"Şaxta baba"
Tofiq Mamedovla dələduzlar haqqında söhbəti davam etdiririk.
Demə, Rusiyada dələduzluq maşın sürmək kimi əsil universal
sənətdir, qadın-kişi bilinmir. Hətta bu sahədə ixtisaslaşan
qadınların sayı kişiləri üstələyir. Çünki zərif cinsin incə
nümayəndələri kişilərin cibinə gedən yolun qəlbindən keçdiyini
bilir və məharətlə kişilərin qəlbinə hakim kəsilir. Qalanı isə vaxt
məsələsidir…
90-nın əvvəllərində Podolskdan olan müəllimə Alla Pustovanın
əhvalatı bütün Moskva vilayətinə səs salmışdı. Podolsk Moskvadan
cənubda, maşınla bir saatlıq yolda olan kiçik və sakit şəhərdir,
Moskva çayının qollarının birinin üstündə yerləşir. Alla Pustova da
burda orta məktəblərin birində ingilis dilindən dərs deyirdi. Atası
yəhudi, anası erməni olan bu qadın ingilis və fransız dillərini
təmiz bilirdi və bundan məharətlə istifadə edirdi. Gənc olsa da,
adi maaşla dolanan müəllimə deyildi, repititorluq, hətta alverçilik
edirdi, imkanlı adamların uşaqlarına xarici dil öyrədirdi. Bir
sözlə, hələ sovet dövründə dolanmağın yolunu tapmışdı, xarici
maşını, şəxsi mənzili vardı, valideyinlərindən ayrı yaşayırdı. Alla
kimi xanımlar sovet dövründə mağazalardan pal-paltar almırdılar,
yalnız "privoznoy" və yalnız "firmenni" geyinirdilər. Yəni onların
xaricdən mal gətirən alverçiləri olurdu. Allanın da Moskvada bir
neçə belə alverçi tanışı vardı. Onlardan həm şəxsi istifadəyə, həm
də alver etməyə mal götürürdü. 90-nın əvvəllərində alverçilərdə
sovet pulu həddindən artıq toplanmışdı, valyuta çatışmırdı və pulun
batması qorxusu vardı. Alla da alverçi dostlarına məsləhət verir
ki, pulu qızıla, qızıl zəncirlərə verin, qızıl batan şey deyil. Özü
də onlara "zavoddan götürmək" adı ilə, yarı qiymətinə istənilən
qədər "mal" tapmağa söz verir. Həmin dövrdə qızıl zəncirlərin
sürətlə dəbə minməyi və alverçilərin məlum acgözlüyü səbəbindən
xanım Pustovanın biznesi yağ kimi gedir.
"Qara bazar"da olan əlaqələri ona həmin dövrdə qızıl-zinət
əşyaları kimi defisit malları, həm də böyük miqdarda tapmağa imkan
verir.
Beləliklə, Podolskdan olan müəllimə Moskva alverçilərinə bir
neçə kiloqram çəkidə qızıl zəncir satır və külli miqdarda pul
qazanır. Qazandıqlarını isə birə beş nisbətində olsa da, valyutaya
verir və dərhal aradan çıxır. Qızıl alan alverçilər bir də
ayılırlar ki, zəncirlər "saxta"dır. Yəni onların probu aşağıymış,
ancaq plomb vurulan həlqəsi yuxarı plomblu qızıldan olur. Odur ki,
üstünə yüksək probun göstəricisi yazılır. Söhbət yüz minlərlə
puldan getdiyindən alverçilər hay-küy salır, hüquq-mühafizə
orqanlarında olan əlaqələrini işə salırlar. Alla Pustova yoxa
çıxdığından onun valideyinlərini axtarırlar. Məlum olur ki, Allanın
atası yəhudi mənşəli olduğundan Pustovlar artıq bir neçə ildir ki,
mənzili satıb, İsrailə mühacirət ediblər. Allanın o zaman onlarla
gedib-getməməsi isə hələ də məlum deyil.
Hadisənin üstündən bir neçə il keçir və Pustova 1997-ci ildə
Ramenskdə peyda olur. Ramensk Podolskdan yarım saatlıq məsafədə
yerləşsə də, burda bizim "gözəlçə"ni heç kim tanımır. Alla burda
kirayədə qalır və özünü müəllimə kimi yox, "Şaxta baba" xeyriyyə
fondunun səlahiyyətli nümayəndəsi kimi təqdim edir. Şəhəri yaxşı
tanıdığından və fondun hüquqi sənədləri qaydasında olduğundan,
növbəti planlarını həyata keçirməkdə heç bir çətinlik çəkmir.
Tez-tez bahalı kafelərə baş çəkir və burda savadlı kişilərlə -
müəllim və həkimlərlə tanış olur. Artıq dördüncü onilliyi yarı
eləməkdə olsa da, gözəl geyinmiş "gözəlçə" çoxlarını diqqətini cəlb
edir. Yəhudi tədbirliyi ilə erməni fəndgirliyinin vəhdəti olan
hiyləgərlik ona hər cür dona girməyə imkan verir. Xarici dillərdə
təmiz danışmağı, geniş dünyagörüşü, mədəni davranışı isə insanlarda
qeyri-adi inam yaradır. Və xanım Pustova tam sərbəst işə
başlayır.
Həmin dövrdə kompüterlər təzə yayılırdı, hamıda yox idi və çox
baha idi. Alla da tanış olduğu kişilərə yarı qiymətinə kompüter
təklif edir, deyir ki, pulun yarısını təmsil etdiyi fond ödəyəcək.
Gözaltı etdiyi kişilərin bir-ikisini şəhərin elit mağazalarına
aparır və onlara yarı qiymətə kompüter alır. Pulun yarısını isə,
təbii ki, "Şaxta baba" yox, Alla Pustova ödəyir. Qeyd etmək
lazımdır ki, bizim qəhrəman hədiyyə verdiyi kişilərlə özünü əxlaqlı
qadın kimi aparır, qonaq aparmır və qonaq getmir, tanışlarına ancaq
fondun telefon nömrəsini verir. "Şaxta baba"nın hədiyyəsindən sonra
Pustovanın kirədə qaldığı mənzilin telefonu saysız zənglərdən
partlamaq dərəcəsinə gəlir. Az qala bütün Ramensk "Şaxta baba"ya
zəng edir və yarı qiymətinə kompüter istəyir. Alla Pustovaya da
bütün günü telefonda oturmaq və axşam çıxıb pulları yığmaq qalır.
Beləliklə, müəllimə 30-40 kişini aldadır və on minlərlə pul yığır.
Tələsənlərə, zəng edənlərə isə deyir ki, müştərilər çoxdur, ona
görə də fond sifarişləri cəmləmək və kompüterləri topdan almaq
istəyir. Həm də belə daha ucuz başa gəlir. Və günlərin bir günü
telefon cavab vermir, kompüter azarkeşləri isə səbrlə
gözləyir...
Bir-iki həftədən sonra xanım Pustova Moskvanın şimalında Mıtişi
şəhərində peyda olur. Moskva çayının üzərində yerləşən bu şəhərdə
hələ sovet dövründən imkanlı adamlar yaşayıb və indi də bu ənənə
davam edir. Alla xanım da bu şəhərin miqyasına və səviyyəsinə uyğun
hərəkət edir. Bu dəfə metodika dəyişməsə də, miqyaslar dəyişir.
Artıq onu savadlı yox, "bahalı" kişilər maraqlandırır, odur ki,
təhsil, səhiyyə sistemlərinə yox, alver, biznes təbəqəsinə yan
alır. Gözəl xarici görünüşü, xarici dillərdə təmiz danışmağı,
sənədlərinin qaydalı, təkliflərinin faydalı olmağı, bir sözlə,
maraqlı qadın və maraqlı təklif çoxlarını yoldan çıxarır. İnsaf
xatirinə deyək ki, kim olsa başını itirər, zarafat deyil, hansısa
xeyriyyə fondu sizə yarı qiymətinə, yağın içində "Mitsubişi" təklif
edir. Fondun nümayəndəsi xanım Pustova potensial müştərilərlə
birlikdə avtomobil salonlarını gəzir, maşının formasını və rəngini
seçməkdə alıcılara kömək edir, onların yanında salonun menecerləri
ilə, hətta xarici dildə söhbət edir, fondun şərtlərini deyir. Amma
"Mitsubişi" kompüter deyil və Alla heç kimə əvvəlcədən "cip", ya
"sedan" bağışlamaq istəmir. Səlahiyyətli nümayəndə, sadəcə olaraq,
müştərilərlə fondun adından rəsmi müqavilə bağlayır, onlara "Şaxta
baba"nın möhürlü qəbzlərini bağışlayır. Müştərilər də maşının
qiymətinin 10 faizini əvvəlcədən, beh kimi ödəyir. Aradan bir ay
keçir, müştərilər də təbii ki, öz maşınlarını görmək, hətta sürmək
istəyir. Odur ki, fonda zəng edir, yerli-yersiz suallar verir,
xanımı tələsdirir. Xanım da onlara səbr diləyir, deyir ki,
müştərilər çoxdur, ona görə də fond sifarişləri cəmləmək və
avtomobilləri topdan almaq istəyir. Həm də belə daha ucuz başa
gəlir. Təbii ki, səbirsizlər, hətta pullarını geri istəyənlər də
olur. Onların yadına müqavilədəki cərimə maddələri salınır,
nəzakətlə məsləhət verilir ki, 30-40 faiz cərimə ödəməkdənsə, bir
az gözləmək sərfəlidir. Ya məntiqi fikir onları razı salır, ya
müştərilər əlacsız qalır, amma razılaşır. Və günlərin bir günü
Mıtişidəki telefon da susur, müştərilərə isə yalnız səbrlə gözləmək
qalır...
Bir neçə həftədən sonra xanım Pustova Tambov şəhərində peyda
olur. Tambov artıq Moskvadan xeyli aralıdır, maşınla 5-6 saatlıq
yoldur. Həyat səviyyəsi aşağı, kriminal səviyyəsi yuxarı olan
əyalət şəhəri sayılır. Bu şəhərdə xanım Pustova obyekt kimi kafe və
barları yox, təhsil müəssisələri seçir. "Şaxta baba" uşaq xeyriyyə
fondunun səlahiyyətli nümayəndəsi kimi məktəb direktorları ilə
görüşür və məlumat verir ki, mərkəzi ofisi Moskvada yerləşən fond
əyalət məktəblilərinin yay tətilində istirahətini güzəştli
şərtlərlə təşkil etmək niyyətindədir. "Artek", "Arlyonok" kimi
məhşur uşaq istirahət mərkəzlərinə "putyovka"lar fond vasitəsilə
alınır və yarı qiymətinə uşaqlara satılır. Bunun üçün uşaqların
valideyinləri əvvəlcədən fondla müqavilə bağlamalı və pulun
yarısını ödəməlidir. Bizim "qəhrəman" təbii ki, bir-iki həftəni boş
keçirməmişdi, hətta Krıma getmiş, sözügedən uşaq istirahət
mərkəzlərinə baş çəkmiş, onların şərtlərini, qiymətlərini
aydınlaşdırmış, müqavilələr bağlamışdı. Əlində daşdan keçən
sənədlər, möhürlü müqavilələr vardı. Tambovda isə qiymətli
hədiyyələrlə və şirnikləşdirici vasitələrlə məktəb direktorlarını
(Rusiyada çoxu qadındır) yoldan çıxarır və faktiki olaraq, onların
şəxsində "Şaxta baba"nın Tambovdakı diler şəbəkəsini yaradır.
Bu dəfə Alla Pustova o qədər harınlaşır ki, ehtiyatı əldən
buraxır. Valideyinləri hətta kirayə etdiyi mənzildə qəbul edir və
onlarla müqavilə bağlayır. Amma su sənəyi suda sınar deyirlər. Alla
Pustova da təsadüfən Tambov milisinin təcrübəli əməliyyat
müvəkillərindən birinə lişir, yəni onun həyat yoldaşı ilə müqavilə
imzalayır. Əməliyyatçı yəqin ki, peşəkarlıqdan doğan bir maraqla
müqaviləni öyrənir, Tambov vilayəti üzrə kataloqda yoxlayır, amma
bir şey tapa bilmir. "Şaxta baba" Moskvada qeydiyyatdan keçdiyindən
əməliyyatçı öz əlaqələri ilə paytaxt milisinə müraciət edir. Bir
neçə günə cavab gəlir. Doğrudur, Mıtişidə cərimənin qorxusundan
hələ heç kim şikayət etməmişdi, amma Podolskun uğursuz kompüter
azarkeşləri artıq milisin qapılarını qırmaqda idilər. Əməliyyat
müvəkkili də məsələni rəhbərliyə məruzə edir və dərhal əməliyyat
tədbirləri həyata keçirilir. Bizim əməliyyatçı və qadın
əməkdaşların biri "müqavilə bağlamaq" adı ilə valideyin kimi
Pustovanın yaşadığı mənzilə gəlir. Xanım Pustova bu dəfə
mənzilindən milis əməkdaşlarının müşayəti ilə çıxır...
Hər ikimiz xeyli susuruq. Aydındır ki, bu hadisələr hər
birimizin başına gələ bilərdi. Mamedov soruşur ki, bilirsən, Alla
Pustovanın bu qədər insanı aldatmasının və uzun müddət
məsuliyyətdən yayınmasının səbəbi nədir? Mənim dinmədiyimi görüb
özü cavab verir. Deyir, bizdə sovet dövründən qalma sadəlövh bir
yanaşma var, güman edirik ki, hamı, o cümlədən qədim peşənin sahibi
olduğu kimi görünməlidir. Yəni fahişə küçədə dayanmalı, oğru ev
yarmalı, dələduz isə gəlib bizdən borc pul istəməlidir. Biz də onu
yaxşı tanımadığımızı bəhanə edib canımızı qurtarmalıyıq. Amma
dələduz qəşəng, savadlı qadın libasında peyda olanda, ingilis
dilində danışanda, bütün səndləri də yerində olanda, ən əsası da
təklifləri sərfəli olanda, biz inanırıq və aldanırıq. Axı, yuxarıda
dedim, dünya dəyişdikcə, inkişaf etdikcə, oğru və dələduzlar da
dəyişir, inkişaf edir, daha inandırıcı, daha aldadıcı üsullardan
istifadə edirlər. Ona görə biz də dəyişməliyik, daha ehtiyatlı,
daha ağıllı olmalıyıq, yaxşı tanımadığımız insanlara etibar
etməməliyik.