Hər bir cəmiyyət
tarixin bütün dövrlərində öz kultlarını, hakim dəyərlərini yaradır.
Əslində bu dəyərlər, müqəddəs sayılan kultlar o zamana qədər
keçərli sayılır ki, onlara münasibətdə inam hissi
sarsılmasın.
Bu dəyərlər içərisində söz, sözə münasibət insanlıq tarixi boyu
xüsusi rola sahib olub. Bir zamanlar Avropada "centlmen sözü"
özlüyündə bir norma hesab olunub, hər hansı hüquqi müqaviləyə
bərabər tutulub.
Elə bizim özümüzdə də tariximizdən gəlmə "kişi sözü" deyilən bir
məfhum var. Aleksandr Düma yazırdı ki, Azərbaycan türkləri söz
verdilərsə, hər hansı hüquqi sənədə ehtiyac yoxdur, bu, kifayətdir.
Yüz illər boyu söz vermək anlayışı cəmiyyətimizdə qanun, hüquq
boşluğunu doldurub. Söz üstündə ölümə belə gedilib, fədakarlıqlar edilib.
Bu gün isə mənzərə tam fərqlidir. Sözün müqəddəsliyi,
pozulmazlığı, doğruluğu köhnə adamların nostaljisinə çevrilib.
Söz məna ifadə edir, daşıdığı mənanın gerçəkləşəcəyinə təminat
yaratmır. Cəmiyyətimizdə kütləvi inamsızlıq sözü o qədər
dəyərsizləşdirib ki, söz verib qarşındakını arxayın salmaq artıq
mümkün deyil. Söz zorsuz, arxasında güc olmadan heç bir dəyər
daşımır.
Söz infliyasyası onu ancaq ünsiyyət vasitəsinə çevirib, dəyər
olmaqdan çıxarıb. Söz vermək, indi qarşısındakı sadəlövhü aldatma
fəndi hesab olunur.
Sözlərin dəyəri itdikcə onların bəzəyi, üslubu zənginləşir,
pafosla təmtəraq qazanır. Bu gün cəmiyyətimizdə sözünə qurban
gedənlər barmaqla sayıla biləcək qədərdir, ancaq sözə görə aldanıb
qurban olanların sayı az qala əksəriyyət hesab oluna bilər. Söz
insanların bir-birinin ayağı altında qurduğu tələ, boynuna
ilişdirdiyi kəməndə çevrilib.
Sözə münasibət bizi günahkara çevirir. Sözün müqəddəsliyini
pozmağımızın ağrı-acısını belə getsə, çox çəkəcəyik. Bir yerdə öz
qəbahətimizi sözlə gizlədə bilsək də, kimisə aldada bilsək də sonra
o qəbahət öz fəsadını cəmiyyətdə törədir. Çünki aldadılan insan öz
qəzəb və qisasını da bu cəmiyyətdən alır.
Beləliklə, sözün qarğışına keçib yaşadığımız cəmiyyəti günah,
qəzəb və nifrət burulğanına çeviririk. Sözün paklığını pozanda, təmizliyini ləkələyəndə
onunla bərabər düşüncəmizi, əxlaqımız və mənəviyyatımızı da
çirkləndirdiyimizın fərqində olmuruq. Ağzımızdan çıxan yalanın
əvəzini, qisasını söz bizdən dilimizi, xarakterimizi yalana
öyrəşdirməklə, vərdiş etdirməklə alır. Çünki o paklığını itirmiş
dilə, zehniyyətə bir daha geri dönmək istəmir və beləcə, biz
yalançıya, yalan aludəçisinə çevrilib hər gün dilimizlə daha çox
günah becəririk.
Danışdığımız yalan, bizə danışılan yalan varlığımıza hakim
kəsilən aldanmaq qorxusunu yaradır. Dinclik hüzur tapmaq
istədiyimiz yerdə aldanış qorxusu ilə səksəkə içərisində yaşamalı
oluruq.
Söz həm də bizə bir açardır. Əgər düşdüyümüz bataqlıqdan çıxmaq
istəyiriksə, o zaman sözə münasibətimizi dəyişməli, sözün
müqəddəsliyini və dürüstlüyünü geri qaytarmağı bacarmalıyıq. O
zaman özümüzü də, ətrafımızı da sarmış yalandan qurtulmaq,
inamımızı geri qaytarmaq imkanı qazana bilərik.
Dürüst və gerçək söz həyatımıza, cəmiyyətimizə axan yalan
çirkabının qarşısını kəsə bilər.
Əks təqdirdə sözün qisasından qorxaq.