Rusiya əvvəlki cazibəsini itirsə də, bu ölkədə hələ də
maraqlı məqamlar az deyil. Aprelin 12-də Rusiya telekanallarına
baxırdım. Doğrusu, məqsədim də V.Putini "izləmək"
idi...
Həmin gün həm də Azərbaycanda Avropa Oyunlarının açılışı günü
idi. Kanallara da ona görə baxırdıım ki, görüm, Putin nə vaxt
Azərbaycana yola düşəcək?..
O gün Rusiyada bayram idi, Rusiya Günü qeyd olunurdu. Hətta bir
az təşvişə də düşdüm ki, birdən Rusiya prezidenti Avropa
Oyunlarının açılışına gəlməz. Axı Rusiya Günündə ölkənin tanınmış
simalarına-elm və mədəniyyət adamlarına dövlət mükafatları verilir
və bu bayram münasibətilə böyük qəbullar keçirilir...
Putin bunların hamısında iştirak etdi və hətta Bakıya, Avropa
Oyunlarının açılışına gəlmək üçün də vaxt tapa bildi...
Mənə isə o gün ilk dəfə diqqət yetirdiyim "Rusiya günü" ideyası
bir az maraqlı göründü. Əvvəllər Rusiya təqvimlərində bunu
görmüşdüm. Amma düşünmüşdüm ki, yəqin, adicə bir gündür. Sən demə,
bayram Rusiyanın öz müstəqilliyini elan etdiyi günə təsadüf
edirmiş...
Biz də Müstəqillik Gününü qeyd edirik. Amma bu günün təmtərağını
və zinətini bir az da artırmaq gərəkdir. Onu bir az da ictimai və
bir az da kütləvi etmək lazımdır. Məsələn, həmin gün təltiflər
etmək çox yaxşı olardı. Həm də ki, bayram kütləvi gəzintilər
şəklində, ümumiyytlə, kütləvi şəkildə keçiriləndə daha gözəl olur.
Düzdür, bizdə də "Gül bayramı" kimi bir az ictimai, bilavasitə
siyasətdən uzaq bayramlar var. Onlar müəyyən mənada dediyim boşluğu
doldurur. Hətta bəzən "Gül bayramı" mənə bir az keçmiş 1 Mayı da
xatırladır. O səbəbdən ki, yazın əvvəllərinə təsadüf edir və o gün
insanlar xüsusi təşkilatçılıq olmadan, özləri gəzintiyə çıxırlar -
lap elə keçmiş May gəzintiləri kimi...
Bir az əvvəldə qeyd etdim ki, bizdə də Müstəqillik Günü
diqqətdən kənarda qalmır və bir daha deyək ki, bununla bağlı bir
vətəndaş kimi elə bir iradımız da yoxdur. Amma ona "Azərbaycan
Günü" məzmununu və hətta adını vermək də olardı...
"Rusiya günü" ideyası niyə mənə belə maraqlı göründü? Yox, deyə
bilmərəm ki, Rusiyanı hiss edirəm - bunun üçün yəqin ki, rus
doğulmaq gərəkdir. Amma Rusiyanı azacıq hiss etməkdə iki yardımçım
olub - L.Tolstoy və bir də N.Berdyayev. Bir yazıçı, bir
filosof...
Bəlkə burada F.Dostoyevskinin də adını çəkmək lazım idi, çünki
rus gerçəkliyinin həm də qəlizliyi var və bu qəlizlik məhz bu
adamın əsərlərində açılışını tapır...
Amma L.Tolstoy böyük bir harmoniyadır, o harmoniya ki, onu
Dostoyevski bütün yaradıcılığı boyu, bütün əsərlərində axtarır,
fəqət, tapa bilmir ki, bilmir...
Qərəz, sözüm bunda da deyil. Tolstoy sanki elə Rusiya
böyüklükdədir və elə Rusiya da sanki Tolstoy böyüklükdədir...
Rusiyadan yazanda və danışanda adamın yadına dərhal bir ifadə
düşür: "matuşka Rossiya" ifadəsi...
Bunu hücuma atılan əsgər də qışqıra və yaxud da bir yazıçı
sakitcə kağızın üzərinə köçürə bilər, ya da Don çöllərində atını
çapan kazak küləyin qulağına pıçıldayar...
Əsas isə odur ki, ruslar vətənlərini həmişə bir qadın kimi, ana
kimi təsəvvür ediblər. Dediyim ifadə də elə bu əks olunub...
Qayıdıram Azərbaycana. Nizami də böyükdür. Və deyim ki, Avropa
Oyunlarının açılış mərasimində onun əsərlərindən kompozisiyalar
verilməsi lap ləzzət etdi. Amma nə edəsən, bu böyüklükdə bir şair
özü ilə millətinin orta ststistik fərdi arasında böyük bir maneə
qoyub gedib - özgə dildə yazıb...
Mən azərbaycanlı kimi Azərbaycanı da hiss etməyə, duymağa
çalışıram. Amma baxıb görürəm ki, Füzuli Azərbaycana sığmır, Nizami
də dediyim kimi Azərbaycanla intim əlaqəni bir az itirib - yad
dildə yazıb... Və bu qəliz situasiyada Azərbaycanı hiss etməyə heç
bilirsiniz, mənə kim yardımçı olur?.. Üzeyir bəy, bəli, Üzeyir
Hacıbəyov...
Bəlkə də səhv edirəm. Bir vaxt düşünürdüm ki, görən,
azərbaycanlını duymaq üçün hansı filmə baxmaq lazımdır? Əvvəllər
fkirləşirdim ki, yəqin bu biçimdə filmlərimiz yoxdur...
Amma sonradan gördüm ki, yox, səhv etmişəm. Belə filmlər hətta
bir neçədir. Bəli, ola bilsin, onların tək biri bu məqsəd üçün
yetərli deyil, bəlkə də onların hamısına baxmaq lazımdır, çünki
onların hamısında azərbaycanlı tipinin bir zərrəciyi əks
olunub...
Amma əsas odur ki, onlar var və bəlkə də hələ uzun müddət bu
filmləri izləyəcəyik, baxmayaraq ki, onların hər birində həm də
dövrün konyunkturası da yox deyildir...
Düşünürəm ki, biz də Azərbaycan Günü keçirsəydik, ölkəni daha
yaxşı hiss edərdik, duya bilərdik, öz milli-mədəni kodlarımızı
aşkar edərdik. Bu bayram bütün digər bayramlardan bir az fərqli
olardı...
Ona görə ki, hər birimizin - uşağın da, cavanın da, hətta
qocanın da, qərəz, hər bir nəslin bir müasiri var. O, həmişə
bizimlədir, həmişə bizimlə qoşa nəfəs alır və qoşa addımlayır...
Bəli, onun adı Azərbaycandır. O, bizim hər birimizi hamımızdan
yaxşı tanıyır. Bəs biz necə? Onu tanıyırıqmı?..