Yuxarı

Atalardan bizə, bizdən də atalara

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Atalardan bizə, bizdən də atalara

Bu mart günlərində hakimiyyətə gəlişinin və axıradək bütün sovet adamları üçün anlaşılmaz qalan "perestroyka" kəlməsini ilk dəfə dilə gətirməsinin otuz ili tamam olan Mixali Qorbaçovun əslində beynində nə vardı, bunu bilmədik.

Amma o vaxt hamı ümidli idi, hamı dəyişiklik gözləyirdi, baxmayaraq ki, bu dəyişikliyin haradan başlayacağını heç kim özü üçün yəqinləşdirə bilmirdi...

Biz tələbələr də ümidli idik. Düşünürdük ki, bəlkə M.Qorbaçov təhsilin ifrat dərəcədə ideologiyalaşdırılmasını ləgv edər. Ona görə ki, elmi kommunizmlər, elmi ateizmlər bizi tamam bezdirmişdi. Bilmirdik ki, bu ölkə nə istəyir? Riyaziyyatçı, fizik, yoxsa marksizm-leninizm üzrə mütəxəssislər? Elə bu səbəbdən də düşünürdük ki, ölkə dəyişikliyə vicdan azadlığından və bu azadlıqdan irəli gələn nəticələrin gerçəkləşdirməsindən başlayacaq.

İndi bu, bəlkə də qəribə səslənir. Amma adam sovet rejiminin ağırlığından bezirdi, bu rejim insanların mənəvi dünyasını da əsarətə götürmüşdü - gənclər etiqad etdiyini açıq deyə bilmir, özünün milli-mənəvi dünyasını gizlin saxlayırdı və hamı biri-birindən qorxurdu ki, birdən ehtiyatsız nəsə deyər və "stukaç"lar da dərhal bunu "lazımi yerlər"ə çatdırar...

Bu bayram günlərində mən bunları niyə xatırladım? Novruz bayramların ən səmimisidir - hər halda, mən belə başa düşürəm. Bu yeganə bayramdır ki, insan həqiqətən də maksimum səmimi olmağa çalışır. Heç kim kiminsə qəlbini sındırmağa cəhd etmir...

Novruz həm də qayıdışdır - milli köklərə, adət-ənənələrə qayıdış. Amma bu, heç də həmişə belə olmayıb...

Məhz elə bu səbəbdən yazını bir qədər uzaqdan - "perestroyka" dövründən başladım. Atıq əlli yaşım var. İndi adam anlayır ki, bəzi şeyləri başa düşmək üçün həqiqətən də yaş lazımdır, yaşa dolmaq lazımdır...

Bu yaşda keçmişdə ata və babalarımızın hansı sıxıntıları yaşadıqlarınn başa düşmək daha asan olur. Amma əsas nədir? Odur ki, yox olmadıq, başqa millətlərin içində əriyib itmədik, özümüzü qoruduq... Bu yaxınlarda bilmirəm, hansısa verilişdəsə maraqlı bir fikir eşitdim. Bir nəfər dedi ki, bu millətin özünə bağlılığının birinci göstəricisi budur ki, 70 il ərzində onun Qibləsini dəyişə bilmədilər - qəbiristanlıqlarda bircə qəbir belə adət-ənənələrdə nəzərdə tutulandan fərqli istiqamətdə qazılmadı...

Bu haqda sonra özüm də xeyli düşündüm. Gördüm ki, bu adam həqiqətən də düz deyir, çox dəqiq müşahidədir... Sonra uşaqlığım, o vaxtki dini ayinlər, bayramlar yada düşdü. Amma əvvəlcə dini ayinlərlə bağlı keçmiş müşahidələrimi bölüşmək istəyirəm...

Mən heç vaxt qatı dindar olmamışam. Amma uşaqlıqda görürdüm ki, insanlar məhərrəmlik mərasimləri vaxtı gizlincə evlərdə toplaşar, dini ayinlərini icra edərdilər... Sonra tələbəlik vaxtı buna bənzər şeyi Moskvada gördüm. Təsəvvür edin, pasxa vaxtı xristian tələbələr kilsəyə getməsin deyə səhərə qədər diskotekalar keçirərdilər. Özü-özlüyündə diskoteka da yaxşıdır, pasxa da. Hərəsinin xristianlar üçün öz yeri vardı. Amma diskoteka həmişə vardı. Pasxa isə ildə bir dəfə olurdu...

Eyni sözləri bizim müsəlman ayinləri haqqında da demək olar, onlar da ildə bir dəfə olur və ildə bir dəfə insanın öz zahiri aləmindən daha çox mənəvi-daxili aləmilə məşğul olmasında pis heç nə yoxdur...

Amma sovet hökuməti qoymurdu. İmkan vermirdi. Novruzu qorumaq üçün onu sırf bahar bayramı kimi təqdim edir və dəridən-qabıqdan çıxaraq sübut etməyə çalışırdılar ki, onun dinlə, dini ayinlərlə heç bir bağlılığı yoxdur. Mən indi deyə biləmərəm ki, əslində necədir, hansısa bağlılıq var, ya yox?

Mənim üçün Novruz Novruzdur. Şənlik, dadlı yeməklər, tonqal... Sonra da qohum-əqrəba ilə görüşlər, bayramlaşmalar...

O vaxt biz uşaqlar üçün də fərqi yox idi, Novruza hansı ad verirlər, ona hansı məzmun aşılayırlar... Əsas, bir daha deyirəm ki, tonqalın üstündən tullanmaq idi, odla bağlı müxtəlif ayinləri icra etmək idi...

Artıq o vaxtlar arxadadır. İndi adamı sevindirən nədir? Görürsən ki, gəncliyin bütün bunlara marağı var, hətta bəzi şeyləri daha peşəkar etməyi öyrəniblər...

Bir dəfə məndən soruşdular ki, ən çox sevdiyin durğu işarəsi hansıdır? Dedim ki, vergül, çünki onun davamı var, ondan sonra mütləq nəsə gəlir... İndi gənclik də orta və yaşlı nəslin "vergül"üdür, onların davamıdır. Bayram günlərində onlara demək lazımdır ki, təbii ki, biz hər şeyi qoruya bilmədik, bu günə çatdıra bilmədik, amma nəsə gətirib şıxardıq bu günə. Siz də çalışın ki, onları artırıb övladlarınıza ötürəsiniz. Belə olsa, millət yaşayar...

Tarix
2015.03.20 / 16:48
Müəllif
Hüseynbala Səlimov
Digər xəbərlər

ABŞ Trampı seçərsə...

İlin belə bir günü də var...

Əfsanə başladı

Dördüncü Dünya müharibəsində...

Allah adamının cəhənnəmi

Qərb kommunizmi belə qurur

Azad adam

Neft erası bitir: Nə etməli?

İtirilmiş böyük şans

Bu peşə də ölür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla