Keçən gün Bakıya yağış yağdı. Nə yazıq ki, səmadan yerə
təşrif buyuran zərif damlaların qismətinə incə duyğuları oxşamaq
düşməyib. Amma bu damlaların günahı deyil. Öz ana bətnindən -
buluddan ayrılarkən damlalar saf su zərrələridir. Onlar təmiz və
pakdırlar. Ancaq onların taleyi düşdükləri yerdən asılı olaraq
dəyişir. Ankarada, Kiyevdə, Londonda, Parisdə onlar yerdə də göydə
olduğu kimi təmizdirlər, şəffafdırlar. Yerə düşdükləri an sanki daş
piltələr susuz torpaq həsrəti ilə onları udur, görünməz
olurlar.
Vay Bakıya düşən damlaların halına... Yerdə onları
dolub-daşacaqları çirkab gölməçələri, lilə, palçığa çevirəcək
toz-torpaq gözləyir. Bu şəhərdə insanlar onları sevmirlər. Çünki
hər damla şəhərin küçələrində yürüyən insanlar üçün özü qədər
çətinlik, natəmizlik yükü gətirir. Küçələrdə iri çirkab
gölməçələri, şütüyən maşınların insanların üst-başına sıçratdığı
çamur parçaları, səkilərdəki palçıq izləri və bir də deyinən
insanların narazı səsləri göy üzündən ayrılan yağış damlalarının
çəkdiyi Bakı boyda "qara kvadrat" tablosudur.
Şəffaf damlalar bu şəhəri qara, boz rəngə boyayır. Yağış yağanda
bu şəhərdə sevgililər, hisslərini damlaların axışında rəqs
etdirməyi sevən duyğulu qəlblər, yağışda islanmağı əyləncəyə
çevirən çılğın gənclər sevinmirlər. Sevinənlər yalnız müştəri
bolluğundan cuşa gələn "yuyucu"lardır. Çirkli, palçıqlı
avtomobillərin növbəsindən qazananlar üçün bu şəhərin çirkab və
çamuru bərəkətli çörək ağacıdır.
Bakının yolları yağışlı havada şəhərin sinəsinə çəkilmiş sinə
dağına bənzəyir. İldə iki dəfə üzü qaşınıb asfaltlanan, tez-tez
libas dəyişən varlı, zəngin ədası ilə baxımsız, çala-çuxurlu,
şəhərin daxili yollarına sanki təşəxxüs satan mərkəzi küçələr
fərqlənməyə çalışır. Sanki onlar heç eyni şəhərdən deyillər, eyni
insanlar üçün salınmayıblar. Bəzəkli, düzəkli mərkəz yolları yağış
damlaları altında nə qədər nazlanmağa çalışsalar da, şütüyən
maşınların ətraf yollardan üstünə yığdıqları çırkab, çamur bu
dəbdəbəyə zövqsüz şəkildə üzə çəkilmiş kosmetikanın vulqar
görüntüsünü verir.
Damlalar hər yerə toxunuşunda bir gerçəyi bu şəhərin başına
döyəcləyirlər sanki... Bir küçənin tozu-torpağı, çamuru o küçədə
qalmır, mütləq digər küçələrə də sıçrayır. Bizsə yağışın ezop
dilini dinləmədən günahı yağışda görürük, dərdin göydən yağdığını
zənn edirik. Bu yağış kəsəcək, palçığa bulanmış ayaqqabılar,
maşınlar yuyulub təmizlənəcək. Sonra küçələrdə quruyub qalmış
palçığın, lilin toz-torpağı yenə şütüyən maşınların təkərləri
altından havaya qalxacaq. Biz də bu tozu uda-uda yağışın kəsməsinə
görə şükür edib, toz-dumana görə yağışın qarasınca deyinəcəyik.
Küçələri yuyulmayan, yolları çala-çuxur, səkiləri bərbad olan, iri
tikililərin arasında sıxışdırılıb sanki boğulmağa çalışılan şəhərin
sakinləri yolsuzluğun yollarında əsir-yesir ola-ola yağış
yağmadıqca özlərini daha rahat hiss edəcək.
Çünki bütün günahlar yağışdadır.