Yuxarı

Polis vicdansızların qarşısındadır

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər kəsin polisi onun vicdanıdır, polis vicdanı olmayanların qarşısındadır.

Atatürk

Yazıma mərhum şairin sözü ilə (ruhu şad olsun!) başlamaq istəyirəm – “Qoy, polislər məndən inciməsin”... Yox, mən oğru olmaq istəmirəm, sadəcə olaraq, polislərdən yazmaq istəyirəm. Üzrxahlıq etmək isə həmişə yerinə düşür, işdir də - olmadı belə, oldu elə...

Bu yazını çoxdan yazmaq istəyirdim, arabir təbi gələndə fikirlər beynimdə bal arısı kimi beçə verirdi.

Mən on il sərasər polis sistemində işləmişəm, paytaxt polisinin mətbuat xidmətinə rəhbərlik etmişəm, jurnalist kimi sistemi içəridən müşahidə etmişəm. Amma yazmağa ürək eləmirdim, deyirdim birdən yersiz tərif olar, aşağıların, yersiz tənqid olar, yuxarıların hədəfinə tuş gələrəm. Axı, dahi Marks da deyir ki, tənqid edə bilmədiyini tərif etmək riyakarlıqdır. Müxtəsəri, nə tənqidin, nə də tərifin qurbanı olmaq istəyirdim. Hazırda müstəqil jurnalistəm, düşünürəm ki, on il ərzində polisdə eşitdiklərimi, oxuduqlarımı, gördüklərimi sərbəst şəkildə fikrimin şanəsindən keçirib oxucuların ixtiyarına verə bilərəm.

Deməli, 8-9 ilin söhbətidir, mən paytaxt polisində hələ ləzzətlə “Milis hekayələri” yazırdım, həvəslə “Polis” qəzeti buraxırdım. Şənbə-bazarsız səhər tezdən işə gedib axşam gecdən qayıdırdım. Yalan olmasın, gündə 10 saat kompüterin qabağında otururdum, xəbər məkanında olurdum. Günlərin bir günü “Azadlıq” radiosundan iş telefonuma gələn zəng məni kompüterdən ayırdı. Özünü Jalə, ya Lalə kimi təqdim edən (yaxşı xatırlamıram, səhv edə bilərəm) müxbir bir neçə sualı olduğunu bildirdi və cavablandırmağı xahiş etdi. “Buyurun” dedim, müxbirə diqqət kəsildim, amma təmkinli olmağı qət etdim. Xanım müxbir buyurdu ki, studiyamızda virtual “dəyirmi masa” keçirilir, polisin fəaliyyəti isə əsas müzakirə mövzularından biridir. Özümü saxlaya bilmədim (mən təbiətcə emosional adamam) ki, bəs “qız evində toydur, oğlan evinin xəbəri yoxdur”. Müxbir fikirdən iy çəkirdi, dedi ki, biz də sizi “toya dəvət etmək” istəyirik, buyurun, bizim “dəyirmi masa”ya qoşulun. Hərbi təşkilatda işlədiyimi, “dəyirmi masa”da iştirakı rəhbərliklə razılaşdırmaq öhdəliyimi xatırlatmaq gec idi, mən artıq qoşulmuşdum. Müxbirin ilk sualı həmin dövrdə ictimaiyyətin diqqət mərkəzində olan, xalq artisti ilə polis yol patrul inspektoru arasında baş verən konfliktlə əlaqədar idi, nəzakətlə şərh verməyi xahiş etdi.

Düşünürəm ki, burda bir haşiyə çıxmaq, “xalq artisti – yol polis inspektoru” məsələsinə aydınlıq gətirmək lazımdır. Deməli, hadisə “Azadlığ”ın zəngindən 10-15 gün əvvəl şəhərin mərkəzində, hardasa Dram Teatrı ərazisində baş vermişdi. Yol polis inspektoru (deyək ki, cənab “X”) “Nissan Sanni” markalı avtomobili yol-hərəkət qaydalarını kobud şəkildə pozduğna, səhv etmirəmsə, qırmızı işıqda keçdiyinə görə saxlamaq istəyir. Sürücü tabeçilik göstərmir, maşını saxlamaq istəmir. Bu, yol polisini şübhələndirir, “Nissan”ı məcburi şəkildə dayandırmalı olur. Xanım sürücü əvvəl səs-küy salır, yol polisinin onu nahaqdan saxladığını, rüşvət istədiyini deyir, şikayət edəcəyi, işdən çıxaracağı ilə hədələyir. Doğrudur, o vaxtlar yol polisinin təhcizatı indiki səviyyədə deyildi, amma inspektor “X” özündən arxayın idi. Əvvəla, hadisə yerində kameralar vardı, sonra xanım sürücü özünü adekvat aparmırdı. Polis inspektoru sürücünün kefinin yuxarı olduğunu dərhal hiss edir və xanımı müvafiq yoxlamadan keçməyə dəvət edir. Xanım sürücü özü demiş, “kapitalnı” ilişdiyini dərk edir, “şikayətçi” rolunu tərk edir, “minnətçi” rolunu seçir. Azərbaycanın xalq artisti olduğunu deyir, özünü (məsələn, xanım “Z”) təqdim edir. Polis inspektorunun onun “gözəlliyinə, qadınlığına”, “ad-sanına” tam biganəlik nümayiş etdirdiyini görüb yenidən taktikanı dəyişir, rüşvət təklif edir. Təbii ki, inspektor “X” onun təklifini heç fərziyyə kimi də qəbul etmir. Xanım “Z” göz yaşlarına güc verir, müxtəlif nömrələrə, vəzifəli tanışlarına zəng edir, amma inspektor onun telefonunu almaqdan və qarşı tərəflə danışmaqdan qəti imtina edir. Nəticədə xanım “Z” bütün fəxri adlarına və “qadınlığına” baxmayaraq, haqlı cəzasını alır və cəriməsini ödəməli olur. Və qadına, xalq artistinə, ümumiyyətlə, insana yaraşmayan ləyaqətsiz bir yol tutur, polis yol inspektorunun onu qəsdən saxladığını, əxlaqsız təkliflər etdiyini və bu təkliflərlə razılaşmadığına görə haqsız cəzalandırdığını deyir, məsələ ilə əlaqədar DİN rəhbərliyinə və mətbuata xəbər verir. Hadisə daxili işlər orqanlarında geniş rezonans doğurur, araşdırılır və kimin kim olduğu məlum olur. Mətbuat sahəsinə baxan bir rəhbər işçi kimi mən də məsələdən hali idim və “Azadlıq” mənə zəng edəndə artıq hər şeyi bilirdim.

Qərəz, bütün bunları olduğu kimi xanım müxbirə çatdırdım, fikirlərimi əsaslandırmağa çalışdım. Mənə məlum olmayan səbəblərdən, olsun ki, məlum “qadın həmrəyliyinə” əsasən, müxbir mülahizələrimi açıq şübhə ilə qarşıladı və opponentlik etməyə başladı. Yuxarıda dediyim kimi, təbiətcə emosional adamam, ədalətsizliyə susa bilmirəm, mənə qarşı olanda isə cavab verməsəm ölərəm. Xanım müxbirdən sual etdim ki, sizin neçə yaşınız var? Suala sualla cavab verdi ki, heç dəxli var?! Bəli, səhv etməmişdim, səsindən də hiss etmişdim ki, artıq qırxı keçib, deməli, məni başa düşəcəkdi. Dedim, sizin xalq artistini yaxşı tanıyıram, “8-ci kilometr”də onunla bir məktəbdə, paralel siniflərdə oxumuşuq, mən Azərbaycan sektorunda olmuşam, xanım rus sektorunda. Mən artıq yaşlı adamam, əllini haqlamışam. Necə bilirsiz, yəqin bizim xalq artisti də yaşlı qadındır, artıq əllini haqlamışdır?! Qarşı tərəfdən cavab gəlmədi, mən fikrimi davam etdirdim. Bizim sahə inspektorunun isə heç otuz yaşı yoxdur, cavandır, təzə evlənmiş adamdır. Bir az insaflı olsaq, hər şeyi öz adı ilə çağırsaq, xalq artisti bizim sahə inspektorunun anası yaşındadır. İndi siz necə bilirsiz, Azərbaycanda, indiki zamanda cavan yaşında bir kişi iş başında anası yaşında bir qadına əxlaqsız təkliflər edərmi?! Bu, onun nəyinə lazımdır, bu, nə qədər inandırıcıdır? Qarşı tərəfdən cavab gəlmədi və mən bu dəfə sükutu razılıq kimi qəbul etdim. Dəstəyi atmaq istəyirdim ki, xanım müxbir Cəlilabaddan adının çəkilməsini istəməyən orta məktəb müəlliminin bizim virtual “dəyirmi masa”ya qoşulduğunu və mənə suallar ünvanladığını elan etdi. Ağsaqqal müəllim (səsindən hiss edirdim) “sualları”na qərəzli notlarla başladı. Dedi ki, Amerikada, Avropada, nə bilim Avstraliyada polis belə mədənidir, camaata elə xidmət edir, rüşvət almır, qanunu tapdamır... Azərbaycanda isə polis kobuddur, savadsızdır, insafsızdır, qanunu pozur, rüşvət alır ...

Müəllimin sözünü yarıda kəsdim, sual verdim ki, siz Amerikada, Avropada (Avstraliyanı qəsdən demədim) olmusuz? Cavab almadım və növbəti sualımı ünvanladım: Yaxşı, bəs hardan bilirsiz ki, orda polis nümunəvi xidmət edir, rüşvət almır, Azərbaycandakından yaxşıdır? Dedi ki, kinoda görmüşəm, videoda Amerika filmlərinə baxıram. Dedim, müəllim, əlini qoy ürəyinin üstünə, Allaha, Qurana and iç ki, ömründə bir dəfə də rüşvət almamısan. Müəllimdən səs çıxmadı, müxbir xanım söhbətə qarışdı ki, heç dəxli var? Dedim var, biz polisi Amerikadan, Avropadan, nə bilim, Avstraliyadan gətirmirik, Azərbaycan vətəndaşlarının içərisindən seçirik. Bu müəllimin bəyənmədiyi Azərbaycan polisi onun nəvəsidir, mənim oğlumdur, sizin qardaşınızdır. Əğər müəllim rüşvət alıbsa, biz almışıqsa, bizim qardaşımız, övladımız da alacaq, burda polisin nə günahı var?! Belə dedim və dəstəyi asdım. Doğrudur, “Azadlıq” radiosunun haqlı-haqsız suallarından yaxa qurtardım, amma öz suallarımdan yaxa qurtara bilmədim... Bu suallara indi də cavab axtarıram...

Sonrakı illərdə mən “Polis” qəzetinin axırıncı səhifəsi üçün “Dünya polisi” rubrikasını hazırlayarkən müxtəlif ölkə polislərinin xidməti fəaliyyətini araşdırdım və məni narahat edən bəzi suallara cavablar tapdım. Məlum oldu ki, məsələn, ABŞ polisi doğrudan da rüşvət almır. Amma bu, polisin şəxsi keyfiyyətlərindən, ailə tərbiyəsindən, ya da qanuna hədsiz hörmətindən irəli gəlmir, sadəcə olaraq, sistem belədir. Deməli, ABŞ-da polis nəfərinin (yəni post-patrul xidfmətinin) orta aylıq maaşı 7-8 min dollar arasında (bəzi ştatlarda fərqlidir) dəyişir. Razılaşaq ki, orta aylıq maaşı 4-5 min dollar olan ölkədə bu, xeyli böyük məbləğdir. Polis nəfəri bizdə olduğu kimi 25 il xidmət edir və təqaüdə çıxdıqdan sonra bu maaşı ömrünün axırına kimi pensiya şəklində alır. Vəfat etdikdən sonra bu pensiyanı həyat yoldaşı, ya da varsa, azyaşlı uşaqları alır. Bəli, yayda bizim Azrbaycana da gələn, şortik geyinən qoca turistlərin böyük əksəriyyəti Amerika, Avropa polisində ləyaqətlə xidmət etmiş və pensiyaya çıxmış həmin polis nəfərləridir. Amma burda bir məqam var, polis nəfəri 25 illik xidməti dövründə əgər bircə dəfə bağışlanmaz səhv edərsə (andına xəyanət edərsə, cinayətə və cinayətkara xidmət göstərərsə, korrupsiyaya yol verərsə və s.), işdən qovulur və ömürlük pensiyadan birdəfəlik məhrum olur. Düşünürəm ki, burda əlavə şərhə ehtiyac yoxdur.

Ağsaqqal müəllimin (görəsən, belə bir müəllim vardımı, abstraktdımı?!) Azərbaycan polisinə əsas iradlarından biri də onun kobudluğu, qanunu pozması ilə əlaqədar idi. Düşünürəm ki, burda müəllim müəyyən qədər haqlıdır, amma bəzi məqamlara aydınlıq gətirmək lazımdır. Əvvəla, qeyd etmək lazımdır ki, polisin qanunu pozması nonsensdir, yəni mümkün deyil, çünki polis mülki yox, hərbi təşkilatdır, verilən əmrləri icra edir, qanunu qorumaq onun işidir. Bir az sadə dillə desək, polis qanunu poza bilməz, pozan kimi “102”-yə şikayət edərlər və onu işdən çıxararlar. Sonra, sərtlik və kobudluq anlayışlarını fərqləndirmək lazımdır. Böyük Atatürk deyir ki, hər kəsin vicdanı onun polisidir, polis vicdanı olmayanların qarşısındadır. Deməli, polis sərt olmalıdır, çünki o, vicdanı olmayanların qarşısındadır. Qeyd etmək lazımdır ki, polis bütün dünyada, o cümlədən həmin Amerikada və Avropada da sərtdir və sərt olmağa borcludur. Kobud olmağa isə borclu deyil və olmamalıdır, çünki, kimliyindən, necəliyindən asılı olmayaraq, qarşısındakı öz vətəndaşıdır. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan polisini kobud olmağa vadar edən subyektiv səbəblər də var: Bazarı, şənbəsi olmayan, səhər tezdən gecə yarısına kimi davam edən, riski və təhlükəsi ilə seçilən ağır iş vaxtı və şəraiti; Ayın axırına qədər çatmayan, bəzən hətta gündəlik nahar etməyə, bircə dəst babat kostyum, rahat ayaqqabı geyməyə imkan verməyən, adamı ailə qarşısında üzüqara edən əmək haqqı; Bütün bunların – ağır iş vaxtının və aşağı əmək haqqının müqabilində cəmiyyətin təşəkkürü, quruca “sağ ol”u əvəzinə ağsaqqal müəllimlərin haqlı-haqsız iradları... Bu siyahını uzatmaq da olar, amma Azərbaycan polisinin kobudluğunun əsas səbəbkarı cəmiyyət olaraq biz, bizim diqqətsizliyimiz deyilmi?! Axı, bizim polis bizim övladımızdır, qardaşımız, bacımız, qohumumuzdur...

Abstrakt müəllimin polisə daha bir iradı polisin savadsızlığı və insafsızlığı ilə bağlıdır. Yuxarıda qeyd etdik ki, polis vicdanı olmayanların qarşısındadır, deməli, insaflı ola bilməz. Polis insafa yox, qanuna xidmət etməlidir, qanunçuluğun keşiyindədir. Qanunu pozanlar kimliyindən asılı olmayaraq, qanun qarşısında cavab verməlidir. Polisin “savadsızlığz”na gəlincə isə, şübhəsiz ki, bu da bizim müəllimin Amerika filmlərinə çox baxmağının nəticəsidir. Taleyim elə gətirib ki, mən on il Elmlər Akademiyasında işləmişəm, 26 yaşından elmlər namizədiyəm. Sonra on il “Xalq qəzeti”ndə siyasi icmalçı işləmişəm, ölkə daxilində və xaricində baş verən siyasi hadisələrə şərh vermişəm. Daha sonra on il polis sistemində işləmişəm, paytaxt polisinin mətbuat xidmətinə rəhbərlik etmişəm. Sözümün canı odur ki, kimin savadlı, kimin savadsız olduğunu kənd müəllimindən daha yaxşı bilirəm. Əlimi ürəyimin üstünə qoyub deyə bilərəm: Bu gün paytaxt polisində onlarla elə işıqlı, ensiklopedik savadlı adamlar var ki, nəinki elmlər namizədi, elmlər doktoru, birbaşa akademik olmağa layiqdirlər. Təbii ki, polisdə savadsızlar da var, amma belələri, Elmlər Akademiyasında, bizim mətbuatda, elə abstrakt müəllimin təmsil olunduğu təhsil sistemində yetərincədir. Altından qırmızı xətt çəkərək qeyd etmək istəyirəm ki, bizim polisdə diqqətimi cəlb edən və harada yaşamağımdan, çalışmağımdan asılı olmayaraq, ömrüm boyu xatırlayacağım əsas xüsusiyyətlərdən biri də mərdlik, kişilik ənənələrinin qorunması və bu günə kimi saxlanmasıdır. Bəli, məlum misalda deyilən, “41–45-də gedən kişilər”, təmənnasız yaxşılıq edən kişilər polisdə hələ də qalır. Sadəcə olaraq ad çəkmək istəmirəm.

Yazımın sonunda həmin kişilərə salam göndərirəm – sağ əliniz bizim başımıza...

Tarix
2019.01.14 / 13:53
Müəllif
Qalib Arif
Şərhlər
Digər xəbərlər

Onlar rahat pul qazanır, hazırcavab olurlar...

Vüqar Səfərli nə oyunlar açıb və kiminlə? – Faktlar

Bu gün Vahid Azərbaycan milləti yaranır

Mən arağın daşını necə atdım...

Lotu Bəxtiyar Tagilə gəldi, amma bizi “tapşırmadı”

İrəvan 100 milyonlar qazana bilər: Bakı qarşısını almalıdır - SOS

O, ömründə belə qəribə heyvan görməmişdi...

Akif Əlizadənin çadır verdiyi hərəkatçı...

Ona hədiyyə gətirən alimi elə pərt etdi ki...

Əlikram anasını necə ağlar qoydu…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla