Ötən həftə bəstəkar Ramiz
Mirişli dünyasını dəyişdi. Bəlkə də gecdi... Amma üstündən həftədən
bir qədər artıq vaxt keçsə də, bu haqda yazmaq qərarına
gəldik...
Geçikməyimizin bir səbəbi də bu oldu ki, mətbuatın da öz ritmi
var və bu ritmi nə yazar poza bilər, nə də başqa birisi. Həm də
adamlar bir gün, bir həftə deyil, imkan düşdükcə, yada düşdükcə
anılmalıdı...
Ona görə ki, elə adamlar var, hamı onların arxasınca, heç
olmasa, "Allah rəhmət eləsin..." deməyi özünə borc bilməlidi, çünki
bu, bəlkə də bizim görə biləcəyimiz yeganə iş və həm də yeganə
təsəllidir.
Bəli, yazarın da vida sözü onun yazısıdı. Əlimizdən başqa nə
gəlir ki... Hətta bir yazı ilə bir ömrü çevrələmək olduqca çətin
olsa da...
Ramiz Mirişli sıradan bəstəkar deyildi. Bir daha deyim ki, bir
yazıda təəssüf ki, sənət adamının yaradıcılığının bütün tərəflərini
açmaq, səni yazmağa təhrik edən məqamları bir-bir oxucuya çatdırmaq
elə də asan məsələ deyil, xüsusən də yazını musiqi və incəsənət
sahəsində xüsusi təhsili olmayan adam qələmə alırsa...
Amma hamımız həm də dinləyiciyik, oxucuyuq və tamaşaçıyıq. Elə
bu yazını da yalnız bu aspektdən qəbul etmək lazımdır - peşəkar
olmasa da, daimi dinləyicinin bir peşəkar bəstəkar haqqında ürək
sözləri kimi.
Bəzən də elə olur ki, bir dinləyici peşəkar sənət yazarının görə
bilmədiyi bir detalı görür, hiss etmədiyi bir çaları duyur - bunu
da qeyd etməyi vacib bilirik.
Nəsillər həmişə dəyişir. Bu Təbiətin və Tanrının bizə qoyduğu
qanundur. Amma indiki nəsil dəyişməsi bir qədər başqa məna kəsb
edir. Dünyasını elə adamlar dəyişir ki, onları bütöv bir epoxa
yetişdirmişdi... Biz həmin epoxanı bir az inkar etdik, bir az
yamanladıq, bir az üstündən xətt çəkdik, adına imperiya dövrü
dedik, əvəzində müstəqil dövlət və guya ki, azad cəmiyyət qurmağa
çalışdıq, amma onun gedişi ilə bağlı yaranan boşluğu doldura
biləcək adamlar yetişdirə bildikmi?..
Adam bu sualın cavabını tapa bilmir. Ora qovrulursan, bura
qovrulursan, gah, bu küçəyə vurursan özünü, gah o küçəyə, amma
qarşında həmin sualı görürsən. Elə bil gedən və getməkdə olan nəsil
qarşımızda bir sual tutub: Bəs siz özünüz, bəli, özünüz nə
etdiniz?..
İndi Ramiz Mirişli haqqında yazmaq istəyirəm, amma ağlıma dərhal
bir neçə ad gəlir - Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova
və təbii ki, Ramiz müəllim (əgər oxucular mənə onu belə çağırmağı
rəva görərsə)...
Mən onu yalnız efirdə görmüşdüm. Maraqlıdır, ölümündən düz bir
gün əvvəl onun haqqında sənədli film göstərirdilər. Ertəsi günü
eşitdik ki, bəli, Ramiz Mirişli vəfat edib. Mahnıları isə həmişə
bizimlə idi. Mən onu tək mahnı bəstəkarı kimi təqdim etməzdim. Ona
görə ki, mahnı janrı ilə bağlı bəzən ziddiyyətli fikilər səslənir,
böyük bəstəkarlar bu işə bir az dırnaqarası baxırlar. Hətta bizim
sevimli bəstəkarlarımızdan biri Xəyyam Mirzəzadə müsahibələrinin
birində bu janrı "nəhnü-nünü" adlandırmışdı. Xəyyam müəllim deyirdi
ki, heç vaxt mahnı yazmağa can atmayıb, bir-iki mahnı yazıb, onları
da yalnız ona görə ki, desin, istəsəm, mahnı da yaza bilərəm...
Amma hər şeyin sınağı da, çarəsi də zamandı. Yaşamaq və indi,
hazırda dinlədiyimiz mahnıları eşitmək lazım idi ki, bu sahənin
həqiqi peşəkarlarını elə doğrudan da qiymətləndirə biləsən. Bəlkə
də oxucular mənimlə razılaşmayacaq, amma indiki mahnılara xitabən
mən Xəyyam müəllimlə tam razıyam, bunlar həqiqətən də
"nəhnü-nünü"dür...
Amma bir vaxt mahnılar vardı. Onları yaradan isimləri bir az
əvvəldə çəkdim. Bir daha sizi yormayacam. Bu adlardan biri də Ramiz
Mirişli idi.
İnanmıram, elə bir adam tapılsın ki, onun mahnılarını
sevmədiyini desin. Həm də mahnıların da xiridarı olur... Mənim
üçün, məsələn, hansısa mahnını, mərhum Mirzə Babayev ifa edirdisə
və yaxud da Zeynəb xanım oxuyurdusa, bu, o demək idi, bəli, sözün
əsil mənasında dəyərli bir şey yazılıb...
Bayaq dedim ki, bu nəsil, böyük bir epoxanın yaratdığı nəsil
yavaş-yavaş bizi tərk edir. Əvəzində nə gəlir? Vallah, xarici
estrada ilə bağlı da heç vaxt "piyada" olmamışıq. Amma bu
"Avroviziya"larda səslənən, hətta qalib olan mahnılar ürəyimizi
açmır, yol tapa bilmir qəlblərimizə... Adam az qalır, desin ki,
oğul, heç olmasa, get, bir az Teymur Əmrahın yanında dərs al... Mən
hələ sonuncu mogikanı - Flora xanımı demirəm və yaxud da Yalçın
Rzazadəni yada salmıram...
Baxıb görürəm ki, Ramiz Mirişli haqqında yazmaq istədiyim bu
kiçik yazı dönüb indiki musiqimiz haqqında yazıya və yaxud da ki,
gileyə çevrildi. Elə bəlkə də bu mövzu ilə bağlı ürəyimdəki
acıları, nisgili boşaltmaq üçün fürsət arayırdım. Bunu də üzrlü
sayın...
İndi nə var? Telekanallara baxmaq belə mümkün deyil. Bür cüt-iki
tək müğənni düşüb, bəli, o kanal sənin, bu kanal mənim,
əməlli-başlı zövqümüzə soğan doğramaqla məşğuldurlar, adına da
"şou-biznes" deyirlər...
Amma bu dünyadan böyük sənətkarlar və bəstəkarlar köçür.
Onlardan biri də Ramiz Mirişli idi. Əvəzində nə qalır? Bəlkə də çox
bədbinəm, axı mən özüm də haradasa o epoxanın adamıyam - əlli yaş
az deyil... Bundan çəkinmir və sıxılmıram da. Amma indiki əlli
yaşlı gənc müğənnilər, "bəstəkarlar" bizlərə nə təklif edirlər? Bu
sualın cavabını tapa bilmirəm. Hə, nə qədər ki, yadımdan çıxmayıb
bir şeyi də deyim - Motsart cəmi otuz ikicə il yaşamışdı...