Tələbəlik vaxtı idi.
Moskvadaydıq. O vaxt Tengiz Abuladzenin "Tövbə" filmi böyük
ekranlara yenicə buraxılmışdı...
Bir gün rus tələbələr hamısı həmin filmə baxmağa getdi. Mən
qəsdən getmədim. Ona görə getmədim ki, istəyərdim belə bir filmi
bizimkilər çəksin, rus tələbələr də desin ki, azərbaycanlılar əla
film çəkib. Təbii ki, hirsim soyuyandan sonra həmin filmə baxdım.
Amma ürəyimdəki acıq çəkilməmişdi, hələ də qalmışdı.
Onlar həmişə Qafqazda özlərini Avropanın bir hissəsi, Avropaya,
onun dəyərlərinə ən yaxın millət hesab edir və bununla sanki
qafqazlılara acıq verirdilər... Bəli, elə Sovetlər vaxtında da belə
idi. Bir də görürdün ki, bunlar Con Lennonun ölümünü xüsusi matəmlə
qeyd edirdilər. Bizimkilərin çoxu isə heç bilmirdi ki, Lennon
kimdir...
Futbol komandaları da pis deyildi. Onlar Kipianidən danışanda
mən də məcbur olub Banişevskidən danışırdım, amma ürəyimin
dərinliklərində özümə hesab verirdim ki, "Neftçi"yə və Azərbaycana
sədaqətinə baxmayaraq, Banışevski hər halda azərbaycanlı
deyil...
Başa düşürəm, gürcülər heç də bizə düşmən millət deyil. Hətta
indi Gürcüstanın Azərbaycan üçün önəmini görməmək siyasi
daltonizmdir. Həm də daha biz əvvəlki kimi emosional gənclər də
deyilik. Gürcülərin də emosionallığı aşağı enib, elə bizim də. O ki
qaldı indiki gəncliyə, onların əvəzinə danışa bilmərəm. Bəlkə də
onlar üçün heç belə bir ölkə yerli-dibli yoxdur, bəlkə heç
yadlarına da düşmür? Axı, dünya o qədər böyükdür ki...
Bu günlərdə gürcülər amerikalılarla birgə hərbi təlim
keçirdilər. Hər tərəfdən bu təlimlərdə 600 nəfər iştirak edirdi.
Ona qalsa, bizimkilər Türkiyə ilə daha böyük təlimlər keçirir! Amma
mənə bir qədər acıq verən odur ki, gürcülər israrla NATO-nun və
ABŞ-ın qapısını döyür. Hətta onların müdafiə naziri mülki şəxsdir,
üstəlik də qadındır. Belə detallar NATO-ya üzv olmaq istəyən
ölkələr üçün qaydadır - Alyansın tələblərinə görə, müdafiə naziri
mülki şəxs olmalıdır.
Demirəm ki, onların NATO-ya tuşlanan səyləri hədəfə dəyir. Yox,
hələ də bu xüsusda - Gürcüstanın NATO-ya üzv olması mövzusunda
ciddi söz deyən azdır. O ki qaldı ABŞ-a... Bu da mübahisəli
məsələdir. Bəli, C.Buş Gürcüstana səfər etmişdi. Nəsə dəyişdimi?
Gürcüstanı NATO-ya qəbul etdilərmi? Etmədilər və yaxın vaxtlarda da
etməyəcəklər. Yeni "Marşall planı"na start verildimi? Yox, bu da
olmadı. Ərazi bütövlüyü bərpa olundumu? Yox, əksinə, Rusiyanın daha
ciddi aqressiyası ilə üzləşdi…
Gürcüstan iqtisadi baxımdan Azərbaycanın sayəsində mövcuddur...
Mən bunları kinayə ilə demirəm. Ona görə ki, bir az əvvəldə dedim,
biz siyasi daltoniklər deyilik - Gürcüstan Azərbaycana lazımdır.
Həm də elə təsəvvür yaranmasın ki, Gürcüstanın bəzi uğursuzluqları
mənə ləzzət verir. Yox, əsla. Sadəcə, istəyərdim ki, biz də Qərbə
doğru, NATO-ya doğru, Avropa Birliyinə doğru gedək – baxmayaraq ki,
bu gedişin riskləri çox böyükdür...
İndi Qərbə inteqrasiya baxımından Gürcüstan Qafqazda "tək
skripka" kimi görünür. Ermənilər nə edir, nə etmir, bunun üstündə
dayanmayacağam, çünki onlardan yazanda mənim ürəyim bulanır... Biz
də yerimizdə saymırıq, inkişaf edirik, Gürcüstan bəlkə də daha çox
bizim sayəmizdə inkişaf edir...
Burada da bir az acığım tutur. Başqa vaxt gənc dövlətlərə, yeni
demokratiayalara yardımdan danışan böyük dövlətlər bunu etməyə
tələsmir və faktiki olaraq Gürcüstanı bizim öhdəmizə
buraxıblar...
Olsun. Düşünürəm ki, biz də izafi filantropiyaya varmamalıyıq.
Zəruri köməyi etmək lazımdır - o qədər ki, bu, Azərbaycana
lazımdır...
Əslində, mən Gürcüstandan daha çox Qərbə acıqlıyam. Ona görə ki,
onlar sarıdan real bir iş görmürəm - Qarabağ problemi qalır, Rusiya
təhlükəsi qalır, Abxaziya qalır, Osetiya qalır, Dnestr bölgəsi
qalır... İstədiyim odur ki, Qərb ölkələri başa düşsün, gənc
dövlətlərin Qərbə inteqrasiyası yolundakı çətinliklər subyektiv
səbəblərdən qaynaqlanmır, bunun obyektiv tərəfləri də var. Qərb
həmin obyektiv tərəfləri Ukraynada görür, amma başqa bölgələrdə
görmək istəmir. Ona görə də heç nə alınmır, o səbəbdən ki, bir az
uzağı görməmək də gözün ciddi qüsurlarından biridir...