Xocalı soyqırımının 22-ci ildönümüdür. Bu faciə bir
əsrdir ki, xalqımızın başına gətirilən faciələrin nə ən böyüyüdür,
nə də birincisi... Bu faciəyə təkcə düşmənin bizim başımıza
gətirdiyi fəlakət kimi baxmaq doğru olmazdı.
İlk baxışda vətənpərvərlik ritorikasına uyğun gəlməyən fikir
kimi görünə bilər. Ancaq düşmənin düşmənçiliyi bilinən bir
gerçəklikdir, həmişə fürsət düşdükcə o öz azğınlığını, qəddarlığını
göstərəcək, zərbə vurmağa çalışacaq. Necə ki, son yüz illik
tariximiz erməni düşmənçiliyinin yaratdığı faciələrlə
zəngindir.
Bu barədə çox danışılıb, çox yazılıb. Ancaq bu faciəyə münasibət
heç də erməni düşmənçiliyi haqqında təkrarlanan müzakirələrdən
ibarət olmamalıdır. Biz nəhayət ki, bu ritorikadan kənarlaşıb niyə
məhz bu faciələrin bizim başımıza gətirildiyini götür-qoy
etməliyik. Yüz ildən artıqdır ki, eyni düşmən qarşısında həmişə
qırılıb əzilən durumdayıqsa, bunun səbəbi təkcə düşmənin
düşmənçiliyində yox, həm də bizim özümüzdə axtarılmalıdır. Bu, həm
də ona görə vacibdir ki, millət olaraq bizi gözləyən gələcək
təhlükələrdən özümüzü necə qoruyacağımızı da müəyyənləşdirə
bilək.
Ermənilərin bizə düşmənçiliyini, başımıza faciələr gətirməsini
bir qayda olaraq Rusiyanın onlara verdiyi dəstəklə izah edirik. Bəs
o zaman bu gün Amerikada, Avropada ermənilərin siyasi, ideoloji
təşkilatlanma və fəaliyyətlərinin bizi qat-qat üstələməsini nə ilə
izah edək? Hətta erməni lobbisinin təbliğat gücü bu gün bizimlə
bərabər Türkiyənin də qarşısında çox ciddi problem olaraq qalır. Bu
da Rusiyanın dəstəyi ilə olmur ki...
Demək, məsələ milli xarakterlə, millətləşmə ilə bağlı olan
problemlərdən qaynaqlanır. Say etibarı ilə bu gün dünyada
ermənilərdən daha üstünük, amma nə qədər həmvətənimiz üçün
Azərbaycan məsələsi birləşdirici motivə, milli hədəfə çevrilə
bilib?
Əgər çevrilsəydi, o zaman diasporumuz erməni lobbisindən də
qat-qat güclü olmalı idi. Deməli, bizi düşmən qarşısında məğlub
edən, həmişə zəif duruma düşürən millətləşmə prosesindəki
geriliyimizdir. Milli varlığımızı təmin edən dəyərlərin bizdən ötrü
əsas məsələ sayılmaması, heç bir xüsusi önəm kəsb etməməsidir. Bu
isə harada yaşamağımızdan asılı olmayaraq, milli hədəflər əsasında
təşkilatlanmağımıza, özünümüdafiə mexanizmlərimizi yaratmağa imkan
vermir. Vətənə sadəcə coğrafi ərazi kimi yanaşanda onu qorumaq,
onun işğalından narahat olmaq və onu ideyaya çevirib fəaliyyət
göstərmək də mümkün olmur. Vətən əxlaqı və şüurunun inkişafı,
insanlar üçün bir dəyər daşımağı millətləşmənin təməl
şərtlərindəndir. Öz milli kimliyimizə verdiyimiz önəm, dilimizə,
milli mədəniyyətimizə, tariximizə göstərdiyimiz münasibət son
nəticədə bizim millət kimi varlığımızın əsaslarını
formalaşdırır.
Bu məsələlərdən danışarkən görürük ki, əslində, biz təkcə hərb
meydanında deyil, milli kimliyimizə münasibətdə də düşmənlərimizə
uduzuruqsa, o zaman tarix boyu başımıza gətirilən faciələrin də
kökünü burda axtarmalıyıq. Çünki məhz bu səbəblərdən təhlükəyə
qarşı millət kimi səfərbər oluna, özümüzü müdafiə mexanizmləri
yarada bilmirik. Əgər milli varlığımıza aid dəyərləri ideyaya
çevirə bilmiriksə, onlar bizdən ötrü müqəddəs sayılmırsa, o zaman
indiki şərtlər daxilində iqtisadi imkanları da, geopolitik
üstünlüklərimizi də düşmən qarşısına güc kimi çıxara
bilməyəcəyik.
Ona görə də bu gün Xocalı faciəsinə təkcə ağlamaq lazım deyil.
Həm də yeni xocalılar olmaması üçün öz zəiflərimiz barədə
düşünməliyik.