Yuxarı

Böyük Əl-kimyagərin hazırladığı əməl...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Böyük Əl-kimyagərin hazırladığı əməl...

Kamyu yazırdı ki, intihar "böyük Əl-kimyagərin insan qəlbində hazırladığı əməldir". Amma son dövr Azərbaycanda baş verən intihar hadisələrində Əl-kimyagərin heç bir rolu yoxdur. Nə qədər acı və ağır olsa da, bu gün intiharlar cəmiyyətimizin gerçəkliyindən doğur.

İnsanlar təkcə özlərinə qıymırlar, həm də ölümləri ilə özlərindən sonrakılar üçün açılmış cığırı bir qədər də genişləndirirlər. Psixoloqlar intihar hadisəsini həm də psixoloji bir uyum məsələsi kimi nəzərdən keçirirlər. Yəni bir şey ki, kütləviləşir, demək o, həm də adiləşir.

İntihar da kütləviləşdiyi və adiləşdiyi üçün hər hansı bir problemlə üzləşən insanların qarşısında bu yolu seçmək üçün tabular aradan qalxmış olur. Bir növ çətinliyə düşən, həyat qarşısında özünü aciz hesab edən insanlar üçün intihar başqalarının əl atdığı çıxış yolu kimi görünür.

İntihar hadisəsi iki səbəbdən doğur. Fərdin üzləşdiyi psixoloji sarsıntılar, daxili psixoloji tarazlığını itirməsi... İkincisisə, cəmiyyətdə üzləşdiyi sosial problemlər... Bunların nisbətini, hansının əsas olduğunu isə toplumun inkişaf səviyyəsi müəyyən edir.

Statatistikaya görə, intihar hadisəsi inkişaf etmiş ölkələrdə də geniş yayılıb. Bunun da özünməxsus səbəbi var. Yüksək rifah səviyyəsi, maddi imkanların insanlara həyatın bütün tərəflərini yaşamaq imkanı yaratması həyatı bir növ maraqsızlaşdırır. Bu halda insanlar özləri üçün yaşayıb bitirdikləri, maraqsızlaşdırdıqları dünyadan imtina edib, yenilik üçün o dünyaya üz tuturlar.

Ancaq sosial problemlər məngənsində sıxılan cəmiyyətlərdə mənzərə tam fərqlidir. İnsanlar yaşamaq üçün həyata "dörd"əllə sarılsalar da, qarşılaşdıqları sosial problemlərin öhdəsindən gələ bilmədikləri üçün əzab çəkməkdənsə, çıxış yolunu intiharda görürlər.

Burada bir məsələni də vurğulamaq gərəkdir ki, məsələyə təkcə hər hansı sosial problem konteksindən baxmaq da düzgün deyil, yəni insanları özünəqəsdə sürükləyən hansısa problem üzərindən məsələyə yanaşılmamalıdır. Cəmiyyətdə sosial problemlərin çoxluğu, insanların ədalətə və hüquqa inamlarını itirməsi psixoloji müvazinəti sarsıdır, insanlarda kütləvi stres yaradır. Belə bir şəraitdə psixoloji özünümüdafiə imkanlarından məhrum olan insanlar uzun müddət üzləşdikləri çətinliklərə müqavimət göstərə bilmir və intihara yol açılır.

Hazırda Azərbaycanda kütləviləşən intiharlar da daha çox bu qeyd etdiyimiz səbəblərlə bağlı ola bilər.

İntihar həm də psixoloji böhranın, dini inancın zədələnməsinin təhrik etdiyi mənəvi bitiş problemidir. Həyatda heç vaxt dini inancı yüksək olan, Allaha ümidini itirməyən şəxslərin bu yola baş vurduqlarına rast gəlinmir. Bunun səbəbi aydındır, imanlı insan üçün can Allahın ona verdiyi bir əmanətdir, ilahi ölüm hökmü gələnə qədər hər nə olursa-olsun, onu qorumaq vacibdir. İmanlı insan canın ona Allahın əmanəti olduğuna inanaraq üsyan etmir, olanlara imtahan kimi baxır.

Bütün dediklərimizə belə bir fikirlə yekun vura bilərik. İnsanlar ayrı-ayrılıqda onları özünəqəsdə vadar edən səbəbləri birgə mübarizə və iradə ilə öldürməyi bacarsalar, o zaman intihardan da qurtulmaq olar.

Tarix
2014.01.12 / 16:48
Müəllif
Zümrüd Yağmur
Digər xəbərlər

Bunu müşavir etməz, əyan edər

Evi yıxılmış təhsil

“Qadın özünü kraliça elan etməlidir...”

Bu savaşı da uduzacağıqsa...

Cərrah, yoxsa gilyotin bıçağı

“İndi ortabab şairdən Əli Kərim düzəltmək çox asandır”

Göydə gəzən avtomobillər

Günahkar erməni deyil

Firudin Cəlilov: “Həyatımda o qədər səhv, günah etmişəm ki...”

Cazibəli rus tələsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla