Bəlkə də indi tamam başqa məqamdır. Bəzən mənə elə gəlir
ki, aprel ermənilərin öz psixologiyalarını bizə "sırıdıqları"
aydır. Bir neçə gündür ki, insanlar Roma Papasının son çıxışı ilə
məşğuldur. Qalan vaxtlarını da ona həsr edirlər ki, baxıb
görsünlər, ABŞ prezidenti nə deyəcək, "soyqırım" sözünü
işlədəcəkmi?
Nə etmək olar? Bəzən kiçik bir siyasi tədbir, adi bir görüş və
hətta bir söz də böyük siyasətin qaranlıq dəhlizlərinə işıq tutmaq
iqtidarında olur.
Bu baxımdan təbii ki, aprelin üçüncü on günlyündə Türkiyədə
keçirləcək Çanaqqala döyüşü ilə bağlı tədbirlər, Ermənistanda
1915-ci ildə baş verdiyi iddia olunan qondarma "soyqırım"ın 100
illiyilə əlaqədar nəzərdə tutulan hazırlıqlar diqqətlə
izlənir...
İnsanlara sadəcə, maraqlıdır ki, görən, filan ölkənin lideri
haranı seçəcək -onun başçısı Türkiyəyə yollanacaq, yoxsa
Ermənistana?
Etiraf edək ki, Rusiya Prezidenti V.Putin xüsusilə diqqətdədir.
Böyük ehtimalla demək olardı ki, Rusiya prezidenti yəqin ki,
Ermənistanı seçəcək. Ən azı ona görə ki, ötən həftə bu ölkəyə səfər
edən Xarici İşlər naziri S.Lavrov gəlişinin məqsədinin prezidentin
Ermənistana nəzərdə tutulan səfəri üçün hazırlıq görmək olduğunu
demişdi...
Amma bir qədər sonra Rusiyadan fərqli xəbərlər də gəlməyə
başladı. Məlum oldu ki, prezidentin Ermənistana səfərilə bağlı hələ
dəqiq heç nə məlum deyil. Üstəlik, bildirildi ki, Rusiya Çanaqqala
tədbirlərində də yüksək səviyyədə təmsil olunmaq niyətindədi...
İndi bunu necə başa düşək? Məntiq, daha döğrusu, Rusiyanın
çoxillik imperiya mənitiqi və onun bu son illərdə yürütdüyü
siyasət, bir az əvvəldə dediyimiz kimi, Ermənistana səfəri daha
real görsənir... Amma kim bilir? Bəlkə Putin Türkiyəni seçəcək? Ən
azı ona görə ki, son vaxtlar Rusiyanın Ermənistanla bağlı
siyasətində qəribə çalarlar nəzərə çarpırdı. Avrasiya İttifaqının
çox mühüm tədbirlərinə Ermənistan lideri dəvət almır, tədbirlər bir
qayda olaraq onsuz keçirdi.
Bir daha deyirik ki, Rusiyanın Ermənistana tamam diqqətsizlik
nümayiş etdirməsi, ölkə liderinin Ermənistandakı tədbirlərə
qatılmaması bir o qədər də inandırıcı görünmür. Amma Ermənistan
hakimiyyəti özünü o qədər aşağılayıb ki, Rusiya prezidentinin ona
qarşı diqqətsizlik nümayiş etdirməsi də təəccüb doğurmaz.
Qərəz, irəli qaçmaq da lazım deyil. Açığı, adam bəzən on gün
bundan irəli üçün də proqnoz verməyə ehtiyat edir. Həm də bu
günlərdə bir xoş xəbər də eşitdik. Bəlli oldu ki, Türkiyə də nüvə
dövlətləri sırasına qoşulmaq əzmindədir. Rusiyanın köməyilə yaxın
4-5 ildə bu ölkədə ilk AES qurulacaq. Buna sevinməmək olarmı?
O ki qaldı başqa məsələlərə, adətən hamı sualdan qaçmağı sevir.
Amma sualdan qaçmaq yox, onun düz üstünə getmək lazımdı. Sual da
odur ki, görən, Ermənistan Rusiyaya nə verir? Tutaq ki, Ermənistan
Rusiya siyasətinə Azərbaycanı müəyyən çevrədə, nəzarət oluna bilən
çərçivədə saxlamağa kömək edir. Amma dərhal da başqa sual yaranır:
bəs bu, nə çevrədir, nə çərçivədir ki, onu Rusiyaya rəsmi Bakının
özü yox, İrəvan "təklif edir"?
İndiki Rusiyanın daha Azərbaycanın neftində və qazında, hətta
əvvəlki illərdən fərqli olaraq, onların nəql marşrutlarında belə
gözü yoxdur, demək olar ki, Azərbaycan tamamilə sərbəstdi, neftini
və qazını nəql edir və gəlirləri də özü götürür...
Üstəlik, Azərbaycan Rusiyanın böyük geosiyasi layihələrinə
(Avrasiya İttifaqı, Gömrük Birliyi) də qoşulmur. Rusiya da ən azı
bu vaxta qədər buna dözümlə yanaşıb - onun müstəqilliyini hər hansı
formada məhdudlaşdırmağa xüsusi cəhd nümayiş etdirməyib...
Bəs onda Rusiyaya nə lazımdır? Əslində ona lazımdır ki,
Azərbaycan NATO-nu, Avropa Birliyini bölgəyə cəlb etməsin...
İndi görək rəsmi Bakının özü heç bunları istəyirmi? Bakının NATO
və yaxud da ki, Avropa Birliyilə bağlı ciddi planları varmı? Məsələ
də ondadır ki, ən azı indi belə planlar yoxdur. Deməli, Rusiyanın
Ermənistanla siyasi ittifaqı əslində məzmun baxımından fiksiyadan
başqa şey deyil...
Ən başlıcası isə, bilirsiniz, nədir? Fikirləşəndə görürsən ki,
bir millət kimi rusların keçmişi, bugünü və gələcəyi daha çox türk
xalqları ilə bağlıdır, nəinki başqaları ilə...
Hazırda Rusiyada neçə türk xalqının və etnik qrupunun
yaşadığını, neçə türk mənşəli federasiya subyektinin mövcud
olduğunu sadalamağa çətinlik çəkirik - tərəzinin bir gözünə onları,
digər gözünə Ermənistanı qoysan, çox böyük fərq yaranar...
Demirik ki, dərhal slavyan-türk ittifaqı yaransın, hərçənd ki,
vaxtilə bunu çox sanballı adamlar dilə gətirirdilər. Dərindən
düşünəndə, əslində, belə bir ittifaq o qədər də irreal və qeyri-adi
dərəcədə mümkünsüz də görünmür...
Güman edirik ki, Rusiya siyasətində də nə vaxtsa türk amilini
nəzərə alacaq və bunu xəritədə haralarasa "türk zolağı" deyərək
ondan xoflanmadan edəcəklər, çünki bu, primitiv məsələ deyil, ciddi
bir siyasi və geosiyasi amildi. Əməkdaşlıqda da məqsəd heç də
kiməsə qarşı olmaq və kiməsə qarşı yönəlmək deyil, təbiətin və
coğrafiyanın bəxş etdiyi bu təbii üstünlüklərdən maksimum
yararlanmaq arzusudur...
Onsuz da türk xalqları Rusiyanın daxili həyatında mühüm rol
oynayır. Sadəcə, aralarında ciddi iş birliyi və həmrəylik azdır,
amma bu da zaman məsələsidir.
Əsrin əvvəllərində İsmayıl bəy Qaspıralı "İşdə birlik, sözdə
birlik, fikirdə birlik" deyirdi. İndi isə Nazarbayev bir cür
düşünür, Kərimov başqa cür, Türkmənistanın prezidenti isə tamam
fərqli!.. Bəli, başqırdlar bir cür hərəkət edir, tatarlarsa tamam
başqa... Fəqət, əminliklə demək olar ki, birliyin ziyası nə vaxtsa
onların da üzünə düşəcək.
Maraqlısı budur ki, belə fikirlər Qazaxıstanda daha güclüdür.
Bəli, burada dərhal Oljas Süleymenov və onun yazdıqları da yada
düşür. Elə Nazarbayev özü də belə mövqeyə çox yaxındır. Amma
məsələ, bir daha deyirik ki, zaman məsələsidir. Demirik ki, bunun
üçün yalnız indiki Rusiya, onun siyasi isteblişmentinin təfəkkürü
dəyişməlidir. Yox, elə özümüz də - biz türklər də dəyişməliyik.
Onlarda da, elə bizlərdə o şey çatışmır ki, onun əsasında bütün
Qərb siyasəti qurulub. Bu da praqmatizm adlı siyasi fəlsəfədi...
Onlar da, biz də siyasətə çox irrasional yanaşırıq. Amma dəyişmək
məqamıdı - dəyişsək, bizə ilk növbədə kimin və nəyin lazım olduğunu
daha yaxşı dərk edərik...