Bir necə gün öncə Ukraynadan qayıtdım...
Təəssüratlar, beynimdə dolaşan suallar, cavablarla... Bir də
təəssüflərlə təbii...
Həmişə Azərbaycandan ayrılanda da, ona qovuşanda da içimdə
qarışıq hisslər olur, bilmirəm öz vətənimə qayıtdığıma görə
sevinim, ya kədərlənim!? Bu iki hissin arasında var-gəl edib, sonra
da özümü inandırmağa çalışıram ki, hələ heç nəyin sonu deyil.
Amma illərdir ki, başlanğıc da gəlib çıxmır və mən hər dəfə
başqa bir ölkəyə gedib qayıtdıqdan sonra cavabı alınmayan sualların
sayı çoxalır.
Kiyevdə üzərində Azərbaycanın bayrağı olan təyyarəyə mindim, elə
ilk anda qanım qaraldı, çünki mən bələdçi xanımla öz dilimdə
salamlaşdım, o isə mənə rus dilində cavab verdi. Dişlərimi sıxıb
dözdüm, amma deyim ki, artıq bizim üçün adi sayılan hal məni
gözlədiyimdən daha artıq qəzəbləndirdi. Bəlkə də ona görə ki,
yenicə elə bir ölkədən ayrılmışdım ki, orda adamın yabançı olduğunu
bilə-bilə öz dillərində danışırdılar, ancaq xahiş etdikdən sonra
rus dilində ünsiyyət saxlayırdılar. Elə bir ölkədən qayıdırdım ki,
orda xalq meydana çıxıb seçmək istədiyi yoldan onu sapdırmaq
istəyənlərin iradəsinə qarşı getmək cəsarətini nümayiş etdirirdi. O
ölkədən ki, burda kimsə vətənpərvərliyi arealizm, millətçiliyi
geriçilik adlandırıb rişxənd etmirdi.
Bir söz demədim, ukrayinalılar kimi üsyan
etmədim...
Təyyarədə xidmət başladı və bələdçilər hamı ilə ucdantutma rus
dilində danışmasına bu dəfə dözə bilmədim. Bələdçi xanımdan şikayət
kitabını istədim. Təlaşlandı, səbəbini soruşdu, bu dəfə də rus
dilində... Dedim, indi öz dilində bunu etməməyi xahiş etdi. Mən
etiraz etdim və bildirdim ki, şikayətim xidmətlə, yeməklə bağlı
olsaydı, keçərdim, düşünərdim ki, sizə nə verilirsə, onu da
paylayırsınız. Amma dava yemək davası deyil.
Nə isə, mən şikayət kitabına öz iradımı yazdım və elə bu arada
da orda yazılmış şikayətlərə baxdım. Məni ən çox öz
vətəndaşlarımızın rəyləri maraqlandırdı. Sayları çox azdı, iki-üç
nəfər yeməkdən şikayətlənmişdi, bir o qədər də öyrəşdiyimiz kimi,
"öz ömründən kəsib" bələdçilərin, AZAL-ın ömrünə çalanmasını
yazmışdı ki, təki həmişə belə xidmət etsinlər.
Bir az öncə ayrıldığım ölkədə insanlar indi mənim davasını
döydüyüm problemi çoxdan arxada qoyublar. Onlar artıq gələcəkləri
ilə bağlı problemləri masaya yatırır, bizsə hələ də öz dilimizdə
danışmamağın davasını döyməklə məşğuluq.
Biz 22 il ərzində bu məsələni həll edə bilmədik, amma
meydanlarda qoyub gəldiyim xalq artıq bu kimi xırda məsələləri
çoxdan arxada qoymuşdu.
Təyyarədən enəndə bayaq mənə rus dilində cavab verən bələdçi
indi öz dilində sağollaşdı. Bilirdim ki, bu dəyişmə qısa
müddətlidir, ən çoxu bir gündən sonra bu hadisə onların yadından
çıxacaqdı.
Amma nə olardı ki, heç olmasa həftədə bir sərnişin minəydi bu
təyyarəyə və şikayət edəydi.
Yeməkdən deyil, öz dilinin "doğma" yadların əlində əsir
qaldığından...