NATO növbəti sammitini
Türkiyədə keçirdi. O qədər sınmışıq və kövrəlmişik ki, hətta bundan
da qürur duyuruq...
Halbuki burada qeyri-adi bir şey də yoxdur, çünki Türkiyə
NATO-nun tamhüquqlu üzvüdür və elə bu səbəbdən də onun Alyansın
sammitinə ev sahibliyi etməsi adicə bir hadisədir. Amma gəl, NATO
səviyyəsində və çərçivəsində düşünülənlər, deyilənlər adi deyil.
Hətta xarakterik də deyil.
O səbəbdən ki, belə tədbirlər təkcə akustik effektlərlə müşayiət
olunmamalıdır: gəldilər, toplaşdılar və sərt bəyanatlar verib
dağılışdılar. Bu, NATO üçün o qədər də xarakterik olmamalıdır.
Deyirlər ki, bəs C.Kerri Rusiya ilə bağlı sərt ifadələr işlədib.
Amma sammitdən bircə gün əvvəl C.Kerri Rusiyanın xarici işələr
naziri və hətta prezidenti ilə görüşmüşdü və onun ürəyini
boşaltması üçün kifayət qədər imkanları olmuşdu...
Düzdür, o da var ki, Kerri sammit iştirakçılarını öz səfərilə
bağlı məlumatlandırmalı idi. Bunu başa düşdük. Bəs başa
düşmədiyimiz nədir? Odur ki, dünyanın əsas hərbi-siyasi blokunun
davranışında axır vaxtlar bir sistemsizlik müşahidə etmək
mümkündür: hər yanda deyirlər ki, Ukrayna belə gəldi, elə getdi...
Bəli, ciddi məsələdir. Amma Ukrayna hadisələri niyə baş verdi?
Bəlkə də əvvəlcə onu demək lazımdır ki, bu hadisə olmaya da
bilərdi, əgər vaxtında Qarabağ, Dnestr, Cənubi Osetiya və Abxaziya
problemlərinə adekvat bir münasibət olsaydı...
Bilirsiniz, ümumiləşdirmə idrakın və intellektin başlıca
keyfiyyətlərindən, əsas funksiyalarındandır. Əgər ümumiləşdirmə
aparmasaq, biz xüsusi halların cəngəlliyində batarıq.
Ümumiləşdirmə, ümumi tendensiyanı tutmaq həmişə və hər bir işdə ən
vacib məsələlərdəndir. Sadaladığımız münaqişələrin hamısı Rusiya
tərəfindən törədilib. Yüz faiz əminik ki, əgər əvvəldən onlara
adekvat münasibət olsaydı, bəlkə də Ukrayna hadisələri baş
verməyəcəkdi...
Qarabağ münaqişəsi az qala üçüncü on illikdir ki, davam edir.
Təsəvvür edin, bu vaxt ərzində cəmi bircə dəfə, özü də qadın
siyasətçi - Angela Merkel tərəfindən bu münaqişədə Rusiyanın roluna
işarə edilmişdi. Bəli, yalnız işarə edilmişdi, amma biz hətta buna
da az qala kövrəldik, dedik ki, heç olmasa, kimsə bunu bilir və
nəzərə alır. Eləcə də digər münaqişələr haqda bu sözləri demək
mümkündür. Amma mən "ikili standart" ifadəsini burada işlətməyəcəm,
çünki bunu Moldova da, Gürcüstan da deyə bilər. Bəli, onlar da deyə
bilər ki, biz Rusiya tərəfindən az qala hər gün təpkilərə məruz
qaldığımız halda bir dəfə belə olsun, nə Qərb siyasətçiləri, nə
Alyans üzvləri bu haqda açıq danışmadılar. Amma Avropanın bütün
tədbirləri Ukraynadakı hadisələrlə başlaylır və onunla da
bitir...
Yox, biz Ukraynanı qısqanmırıq. "Şimal ayısı"nın pəncəsinin
harada tapdanması əsas deyil, əsas odur ki, heç olmasa, bir yerdə
onun burnu azacıq da olsa, ovulsun...
Gəl, bu da hələ hamısı deyil. Gənc dövlətlərin bir hissəsi,
təbii ki, söhbət MDB ölkələrindən gedir, Qərb siyasətçilərinə açıq
mətnlə deyirdlər ki, onların Qərb institutlarına inteqrasiyası
yolunda əsas maneə Rusiyadır...
Gürcüstanın sabiq prezidenti bunu hətta BMT-nin tribunasından
deyirdi. Gəl ki, ona az qala, yad planetli kimi baxırdılar...
Hətta onu da deyim ki, məşhur assosiasiya sazişinin imzalanması
ərəfəsində elə sabiq Ukrayna prezidenti də nədən və kimdən ehtiyat
etdiyini, sazişin imzalanacağı təqdirdə Ukraynanın başına nələrin
gələ biləcəyini bircə-bircə Qərb siyasətçilərinə anlatmışdı.
Məni düzgün başa düşün. Heç də V.Yanukoviçi təmizə çıxarmaq
fikrində deyiləm - bu adamın Rusiyaya daşıdığı pulla dolu
çamadanlar artıq onun haqqında çox şey deyir. Amma adam gərək
düzünü desin: axı elə V.Yanukoviç də demişdi nələr olacaq!..
Oldu da... Qərb nə etdi? Bəli, sevinirik ki, heç olmasa, hər
şeyi öz adı ilə çağırdılar, Rusiyanın siyasətini necə var,
pislədilər. Amma hələ ki bundan o tərəfə getməyib. Təbii ki, Rusiya
ilə savaş açmağı heç ağlımıza da gətirmirik.
Amma sən heç bir təminat vermədən kimisə harasa sürükləyirsənsə,
bunun adı ən yaxşı halda, siyasi avantüra olur...
Bəli, Ukrayna düz etdi. Rusiyadan qopmalı idi. Amma Qərb
strateqləri və analitikləri də hər şeyi irəlicədən ölçüb-biçməli
idilər. Ona görə ki, bir azacıq bundan əvvəl sadaladığım
dövlətlərin siyasətçiləri açıq soruşurlar: hə, biz Qərbə
inteqrasiya etməyə hazırıq, amma bizim təhlükəsizliyimizi kim təmin
edəcək?!.
Bu, ritorik sual deyil. Reallığın inikasıdır. Gürcüstan NATO-ya
üzv olmaq üçün dəridən-qabıqdan çıxır... Amma yubadırlar.
Azərbaycan da, Moldovo da, elə Gürcüstan da özlərinə qarşı
Ukraynaya olan diqqəti istəyirlər. Amma yenə də susurlar...
Təbii bir sual yaranır: bəs bu sükut nə vaxta qədər davam
edəcək? Doğrudanmı, onu yalnız sovet silahlarından bu ölkələrin
insanlarına atılan güllələr pozacaq?..