Bir filoloq dostum demişdi ki, dünyada 60-a yaxın
orijinal nağıl süjeti var. Bundan sonra nağıl süjetlərinin
təkrarlanması, müxtəlif xalqların folklorunda eyni süjetlərə
təsadüf olunması mənə təəccüblü görünmədi.
Uşaqlıqda alışmışdıq ki, nağılların müəllifi olmur. Bu bizi bir
az kədərləndirirdi də. Adam düşünürdü ki, necə ola bilər ki, belə
gözəl hekayələr fikirləşəsən, amma altından imzanı
qoymayasan...
Amma sonradan müəllifli nağıllar daxil oldu həyatımıza.
Birincisi, bəlkə də "Ovçu Pirimin nağılları" və yaxud da "Qorxulu
nağıllar" idi. Onları mən seçməmişdim. Təzəcə hərfləri öyrənmişdim
ki, bu kitabları oxumağım üçün verdilər. Özü də elə-belə oxumayım,
oxuyandan sonra atama danışım. Mən də belə edirdim. Oxuyur və atama
danışırdım.
Bir az böyüyəndən sonra adamlar nağıl oxumurlar, hətta əllərində
nağıl kitabı tutmağa utanırlar. Doğrusu, bunun səbəbini hələ də
anlamıram... Nağıl oxumaqda pis nə var ki? Böyük fiziklər,
professorlar kitablarında "Alisa"dan sitatlar gətirirdilər...
Mən də hələ nağıl oxumağı sevirəm. Bəzən fikirləşirəm ki, bəlkə
mənim inkişafım ləngiyib? Bilmirəm. Amma çox istərdim ki, yaşadığım
20-30 il nağıl olaydı. Onda mən hamını bağışlardım, heç kimdən
inciməzdim.
Bunu həm də ona görə istəyirəm ki, bütün nağıllar xoşbəxt
sonluqla- "happy end"lə bitir... İstərdim ki, bu çətin, çox vaxt
anlaşılmaz ölkədə elə mənim həyatım da xoşbəxt sonluqla
bitsin...
Nə isə... Daha sonralar həyatıma nağıl yazan əcnəbi yazarlar
daxil oldu. Onlardan ikisini xatırlayıram, hərçənd ki, onları da
bütünlüklə oxumamışam. Bəli, biri Qrin, digəri isə Andersen
idi.
Sonuncu bu cızma-qaranın yazılamsının səbəkarı oldu - bu həftə
Andersenin doğum günüdür. Həm də Beynəlxalq Uşaq Kitabı günü...
Mən onlardan çox da bəhs etməyəcəm. Həm mənsiz də hamı onları
tanıyır, həm də bizim səhifə qiraət səhifəsi deyil ki...
Məni sadəcə, nağıl fenomeni maraqlandırır. Necə olur ki, böyük
adamlar kiçik uşaqlar kimi qalırlar? Necə olur ki, onlar belə
süjetlər uydura bilirlər?..
Çox maraqlıdır. "Harri Potter..." həqiqətən də intellektual
nağıldır. Adam lap məəttəl qalır ki, müəllif bu qədər şeyi necə
uydura bilib?..
Amma mən Qrindən, Andersendən aldığım elektriki "Potter"dən ala
bilmədim. "Potter..." mənə çox tutqun göründü, lap dumanlı Albionun
daim çiskinli havası kimi...
Həm də yaşa dolandan sonra bilirsiniz, nə fikirləşirəm? Deyirlər
ki, A.Tarkovski bir dəfə mələyi görübmüş. Amma indi düşünürəm ki,
əslində, bu bir qədər qeyri-dəqiq söhbətdir. Mənə elə gəlir ki,
mələklər heç vaxt böyümürlər, onlar həmişə uşaq qalırlar. Bu mənada
bütün uşaqlar elə mələkdi.
İnsan böyüyəndə özünü dərk edir. Özünü dərk edən andan, özünü
fərqləndirən andan onun ətrafla, təbiətlə harmoniyası pozulur,
həmin andan o dönüb insan olur, bir daha mələk ola bilmir...
Bəlkə də bu da bir nağıldır... Amma bir detalı unutdum. Etiraf
edirəm ki, Tarkovskinin filmlərində həmin harmoniyanın axtarışı
vardı - qəribə vəhdət və bütövlük süzülürdü o filmlərdən...
Qayıdaq sözümüzün əvvəlinə - nağıllara. Bir məclisdə söhbət
oldu. Bir nəfər ağzı sulana-sulana deyirdi ki, indi kompüter,
internet əsridir, biz isə uşaqlara hələ də uçan xalçalardan
danışırıq...
O vaxt mən söhbətə qoşulmadım, çünki kiminsə fikrini dəyişmək
adətini çoxdan tərgitmişəm, indi buna lüzum görmürəm.
Amma burada pis nə var ki? Uçan xalçaların nəyi pisdir ki?
Doğrudanmı, insanın düzəltdiyi uçan aparatlar bu sahədə sonuncu və
qəti sözdür? Bəlkə elə bir vaxt gələcək ki, uçan aparatlar elə uçan
xalça kimi sadə olacaq?
Əsas o deyilmi ki, insan min il uçmağı arzulayıb? Əsas o deyilmi
ki, insan bir dünyadan o birisinə uçmaq haqqında düşünüb? Və
beləcə, Dedal və İkar əfsanəsi, uçan xalça nağılları yaranıb...
Əlli yaşım var. Amma hələ də uçan xalça məni təsirləndirir. İndi
mən harasa getmək üçün min prosedurdan keçməliyəm, pulum olmalıdır,
vaxtım olmalıdır. Düşünürəm ki, kaş uçan xalçam olaydı! Onun
üstündə oturub böyük şəhərin uğultusundan, gurultusundan,
küləyindən, yağışından canımı qurtaraydım...
Elə yerə uçaydım ki, orada... orada ancaq Andersenlər, Qrinlər
və bir də onların nağılları qalıb...