Dünyada problemsiz insan olmadığı kimi, problemsiz xalq
da yoxdur. Amma fərq ondadır ki, kim nəyi problem sayır. Məşhur
atalar sözü var, "dostunu göstər, kim olduğunu deyim". Bu məsələ
uyğun olaraq belə də demək mümkündür: problemini göstər, kim
olduğunu deyim. Bizim necə xalq olduğumuzu görmək üçün indi nə
tarixdən, nə də ki, hansısa mədəni irsdən nümunələr göstərməyə
ehtiyac var.
Avropanı bir kənara qoyaq, elə keçmiş postsovet məkanına daxil
olan Baltikyanı respublikaların xalqları ilə özümüzü müqayisə edək.
Latviyalı və ya eston üçün yaşadığı şəhərdə küçənin çala-çuxur
olması, yolun dağılıb bərbad vəziyyətə düşməsi anlayışı yoxdur.
Ancaq nəinki regionlarda, hətta ölkənin mərkəzində yaşayan
azərbaycanlı üçün bu gün yağış, qar yağanda gölməçəyə çevrilmiş,
palçıqla dolmuş küçələrdən keçmək müşkülə çevrilir.
Bu yaxınlarda Ukraynada oldum, ancaq bir ukraynalıdan eşitmədim
ki, hansısa orqandan şikayətlənsin. Heç kim məktəbə göndərdiyi
uşağına repetitor tutmağı ağlına belə gətirmir, çünki məktəblərdə
uşaqlara normal təhsil verilir. Ukraynalı öz hakimiyyətindən
narazıdır, ancaq bu narazılıq adi, sadə məişət problemlərinə görə
deyil, ölkəsinin inkişaf istiqaməti kimi böyük məsələlərə görə
narazıdır.
Avropalılardan isə danışmağa dəyməz. Çünki orda hansı komandanın
iqtidarda olmasından asılı olmayaraq, vətəndaşın təhsil, yol,
səhiyyə, istilik, su kimi problemləri olmur. Avropada yaşayan
vətəndaş öz hökumətinə verdiyi verginin səviyyəsinə, sığorta
şərtlərinə, keyfiyyətli səhiyyə və təhsildən yararlanmaq
imkanlarının nə qədər əlverişli olmasına, ekoloji problemlərə
verdiyi önəmə, miqrasiya siyasətinə, iş yerlərinin artması tempinə
və s. görə münasibət bəsləyir. Cəmiyyət üçün ibtidai, alt səviyyəli
ehtiyaclar ödənmiş sayılır, hökumətlər arasındakı fərq hansının
vətəndaşın rifah səviyyəsini daha yaxşı təmin etməsinə görədir.
Bizdə əksəriyyət üçün yaşamaq həyatda qalmaq üçün zəruri
ehtiyacları ödəmək uğrunda gecə-gündüz çarpışmaq deməkdir. Rüşvət
vermədən problemini həll etmək, tapdanmış haqqını bərpa etmək üçün
üz tutduğu məhkəmədə ədalət görmək, övladını məktəbə göndərib onun
təhsilindən arxayın olmaq, dərdinə əlac tapmaq inamı ilə xəstəxana
qapısı açmaq, vergi qorxusu olmadan ticarətlə məşğul olmaq və s.
saymaqla bitməyən ən adi məsələlər azərbaycanlı üçün sadəcə xəyal
hesab oluna bilər.
Dərd təkcə bu problemlərdə deyil, həm də onlara münasibətdədir.
Yaşadığı problemlərin ağırlığı altında əzab çəkən insandan
susmasına, öz haqqını qorumaq üçün hərəkət etməməsinə bəhanə
gətirib haqq qazandıran cavab eşitmək qədər bir absurd təsəvvür
etmək çətindir. Ən çox eşitdiyimiz söz də "kimə inanaq?"
kəlməsidir. Məgər kiməsə inanmırsansa, ən adi kommunal problemlərə
görə həyatının çətinliklər içərisində keçməsinə susmalısan?! Heç
kimə inanmadan da, kimsənin ardınca getmədən də insanlar öz
tələblərini, etirazlarını duyurmağı bacarmalıdırlar. Problemlər
qarşısında susan, fərdi ehtiyaclarının ölkədəki vəziyyətdən asılı
olduğunu dərk etməyən və buna görə də ümumi məsələləri nəzərə
almadan özünü ən adi problemlərin həllinə sərf edib sonda da heç
nəyə nail olmayan insanlar heç bir iqtidar üçün dəyərli sayıla
bilməz.