İndi çoxu üçün "Sonuncu dəfə
nə vaxt kinoteatrda olubsan" sualı "Kainat necə yaranıb" sualı kimi
qəfil və qəlizdir. Elə bəndəniz də bu xüsusda qürurlanmaqdan çox
uzaqdır. Halbuki tələbəlik vaxtı ən çox sevdiyimiz iş elə
kinoteatrlara baş çəkmək idi...
O vaxt yaxınlığımızda bir kinoteatr vardı. Adına da "Litva"
kinoteatrı deyirdilər. İçində kafesi və sərgi zalı vardı. Bura bir
az tez gəlir, azacıq kafedə boğazımızı yaşlayandan sonra sərgiyə
tamaşa edərdik...
Bunu niyə xatırladım? Bu yaxınlarda kino haqqında verilişlərdən
birində türk aktrisası Türkan Şoray haqqında danışırdılar. Belə
məlum oldu ki, bu gözəl aktrisa öz puluna üç məktəb və iki
kinoteatr tikdirib. Bu, bizdə bir qədər dolaşıq hisslər oyatdı. Bir
tərəfdən kinoteatrları yada salıb bir xeyli kədərləndik. O biri
tərəfdən də nədən bizdə xeyriyyəçilik ənənələrinin olmaması, daha
doğrusu, onların itirilməsi haqqında düşüncələrə daldıq...
Əslində, Azərbaycanın çox böyük xeyriyyəçilik ənənələri olub.
İndi biz burada durub adlar çəkməyəcəyik. Onlar hamıya bəlli...
Amma bir sualdan yaxamızı qurtara bilmədik ki, bilmədik. Sual da
budur ki, doğrudanmı, yaxşı nə varsa, hamısı keçmişdə qalıb?
İndi də varlı-imkanlı adamlar az deyil. Amma onlar ən yaxşı
halda özləri üçün villalar tikdirir. Bizə də ən yaxşı halda həmin
villalara baxıb köks ötürmək və bir daha, təkrar olaraq keçmişləri
yada salmaq qalır.
Mən heç nə demirəm. Bakı gündən-gündən gözəlləşir. Amma
quruculuq işlərinin demək olar ki, mütləq coxluğunu dövlət özü
aparır. Biz burada sanki bir xeyriyyəçi görürük - o da
dövlətdir...
Məktəblər də dövlət hesabına yenidən qurulub, təmir olunub və
yaxud da tamamilə təzədən tikilib. Amma kinoteatrlar isə çox azdır.
Hətta deyərdim ki, olduqca azdır.
Bilmirəm, kinoya maraq azalıb, yoxsa sadəcə, kinoteatrlar
azdır?.. Təbii ki, bu kino məsələsi lap bir filmdə deyildiyi kimi,
olduqca qəliz məsələdir. Mən şəxsən müasir kino haqqında saatlarla
mühazirələrə qulaq asardım. İndi həmin mövzuda verilişlərə baxanda
adamı keçmiş kino üçün nostalji bürüyür...
Düzdür, nostalgiya həm də fərdi məsələdir. O şeylər ki, bizim
uşaqlığımızda və gəncliyimizdə baş verib, onlar bizim üçün
istisnasız olaraq gözəldir. Amma bunun içində bir obyektiv tərəf də
var. Bir nəfərin qəribə bir ifadəsi vardı. O, bir şeyi təsvir etmək
istəyəndə deyirdi ki, filan şey lap "vur-çatlasın"dır... İndi
kinolara baxanda adam lap dilxor olur - kriminal fantastikaya
qarışıb, fantastika isə "boyevik"ə...
Ona görə də təkrar-təkrar düşünürsən ki, doğrudanmı, yaxşı nə
varsa keçmişdə qaldı? Keçmişdə ədəbiyyat, kino və teatr, hətta
musiqi adamı düşündürürdü. Bu gün isə hər şey əyləndirir, hər şey
əyləncə üçündür. Heç bir vaxt oyun həvəskarı olmadığımdan isə
əyləncə mənim heç xoşuma gəlmir...
Azərbaycan rejissorlarından biri deyirdi ki, kino aktyorunun
gözləri gərək iri və mənalı olsun. Bu sözləri qəribçiliyə salmaq
lazım deyil. Bəzən kinoda aktyorun bircə baxışı adama nələr demir?
Hanı o kinolar?.. Əslində onlar yenə də çəkilir. Amma televiziyaya
yol tapana qədər çox vaxt keçir. Kinoteatrlar və kinoindustriyası
isə yoxdur...
Biz çox vaxt "Oskar" və ya "Qızıl palma" mükafatı alan filmlərin
yalnız adını eşidirik. Bu təntənələrə baxmaq hamımızın xoşuna
gəlir. Amma kinolardan tamam xəbərsiz oluruq. Bu filmləri alan,
onları bizim dilə çevirən və nümayiş etdirən lazımdır. Bu isə
yoxdur...
İndi telekanallar hamısı serial çəkməyə girişib. Hətta bunun
üçün vəsait də alırlar. Amma demək istəyirsən ki, çəkməyin də, nə
olar? Serial çoxdur və bu gün onlar daha əvvəlki kimi maraq
doğurmur... Əvəzində yeni kinolar alın və bu filmləri nümayiş
etdirin...
Sonuncu dəfə "Sakit Don" filminə baxmışdım. Təbii ki, keçmiş
sovet kinolarını nəzərdə tuturam. Həmin film məndə nə qədər hislər
oyatdı və bir daha özüm-özümdən soruşmalı oldum ki, doğrudanmı, bu
da keçmişdə qaldı? Doğrudanmı, daha heç bir vaxt azərbaycanlı
balası "Sakit Don"u oxumayacaq və o filmə baxmayacaq?
Bir sual də məni rahat buraxmır. Nədən realizm bir janr kimi
tamamilə bir kənara tullanılsın? Nədən?..
Məni yalnız bir məsələ rahat edir ki, bir tamaşaçı kimi, bir
oxucu kimi hələ olan-qalanla tamam barışmamışamsa, deməli hələ
tamam qocalmamışam və hələ yaşamağa dəyər...
Hərçənd bir sual getdikcə beynimdə özünə daha çox yer eləyir:
"Doğrudanmı, yaxşı nə varsa, keçmişdə qaldı?.."