Səhvlər zəhər kimi olsa da,
hamı ondan öz payını götürməyi bacarmalıdır. Bəlkə də bu yazı heç
düzgün anlaşılmayacaq. Coxu düşünəcək ki, bu nədir, müəllif niyə
üzərinə bu boyda yük götürür? Amma narahatlıq üçün əsas yox. O
şeylər ki olub, onları etiraf etməyi hər bir adam özünə rəva
bilməlidir.
Siyasətdə (əgər müəllifi bu düşərgəyə aid etmək mümkün olsa!)
bizim işimiz ta əzəldən maarifçilik, bir də ideoloji fəaliyyət
olub...
Bu yazıda da onu çatdırmaq istəmişik ki, müəllif bəzən bu
sahədə, necə deyərlər, zamanla tam ayaqlaşmayıb və arabir
hadisələri qabaqlamağa cəhd edib. Təbii ki, bundan da müəyyən
səhvlər yaranıb...
Qərəz, keçək mətləbə. Bəli, bir vaxt Azərbaycanda az qala hara
daş atırdın, gedib "siyasətçi"yə dəyirdi. Siyasət kütləvi
məşğuliyyətə çevrilmişdi, onun bu qədər kütləviliyini başqa vaxt
görmədik.
Doğrusunu desək, bunu heç istəmirdik də... O vaxtlar materialsit
dialektikası çiyinlərini təzəcə yerə qoymuşdu. Biz də fərqinə
varmadan, ağına-bozuna baxmadan onun bütün qanunlarını elmdən
"silmişdik" - kəmiyyətin keyfiyyətə çevrildiyinə bizi inandırmaq
elə də asan deyildi.
Zaman keçəcək və hər şey yerini tutacaqdı. Amma o vaxtlar
hamımız mərhum Aydın Məmmədovun bir fikrilə yüzəyüz razıydıq. Aydın
müəllim tez-tez deyirdi ki, xalqı "siyasi narkoman"a çevirib
buraxmışıq küçələrə, indi də yığa bilmirik.
Səmimi olsaq, o dövrün siyasətçilərini - "cəbhəçi"ləri elə də
sevmirdik. Bir az köntöy, bir az savadısız, bir az da qışqırıqçı
"cəbhəçi"ləri daha çox qaraguruhçu hesab edirdik, baxmayaraq ki,
hamımız AXC-nin orqanlarında təmsil olunmuşduq. Fəqət sıralarında
olduğumuz təşkilata qarşı çoxumuzun içində bir opponentlik hissi
vardı.
Amma "Bütün dərdlərin məlhəmi zamandır" deyiblər. Sonralar nə
oldu, bunu hamı yaxşı bilir. Öz opportunizmimizi davam etdirirdik.
O vaxta qədər ki, axır bir nəfər tapıldı, bizi xəyallardan ayırdı,
bir az yerə endirdi. Həmin o bir nəfər maraqlı bir fikir dedi: "Siz
nə edirsiniz? Kasıbların düşərgəsində oturub varlıların şüarlarını
qışqırırsınız?"
Bu sözlər çox təsir etdi. Həm də Aleksis Tokvilldən oxuduğumuz
bəzi şeylər də bizi ayıltdı. O da Amerika təəssüratlarında heyrətlə
yazırdı ki, bu necə bir qəribə ölkədir, insanlar meydanlardan
yığışmır, hara gedirsən, mitinqdir!
Bunları oxuyandan sonra nədə səhv etdiyimizi başa düşdük. Amma
gec idi, o səbəbdən ki, "qatar getmişdi"...
Amma gec də olsa, başa düşdük ki, siyasət üçün "intellektual"lar
axtarmaqla, mücərrəd, daha dəqiq desək, vaxtı yetişməmiş şüarlar
deməklə, əslində, öz sosial bazamızı, öz siyasi düşərgəmizi və
tərəfdarlarımızı azaltmaqla məşğul olmuşuq.
Sözsüz ki, "cəbhəçi"lər intellelktual deyildilər, aralarında
demək olar ki, intellektuallar yox idi, çünki ölkənin özündə də
əsil intellektual kasadlığı vardı. Olan-qalan dırnaqarası, yalançı
intellektuallar isə bizim özümüzü də saymır, özlərinin kumiri hesab
etmirdilər...
Eyni aqibəti demək olar ki, Rusiya siyasəti də yaşadı. Hər iki
ölkədə müxalifət sıralarında süni "elitarlaşma" prosesi getdi və
axırda da o qədər "elitar"laşdılar- "kübar"laşdılar ki, cəmiyyət
üçün, öz tərəfdarları üçün tamam anlaşılmaz oldular, tamam
marginallaşdılar...
Beləcə, bir vaxtın kütləvi hərəkatları kiçik qəlpələrə, kiçik
qəlpələr isə ən yaxşı halda "dissident klubları"na və daha çox isə
"siyasi toçka"lara çevrildi.
Rusiyanı götürsək, orada da müxalifət demək olar ki, cəmiyyətlə
rabitəsini tamam itirib. O səbəbdən ki, onun hansı ideoloji
düşərgəni təmsil etdiyi və kimlərin maraqlarına tuşlandığı məlum
deyil.
Təxminən eyni mənzərə həm də Azərbaycandadır. Uzun proses
nəticəsində müxalifət öz şüarlarından məhrum oldu və öz hədəflərini
əldən verdi, çünki onları başqaları mənimsədi.
Görün bir Rusiyada nə oldu? Bəli, V.Putin sağ-mərkəzçi
elektoratı tamam ələ keçirdi, özünün dövlətçi baxışları ilə Rusiya
millətçilərinin dəstəyini və sovet keçmişinə sayğısı ilə solçu
elektoratın rəğbətini qazandı.
Azərbaycanda da hakimiyyət etnik millətçilik, yəni türkçülük
əvəzinə "dövlət milləti" – azərbaycançılıq ideyasını götürdü.
Qarabağ məsələsində hətta müxalifətdən də sərt mövqe tutdu və
özünün daha kəskin bəyanatları, çıxışları ilə müxalifətin liberal
vətənpərvər şüarlarını tamamilə kölgədə qoydu və müəyyən qədər azad
bazar iqtisadiyyatını təmin etdi.
Bəli, o şüaları ki, bir vaxt müxalifət adamları meydanlarda
deyirdi, indi onları eşitmək üçün heç də oralara getmək lazım
deyil, sadəcə, televizorun düyməsini basmaq kifayətdir. Elə bu
səbəbdən də insanlar demək olar ki, etiraz aksiyalarına maraq
göstərmirlər, çünki orada yeni bir söz deyilmir, yeni bir çağırış
eşidilmir.
Ona görə də həm Rusiyada, həm də Azərbaycanda müxalifət
haqqındakı xəbərlər çox sönük görünür - o qədər sönük ki, adama elə
gəlir, dünyanın ən güclü "projektor"ları belə artıq onların
parıltısını artırmaq gücündə deyil.