Yuxarı

Azərbaycan regionu yeni toqquşmadan xilas etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzaq Şərq, Qlobal Cənub, Yaxın Şərq, Qərb və Cənubi Qafqaz. Azərbaycanın coğrafi baxımdan uzaq olan bu regionlar arasında birləşdirici-barışdırıcı rolu həm ölkəmizi qlobal müstəvidəki həlledici oyunçuya çevirir, həm də qlobal sabitliyə mühüm töhfə verir. Son proseslər fonunda bunu daha aydın görmək mümkündür.

Uzaq Şərq: Prezident İlham Əliyevin Çinə dövlət səfəri Azərbaycanın Avrasiyanın yüksələn gücü tərəfindən əhəmiyyətli aktor kimi qəbul edildiyinin nümunəsi idi. Çinin qlobal müstəvidə artan gücü, hətta dünya siyasətində ikinci qütbə çevrilməsi yaxın perspektivin qaçılmaz reallığı kimi qiymətləndirilir. Və bu gücün Azərbaycanla strateji tərəfdaşlığa önəm verməsi təsadüfi deyil.

Birincisi, Azərbaycan Şərqlə Qərbi birləşdirən logistik və siyasi körpüdür: Prezident İlham Əliyevin xarici siyasətdə ölkəmizin bu potensialından uğurla istifadə etməsi Azərbaycanı qlobal oyunçular üçün vazkeçilməz amilə çevirib.

İkincisi, Azərbaycan Çinin “Bir kəmər, bir yol” layihəsində əsas açar ölkədir. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri, eləcə də Cənubi Qafqazın nəqliyyat şəbəkəsinin Azərbaycanda birləşməsi ölkəmizi Avrasiyanın gələcəyinin qurulmasında mühüm oyunçuya çevirib.
Prezident İlham Əliyev Çində qlobal proseslərə yön verən lider kimi qəbul edilməsi bu kontekstdə təsadüfi deyildi. Prezidentin Çinə səfəri zamanı imzalanan sənədlər, xüsusilə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” Pekinin qlobal siyasətdə Bakı ilə əməkdaşlıq etmək, Azərbaycanın həlledici oyunçu potensialından yararlanmaq istəyindən qaynaqlanır. Faktiki olaraq, Azərbaycan Avrasiyanın gələcək siyasi-iqtisadi arxitekturasının inşasında vacib gücə çevrilir.

Yaxın Şərq: Azərbaycan regionu yeni toqquşmadan xilas edir.

Prezident İlham Əliyev ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda Türkiyə və İsrail arasında yaşanan qarşıdurmada Azərbaycanın vasitəçilik missiyasında bəhs etdi.

Dövlət başçısı bildirdi ki, Türkiyə ilə İsrail arasında ilk uğurlu barışıq müəyyən dərəcədə Azərbaycanın vasitəçiliyi ilə əldə olunub: “Çünki indi iki ölkə arasında baş verənlər ilk böhran deyil, yaxın keçmişdə ikincidir. İlk böhran zamanı biz ölkələri yaxınlaşdırmağa çalışmaq üçün fəal rol oynadıq. Bu, təkcə Azərbaycan deyildi, lakin deyərdim ki, Azərbaycan bu prosesdə birinci yerdə idi. Yenə də bu, bağlı qapılar arxasında baş verdi. Biz bunu heç vaxt ictimailəşdirmədik. Biz buna görə heç vaxt özümüzü tərifləməyə çalışmadıq. Biz, sadəcə olaraq, müttəfiqimiz və qardaşımız olan Türkiyəyə, dostumuz İsrailə öz əlaqələrini yenidən qurmaq üçün yardım etmək istədik. Bəlkə də bilirsiniz ki, bu normallaşmanın nəzərəçarpan əlamətləri də var idi, məsələn, İsrail Prezidenti cənab Hersoqun Türkiyəyə səfəri və Prezident Ərdoğanla görüşü, Prezident Ərdoğanla Baş nazir Netanyahu arasında Nyu-Yorkda görüş. Bu, iki il bundan əvvəl baş vermişdi. İndi biz bir növ dejavü yaşayırıq. Biz addımlarımızın alqoritmini bilirik. Mən sizi əmin edə bilərəm ki, yardım etməyə çalışmaq üçün səy göstəririk. Ola bilsin ki, hazırkı mərhələdə bundan daha çox söz demək doğru olmaz, çünki yenə də bu, iki ölkə arasındakı münasibətlərdir. Aramızdakı hər hansı prosesi, - əgər, ümumiyyətlə, belə bir proses varsa, - nə dərəcədə ictimailəşdirmək istəmələrinə onlar özləri qərar verməlidirlər. Normallaşmanın birinci raundu zamanı biz tamamilə sakit idik. Biz bağlı qapılar arxasında işləyirdik. Təsəvvür edə bilərsiniz ki, biz indi eyni işi görürük. Ümidvarıq ki, bu proses normallaşmaya aparacaq”.

Prezidentin bu açıqlaması iki faktoru ortaya çıxardı.

Birincisi, Ankara-Təl-Əviv arasında iki il öncə müşahidə edilən normallaşmada Bakının vasitəçilik səyləri mühüm paya sahib olub.

İkincisi, Azərbaycan hazırda toqquşan tərəfə çevrilən Türkiyə və İsrail arasında dialoqun yenidən qurulması istiqamətində işləyir.


Bu prosesin ötən ilin dekabrından aktiv mərhələyə keçdiyi müşahidə edilirdi. Prezidentin köməkçisi Hikmət Hacıyevin Təl-Əviv-Ankara xətti üzrə səfər trafiki də bundan qaynaqlanırdı, lakin rəsmi Bakı ilk uğurlu nəticədə olduğu kimi, ikinci cəhddə də məsələni ictimailəşdirməyib.

Dövlət başçısının açıqlamasından bir gün sonra – aprelin 10-da Türkiyə və İsrail Bakıda baş tutan danışıqlarda Suriyada sabitliyin qorunması üzərində razılıq əldə etdi. Bu, Azərbaycanın Türkiyə-İsrail xəttində dialoqun qurulması ilə bağlı Prezident İlham Əliyevin açıqladığı ikinci cəhdində də müsbət nəticə əldə etməsi deməkdir.

Bakının tərəflər arasında vasitəçiliklə əldə etdiyi nəticə kifayət qədər əhəmiyyətlidir.

1. Müttəfiq və dost ölkə arasında dialoq kanalı açıldı və bu, Azərbaycanı qarşıdurmada çətin seçim məcburiyyətində qalmaqdan xilas edir;
2. Türkiyə və İsrail arasındakı qarşıdurmada maraqlı olmayan ABŞ-ın yeni administrasiyasında Bakının əhəmiyyəti ilə bağlı mövqe güclənir: bu, regional müstəvidə, xüsusilə Ermənistanla münasibətlərin perspektivləri fonunda maraqlarımıza uyğundur;
3. Suriya yenidən toqquşma poliqonuna çevrilmə təhlükəsindən xilas edilir;


Azərbaycan ümumilikdə Yaxın Şərqi yenidən toqquşma meydanına çevrilməsinin qarşısını almağa çalışır.

Cənubi Qafqaz: Azərbaycan regionun gələcəyinin inşasına liderlik edir.

Gürcüstan Prezidenti Mixail Kavelaşvili aprelin 15-də Bakıya səfər etdi. Bu, Gürcüstanın yeni prezidentinin xaricə ilk rəsmi səfəri idi və ilk səfərin məhz Azərbaycana edilməsi ölkəmizin regiondakı əhəmiyyətini bir daha önə çıxarır. Prezident İlham Əliyev və gürcüstanlı həmkarının Bakıda verdiyi mesajlar Cənubi Qafqazın gələcəyinin birgə inşa edilməsi baxımından önəmli idi. Bu həm də o deməkdir ki, Gürcüstan gələcəyini Azərbaycanla əməkdaşlıqda görür.

Təkcə aprel ayında baş verənlər – Azərbaycanın birbaşa iştirakı ilə müşahidə edilən diplomatik trafik ölkəmizin nüfuzundan xəbər verir.

-Aprelin 10-də İsrail və Türkiyə Bakıda razılaşma əldə etdi;
- Aprelin 15-də Gürcüstan prezidenti ilk səfərini Azərbaycana etdi;
- 22-24 apreldə Prezident İlham Əliyev Çində regionun lideri və qlobal proseslərə yön verən oyunçu kimi qəbul olundu;
- Yaxın günlərdə İran prezidenti Məsud Pezeşkianın böyük nümayəndə heyəti ilə Azərbaycana səfəri gözlənilir.

Regional müstəvidə proseslərə liderlik edən Azərbaycan qlobal proseslərdə həlledici oyunçuya çevrilib. Bütün bunlar Prezident İlham Əliyevin dərin strategiyasının nəticəsidir.

Tarix
2025.04.25 / 19:04
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Minsk qrupunu saxlamağın mənası yoxdur - Bayramov

Bayramovla Sinirlioğlu arasında geniştərkibli görüş başladı

Milli mətbuatın 150 illik yubileyi keçiriləcək

Ermənistan sülh uğrunda çalışmır - tam əksinə, fürsət axtarır

Bayrağımız yandırıldı: XİN-dən İrəvan və Parisə sərt reaksiya...

Rubio “soyqırımsız” statusu ilə İrəvana mesaj verdi

Narışkin Bakıda bu ölkənin kəşfiyyatçısı ilə görüşüb

Əli Əsədov daha bir qərar imzaladı

Çin nəhənglərinin Bakıya yolu açıldı: Nələr olacaq?

AB-nin “Ermənistan röyası”na qarşı Bakının çin gedişi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla