Yuxarı

Qadınları "pozan" yazar...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qadınları "pozan" yazar...

Ötən dəfə qadın problemləri mövzusunda yazdığımız kiçik yazı ilə bu mövzunu özümüz üçün ən azı bir müddətə tükəndirəcəyimizi zənn edirdik və açığını etiraf edək ki, onu davam etdirəcəyimizi düşünmürdük...

Amma sonra bəzi məsələlər oldu, ən başlıcası isə telekanalların birində Cəfər Cabbarlı ilə bağlı debat keçirildi. Cabbarlının adı gələndə isə ya vəlvələdən, ya da zəlzələdən, adamın yadına düşən ilk şey məhz elə qadın azadlığı, çadra-filan olur. Elə verilişin də çox hissəsi həmin bu məsələnin saf-çürük edilməsinə həsr olundu...

Əvvəlcə onu deyək ki, 35 illik həyatında Cəfər Cabbarlı çox əsərlər yazıb. Özü də dəyərli şeylər yazıb və mənim ona münasibətim soruşulsa, birmənalı olaraq "müsbət" - deyə cavab verərdim...

Amma qəribədir ki, Cabbarlı verilişdə həm də qınandı, onu "milli-mənəvi kodları dəyişmək"də ittiham etdilər. Di gəl, görək Cabbarlı "Sevil"i və "Almaz"ı yazmaqla milli-mənəvi sərhədləri unudurdumu?

Cabbarlı üçün əsas məsələ çadranın tullanması deyildi. Ona qalsa, "Sevil"dəki Dilbər də çadrasız, müəyyən qədər Avropa təhsili görmüş, kişilərlə bir məclisdə oturub şərab içən qadın idi...

Amma Dilbər Cabbarlının idealı deyildi. Sevil çadranı atır, bununla həm əvvəlki dünyaya etiraz edir, həm də yeni bir gələcəyə üz tutur. Gəl, Sevil hətta çadranı tullayandan sonra belə, Dilbər olmadı və ola da bilməzdi...

Fəqət, bu gün Cabbarlı Sevillərə görə də qınanır, Dilbərlərə görə də. Amma bu qovğada, bu mübahisədə haqlı kimdir?

Bəlkə də Cabbarlı və onun yaradıcılığlı haqda daha ətraflı yazmaq lazım idi, amma biz ədəbiyyat tənqidçisi deyilik və bu da bizim işimiz deyil...

Sadəcə, bir faktı müdafiə edirik ki, Cabbarlı axıra qədər müsavatçı idi və məhz Müsavat hakimiyyəti zamanı qadınlara seçki hüququ verilmişdi. Hətta ABŞ-da qadınlara seçki hüququ bundan bir qədər sonra verilmişdi...

Cabbarlı bu mühitin adamı idi. O, sadəcə, bir müddətdən sonra başa düşdü ki, sovet rejimi ilə siyasi mübarizə mənasızdır, o, elə mədəniyyət vasitəsilə də bir müsavatçı kimi öz ideyalarını yaya bilər...

İndi elə təqdim edirlər ki, guya yalnız Cabbarlı qadınların teatra, sənətə gəlişini arzu edirdi. Məgər Üzeyir Hacıbəyli bunu arzulamırdımı? Məgər o arzulamırdı ki, Leyli rolunu Əhməd Ağdamski yox, məhz azərbaycanlı qızlar oynasın?..

Onlar hamısı bunu arzu edirdi. Tək Cabbarlı müəyyən mənada sovet rejimi ilə "barışmadı", bunu Üzeyir bəy də etdi. Niyə görə? Bəlkə də ona görə ki, onlar başa düşdülər ki, öz arzularının gerçəkləşməsi müəyyən qədər sovet rejimində də mümkündür və elə bu səbəbdən də onunla əməkdaşlığa getdilər...

Bəs əvəzində nə qazandıq? Konservatoriya qazandıq, "Koroğlu"nu qazandıq, kinonu qazandıq... Sadalamaqda davam edəkmi?

Ən maraqlısı odur ki, bu gün də Cabbarlıya opponentlik edənlər, az qala çadranın da "göylərdən nazil olduğunu" iddia edənlər var. Bəli, biz müqəddəs kitabları, xüsusən də müqəddəs Quranı bu xüsusda araşdırmamışıq və heç bilmirik ki, orada çadra haqında nəsə var, ya yox?..

Amma qadın azadlığı probleminin bütün mənfiliklərini, ağrılarını Cabbarlının çiyinlərinə yükləmək lazım deyil. Məgər Sabir demirdimi ki, millət Anyalara, Sonyalara aşiq olacaqdısa, bəs bədbəxt Tükəzbanları neylərdin, İlahi?..

Mən hələ "Ölülər"i, Kefli İsgəndəri demirəm... İsgəndərin öz balaca bacısına xitabən dedikləri əslində bütün müsəlman, Şərq qadınlarına ünvanlanmışdı və adam o sətirləri ürək ağrısı duymadan oxuya bilmir...

Qərəz, bir çox məsələlər kimi qadın azadlığı problemi də o vaxtki ədəbiyyatın xidməti idi, hər şeyi Cabbarlının üstünə yıxmağın mənası yoxdur...

Bəlkə də Cəfər Cabbarlı məsələni daha kəskin qoyurdu. Ola bilər. Amma bizə elə gəlir ki, onun bu işlərin əsas "günahkar"ı olması onunla bağlı idi ki, həmin dövrdə bu ideyalar gerçək oldu və Cəfər Cabbarlı səmt küləyinə tuş gəldi...

Bu səmt küləyi onu bir çox məsələlərdə önə saldı, təkcə qadın azadlığı problemində yox, həm də digər məsələlərdə... Bu da taleyin ironiyasıdır və bu külək Cabbarlıya təkcə səmt tutmadı, bəzən onun özünə qarşı da əsdi...

Bəlkə onun az yaşamasının da səbəbi elə bu oldu. C.Cabbarlı çox az yaşadı və o kifayət qədər yaşasaydı, hələ kim bilir, nələr yazacaqdı...

Belə bir ifadə var: öz yelkəninə etibar et... Cabbarlı öz yelkəninə etibar etdi və bu yelkən onu düzgün səmtə apardı...

Hər halda, hər şeyin tamam mənasız və guya ki, puç olduğunu düşünməyə də əsas yoxdur - sovet rejimində böyük pisliklərlə bahəm yaxşılıqlar da çox idi.

Cəfər Cabbarlı səmt küləyini tuta bildi. Bəlkə də tuta bilməsəydi, öz yelkəninə etibar etməsəydi bu gün metronun 28 May stansiyasının qarşısındakı o möhtəşəm heykəl də olmayacaqdı...

Tarix
2015.03.06 / 09:55
Müəllif
Hüseynbala Səlimov
Digər xəbərlər

ABŞ Trampı seçərsə...

İlin belə bir günü də var...

Əfsanə başladı

Dördüncü Dünya müharibəsində...

Allah adamının cəhənnəmi

Qərb kommunizmi belə qurur

Azad adam

Neft erası bitir: Nə etməli?

İtirilmiş böyük şans

Bu peşə də ölür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla