Çağdaş poeziyamızın görkəmli yaradıcılarından olan
Çingiz Əlioğlu bir müddət gözə dəymədi; uzun illər boyu heç vaxt
ürəyindən şikayətini eşitmədiyimdən ürək əməliyyatı keçirməsi məni
təəccübləndirdi və sarsıtdı. Bu günlərdə bir rəsmi məclisdə onu
yenə əvvəlki şuxluğuyla görəndə sevindim və sevincimi onun 70
yaşında yazdığım bu məqaləylə paylaşmaq istədim...
Söz sevgisi və dinclik bilməyən ömür yolu
Balaca qardaşlarımdan birinin maraqlı etirafı var. Yazır ki,
uşaq olanda elə bilirdim ki, Sabir məndən çox Fərman Kərimzadənin,
Məmməd İsmayılın, Xudu Məmmədovun, Nüsrət Kəsəmənlinin, Çingiz
Əlioğlunun, Ramiz Rövşənin, Sabir Əhmədlinin qardaşıdır.
Böyük qardaşı kənddən ayrılıb gedəndən sonra dünyaya gəlmiş, onu
ancaq tətildən-tətilə, məzuniyyətdən-məzuniyyətə və əksər hallarda
adları çəkilən dostların əhatəsində, kəndə bir-iki günlüyə qonaq
gələndə görən bir uşağın çox dəqiq müşahidəsi, bəlkə də acı
psixoloji yaşantısıdır.
Bu acılıqdan böyük qardaşa daha çox pay düşür, çünki ayrı
məkanlarda yaşamaq kiçik-bacı-qardaşlarla ünsiyyət imkanını
məhdudlaşdırır, balacalar ona doğma evində qonaq, ya da rəsmi bir
adam və ya əmi, dayı kimi baxırdılar... Bu taleyin maraqlı bir
tərəfi də var ki, onlar öz ocaqlarında böyük qardaşlarıyla yanaşı
başqa böyüklər də görür və onlara da tez-tez gəlməyə imkanı
olmayan, amma evlərinin doğması kimi sevirlər.
Bu göz ilə baxanda Yardımlının dağlar arxasındakı balaca
kəndinin, balaca evinin doğma övladlarından ayırmadığı, mənə qardaş
saydığı şəxslərdən biri də, yuxarıda göstərdiyim kimi, Çingiz
Əlioğludur. Anamın çox işlətdiyi sözüydü "başuva dönüm" və mənlə
bərabər dostlarımın da başına dolanırdı ki, Allah hamımızı qorusun;
məni dönə-dönə onlara tapşırırdı; dostlar da zarafatla "ay ana, sən
onu bizə yox, bizi ona tapşır!" deyir, bununla mənim evimizdən
kənardakı yerimin özəlliyini vurğulayaraq, ana ürəyinə dinclik
gətirmək istəyirdilər.
Dostlar haqqında yazılarımızın çoxunu ötən günlərin anılarından
başlamağımız anlaşılandır, dostluq tarixçələri, ömrün ən gözəl
çağları ilə, daha çox ötən günlərlə bağlıdır.
70-80-ci illərdə ədəbi mühitimizdə bir dostluq əfsanəsi vardı.
Ədəbiyyatda dostluqların uzun ömürlü olması nadir hadisədir;
yazarlar fərdiyyətçidir, hərə öz yolunu axtarır; yaradıcılıq işi
təklənməyi sevir, fərqli yollar istər-istəməz hər cür konfliktə
münbit şərait yaradan fərqli yanaşmalar yaradır. Buna görə də yolun
əvvəlində başlanan dostluq tez soyuyur, ədəbi başarı və maraqlar
hərəni bir tərəfə, bir dəstəyə çəkir. Sonra da ailə qayğıları, iş,
güc... Amma biz bütün bunları adlayıb keçmişdik və yetkin yaşımıza
dostluğun soyuyan xatirəsiylə yox, həyatda ən böyük
qazanclarımızdan biri saydığımız güclü bir əqidədaşlıq, birlik
duyğusuyla gəlmişdik. Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli və bu
sətirlərin müəllifi... Bizlər də fərqliydik. Əsgər kimi eyni
addımlarla yerimirdik, şübhəsiz. Ancaq bu fərqlilik bizim
dostluğumuzun bəzəyi, dadı-duzu, şuxluğuydu.
İndi biz Çingiz Əlioğlu ilə ikimiz qalmışıq; ikimiz də bölünməz,
daşınmaz bir əmlakın, bir sərvətin varislərinə bənzəyirik. Təkcə
bizə məxsus, bizim zənginliyimizin qaynağı olan, bizimlə danışan və
bizi anlayan bir yazılmamış dastan, illər uzunu yaratdığımız bir
əfsanə sərvəti...
Biz bir-birimizə bənzəmirdik. Təkcə xasiyyətimizə, dünyaya
baxışlarımıza görə yox, həm də yazıb ortaya çıxartdıqlarımıza görə.
Və bəlkə də dostluğumuzun bir səbəbi də ədəbiyyat məkanlarımızın
coğrafi sərhədlərinin toxunulmazlığında idi. Bir-birimizin sözünə
göz dikmir, bir-birimizə "ərazi iddiası" eləmirdik.
Dostlarımın hər birinin ədəbi xarakteri, yaradıcılığının
özəllikləri, poetikası, dil-üslub xüsusiyyətləri, şeirimizdəki
mövqeləri barədə yazılıb və yenə yazılmalıdır. Hər yeni kitabımızı
o vaxt necə bayram edirdiksə, indi də etməliyik.
Çingiz bizdən iki yaş böyük olsa da, təbii ki, bizdən daha gənc
görünməyə çalışırdı.
Hər birimizin başqa dostluq mühitlərimiz də vardı; orta və ali
məktəb yoldaşlarımız. Vaxt keçdikcə onlar da tanış olur və
ətrafımızda Ağstafa-Füzuli, Yardımlı-Bakı arasında xeyli adam
yaxınlaşmış və geniş bir doğmalıq, dostluq və qohumluq şəbəkəsi
yaranmışdı.
Bizi bağlayan nə idi? İndi bu suala cavab tapmaqda çətinlik
çəkirəm, yəqin o vaxt da cavab verə bilməzdim. Yalnız fərqlilik
əsas səbəb deyil. Məncə, əsas səbəb bu fərqliliyin ümumi bir amala,
yola, məqsədə bağlılığında, qardaşlıq sevgisi kimi səbəbsiz, amma
qaçılmaz bir duyğudaydı.
Biz bir-birimizin varlığına sevinir, bir-birimizlə qürur duyur,
bir-birimizin uğuru və sevinciylə qanadlanırdıq.
Dostluq üçün zəruri olan ümumi cəhətlər də var idi. Məncə, bu
ilk növbədə bizim xarakterimizlə bağlıydı. Ağır uşaqlıq illərindən
gəlmə dözüm, oxumaqdan, yazmaqdan yorulmamaq, hansı mühitə düşsək
də öz ləyaqətimizi uca tutmaq bacarığı, ürəyiaçıqlıq, böyük yurd və
millət sevgisi, insanlara münasibətimizdəki nəciblik və xeyirxahlıq
və bütün bunlarla yanaşı saxtakarlığa, dildə bir cür, ürəkdə başqa
cür olmaq riyakarlığına, vətənin adına xələl gətirəcək hər cür
korazehinliyə qarşı barışmaz olmağımız və s.
Şəkillərimizdən biri Qax rayonunda çəkilib; yaşıdlarımız olan
bir dəstə şairlə İlisuya gedirdik, yolüstü pedestala bənzər bir
sütun diqqətimizi cəlb etmişdi və o dəqiqə mübahisə qızışmışdı.
"Əsil şair heykəlinin yeridir!" Pedestal bir heykəl üçündür, amma
zarafatla hərəmiz bir yandan dırmaşdıq bu kürsüyə. Məlum oldu ki,
bu pedestala hamımız yerləşə bilirmişik. Ortada üçümüz, ətrafda
daha 4-5 cavan dostumuz.
O bir zarafat idi, "heykəl üçün bizə bir kürsü də yetərlidir,
orda həmişəlik, çiyin-çiyinə dayana bilərik" – deyirdik.
Bu zarafatda bir ciddiyyət mayası da vardı, yəni aramızda kürsü,
şöhrət, birincilik yarışı yox idi, eyni yüksəkliyi bölüşə
bilirdik.
Heykəl xatirəni qorumağın yalnız bir formasıdır; insanlığın
yaddaş kitabçasının bir küncünə bütə bənzər bir mərmər heykəlcik
qoyulur ki, unudulmasın. Kitab da o heykələ bənzər xatirələrin,
ruhun ötürücüsüdür və mən kitablarımızı vərəqləyəndə yaxınlığımızın
bir səbəbini də bu ruh birliyində görürəm.
Üçümüz də çətin uşaqlıq illərini, ehtiyac sınaqlarını adlayıb,
ümid və arzularımızı sınmağa qoymadan, gənclik qürurumuzu və gizli
daxili iddialarımızı qoruyaraq gəlmişdik.
İçimizdə nə çəksək də cəmiyyətdə yerimizi və missiyamızı
tapdığımıza görə xoşbəxt idik.
Bütün bunlar sanki dünən olmuşdu. Dünənlə 70 yaş arasındakı
zamanın necə ötüb keçdiyini hiss etməmişik, yazılan kitablar,
övladlar və xatirələr olmasa, bu illərin yaşandığına inanmaq
çətindir.
Böyük şairimiz Rəsul Rzanın təqdimatıyla çap olunmuş ilk
şeirlərindən başlayaraq Çingizin bütün ədəbi fəaliyyəti gözümün
qabağındadır. Şair tikdiyi evin neçə mərtəbə olacağını bilməsə də,
yorulmaz, tükənməz bir səbir və həvəslə hər gün kərpic-kərpic
hörgüsünü hörən bənnaya bənzəyir. Ancaq bu iş çox vaxt ilhamın
qanadında, romantik bir ovqat yüksəkliyində baş verdiyinə görə
kənardan görünmür, bəzən hətta yaxınlar, ailə üzvləri də hamıyla
bir yerdə oturan, deyən-gülən şairin ürəyində həmin anlarda hansı
rüzgarlar dolaşdığını, hansı axtarışlar getdiyini sezə
bilmirlər.
Çingiz Əlioğlu missiyasını reklam etmədən bütün ömrünü
ədəbiyyata vermiş adamdır. Şeir və publisistika ilə yanaşı,
Azərbaycan oxucusunun ədəbi intellektini yüksəltməyə xidmət edən
əsərləri yüksək zövq və peşəkarlıqla tərcümə və təbliğ edir,
naşirdir, kitabşünasdır və s. Bundan əlavə, o, uzun müddət
Yazıçılar Birliyində şeir bölməsinə rəhbərlik etmiş,
nəşriyyatlarda, Mətbuat və İnformasiya, Mədəniyyət və Turizim
nazirliklərində məsul vəzifələr daşımışdır, Əməkdar İncəsənət
xadimidir. Bunlar Çingizin həyatı və yaradıcılığının ayrı-ayrı
cizgiləri kimi bənzərsiz şair-vətəndaş portreti yaradır. O öz
şəxsiyyəti, yaradıcılığı, ağlı və yüksək mədəniyyəti ilə hər yerdə,
ölkə daxilində və xaricdə, Azərbaycan varlığını ən yüksək səviyyədə
təbliğ və təqdim etməyi bacaran bir adamdır.
Çingiz cavanlıqdan müstəqil olmağa vərdiş eləmişdi və bu özəllik
onun yaradıcılığında da görünür. Onun şeir meyarları, məncə, oxucu
auditoriyasından daha çox öz ədəbi prinsiplərindən, hədəflərindən,
zövqündən qidalanır; oxucuya xoş getsin deyə yüngül və basmaqəlib
mövzulara və yazı tərzinə meyl salmır. Hamıya məxsus işlək yoldansa
öz kələ-kötür yoluyla addımlamağa, bu yolu böyütməyə üstünlük
verir.
Şeir söz sənəti olduğuna görə şairin sözə münasibəti, söz
duyğusu, sözlə işləmək, sözlə qurmaq və sözlə oynamaq qabiliyyəti
mühüm keyfiyyətdir.
Model ustaları xırda bir əlavə, bəzək və naxışla, yeni bir
detalla ənənəvi görünən geyimləri çağdaşlıq ruhu qazandırdıqları
kimi Çingiz də öz şeirlərini belə gözlənilməz, ilk baxışda bəzən
yerinə düşməyən kimi görünən, lakin diqqətlə baxanda müəllifin
poetik estetikasının tərkib hissəsi kimi əhəmiyyətli olan yeni söz
naxışları vurmağı xoşlayır. Sözünün ifrat ütülü-mütülü olmasını
yox, ruhun, poetik ovqatın vermək istədiyi bədii informasiya
yükünün önündə tutur, sözünün ümumi dizaynına yeni, koloritli
sözlərin qoşulması, sözün yeni poetik və semantik qatlarının
açılışı, simvolik ifadə tərzinin zənginliyi onun poeziyasının əsas
keyfiyyətlərindəndir. Dilimizin alletrosiya imkanlarından məncə
poeziyamızda heç kim Çingiz Əlioğlu qədər gen-bol və uğurlu
istifadə etməmişdir. Bir çox əsərlərində o, ana dilinin bu
qeyri-adi imkanları ilə XX yüzil dünya poeziyasının, hər xalqın
ədəbiyyatında bir cür boy göstərən avanqard, modern üslublarını
birləşdirir. "Kubist şeir" adlandırdığı şeir silsiləsi bunun uğurlu
nümunəsidir. "Ruhunun həndəsəsi" kitabındakı "Uzaqdan gələn adam"
bölməsi ictimai bəlaları orijinal ifadə tərzi və dil zənginliyi
baxımıdnan onun yaradıcılığında və şeirimizdə yeni bir
səhifədir.
Söz Çingizin sevgisi, əyləncəsi, uğuru və qoruyucusudur.
Deyə bilmədiyim sözün içində
İçimin nə qədər ağrıları var.
Deyiləsi mümkün olmayan söz – ləyaqəti yolunda vuruşan, haqqına
qovuşa bilməyən millətlərin şairlərinin əbədi ağrılarındandır.
O sözə bağlıdır gizli arzular,
O sözün içində azadlıqlarım.
O sözə bağlıdır bütün varlığım,
O sözdən başlayır tanımadığım,
Görə bilmədiyim dadlı bir həyat.
O sözü, o sözü... deyə bilmirəm,
Çalışıb vuruşmaq əbəsmiş... Heyhat.
Bu, Çingizin 25 il öncəki narahatlığıdır. Bu misraların başqa
mənalarını bir kənara qoyuram, ancaq min illik şeirimizin yolunda
öz nəğməsi, səsi, yeri olan bir usta qələm sahibi,bir vətəndaş kimi
Çingiz öz sözünü demişdir. "Çalışmağı, vuruşmağı" nəticəsiz
qalmamış, onlarla, yüzlərlə şeir çiçəkləri ilə bəzənmiş bir söz
gülüstanı yaratmışdır.
Şair dostumun yarım əsrə yaxınlaşan yaradıclıq yolunun başlıca
keyfiyyətlərindən biri ədəbiyyat işinə - milli mücadiləmizin,
Azərbaycanın azad, xoşbəxt gələcəyi, uşaqlıq xatirələrini qoruyan
doğma Qarabağın düşmən işğalından azad edilməsi, dünyada haqq və
ədalətin bərqərar olması işinin bir hissəsi kimi baxmasındadır.
Buna görə də onun yaradıcılığı daim yüksəlir, genişlənir,
qol-qanadı böyüyür və ölkədən-ölkəyə uzanır.
Çingizlə Nüsrətə həsr etdiyim şeirlərimin birində onların
xarakterini qısaca belə ifadə etmişdim: "Ah, dostlarım! Alnından
Günəş doğan, Ay doğan, ah, dostlarım, səhvləri düzəltməyə darıxan".
"Alnında Ay doğan adam" Çingizin şeir kitablarından birinin adıdır.
Mən Çingizi həmişə belə işıqlı, zəkalı və tariximiz boyu buraxılmış
səhvlərin ağrısını çəkən, bu səhvlərin düzəldilməsi yolunu ideal
seçən qələm sahiblərimizdən biri kimi görmüşəm.
Şeirlərinin vətəndaşlıq ruhu kitabdan-kitaba güclənən şairin
hətta eksperimentlərində, avanqard, kubirst şeirlərində də çağdaş
Azərbaycan vətəndaşının müstəqilliklə gələn uğurları və
uğursuzluqlarının geniş və Çingizə məxsus poetik tərzdə çəkilmiş
mənzərəsi var. Bu baxımdan onun son kitabları bütövlükdə
poeziyamızın uğuru sayılmalıdır.
Bu kitablarşair Çingiz Əlioğlunun çağdaş şeirimizdə özünəməxsus
yerini müəyyənləşdirir, onu ədəbiyyat tariximizə adı həmişəlik həkk
olunacaq müəlliflərdən birinə çevirir.
Zövqünü, ədəbi-estetik tələbləri və mövqeyini yaxşı bildiyim
dostumun "Fraqmentlər" kitabını oxuyandan sonra onu özüm üçün
yenidən kəşf etdim. Esselərinin, düşüncə və müsahibələrinin
toplandığı bu kitab müəllifinin şair, vətəndaş, ziyalı, ictimai
xadim obrazına həm də ciddi fikri adamı, ədəbiyyatşünas
epitetlərini ana südü kimi halallıqla əlavə edir.
Bu kitab müəllifinin təkcə ədəbiyyata, mədəniyyətə münasibətinin
orijinallığı, genişliyi ilə deyil, həm də bunların işığında bir çox
istimai-siaysi hadisələr qiymət vermək ustalığı ilə diqqəti cəlb
edir.
Çingiz Əlioğlu yetmişində də otuz il öncə olduğu kimi, ilhamla,
yorulmadan yazıb-yaradır. Hər kitabıyla oxucularını axtarışlarının
yeni sürprizləri ilə sevindirir.
Təəssüf ki, bir məqalədə onun yaradıclığının bütün keyfiyyətləri
barədə danışmaq mümkün deyil; bundan ötrü gərək ayrıca bir kitab
yazasan. Burda onun yaradacılığının yalnız bir-iki cəhətinə
toxundum. Burda hökmən onun tərcüməçilik qabiliyyəti və bu sahədə
gördüyü çox əhəmiyyətli işləri də xatırlatmaq lazım gəlir. Çünki
ədəbiyyatda zövqsüzlüyün, yeni nəslin kitaba marağının azalmasının
qarşısını almağın bir yolu da dünya ədəbiyyatının ən yaxşı
əsərlərinin dilimizə çevrilib oxuculara təqdim edilməsidir. Bu
cəhətdən Çingiz Əlioğlunun tərcümələri həm seçilən müəlliflərə, həm
də tərcümənin keyfiyyətinə görə mühüm ədəbi hadisədir, xidmətdir və
bununla yanaşı onun tərcümə sənətinə yanaşmasındakı ciddiyyəti, bu
sahədəki xüsusi istedadını nümayiş elətdirir.
Biz bir yerdə çox ölkədə, çox məclislərdə olmuşuq və mən
Çingizin öz xalqının böyük ruhunu, mədəniyyətini, mənəvi
keyfiyyətlərini necə yüksək səviyyədə təmsil elədiyinin dəfələrlə
şahidi olmuşam.
Bu, həm də onun son illərdə kitab sərgilərində kitab
mədəniyyətimizə şöhrət gətirən kitablarına aiddir.
Ləyaqətli bir ömür sürüb, gözəl övladlar böyütmüş, (mən böyük
oğlu, indi Finlandiyada yaşayan və gözəl filmlər çəkən Tahirin
kirvəsiyəm), çağdaş ədəbiyyatımızın orijinal dəsti-xəttə malik
yaradıcılarından biri kimi ədəbi mühitdə halal hörmət qazanmış,
əziz dostumu 70 yaşında da gənclik illərimizdəki kimi şux,
yenilikçi, yorulmadan çalışan, öz prinsiplərini pozmadan
yazıb-yaradan görürəm. Bundan böyük xoşbəxtlik yoxdur.