Yuxarı

Müharibə anonsu

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci yazı

Qarabağ probleminin inkişaf dinamikası hazırkı klinik mənzərə üçün dolğun və xarakterik təsir bağışlayır. İzlənilən irili-xırdalı maneələr isə konservativ yanaşma tərzinin çevik təhlükəli fəsadları ilə diqqəti çəkir və ölkəmizin gələcəkdə daha ciddi təhdidlərlə üz-üzə qalması ehtimalını artırır.

Çünki ana problem – Qarabağın tarixi kimliyi məsələsi beynəlxalq arenada distropik və radikal mahiyyətini inadla qoruyur; ideoloji cəbhədə əzələ nümayişini daim aktiv fazada saxlayır; özündən sonra gələn sualları səhnə arxasına sıxışdırır və nəhayət, otuz yaşına doğru ciddi-cəhdlə addımlayır.

Bu fonda, qarşı tərəfin prosesə daha hazırlıqlı yeni mobil mühafizə qüvvələrini cəlb etməsi həll mexanizmini, xüsusilə informasiya cəbhəsində mümkün qədər mürəkkəbləşdirmək niyyətindən qaynaqlanır. Məqsəd - diqqəti əsas hədəfdən yayındırmaqla ana problemin hökmranlığını sonadək qorumaqdır. Çünki yaxın vaxtlarda üçüncü onilliyini “təmtəraqla” qeyd etməyə hazırlaşan bu təcrübədən imtina üçün hələ ki, ciddi ipucu görünmür. O üzdən bu gün Ermənistanda baş verən hadisələrə - öz ölkəsinin sahibi olmayan adamların cəbhələşməsinə sevinmək əlavə vaxt itirməkdən başqa heç bir anlama gəlmir.

Çünki bu işdə siyasi donor rolunu oynayan ermənilərin “ağsağı tanıdaq” kampaniyası təmas xəttindən xeyli uzaqda Azərbaycana qarşı açılmış, həm də “sapı özümüzdən olan baltaların” yer aldığı əsas cəbhədir. Savaşın ssenarisi və süjet xətti dəyişməyib. Ancaq ənənəvi gedişlərdəki yeni strateji çalarlar daha böyük hədəflər üçün daha böyük sərmayələrin yatırıldığına əminlik yaradır. Yəni həll mexanizminin artan sürətlə Avropa və Qərb dövlətlərinə daşınması erməni diaspor və lobbisinin ana hədəfi, genişlənən imkanı, uzanan əlidir. Çünki qüvvələrin dislokasiya mərkəzi yad məkanlara riyazi silsilə şəklində etap olunduqca, tərəflərin müəyyənedici rolu da həndəsi silsilə şəklində azalır.

O üzdən Azərbaycan Prezidentinin istər Qarabağ, istərsə də Göyçə və Zəngəzur kimi tarixi torpaqlarımızla bağlı kəskin bəyanatları öz aktuallığını günbəgün artırır. Bu bəyanatların, məsələn, vaxtilə 11 aprel seçkilərinə hesablandığını düşünənlər həm siyasi, həm də hərbi baxımdan semantik faciənin baş qəhrəmanları kimi yadda qaldılar. Çünki real siyasi mənzərədə hətta ən ciddi rəqiblərin ən yaxın üfüqlərdəki koordinatlarını adi gözlə görmək mümkün deyildi. Etiraf edim ki, müharibə şəraitində yaşayan ölkə üçün bu, strateji əhəmiyyətli təcrübədir.

Eyni sırada Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisinin son çıxışları, “vətənpərvərlik hissini itirmək dəhşətli milli faciədir” kimi həyəcan dolu ismarıcı da günümüzün ən obrazlı, ən iddialı və ən ciddi mətnlərindəndir: özündə xalqın və dövlətin milli maraqlarını, ağrı-acısını ehtiva edir.

Belə olan halda kifayət qədər məzmunlu və səmimi bir ismarışların hamı tərəfindən eyni münasibətlə qarşılanacağını iddia etmək, görəsən, niyə bu qədər çətindir? Bilmədiyimiz hansısa nəsnələrin mövcudluğu haqqında düşünmək məcburiyyətimiz, şübhə-tərəddüdlə izlənən bulanıq təsəvvürlərimiz haradan rişələnir?..

Söz azadlığının, fikir plüralizminin bəzən hətta sarkazm səviyyəsində təzahürü, istəsək də, istəməsək də düşüncəmizdəki boşluqları, xarakterimizdəki qüsurları, münasibətlərimizdəki konfrantasiyaları əsas müzakirə mövzusuna çevirir və həyati əhəmiyyətli məsələlər haqqında danışmaq imkanımızı xeyli məhdudlaşdırır. Belə bir mühitdə yaradıcılıq diapazonunu genişləndirmək, analitik axtarışların alt qatına enmək nə qədər asandırsa, “yaltaq, yalaq” kimi ənənəvi qınaqların hədəfindən yayınmaq bir o qədər çətindir. Çünki lüzumsuz məişət söhbətləri çağdaş mediamız üçün bir sıra hallarda az qala alternativsiz tragik fenomenə çevrilib.

Yəni bu, ifadəsi üçün xüsusi cəsarət tələb etməyən, daha çox həssas oxucu auditoriyası tərəfindən gələn ünvanlı ittihamdır: Şou-biznes əhlinin hər gün artan sırasını bəzi hallarda xarakteri və yaradıcı düşüncəsinə görə heç bir üstün cəhəti ilə seçilməyən təmənnalı media diletantları tamamlayır. Nəticədə ölkə başçısının özünə dost bildiyi ləyaqətli jurnalist ordusuna akademik səviyyəsində KÜÇÜK damğası vurulur. Sonrakı təhdidlərdə isə kiminsə ölümü ilə bağlı irəli sürülən kəskin ittihamlar mediamızı QATİL simasında obrazlaşdırır. Bu, həm də düşmən düşərgələrdən informasiya cəbhəmizə qarşı idarə olunan təxribatın növbəti mərhələsi - daha təhlükəli davamıdır.

Nüfuzdan salınan söz media imicimizin təməl prinsiplərini sarsıdır, strateji koordinatlarını pozur, taktiki həmlələrini neytrallaşdırır; informasiya təhlükəsizliyi cəbhəsini təhdid altında saxlayır; ictimai rəydə ən fərqli rənglərin xaotik diffuziyasına yol açır və bütün bunların təbii davamı kimi, qazanılan uğurlarımızın, az qala bütün dünya ilə cəngə girən siyasi iradəmizin həqiqi mahiyyəti sonadək dəyərləndirilmir.

Əvəzində bəzi media məkanlarında, sosial şəbəkələrdə ayrı-ayrı fərdlərin özləri haqqında fateh obrazı formalaşdırmaq cəhdləri günbəgün artır. Xüsusilə bütün sinir uclarını özündə birləşdirən Qarabağ probleminin əsas müzakirə mövzusu kimi seçilməsi isə səhnəarxası qəhrəmanları zərgər dəqiqliyilə fərqləndirir. Alt şüurda asanlıqla oturuşan qeyri-fəal informasiyalar üst şüurda sabun köpüklərinin enerji əmsalını, təsir dairəsini ildırım sürətilə artırır.

Beləliklə, ermənicə düşünən, ancaq fransız, ingilis, rus, farsca... danışanların sırasına azərbaycanca dil-dil ötənlər də əlavə olunur və onların fövqəladə dəstəyilə ölkəmizə qarşı ikinci cəbhə açılır! Bu cəbhənin əsas məqsədi ayrı-ayrı rəsmiləri müzakirə müstəvisinə daşımaqla, Azərbaycan dövlətçiliyi ilə bağlı Qərbdə və Avropada qeyri-ciddi rəy formalaşdırmaqdır.

Əslində verbal aqressiyalar ciddi jurnalistikada heç vaxt müzakirə mövzusu olmayıb. Ancaq bu cür aqressiyaların xarabalıqları ilə dolu olan dünənimiz sabiq “baş qəhrəmanlarını” yenidən ön sıralara çıxarmaqla bu günümüzə qarşı xəyanətin mükafatlandırılması kimi ağır ittiham irəli sürür, ən böyük gücümüzün – SÖZümüzün kürəyinə xəncər saplayır, ideya və ideallarımızın ifadəsini iflic vəziyyətinə salır, inamımızı öldürür, həqiqətlə yalan arasındakı fərqi itirir və nəhayət, əsl informasiya daşıyıcılarını küncə sıxışdırır. Bu, çağdaş tariximizin milli-mənəvi dəyərlərimizi zədələyən ən təhlükəli nümunəsi, ən uğursuz təcrübəsidir.

O üzdən, növbəti “partlayış” məqsədilə məhz belə bir strateji cizginin çəkilməsi, həm də taktiki baxımdan daxili auditoriyaya, xüsusilə, bu aqressiyalara adekvat addımlarla cavab verilməsi ehtimalına hesablanıb. Dialoqların baş qəhrəmanları dəyişsə də, ssenari müəllifləri dəyişməyib. Yəni zərgər dəqiqliyi səhnə arxasındakıların əsl simasına güzgü tutacaq yeganə yolu çox böyük çətinliklə, yalnız ideal sintez və analizlə tanıdır: görünən meteoritlər görünməyən astroidlərin qəlpələri - Qərbdən və Avropadan gələn destruktiv aqressiyanın daşıyıcılarıdır. Yəni milli maraqlarımızın dövlət siyasəti səviyyəsində ifadəsi və dayanıqlı mövqeyi bu güc mərkəzlərini istər-istəməz alternativ mübarizə vasitələrindən bəhrələnməyə vadar edir. Yeni redaktələr bütün resursları ilə bu mübarizənin amansızlığı və iyrənc xarakteri haqqında dolğun təəssürat formalaşdırır. Artan təhdidlər isə artan gücümüzü şərtləndirir. Azərbaycanı ciddi rəqiblər sırasında görmək böyük şərəfdir...

Bununla belə, Bakıda ən ali səviyyədə səslənən bəyanatların düşmən düşərgəsində daha çevik, daha obyektiv şərhi də günümüzün danılmaz reallığıdır. Hərçənd Leonid Nersesyan, Baqram Atanesyan kimi ekspertləri əksər hallarda “suyun üzündə” görməyə adət etmişik. Lakin bu sırada tez-tez obyektiv münasibətlə rastlaşmağımız da təəccüb doğurmayan gerçəkliyə çevrilib. Təəccüb doğuran daha təhlükəli, daha ciddi məqamlar var. Məsələn, etiraf edim ki, belə mətnlərin adətən şərhsiz, birbaşa hərfi tərcümədə təqdimatından sonra kürəyimə “savadsız” damğası vuran oxucu ilə üz-üzə gəlməkdən çəkinmirəm. Məni qorxudan bu cür oxucuları “hazır mətnlərlə” ayaqda saxlayan yabançı qüvvələr, bu qüvvələrlə eyni mövqeyi bölüşən bəzi yerli işbazlar və onların informasiya daşıyıcıları - media bəzirganlarımızdır. Çünki ictimai rəydə anamaliyalarla izlənilən tərəddüdlər məhz onların birgə fəaliyyətinin bəhrəsidir. O üzdən idrak prosesində deduktiv yanaşma tərzinin aparıcı roluna üstünlük vermədən indiki məqamda hər hansı nəticənin hasili real görünmür.

Unutmaq olmaz ki, son vaxtlar bölgəyə aktiv fazada silah daşınması, onlardan nə vaxtsa atəş açılacağı ehtimalını hər gün daha da artırır. Bu mənada Prezidentin və onun komandasının son bəyanatları ilk növbədə mediamıza ünvanlanmış müharibə ilə bağlı anonsdur. Qələmini “döyüş” vəziyyətinə gətirənlər üçün “atəş” əmri verilib. Bu əmrin “döyüş”lə “söyüş” arasındakı fərqi anlamayan “tumbuçka” növbətçilərinə dəxli yoxdur. Söhbət informasiya səngərlərində sözün namusunu qoruyan fədakar media əsgərlərindən gedir. Qarabağın gələcək taleyi ilk növbədə məhz onların bu əmri necə yerinə yetirməsindən asılı olacaq. Çünki Azərbaycan ordusu ləyaqətli jurnalist pleyadasının davamı, səngər zəfəri isə soyuq müharibə qələbəsinin uzantısıdır...

Tarix
2019.01.23 / 09:06
Müəllif
İbrahim Rüstəmli
Şərhlər
Digər xəbərlər

Ayağı sürüşkən adamlar...

Baldızını qaçıran “bəy”, qaynı ilə gedən “gəlin”...

Sən öz halınla sahibinin ayaqqabısısan...

Məndən düşmən yaratmağa tələsməyin

Deyəsən, meydanda tək qalmışıq...

Mən özgürlüyümü qoruyuram, ətrafımdakılar isə…

Mən kloun deyiləm, Çarli!

Anamın xəstəxanadan gətirildiyi gün...

Mən bu rəzalətə görə üzr istəyirəm...

Bunu sizə Yanuş Korçakın adından yazıram

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla