Dünyada ən
çox kitab oxunan ölkələr sırasında Azərbaycanın adını görmək yəqin
ki, hələ uzun illər bizə nəsib olmayacaq. Çünki statistik
məlumatlara nəzər salanda bunun mümkünsüzlüyünü anlamaq üçün elə də
böyük hesablamalara ehtiyac yoxdur.
Sən demə, almanlar dünyanın ən çox kitab oxuyan millətidir, bu
ölkədə ortalama, gün ərzində 28, Yaponiyada 24 dəqiqə kitab
oxuyurlar. Türkiyədə də vəziyyət ürəkaçan deyil - 24 saat ərzində
cəmi 13 saniyə...
Azərbaycanda durumu araşdırmaq üçün uzun-uzadı, dəruni bilgilərə
ehtiyac yoxdur. Elə ən populyar yazarın kitabının tirajına baxanda
hər şey özlüyündən məlum olur. Cəmi 500-1000 tirajla çıxan
kitabların satışına baxandasa, Qəribi lap ağlamaq da tuta
bilər.
Demək belə... Biz kitab oxuyan toplum deyilik. Bunun səbəblərini
araşdırmaq, ortaya çıxan nəticələri də dartışmaq olar, amma vallah,
məncə, bütün bunlara elə də ehtiyac yoxdur. Kitab oxumuruq,
əvəzində seriala baxmağı xoşlayırıq. Oturub kimin nə alıb, nə
verdiyini dartışmaq varkən, özünü bu ləzzətli söhbətdən məhrum edib
kitab oxumaq kimin nəyinə lazımdır?
Biz kitab oxumuruq, çünki dünyagörüşümüzün dedi-qodu ilə
formalaşmasına üstünlük veririk.
Yəni deməyim o ki, biz bu dünyanın dünyəvi işləri qala-qala
sənət, ədəbiyyat, mədəniyyət ilə məşğul olmağı artaq iş hesab
edirik.
Bir də almanlar oxuyub da nə olub ki? Dünyada iki böyük
müharibəni onlar başlatmayıblar ki... Yaponlar oxuyur nə olur,
oxumaqdan yeyib-içmək də yadlarından çıxıb, bapbalaca qalıblar.
Axı bu avropalılar oxuyub da nə çıxıb ortaya? Olsa-olsa,
xəstəliklərin əlacını tapırlar, texniki yeniliklər icad
edirlər.
Kimə lazımdır axı bu ixtiralar, texniki nailiyyətlər? Dərman yox
idi, elə yıxılıb ölürdük? Allah qüvvət versin dədə-baba qaydasına,
ot-ələfdən dərman hazırlayıb xəstə adamı dipdiri edirdilər.
Bax, elə bu interneti götürək, kimə lazımdır dunyanın bu ucunda
oturub bir dəqiqənin içində istədiyin o bir ucdakı adamla danışmaq.
Adamı bir həsrət çəkib ağlamağa, vüsala yetişib bunun həyəcanını
yaşamağa da qoymurlar. Bir adam ki, masanın üstünə əyilib
karandaşın ucunu dili ilə isladıb "əvvəla salam, salamdan sonra mən
yaxşıyam, sizin də yaxşı olmağınızı Uca Allahdan arzulayıram"
cümlələri ilə başlayan məktubu qurtarandan sonra zərfin ucunu da
diliylə isladıb ağzını yapışdırmadı, poçt qutusuna salmadı, bunun
nə ləzzəti?!
Eh, bu çox oxuyub başımıza bəla olan almanlar, yaponlar bizim
dədə-babadan qalma nəyimizə varsa, axırına çıxacaqlar.
Bir sözlə, kitab-filan oxumağa ehtiyac yoxdur, Allah versin
serilalı, musiqini, əyləncəni...
Hə, alver yadımdan çıxmışdı.
Allah alver etmək qabiliyyətimizə də... bərəkətmi versin deyim,
yoxsa kəssin, bax bunu bilmədim!..