Yam-yamları qorxu filmlərində maraqla izləyirdim, hətta
bəzən özümü də hadisələrə "pərçim" edirdim ki, o adrenalini xəyalən
də olsa, yaşayım, ta ki bu yaxınlara – "ağzıgöyçək" şeyxin
qarayabatmış fitvasına qədər...
Şeyxin ət məsələsinə aid kəpslər hazırlayıb, sosial şəbəkədə
statuslar yazaraq lağlağı edib gülənlər də oldu, gülənlərə baxıb
işin "ciddiyyət"ini anlayaraq ağlaşma quranlar da. Hələ gülənlərlə
ağlayanlar arasında dayanıb key-key gözünü döyərək bir parça ət
olanları demirəm.
Vallah, məni qınamayın, bu söhbətlər gündəmi zəbt edəndən bəri
mənim ağlıma ət dükanlarının üstündə yazılan "Ət və ət məhsulları"
ifadəsi gəlir və qarşıma çıxan hər qadına "3-4 pud ət" kimi
baxıram.
– Qızbəs necə qadındı?
– Nə bilim, vallah, əti bir az turşməzədir.
– Bəs Gülheyran?
– Hansı, o ətiacını deyirsən?
Əvvəllər "ətiacı" sözün məcazi mənasında "mehriban olmayan, heç
kimlə yola getməyən" adamlara şamil edilirdisə, indi sözün ilkin,
müstəqim mənasında deyiləcək.
Bəzi qadınlarımızın haqlı olaraq canına qorxu düşüb ki, birdən
gecənin oğlançağı yatdığı yerdə əri acıb yuxudan ayılar, soyuducunu
açar, "zəqqumlanmağa" bir şey tapmaz, sakitcə mətbəxdən bıçağı
götürüb arvadın ələgələn yerindən "bir qısmat" kəsib nuş edər.
Təsəvvür edin, indiyə kimi qadınlar işləməyən, evdə boş-bekar
oturan kişilərinə "Yemək istəyirsən? Ət almısan ki, dolma
istəyirsən, ay mürdəşir? Əziyyət çək, işlə, evə zəhər gətir", –
cümlələrini bütün sinir hüceyrələrini səfərbər edərək deyə
bilirdilərsə, bundan sonra nəinki nərilti, heç ciyiltiləri də
gəlməyəcək. Çünki bilirlər ki, kişinin nə vecinə, "ehtiyat"da azı
40-50 kiloqram əti var. Bundan sonra zənənlər "yem yeri" olmamaqdan
ötrü canlarına cəfa verib gecə-gündüz kişilərin qarnı üçün
çalışacaq.
Müsəlmanın o günü, Feysbuk istifadəçilərindən biri ironik bir
statusun altında belə bir rəy yazmışdı ki: "Bəs görəsən, qadınlar
acanda kişiləri yeyə bilər?" Haşa... Arvad nə karədir ki, kişini
yeyə?! Belə bir deyim var e, daha çox həyasız qadınlara şamil
edilir: "Zalımın qızı az qalır adamı dirigözlü basıb yeyə". Bundan
sonra bu deyimi kişilərə aid eləmək lazımdır. Adamın duxu çata,
çıxa təpəgöz şeyxin qarşısına, deyə ki, əə, adam kişi olar, basıb
yediklərin bəs deyil, indi də arvad əti yemək istəyirsən? O da
cavab vermək əvəzinə əl atıb səndən bir tikə qoparıb ağzına ata,
qalasan yana-yana.
Feysbukda bir şey də yazılmışdı ki, "bu şeyxlərin niyə hamısı
təkgöz olur?" Məntiqlidir. Mən bir aciz bəndə kimi fağıryana deyim
ki, onlar gözləri ilə yemir, dişləri, ağızları ilə yeyir, ona görə
də "mübarəkqədəm"lərə tək göz də kifayət edir. İkinci bir tərəfdən
onların bəsirət gözləri görür. Məhz bəsirət gözləri ilə
qarşısındakı dişinin harasının yeməli olduğunu yəqin edirlər.
Məncə, şeyxin ət söhbəti bizim ətyeyən millətin işinə yarayır.
Ətlə bağlı yaxşı "ətli-yağlı" atalar sözlərimiz də var: "Şeyx var
ətin yeyərlər, şeyx var ət yedirdərlər; Şeyxin ağzı ətə çatmayanda
deyər iy verir; Ucuz ətin şorbası olmaz". Bu axırıncı lap yerinə
düşdü. İndi təsəvvür eləyin, bir gecəsi 2000-3000 dollar olan
qadınların ətindən nə şorba çıxar da.
Düzü, mən tərəvəzi ətdən daha çox sevdiyimə görə, "Mübarək
fitva" çıxandan bəri elə hey fikirləşirəm ki, görəsən, vegetarian
kişilər aclıq çəksə, nə yeyəcək bəs?