Sosial şəbəkələrdə sürünərək əcaib ibadət edən
insanların görüntüsü yayılıb.
Axar.az xəbər verir ki, görüntülərdə qeyri-insani hərəkətləri
ilə diqqət çəkən şəxslərin islam məzhəblərindən hansına mənsub
olduğu bilinmir.
Videonun şərh bölməsində isə Solomon Can adlı Feysbuk
istifadəçisi maraqlı arqumentlə fikrini bildirib:
"Bu, əsl islam deyil" deyiminin fəlsəfəsi bilirsiniz nədir?
İslam dininin iki əsas təməli var: Quran və hədislər. Qeyd edim ki,
islam dini onlarca məzhəb və 500-ə qədər qola bölünüb. Bu məzhəblər
biri-birindən Quran təfsiri (izahı), fərqli hədis, fərqli
ibadətləri, şəriəti və ruhani həyatlarını yaşamaq qaydaları ilə
fərqlənirlər. Məsələn, vəhhabilər uzun saqqal saxlayıb, cihad edib
öz tövhidlərini qəbul etməyənləri qətlə yetirir, döyüşdə qadınları
cariyə (kölə) edib onları cinsi istismara məruz qoyur, bazarda
satır. Və ya şiələr əzadarlıq edib, özlərini aşurada döyür, mütə
(müvəqqəti) nikah edir və s.
Həmçinin bu məzhəblərin müxtəlif dini hökm və fitvalar verən bir
çox dindar "alimləri" var. Və heç bir məzhəb başqa bir məzhəb
aliminin verdiyi hökm və fitvanı qəbul etmir. Məsələn, sələfi
əqidəsindən olan Şeyx Albaninin, İbn Bazın verdiyi fitvaları digər
məzhəblər qəbul etmirlər. Eyni ilə Xomeyni, Xamenei və Sistaninin
verdiyi hökmlərlə digər məzhəblər razılaşmır.
Fitva verən müasir din alimlərinin istinad elədikləri bir çox
qaynaqlar var. Bu adamlar Buxari, Hənəfi, Şafi, Tirmizi, Həmbəl,
Kafi və s. kimi hədis kitablarına istinad edirlər və oradan
günümüzə uyğun, öz yanaşmaları ilə hökm çıxarırlar.
Siz bu hökmləri sosial şəbəkədə yazdığınız və ya videolarını
paylaşdığınız zaman bir müsəlmanın sizin göstərdiyiniz arqumentə
"bu, əsl islam deyil" deyərək mübahisə apardığının şahidi
olmusunuz. Bəs yaxşı, bunlar niyə belə deyir: "Yox, bu, əsl islam
deyil?".
Çünki bu məzhəblər yuxarıda qeyd etdiyim kimi, bir-birinin hökm
və ruhani yaşam tərzini qəbul etmirlər.
Məsələn, İranda insanların asılmasını, müvəqqəti nikahın
yayılmasını paylaşdığınız zaman digər məzhəbdən olanlar bunu görüb
"bu, əsl islam deyil" deyəcək. Pakistanda "sünnətdir" deyib az
yaşlı uşaqlarla evlilik mərasimini yazdığınızda digər məzhəbdən
olanlar da "bu, əsl islam" deyil, deyəcək. Misirdə qadınların
sünnət olunmasını paylaşdığınız zaman bunu qəbul etməyən digər
məzhəbçilər də o sözü işlədəcək.
Səudiyyə Ərəbistanından qaynaqlanan vəhhabilərin cihad edib baş
kəsmələrini göstərdiyiniz zaman digər məzhəbdən olanlar da "bu, əsl
islam deyil", "onlar dini düz başa düşməyiblər", kimi sözlərlə sizə
haqsız olduğunuzu göstərməyə çalışacaqlar. Ayrıca, həmin qəbul
etmədikləri dini icraların əksinə, sizə arqumentlər yazacaq və
yazırlar da.
Bu insanlar icra etdikləri qaydaları Quran və hədislərə istinad
edirlər. "Bu, əsl islam deyil", "onlar islamı düz başa
düşməyiblər", dedikdə isə, əslində, "o, mənim məzhəbimdən deyil",
demək istəyirlər. Yəni bu insanlar demək istəyir ki, göstərdiyiniz
arqument mənim məzhəbim, mənim islama baxış tərzim və mənim dini
yanaşmam ilə üst-üstə düşmür.
Bu məzhəbçilərin öz aralarında necə boğuşduğunu sosial şəbəkədə
görmək mümkündür. Bir sözlə "bu, əsl islam deyil" cümləsinin
fəlsəfəsi, əslində, "o, mənim məzhəbimdən deyil", - deməkdir".
Qeyd edək ki, "bu, əsl islam deyil" ifadəsi cəhalətə qarşı
olanlarla inanclılar arasında gedən mübahisələrdə ikincilərin daim
söhbətə nöqtə qoyan frazası kimi məşhurlaşıb.