Hamı şeir yazır -
məmurlar və deputatlar, akademiklər və tələbələr... Başqa sahələrdə
uğur qazanmayanlar da belə hesab edir ki, şeir yaza və bununla da
öz ictimai statuslarını artıra bilərlər...
Sovetlərin vaxtında məşhur jurnalist vardı. Özü də gözəl
yaponşünas idi. Soyadı da deyəsən, V.Ovçinnikov idi. Bir dəfə
verilişlərin birində o da şeir yazdığını etiraf etdi. Amma nə qədər
xahiş-minnət etdilər, xeyiri olmadı, jurnalist şeirlərini oxumadı
ki, oxumadı...
Əvəzində isə çox müdrik bir fikir dedi. Dedi ki, insanlar
ədəbiyyata iki cür xidmət edrilər - bir hissəsi bunu öz əsərlərini
dərc etməklə, bir hissəsi də bunu etməməklə...
O vaxtdan bu fikir bir oxucu kimi mənim üçün bir mədəniyyət
kredosuna çevrilib: hər dəfə əcaib bir şeir görəndə dərhal bu fikir
yadıma düşür, deyirəm ki, axı bunu dərc etməmək də olardı...
Mən ədəbiyyatşünas və yaxud da ki, ədəbiyyat tənqidçisi deyiləm.
Olsa-olsa, sadəcə, bir tələbkar oxucuyam. Axır vaxtlar isə hətta
buna da iddiam yoxdur, çünki iş-güc o qədər çoxdur ki, adam
əməlli-başlı mütaliə ilə də məşğul ola bilmir...
Qərəz, indi bir söz deyəcəm, amma ola bilsin ki, o, elə də yaxşı
qarşılanmayacaq, çünki biz tərifi sevən xalqıq. Elə tərifi
sevdiyimizdən də epitetlərə çox həssasıq... Belə epitetlərdən biri
də "şair xalq" ifadəsidir. Bunu bizə tərif kimi də, qınaq kimi də
çox deyiblər. Amma bir dəfə oxudum ki, sorğulara görə
amerikalıların da 60-70 faizi şeir yazır, yəni onlar da əslində
"şair xalq"dır, amma bizdən fərqli olaraq bunu ciddi qəbul etmir,
hətta yumorla yanaşırlar...
Biz isə hər şeyi ciddi qəbul edirik... Sarılırıq qələmə. Hamımız
da yazırıq. Bu, azmış kimi, hamımız da öz yazdıqlarımızı dərc
edirik. İşin tərsliyindən də indi bunun qarşsında elə bir maneə
yoxdur, beş-altı yüz dollar tapıb hamı bir kitab çıxarır və sonra
da bu kitabı ona-buna oxutdurmağa başlayır...
Beləcə, məlum olur ki, dünyasını dəyişmiş akademik, sən demə,
həm də "böyük şair" imiş və yaxud da məlum olur ki, bütün ömrü boyu
kolxozda sürücü-traktorçu işləmiş adamın sinəsinin altında "əsl
şair ürəyi" çırpınırmış...
Bəs vəziyyətdən çıxış yolu nədir? İnsanlara şeir yazmağı yasaq
edəkmi? Yox, bunu məqbul hesab etmirik, baxmayaraq ki, bəzi
ölkələrdə, məsələn, fəlsəfənin yasaq edildiyi vaxtlar olub. Amma
bu, çoxdan olub və həm də ən yaxşı çıxış yolu deyil. Qərəz,
insanlara şeir yazmağı yasaq etmək, hətta "şeir dəftərçələri"
tutmağı da qadağan etmək olmaz.
Hamımız həm də oxucuyuq. Hamının şeir yazmasının bir səbəbini də
onda görürük ki, çoxumuz pis oxucuyuq... Yaxşı oxucu olsaydıq, hamı
şeir yazmazdı və şeirlə bağlı hamının yüksək standartları, bir
sözlə, yüksək zövqü olardı...
Amma yoxdur. Niyə? Ona görə ki, zövqü də təhsil və dünyagörüşü
formalaşdırır. Görünür, onlar ölkədə çox aşağı səviyyədədir... Adam
zəif şeirlər oxuyur və ona elə gəlir ki, şeir elə belə də
olmalıdır. Sonra da başlayır özü yazmağa... Buradan da bizim
faciəmiz başlanğıc götürür. Bir də görürürük ki, zövqsüzlük baş
alıb gedir...
Bu yerdə yaşının az qala ahıl çağlarında "istedadı" parlayanları
da qeyd etməsək, söhbətimizdə bir qədər natamamlıq alınar. Əslində,
hər şey sadədir. Bir cızma-qara edirsən və onu normal bir şairə və
ya redaktora verirsən. O da sənin ya mövqeyinə və vəzifənə görə,
yaxud da ki, bilavasitə puluna görə onlara əl gəzdirərək ala-babat
bir şeyə çevirir və beləcə, bir də görürük ki, kimsə əlli yaşından
sonra dönüb olub "istedadlı şair"...
Ortada uduzan isə biz oxucular oluruq, çünki həmin cızma-qaralar
bizə də gəlib çatır və biz də onları oxumağa məcbur oluruq.
Oxuyuruq və əsəbiləşirik.
Dünya ədəbiyyatı ilə təmaslarımız da son vaxtlar xeyli
zəifləyib. Əvvəllər heç olmasa, rus ədəbiyyatının və
tərcüməçilərinin sayəsində dünya ədəbiyyatını izləyə
bilirdik...
İndi Rusiya ilə mədəni əlaqələr zəifləyib. O mənada yox ki,
dövlətlər arasında hansısa problem var. Yox, bunu demirik. Problem
üfüqi əlaqələrin, təmasların, birbaşa oxucu-yazar kontaktlarının
zəifləməsidir.
Həm də o vaxtlar çox ciddi və yüksək səviyyədə orijinaldan
tərcümələr olurdu. İndi isə bu yoxdur. Azərbaycanda hələ peşəkar
tərcümə institutu formalaşmayıb. Nə vaxt formalaşacağı da bəlli
deyil. Tərcüməçi minimum iki dili - öz ana dilini və tərcümə etdiyi
xarici dili mükəmməl bilməlidir.
İndi isə ölkədəki tərcümələrin 90 faizi rus dilindəndir. Onlar
isə adamı elə də cəzb etmir, düşünürsən ki, imkan olar, elə rus
dilində oxuyuram da... Elə bu səbəbdən də ədəbiyyatla bağlı o qədər
də ürəkaçan bir mənzərə görünmür. Təbii ki, bir qəbilə kimi də
mövcud olmaq, yalnız özümüzünkülərin "qaya üstünə çəkdikləri və
yazdıqları" ilə kifayətlənmək də olardı. Amma biz qəbilə deyilik
axı...
Bəs nə etmək olar? Qəbul etmək lazımdır ki, ədəbiyyat da ciddi
məsələdir və ciddi adamların peşəsidir.
Mərhum şair V.Səmədoğlu deyirdi ki, təzəcə şeir yazmağa
başlayanda müəllimlərimdən biri soruşdu ki, bəs bundan sonra nə ilə
məşğul olacaqsan? Deyəndə ki, həm poeziya, həm də musiqi ilə məşğul
olacam, müəllimim qayıtdı ki, mən səni ciddi adam hesab
edirdim...