Yuxarı

Rastropoviçsiz Bakı...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rastropoviçsiz Bakı...

Yay şəhərə gəzintiyə çıxmaq üçün çox da uğurlu vaxt deyil. Düzdür, bəzən sərin havalar da olur, amma bu, o qədər az olur ki, adamlar onları hətta əməlli-başlı xatırlaya da bilmir...

Elə şəhəri də daha çox harasa iş dalınca gedəndə görə bilirsən. Bəli, belə də olur, adamların çoxu səhərlər işə yollanır, bir hissəsisə az sonra evdən çıxırlar, çünki onlar hələ ki işə yox, iş dalınca gedirlər...

Amma nəticə birdir. Hamımız bu şəhərin küçələrindən, prospektlərindən keçib gedir və bu şəhəri görə bilirik. Yadıma gəlir. Rus filmlərindən biri bu sözlərlə başlayırdı: "Bu, mənim şəhərimdir..."

Yox, mən Bakıya nəğmə qoşmaq fikrindən uzağam. Hətta mənə elə gəlir ki, bu dünyanın ən yaxşı mahnıları elə Bakıya həsr olunub... Heç özüm də bilmirəm, məni daha çox Bakı maraqlandırır, yoxsa bakılılar? Onlar əslində biri-birindən ayrı da deyillər, necə ki, su qaba töküləndə içməli olur, elə şəhər də şəhərlilərlə birgə görməli olur...

Orxan Pamukun belə bir əsəri var: "İstanbul". Deyilənə görə, həmin əsər işıq üzü görəndən sonra digər yazarlar da ona bənzər əsərlər yazmağa başladılar. Amma Bakı haqqında hələ belə əsər yazılmayıb. Bəlkə də gələcəkdə yazılacaq? Kim bilir?.. Amma mən indidən həmin əsərin ruhunu və özəlliyini duymaq istəyirəm...

Bəli, Bakı son illərdə çox dəyişib. Elə bakılılar da az dəyişməyib. Əvəllər mən metroda, avtobusda insanların sifətlərini seyr etməyə çalışırdım. O vaxt insanlar çox kədərli idi, o qəqər kədərli idi ki, bunu hətta kənardan da duymaq olurdu...

Bu, o vaxtlar idi ki, metrodan çıxan kimi çek alverçiləri, dollar satanlar adamın üstünə cumurdu. İndi o vaxtlar arxada qalıb. Hətta bilmirəm, kimsə o çeklərdən bu günə qədər saxlayıb, ya yox?..

Amma onda da Bakının xüsusi yerləri vardı. Oralarda özünü nümayiş etdirmək istəyən imkanlılar dolaşırdı. O yerlər mənim daha çox bərəlmiş və heyrətdən hədəqəsindən çıxmış gözlərlə yadımda qalıb. Bəli, insanlar orada biri-birinə bərəlmiş gözlərlə baxırdı - kimini başqasının nimdaş geyimi, kimini də əksinə, digərinin super yeni geyimi heyrətləndirirdi...

Daha Bakıda kimisə geyimlə heyrətləndirmək mümkün deyil. Bu şəhər öz içində çox dəbləri əridib... Amma şəhərin özünün dəyişməz dəbləri də var və bu dəblər neçə illərdir ki, şəhər həyatını müşayiət edir...

Bakı muğam şəhəridir. Əvvəllər də belə olub, indi də belədir. Şəhər, xüsusən də onun ətrafları həmişə özünün muğam məclislərilə diqqəti cəlb edib. Amma Bakı həm də caz şəhəridir. Bəli, bu şəhərin qucağında çoxdandır ki, bir musiqi də gizlənib - caz adlanan musiqi...

Şəhər bu məsələdə də fərasətli tərpəndi - cazı və muğamı öz içində əritdi, onların sintezini yaratdı. Nəticədə iki şey yarandı - bir Bakı cazı və bir də Bakı muğamı...

Burada hamının bildiyi şeyləri yazmaq istəmirəm. Sadəcə, Bakını necə duymağımı, hiss etməyimi sizə çatdırmaq istəyirəm. Ona görə ki, şəhər sözün əsl mənasında şəhərləşməyə başlayıb...

Bir neçə il bundan əvvəlin söhbətidir. Çayxanada söhbət edirdik. Bizdən biri əvvəlki Bakı haqqında danışmağa başladı. Bir nəfər də elə israr edirdi ki, yox, o Bakının Azərbaycana aidiyyəti yox idi, şəhər tamam kosmopolit olmuşdu, indi isə milliləşib. Bu yerdə dostlardan biri dözməyərək dedi: "Filankəs, indi şəhər milliləşərək nə olub? Rastropoviç gedib, sən gəlmisən! Sən buna milliləşmək deyirsən?" Mübahisə edən dostumuz bunun qarşısında deməyə söz tapmadı. Biz də bir xeyli güldük...

Sovetlərin vaxtında Bakının özəllikləri çox idi. Bu özəlliklərin bir qismi itirildi, bəlkə də onlar bir daha bərpa olunmaycaq... Amma şəhər yeni-yeni keyfiyyətlər də əldə edir...

Əsas bilirsiniz nədir? Baxıb görürsən ki, konsert salonları boş qalmır, insanlar hətta klassik musiqini də dinləməyə gəlirlər. Bu isə o deməkdir ki, vəziyyət heç də ümidsiz deyil, rastropoviçlər yenə də yetişə bilər və böyük ehtimalla yetişəcək də. Onda Bakı özünün klassik məzmununu bir daha özünə qaytaracaq...

Əsas odur ki, insanlarda artıq müəyyənlik yaranıb. Daha səhər tezdən ayılanda "Allah, görəsən, bu gün nə olacaq" demirlər. Bu hiss sanki şəhərin binalarına da hopub. Onlar da elə bil yerin üstündə daha inamla dayanmağa başlayıblar...

Tarix
2015.07.10 / 08:15
Müəllif
Hüseynbala Səlimov
Digər xəbərlər

ABŞ Trampı seçərsə...

İlin belə bir günü də var...

Əfsanə başladı

Dördüncü Dünya müharibəsində...

Allah adamının cəhənnəmi

Qərb kommunizmi belə qurur

Azad adam

Neft erası bitir: Nə etməli?

İtirilmiş böyük şans

Bu peşə də ölür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla