq təminat və
zəmanətin verilməsi, vurulmuş zərərin tam reparasiya olunmasından
ibarətdir.
Nəticədə, Ermənistanın ilk olaraq Azərbaycan ərazilərinin
işğalına son qoyulması və bu ərazilərdən öz silahlı qoşunlarını
dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasına dair öhdəlikləri
var. Azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayitması üçün
lazımı şəraiti yaradacaq o öhdəliklərin yerinə yetirilməsi heç bir
halda münaqişənin nizamlanması prosesində güzəşt və ya münaqişənin
həlli prosesində sövdələşmə vasitəsi kimi nəzərdən keçirilə və ya
təqdim edilə bilməz.
-Məhkəmənin işğal edilmiş ərazilərdə Ermənistan
tərəfindən yaradılmış qeyri-qanuni rejimlə bağlı mövqeyi necə
olub?
-Məhkəmənin icraatı zamanı, Ermənistan "DQR"-ın beynəlxalq hüquq
çərçivəsində müstəqil dövlət əlamətlərinə sahib olan suveren və
müstəqil dövlət olduğunu"; onun "Dağlıq Qarabağ və ətraf ərazilər
üzərində nəzarət və yursidiksiyaya malik olduğunu" və "Ermənistan
Respublikası və "DQR"-in müxtəlif dövlətlər olduğunu və "DQR"-in
yarandığı gündən müstəqil şəkildə öz siyasi, sosial və maliyyə
siyasətini yürütdüyünü" iddia edib.
Məhkəmə təqdim olunmuş faktları, dəlilləri nəzərdən keçirərək,
bu iddiaları rədd edib və sözügedən işin icraata qəbul edilməsinə
dair 14 dekabr 2011-ci il tarixli qərarına istinad edərək, 148-ci
bənddə "DQR"-in beynəlxalq hüquq müstəvisində Dövlət kimi
tanınmadığını" vurğulayıb və 28-ci bənddə "özünü müstəqil elan edən
"DQR"-ın heç bir dövlət və ya beynəlxalq təşkilat tərəfindən dövlət
kimi tanınmadığını" yenidən təsdiq edib və bununla da bu qondarma
qurumu qətiyyətlə rədd edən və Azərbaycanın ərazi bütövlüyünə qarşı
güc tətbiq etməklə yaradılmış və etnik təmizləmə və digər kobud
pozuntularla müşayiət olunan vəziyyətin legitimliyini tanımaqdan
imtina edən beynəlxalq birliyin mövqeyini bir daha təsdiq edib.
Bundan əlavə, Məhkəmə müəyyən edib ki, separatçı rejim tamamilə
Ermənistandan asılıdır və "Ermənistanın hərbi, siyasi, maliyyə və
digər asılılığı və dəstəyi ilə mövcuddur" (186-cı bənd).
-Məhkəmənin bu qərarı digər dövlətlər üçün hansı
nəticələr doğurur?
-Məhkəmə öz qərarında hərbi işğalla əlaqəli olan beynəlxalq
humanitar hüquqa dair sənədlərə spesifik istinadlar edir və bu
istinadların sözügedən işə aid olduğunu təsbit edir. Ümumi
beynəlxalq hüququn imperativ normalarına aid öhdəliklərin
pozulması, hansı ki Ermənistan bir sıra normaları pozub, yalnız
Ermənistan üçün deyil, digər dövlətlər üçün də əlavə nəticələr
doğurur ki, buraya da, xüsusilə dövlətlərin bu cür pozuntuları
qanuni yollarla aradan qaldırmaq üçün əməkdaşlıq etmək, ciddi
pozuntu yolu ilə yaradılmış vəziyyəti qanuni tanımamaq və bu
vəziyyətin saxlanılmasına yardım göstərməmək kimi vəzifələri
daxildir.
Ümumi beynəlxalq hüququn ən əsas prinsiplərindən biri də odur
ki, güc tətbiqi və ya güc təhdid vasitəsilə ərazilərin əldə
edilməsi qanuni hesab edilə bilməz, bu prinsip bu silahlı münaqişə
ilə bağlı BMT TŞ-nın 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993)
saylı qətnamələrində bir daha təsdiq olunur. Bu anlayış həmçinin
fərdi hüquq və azadlıqlara tətbiq olunur və onların pozulması heç
bir halda törədən tərəfindən əvvəldən planlaşdırılmış nəticəyə
gətirib çıxara və onun maraqlarına xidmət edə bilməz.
Bu səbəbdən də önəmlidir ki, Azərbaycanın işğal olunmuş
ərazilərindən erməni işğalçı qüvvələrinin çıxarılmasını və məcburi
köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə mənsub olduqları
yerlərə qayıtmalarının dəstəklənməsini tələb edən və məhkəmənin də
öz qərarında geniş şəkildə istinad etdiyi yuxarıda qeyd olunan BMT
Təhlükəsizlik Şurasının qətnamələrinin icrasında beynəlxalq
ictimaiyyət israr edir. Aydındır ki, məhkəmənin qərarı ATƏT-in
Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini də
istiqamətləndirməlidir.
-Erməni tərəfi iddia edir ki, Avropa Şurası Nazirlər
Komitəsinin sədri və Bosniya və Herseqovinanın xarici işlər naziri
olan İqor Krnadak AŞPA-nın 22 iyun tarixli yay sessiyasında
çıxışında guya təsdiq edib ki, münaqişənin həll olunması prosesi
ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində baxılır və bunun
Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd olunmuş qərarları ilə heç
bir əlaqəsi yoxdur. Bu bəyanatı necə şərh edərdiniz?
-Ermənistan tərəfinin iddiaları daha bir saxtakarlıqdır. Cənab
Krnadakın çıxışının videoyazısını onlayn formada əldə etmək
mümkündür. Məhkəmənin qərarının icra olunması ilə bağlı suallara
cavabında əslində cənab Krnadak demişdir və burada mən ondan sitat
gətirirəm, "Nazirlər Komitəsi bu qərarların icrasına nəzarətə
başlayacaqdır və əlbəttə ki, Sədrlik buna daha çox diqqət
yönəldəcəkdir və bu bizim üçün vacib olacaqdır". Həmçinin, o deyib
ki, "Məhkəmə qərarının icrası İnsan Hüquqları üzrə Avropa
Konvensiyasının 46-cı maddəsinə əsasən məcburidir və hərtərəfli
sülh nizamlanmasını bərqərar etmək üçün davam edən cəhdlərlə
birlikdə həyata keçirilməlidir". Ermənistan tərəfi vasitəçilik
cəhdləri ilə bağlı cənab Krnadakın bəyanatını düzgün olmayan
formada şərh edir. Cənab Krnadak bildirib ki, "münaqişənin həlli
üçün vasitəçilik ATƏT-in Minsk Qrupunun məsuliyyətidir". Ən azından
Avropa Şurasının belə bir yüksək vəzifəli rəsmisinin adından sözlər
düzəltmək məsuliyyətsizlikdir.
- Ermənistan tərəfi "Sarqsyan Azərbaycana qarşı" işində
bu məsələyə reaksiya verməkdən Azərbaycanı çəkindirən müəyyən
ifadələrin olduğunu iddia edir. Bu belədirmi və Azərbaycanın
Məhkəmənin bu qərara münasibətdə reaksiyası necədir?
-İlk növbədə bizə bu xüsusi məsələdə şərh üçün heç vaxt müraciət
olunmayıb. Amma böyük məmnuniyyətlə erməni tərəfinin "marağını"
cavablandıracam. Bildiyiniz kimi, azərbaycanlı ərizəçilər
Konvensiyaya uyğun olaraq hüquqlarının pozulması ilə bağlı Avropa
İnsan Hüquqları Məhkəməsində iş qaldıranda, həmişə olduğu kimi
Ermənistan tərəfi də bunu təkrarladı və Minas Sarqsyan adlı
Ermənistan vətəndaşını 2006-cı ildə eyni tipli şikayətlə məhkəmədə
iş qaldırmağa təhrik etdi. Ermənistan Azərbaycan ərazilərinin
Ermənistan tərəfindən işğalı nəticəsində kütləvi şəkildə
azərbaycanlı məcburi köçkünlərin fundamental hüquqlarının
pozulmasına dair Avropa İnsan Hüquqları Məhkəməsinin presidenti
olmayan icraatından irəli gələn nəticələri azaltmaq üçün bu
cəhdlərə əl atıb.
Bu şikayətçinin iddiasından irəli gələn iş qısaca olaraq ondan
ibarətdir ki, guya bu şəxsin Azərbaycanın Goranboy rayonunun
Gülüstan kəndinə qayıtmaq və öz mülkiyyətindən istifadə etmək
barəsində hüququ inkar edilir. Xüsusilə qeyd etməliyəm ki, 218-ci
paraqrafda məhkəmə məxsusi olaraq vurğulayır ki, Gülüstandakı evi
və torpağına münasibətdə iddiaçı hüquqlarından məhrum edilməyib. O
da qeyd olunur ki, bu işə mülkiyyət hüququndan məhrum etmə daxil
deyildir. Eləcə də şikayət olunan bu halın mülkiyyət üzərində
istifadəyə nəzarət məqsədi daşıyan hər hansı tədbirlərdən irəli
gəlmədiyi vurğulanıb.
Məcburi köçkünlər və qaçqınların işi ilə bağlı Azərbaycanın
mövqeyinin davamlı və dəyişməz olmasına dair hər hansı fikir əlavə
etməyə ehtiyac yoxdur. Biz məcburi köçkünlərin ən tez bir zamanda
öz evlərinə qayıtmasında ən çox maraqlı olan tərəfik. Çıraqov
işində Məhkəmənin istinad etdiyi kimi əhalinin didərgin düşməsi
Ermənistanın qeyri-qanuni hərəkətlərinin birbaşa nəticəsidir.
Həqiqətən Ermənistan, xüsusilə Azərbaycanın Dağlıq Qarabağ regionu
olmaqla, maneələr və qeyri-real şərtlər irəli sürməklə didərgin
düşmüş əhalinin qayıtmasını əngəlləyir və kütləvi miqyasda həyata
keçirdiyi etnik təmizləmənin nəticələrini möhkəmləndirməyə çalışır.
Biz davamlı şəkildə dəfələrlə vurğulamışıq ki, Ermənistan silahlı
qüvvələrinin çıxarılması, partlamamış mərmilərin təmizlənməsi,
ərazilərin bərpası kimi addımlardan başlayaraq bir sıra tədbirlərin
görülməsi didərgin düşmüş əhalinin təhlükəsiz və ləyaqətli şəkildə
qayıtması üçün şərait yaradacaqdır.
"Sarkisyan Azərbaycana qarşı" işinə gəldikdə isə, bu qərarda bir
sıra müddəalar vardır ki, Ermənistan tərəfi sadəcə onları
kiçiltməyə və toxunmamağa çalışır. Çünki ən azından bu narahatlıq
yaradır. Beləliklə, Ermənistanın məyusluğuna səbəb olacaq formada
215-216-cı paraqraflarda məhkəmə bir daha vurğulayır ki, münaqişə
Ermənistan və Azərbaycan arasındadır. 30-cu paraqrafda məhkəmə qeyd
edib ki, keçmiş "Şaumyan" rayonunun (Goranboy) "DQR tərəfindən
ərazisinin bir hissəsi olduğu iddia edilir...". Təqdim olunan
dəlilləri nəzərdən keçirən məhkəmə 134 və 139-cu paraqraflarda
müəyyən edib ki, Gülüstan kəndinin yerləşdiyi rayon Azərbaycanın
beynəlxalq səviyyədə tanınmış ərazisidir və beləliklə, Ermənistanın
iddiası rədd edilir. Bundan əlavə, 130-cu paraqrafda məhkəmə bir
daha təsdiq edir ki, hərbi işğal mahiyyət etibarilə müvəqqətidir və
suverenliyin itirilməsi ilə nəticələnmir.
-Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinin
məcburi köçkünlərin geri qayıtmasına əlverişli şərait yaradacağı və
bu məsələnin heç bir halda güzəşt kimi nəzərdən keçirilməməsi ilə
bağlı Azərbaycan tərəfinin bəyanatını şərh edən Ermənistan tərəfi
iddia edib ki, "ixtiyari" və "seçimli təfsiri" baxımından
Azərbaycan bir daha ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin
rəhbərlərinin beş bəyanatında öz əksini tapmış təkliflərə qarşı
durur. Erməni tərəfi həmçinin bildirib ki, həmsədrlər bu
elementləri tam kompleks kimi nəzərdən keçirirlər, belə ki bir neçə
elementin digərləri ilə müqayisədə üstün tutulması cəhdləri
balanslaşdırılmış həllə nail olmağı qeyri-mümkün edəcəkdir. Bunu
necə şərh edə bilərsiniz?
-Bu, ilk dəfə deyil ki, Ermənistan tərəfi danışıqlar prosesinin
məğzini təhrif edir. Bu məsələ ilə bağlı Azərbaycanın mövqeyi
Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən Çıraqov işi ilə bağlı
hökmün elanından sonra Xarici İşlər Nazirliyinin 16 iyun tarixli
bəyanatında təkrarlanıb. Biz aydın şəkildə vurğuladıq ki,
Azərbaycan Ermənistan silahlı qüvvələrinin çıxarılmasını və məcburi
köçkünlərin geri qayıtmasını "güzəşt" kimi nəzərdən keçirmir. Sizin
də istinad etdiyiniz Ermənistan tərəfinin davranışı Məhkəmənin
müdafiə olunmasına hökm verdiyi məcburi köçkünlərin fundamental
hüquqlarının reallaşdırılması üçün kimin maneələr yaratdığını aydın
şəkildə göstərir.
Bundan əlavə, həqiqətən həmsədrlərin təkliflərində Ermənistan
qüvvələrinin çıxarılması və ya azərbaycanlı məcburi köçkünlərin
evlərinə geri qayıtmasını "güzəşt" kimi xarakterizə edən heç nə
yoxdur. Bunlar əsas addımlardır ki, onlarsız heç bir həll
olmayacaqdır. Azərbaycan münaqişənin nizamlanmasında labüd olan və
heç bir alternativi olmayan mərhələli yanaşmanın tərəfdarıdır.
ATƏT-in Minsk Qrupunun həmsədrləri bundan xəbərdardırlar və onların
mandatı bu anlayışa əsaslanır.
Münaqişənin həlli yalnız beynəlxalq səviyyədə tanınmış
sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi
əsasında mümkündür. Azərbaycanın ərazi bütövlüyü heç vaxt
danışıqlar mövzusu olmayıb və olmayacaq. Azərbaycan bu anlayışa
əsaslanaraq münaqişənin həll olunması prosesinə sadiqdir.
Həmsədrlərin bəyanatları bir müddət öncə üzərində işləməyə
başlamaq üçün Azərbaycanın təklif etdiyi beynəlxalq hüquqa
əsaslanmış müfəssəl sülh razılaşması üçün əvəzedici ola bilməz.
Azərbaycan ərazilərinin işğalında status-kvonun uzadılmasında
yollar axtarmaqdansa, Ermənistan xüsusilə Avropa İnsan Hüquqları
Məhkəməsinin son qərarının fonunda istinad etməyin daha da çətin
olduğu öz qeyri-konstruktiv mövqeyini yenidən nəzərdən
keçirməlidir. Nə qədər tez Ermənistan reallığı dərk edəcəksə, bir o
qədər də tez münaqişə həll olunacaq və regiondakı ölkələr və
xalqlar əməkdaşlığın perspektivlərindən və iqtisadi inkişafdan
faydalanacaq.
Azərbaycan bir daha Ermənistan tərəfini vaxt itirmək və öz
xalqını və beynəlxalq ictimaiyyəti yanıltmaqdansa, işğal və etnik
təmizləmə siyasətinə son qoymağa və münaqişənin nizamlanması
prosesində konstruktiv şəkildə iştirak etməyə və beynəlxalq
öhdəliklərini yerinə yetirməyə çağırır.