Uydurma "erməni soyqırımı" iddialarını Rusiya
arxivlərindən topladığı materiallarla puça çıxaran türkiyəli alim,
"Rusiyanın dövlət arxivlərindəki 120 sənəddə erməni məsələsi"
kitabının müəllifi Mehmet Perinçək APA-ya müsahibə verib.
- Rusiya dövlət arxivlərində uydurma "erməni soyqırımı"
ilə bağlı araşdırmalarınız davam edirmi?
- Bəli, araşdırmalarım davam edir. Bu ilin mart ayında "Erməni
milliyyətçiliyinin serüveni: Daşnaklardan ASALA-ya yeni sənədlərlə"
adlı kitabım çıxıb. Orada həm çar Rusiyası dövrünə, həm də Sovet
İttifaqı dövrünə aid, erməni məsələsi ilə bağlı yeni sənədləri
açıqlamışam. Bundan başqa, həmin kitabda I Dünya müharibəsinin
Qafqaz cəbhəsində Rusiyanın hərbi məhkəmələrində erməni
dəstələrinin mühakimə olunduğu cinayət işlərinin dosyelərini çap
etmişəm. Həmin sənədlərdən aydın olur ki, erməni dəstələri Rusiya
tərəfindən müsəlman əhaliyə qarşı törətdikləri kütləvi qətllərə
görə mühakimə olunublar. Rusiya məhkəmələri onlara ən ağır cəza
kəsib. Yenə həmin kitabda erməni məsələsində ən başlıca rol oynayan
daşnakların İkinci Dünya müharibəsində nasistlərlə işbirliyi içində
olduğunu sübut edən sənədləri yayımlamışam. Bu kitabda xüsusilə
daşnakların Hitlerlə, faşist Almaniyası ilə həm Türkiyəyə qarşı,
həm də Sovet İttifaqına qarşı törətdiyi cinayətləri ortaya çıxaran
sənədlər də öz əksini tapıb. Son kitabım türkcə nəşr olunub. Bu
kitabı rus dilində də nəşr edib, Moskvada təqdimat mərasimini
keçirməyi planlaşdırıram.
- Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı son qərarla
bundan sonra Avropa Şurasına üzv ölkələrdə uydurma "erməni
soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi mümkün
olmayacaq. Bunu necə dəyərləndirirsiniz?
- Çox önəmli bir qərardır. Bir tərəfdən fikir azadlığı
baxımından verilmiş bir qərardır. Çünki bu günün Avropasında
"erməni soyqırımı"nın olmadığını deməyin cinayət məsuliyyəti
yaratması orta əsrlər dövrünə qayıdış deməkdir. Yəni, bunun
inkvizisiya məhkəmələrində olan mühakimələrdən heç bir fərqi
olmazdı. Fikir, düşüncə azadlığı baxımından bunun söylənilməsi çox
önəmlidir. Amma digər tərəfdən də, 1915-ci il hadisələrinin
yəhudilərə qarşı törədilən Holokostdan ayrı tutulması ilə bağlı
qərar da bizim üçün çox önəmlidir. Yəni, faşistlərin yəhudilərə
qarşı törətdiyi soyqırımla 1915-ci il hadisələrinin arasında fərq
olduğu təsbit edilib.
Bu da çox önəmlidir. Bu qərar təkcə Avropa Birliyi ölkələrini
deyil, Avropa Şurası ölkələrini də əhatə edəcək.
Bura Ermənistan da daxildir. Artıq Ermənistan da daxil olmaqla,
heç bir Avropa ölkəsində "erməni soyqırımı"nın olmadığını söyləmək
cinayət məsuliyyəti yaratmayacaq. Təbii ki, bu qərar bir
başlanğıcdır. Bu qərarın tətbiqinə baxmaq lazımdır. Çünki "erməni
soyqırımı"nı inkar etməyin cinayət sayılması haqqında qanun
İsveçrədə, İsveçdə, Yunanıstanda, Ermənistanda və digər ölkələrdə
mövcuddur. Bu qərarla həmin qanunlar ləğv etdirilə bilər. Bunların
ləğv edilməsi, həmin ölkələrdə dərsliklərdə "erməni soyqırımı"
iddialarının birtərəfli işıqlandırılmasının qarşısını almaq, bu
qərarın bir-bir Avropa Şurası ölkələrində tətbiq olunmasını təmin
etmək üçün addımlar atmaq lazımdır.
- Suriya böhranı ilə bağlı Türkiyə-Rusiya
münasibətlərində gərginlik müşahidə olunur. Ümumiyyətlə, iki ölkə
arasındakı münasibətlərə dair fikirlərinizi bilmək
istərdik.
- Bölgəmizdə Suriya böhranı ilə bağlı diqqət yönəldilməsi vacib
olan ən önəmli nöqtə ABŞ-ın Suriyanın şimalında, Şimali İraqdan
başlayaraq Aralıq dənizinə qədər bir "kürd dəhlizi" açmaq
istəyidir. Çünki ABŞ-ın İraqın şimalında olan marionet kürd
dövlətini yaşatmaq üçün "Kürdüstan"ı Aralıq dənizinə çıxartmaq
lazımdır. ABŞ-ın ən böyük planı budur. Bu "kürd dəhlizi" planı bir
tərəfdən Türkiyənin, Suriyanın, digər tərəfdən də İran və İraqın
ərazi bütövlüyünü təhdid edir. "Kürd dəhlizi"nin açılması təkcə
sadaladığım ölkələrin ərazi bütövlüyünə təhdidlə qalmayacaq,
regionda nüfuz sahibi olmaq istəyən Rusiyanın ABŞ qarşısında
uduzmasına yardım edəcək. Çünki bu dəhliz təkcə Türkiyə, Suriya və
İrana qarşı deyil, Rusiyanın özünə qarşı da istifadə olunacaq. Türk
ordusunun separatçılığa qarşı verdiyi mücadilə çox önəmlidir və bu
mücadilə Rusiya tərəfindən də dəstəklənməlidir. ABŞ-ın rəsmi və
qeyri-rəsmi şəxsləri davamlı Türkiyəni təhdid edirlər. Onlar
Türkiyənin PKK-ya qarşı keçirdiyi əməliyyatların dayandırılması
tələbini irəli sürürlər. Ankarada baş verən son terror hadisəsinin
də bununla əlaqəli olduğunu düşünürəm. Bu, Türkiyə ordusuna bir
mesajdır. Türkiyə ordusunun separatçılıqla mübarizəsi ABŞ-ı narahat
edir.
Rusiyanın Suriya siyasətini və orada İŞİD-ə qarşı keçirdiyi
əməliyyatları haqlı sayıram. İndiki zamanda Rusiya, Türkiyə, Əsəd
rejimi, İran və İraq birlikdə hərəkət etməlidirlər. ABŞ-ın bölgədə
həyata keçirmək istədiyi planın qarşısı bu ölkələrin işbirliyi
sayəsində alınmalıdır. Lakin təəssüflər olsun ki, Rusiya kürd
məsələsində yanlışlığa yol verir. Moskvanın PKK-nı terror təşkilatı
kimi tanımaması böyük səhvdir. Rusiya necə çeçen döyüşçülərini
terror təşkilatı kimi görürdüsə, PKK-nı da elə görmək
məcburiyyətindədir. Görmədiyi təqdirdə isə bu, ancaq ABŞ-ın işinə
yarayacaq. Bu, Amerikanın planına Rusiyanın dəstək olduğunu
düşünməyə əsas verir. Rusiya bu gün Ukraynada, Cənubi Qafqazda və
Mərkəzi Asiyada onsuz da ABŞ-la gərginlik yaşayır. Rusiya bu
ərazilərdə öz milli maraqlarını müdafiə edir. Bu ərazilərdə öz
milli maraqlarını müdafiə edərkən gedib Suriyada ABŞ-ın milli
maraqlarına xidmət etmək Rusiya tərəfindən atılacaq böyük səhv
olacaq. Rusiyanın oradakı kürd oluşumunu, kürd dəhlizini
dəstəkləməsi ilə çeçen terrorçularını dəstəkləməsi arasında bir
fərq görmürəm.
Rusiya rəsmilərinin bunu görməsi vacibdir. Türkiyə hökuməti də
Amerikayönümlü reflekslərdən imtina etməlidir.
Əsəd hökuməti və Rusiya ilə kürd dəhlizinə və İŞİD-ə qarşı ortaq
hərəkət etmək lazımdır. Bu problemlər ancaq bu yolla həll oluna
bilər. Bu ölkələr birlikdə hərəkət etməsələr, bundan ən çox ziyanı
Türkiyə və Rusiya görəcək.
- Türkiyə və Rusiya münasibətləri fonunda baş verən
proseslərin Cənubi Qafqaz regionuna təsiri necə
olacaq?
- Bayaq da qeyd etdiyim kimi, Türkiyə və Rusiya Cənubi Qafqaz və
Qara dəniz regionunda da birlikdə hərəkət etməlidir. Bu ölkələr
indiyə kimi nə vaxt birlikdə hərəkət ediblərsə, bu, hər iki ölkənin
xeyrinə olub. Türkiyə və Rusiya nə vaxt ki, bir-birinə rəqib
olurlar, o zaman hər ikisi bundan böyük ziyan görür. Qazanan isə
Qərb, dolayısı ilə ABŞ olur. Türkiyə ilə Rusiyanın Cənubi Qafqazda
işbirliyində olması vacibdir. Türkiyə ilə Rusiya arasında bu
regionda birgə addımlar atılsa, Dağlıq Qarabağ münaqişəsinin də
ədalətli şəkildə həll olunmasının önü açılacaq. Təəssüflər olsun
ki, bu gün Dağlıq Qarabağ münaqişəsində status-kvonun dəyişəcəyinə
dair işartılar mövcud deyil. Avropa İnsan Haqları Məhkəməsində əldə
etdiyimiz qələbə kimi, inanıram ki, Dağlıq Qarabağ probleminin də
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail
olunacaq.
Qərbin Dağlıq Qarabağ probleminin həllində nə qədər maraqlı
olmasına gəldikdə isə, qeyd etməliyəm ki, Qərb ölkələri bununla
bağlı Ermənistana bir neçə dəfə təklif irəli sürüblər.
Ermənistandan Rusiyaya qarşı Qərblə birgə hərəkət etmələri tələb
olunur. Bu tələb yerinə yetirildiyi təqdirdə, ABŞ Dağlıq Qarabağ
məsələsində tamamilə Ermənistanın mövqeyini dəstəkləyəcəkdi. Bunun
üçün ABŞ Türkiyədə "erməni açılımı"nı başlatdı. ABŞ-ın "erməni
açılımı"nın məqsədi Ermənistanı Rusiyadan qoparıb özünə bağlamaq
cəhdi idi. Bununla da ABŞ öz milli maraqları naminə Dağlıq Qarabağ
münaqişəsini Azərbaycan və Türkiyənin maraqlarının əskinə həll
etməyə cəhd göstərdi. Ona görə də, Türkiyə, Rusiya, Azərbaycan və
İranın regionda birlikdə hərəkət etmələri vacibdir. Bu ölkələr
regionda birlikdə hərəkət etsələr, ABŞ-ın bölgəyə müdaxiləsi sıfır
səviyyəsinə enər.